İbad HÜSEYNOV: “Məşəl əlimdə olanda özümü bir anlıq yenidən döyüşə atılmış cəngavər kimi hiss edirdim”

 

Bu ayın 12-də ölkəmizdə neçə vaxtdır səbirsizliklə gözlədiyimiz I Avropa Oyunlarına start verildi. Həmin gün Bakıda baş tutan açılış mərasimi qeyri-adiliyi ilə tədbirə qatılan tamaşaçılarla bərabər, bütün Avropanı, dünyanı heyrətləndirdi, hər kəsin təəccübünə səbəb oldu. Həmvətənlərimizə isə unudulmaz qürur hissi, əbədi sevinc bəxş etdi. İndi isə yarışa qatılan çempionlarımızın qələbələrini seyr edib onların uğurlarını bölüşməklə bir daha dünyaya kimin güclü olduğunu göstəririk...

I Avropa Oyunları başlamazdan əvvəl Olimpiya məşəlinin ölkəmizin bütün diyarlarını qarış-qarış gəzməsi ilə Azərbaycanda idman təntənəsi başlamışdı. Bakıda “Atəşgah” məbədindən od alan məşəl 47 günlük səfər müddətində əldən-ələ daşınaraq 60 rayonu, 5500 km məsafəni qət edib, nəhayət, sonuncu dayanacağa - paytaxta döndü. Prezident İlham Əliyev məşəli qəbul etdikdən sonra Avropa Oyunlarının “elçisi” sənət adamlarının, idmançıların və digər şəxslərin əllərində - 100 məşəlçi tərəfindən şəhər boyunca 16 kilometr məsafəni gəzərək sakinlərə əvəzsiz bayram sevinci yaşatdı. Məşəlçilər arasında Qarabağ müharibəsi iştirakçısı, göstərdiyi igidliyə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş İbad Hüseynov da var idi.

Xatırladaq ki, İ.Hüseynov idmanın karate növü ilə məşğul olub. Qarabağ müharibəsi başlayanda artıq o, peşəkar idmançı idi və savaş meydanında, kəşfiyyat əməliyyatlarında bu bacarığı ona çox kömək etmişdi. Elə bizimlə söhbətində də idmançı ilə döyüşçünü birləşdirən cəhətlərdən danışıb bu günlərdə yaşadığı sevincini bölüşdü: “İlk növbədə qeyd edim ki, uşaq yaşlarımdan idmana bağlı olub onunla nəfəs almışam. Bu gün də gənclərlə, idmançılarla sıx əlaqələrim var. Mütəmadi olaraq onlarla görüşlər keçirir, idmanın və döyüşün sirlərindən danışırıq. Elə sevincimizi də birlikdə bölüşürük.

Bu günlər müstəqil Azərbaycanın tarixində ən önəmli, xalqımızın ən sevimli günlərindəndir. Oyunlar başlamazdan əvvəl paytaxtda məşəli daşıyanlardan biri də mən oldum. Sevincimin həddi-hüdudu yox idi, çox qürurlandım. Məşəl əlimdə olanda özümü bir anlıq yenidən döyüşə atılmış cəngavər kimi hiss edirdim. Sonra isə möhtəşəm, sözün həqiqi mənasında qeyri-adi və heç yerdə heç vaxt bənzəri olmayan açılış mərasimi bizi valeh etdi. Eyni zamanda, rəngarəng idman yarışları və qazandığımız medallar hər bir azərbaycanlıya hədsiz qürur hissi yaşatdı. Ona görə bu şərəfli günləri bizə bəxş edən cənab Prezident İlham Əliyevə minnətdarıq”.

Keçmiş karate ustası idmanı bütün qələbələrin açarı hesab edir və deyir ki, idmançı olmadan uğur qazanmaq çətindir. O, döyüşçülərlə idmançıların əslində şərikli bir peşəni paylaşdığı qənaətindədir: “Ona görə yox ki, döyüş və idman qarşılıqlı mübarizəyə əsaslanır, ona görə ki, döyüşçünün də, idmançının da qələbəsi dövlətinin qələbəsidir, onun bayrağını qaldırır, millətinə, xalqına başucalığı gətirir. Rinqdə qələbə çalmayan döyüş meydanında qələbə qazana bilməz. Başqa sözlə desək, idmançı olmadan peşəkar döyüşçü olmaq çətindir. Yarışlarda uğur qazanıb bayrağımızı yüksək zirvələrdə dalğalandıran Azərbaycan idmançısı, heç şübhə yoxdur ki, döyüş meydanında da əlində silah torpağımızı qoruyub bayrağımızı ən uca zirvəyə sancacaq”.

İ.Hüseynov gəncliyində idmançı olmasının ən böyük bəhrəsini əlində silah düşmənlə üz-üzə döyüşəndə gördüyünü deyir. O, hesab edir ki, əgər idmançı olmasaydı, döyüş meydanında bu qədər rahat və çevik ola bilməz, yağıya dərs verib öz yerini göstərə bilməzdi. “İdman həyatda insana həmişə lazım olur və bir dəfə ömürlük qələbə qazandırır” deyən peşəkar kəşfiyyatçı idmanda ona şərəf gətirən ömürlük qələbənin də məhz Qarabağ savaşında yağının bağrını dəlməklə qazandığını və bununla həmişə fəxr etdiyini deyir. O, bu gün xalça üzərində gücünü sınayan idmançıların həm də əsl döyüşçü olduğunu düşünür: “Çünki yaxşı idmançı əsl döyüşçüdür, əsl Azərbaycan əsgəridir və idmançı ilə döyüşçü fərqli məkanlarda eyni missiyanı yerinə yetirirlər. Əgər döyüşçü döyüş bölgəsində, sərhəddə vətəni qoruyub bayrağını uca tutursa, idmançılar bunu rinqdə, tatami üzərində edir, bayrağımızı, dövlətimizi bütün dünyada tanıdırlar. Məncə, hansı formada olmasından asılı olmayaraq, hər bir qələbənin əsasında sağlam güc, möhkəm iradə durur. Əgər sağlamsansa, güclüsənsə, idmanı bacarırsansa, həm idman yarışında, həm də döyüş meydanında heç nədən qorxmayacaqsan və qələbə səninlə olacaq. Təsadüfi deyil ki, bəzən idmanı bütün uğurların açarı adlandırırlar”.

Bəli, bir daha vurğulayaq ki, müstəqil dövlətimizdə idmanın hərtərəfli inkişafına göstərilən xüsusi qayğı olmasaydı və idmançılarımız beynəlxalq idman yarışlarında, dünya turnirlərində qələbə qazanmasaydılar, bu gün dünya Azərbaycana toplaşıb onun uğurlarına alqış deməzdi, Avropa Oyunlarının heyrətamiz açılışından ağızdolusu danışmazdı.

I Avropa Oyunlarının Bakıda keçirilməsi və möcüzələrlə dolu açılış mərasimi xalqımızın yaddaşında heç vaxt unudulmayan hadisə, idman salnaməmizdə tarixi qələbə oldu. İllər, əsrlər dəyişəcək, yeni qaydalar, yeni oyunlar yaranacaq, ancaq Avropa Oyunlarının ilk məşəlinin şölələndiyi diyar, möhtəşəm açılış mərasimi haqqında deyilən fikirlər dəyişməyəcək. Bu Oyunlardan danışanda yenə də doğma Bakının, gözəl Azərbaycanın adı çəkiləcək və bu tarixi yaradan insanlar böyük ehtiramla yad` ediləcəklər.

 

Elnur HADIYEV,

 

Azərbaycan.- 2015.- 24 iyun.- S. 5.