Güləşçilərimiz Avropa Oyunlarını 15 medalla başa vurdular

 

İyunun 18-də I Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub. Heydər Əliyev adına İdman Sarayında 61 kq, 70 kq, 86 kq və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Sərbəst güləşçilərimiz  ölkəmizin aktivinə daha 3 bürünc medal  yazdırıblar.

Ölkəmizi 61 kq çəki dərəcəsində təmsil edən Hacı Əliyev mübarizəyə səkkizdəbir finaldan başlayıb. Ermənistan güləşçisi Volodya Franqulyanla qarşılaşan təmsilçimiz  böyük üstünlüklə qələbə qazanıb. Avropa Oyunlarını 5-ci pillədə başa vuran və dörddəbir finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin ardınca qardaşı Hacı da finala bərabər döyüşdə işğalçı ölkənin təmsilçisini böyük üstünlüklə darmadağın edib-7:0. Bununla da, dörddəbir finala vəsiqə qazanan Hacı Əliyev slovakiyalı Mikola Bolotnyukla güləşib. Rəqibindən çox güclü olduğunu sübuta yetirən dünya çempionu bu dəfə də xalçadan 11:0 hesabı ilə qalib ayrılıb. Həmyerlimiz finala gedən yolda rusiyalı Aleksandr Boqomoyevlə üz-üzə gəlib. Təəssüflər olsun ki, təcrübəli rəqib qarşısında ilk xalı Hacı qazansa da, qələbəni şimal qonşumuz bayram edib - 5:2.

Məğlubiyyətə baxmayaraq, H.Əliyev bürünc medal uğrunda türkiyəli Recep Aktaş Minurla üz-üzə gəlib. Rəqibinə heç bir şans verməyən (10:2) Hacı Avropa Oyunlarını 3-cü yerdə başa vurub.

125 kq çəki dərəcəsində mübarizə aparan Avropadünya çempionatlarının mükafatçısı Cəmaləddin Məhəmmədov ilk görüşünü Litva güləşçisi Yonas Rudaviçyusa qarşı keçirib. Rəqibindən daha güclü olan pəhləvanımız döyüşün taleyini ilk hissədə həll edib. Təmiz qələbə qazanan (10:0) Cəmaləddin səkkizdəbir finala vəsiqə qazanıb. Bu mərhələdə  türkiyəli Taha Akgüllə qarşılaşan güləşçimiz 2:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Türkiyəli pəhləvan finala yüksəldiyindən Cəmaləddin 3-cü yer uğrunda təsəlliverici görüşdə qüvvəsini sınayıb. Polşalı Robert Barandan güclü olduğunu nümayiş etdirən (11:0) pəhləvanımız  bürünc medal uğrunda yarışmaq şansı qazanıb. Avropa Oyunlarının 3-cü yeri uğrunda görüşdə slovakiyalı Soslan Qaqloyevlə qarşılaşan təmsilçimiz 5:0 hesabı ilə inamlı qələbə qazanaraq “Bakı-2015”də bürünc mükafata sahib çıxıb.

Azərbaycanı 86 kq çəki dərəcəsində  Nurməhəmməd Hacıyev təmsil edib. 19 yaşlı güləşçimiz səkkizdəbir finalda bolqarıstanlı Georgi Sredkovla üz-üzə gəlib. Görüşü  vaxtından əvvəl  14:2 hesabı ilə qalib başa vuran təmsilçimiz adını dörddəbir finala yazdırıb.  Bu mərhələdə rusiyalı Əbdülrəşid Sadullayevlə qarşılaşan təmsilçimiz 1:11 hesabı ilə uduzaraq finala gedən yolda mübarizəni dayandırıb. Buna baxmayaraq, rusiyalı güləşçi finala vəsiqə qazandığından Nurməhəmməd  təsəlliverici görüşdə italiyalı Vasile Zuz Tudorla qarşılaşıb. Görüşü vaxtından əvvəl qalib bitirən (10:0) N.Hacıyev bürünc medal uğrunda yarışda iştirak etmək hüququ qazanıb. O, 3-cü yer uğrunda görüşdə polşalı Radoslav Marcinkeviçlə qarşılaşıb. Təəssüf ki, görüşün sonlarına yaxın idmançımızın üstünlüyü əldən verməsi, onu bürünc medaldan məhrum edib - 3:5.

70 kq çəki dərəcəsində Avropa çempionu Ruslan Dibirhacıyev Avropa Oyunlarına səkkizdəbir final mərhələsindən qatılıb. 27 yaşlı güləşçimiz bu mərhələdə Məhəmmədmurad Hacıyevlə (Polşa) üz-üzə gəlib. O, hesabda 2:0 hesabı ilə irəlidə olsa da, yekunda uduzaraq (2:7) mübarizəni dayandırıb. Lakin, polşalı güləşçi  finala vəsiqə qazandığından, R.Dibirhacıyev təsəlliverici qarşılaşmalara qatılıb. O, öncə bolqarıstanlı Miroslav Kirovla gücünü yoxlayıb. Görüşü 4:1 hesabı ilə xeyrinə bitirən idmançımız növbəti qarşılaşmada Zsombor Qulyasla (Macarıstan) üz-üzə gəlib və bu görüşüqalib başa vurub - 4:3. O, bürünc medal uğrunda Gürcüstan güləşçisi David Tlaşadze ilə üz-üzə gəlib. Gürcü rəqibindən daha güclü olduğunu sübut edən Ruslan  (6:2) “Bakı-2015” I Avropa Oyunlarının bürünc medalına sahib olub.

Qeyd edək ki, Azərbaycan güləşdə qazandığı 15  medalla komanda hesabında 2-ci pillədə qərarlaşıb. İlk yerdə Rusiya, 3-cü pillədə isə Macarıstan güləşçiləri yer alıblar.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2015.- 19 iyun.- S. 4.