Bakının çal-çağırlı günləri

 

Mədəniyyətimizin təbliği ilə bağlı paytaxtda keçirilən musiqili-əyləncəli tədbirlərdə əcnəbi turistlər də iştirak edir

Artıq neçə gündür ki, qələbələrlə davam edən, Azərbaycanın idman tarixinə qızıl medallarla yazılan I Avropa Oyunları ölkəmizin daha geniş arenada tanıdılması üçün əsl fürsət yaradıb. Bu tarixi əlamətdar günlər həmçinin Azərbaycanın zəngin mədəniyyətinin, tarixi irsinin, milli mətbəxinin, eləcə də adət-ənənələrimizin təbliğinə meydan verib.

Buna görə də paytaxtın müxtəlif mədəniyyət ocaqlarında - muzeyqalereyalarda, tarixi məkanlarda, mərkəzi meydanlarda sərgilər təşkil olunur, qonaqlara bukletkitabçalar, tanıtım nəşrləri paylanılır, açıq havada, yaxud saraylarda konsertlər təşkil edilir.

Mədəniyyət və Turizm Nazirliyinin milli geyimlərimizlə bağlı həyata keçirdiyi layihələr isə I Avropa Oyunlarına əsl töhfə hesab edilib. Nazirliyin dəstəyi, Azərbaycan İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən Milli geyimlərimizin dünəni və bugünü adlı layihənin məqsədi Bakı-2015

I Avropa Oyunları ilə bağlı xarici ölkələrdən gəlmiş idmançı və turistlərə zəngin mədəniyyətimizin bir parçası olan milli geyim və rəqslərimizi əyani şəkildə nümayiş etdirmək, dolğun məlumat verməkdən ibarətdir.

Bu günlərdə paytaxtın Azneft meydanından başlayan tədbirə şəhər sakinləri, xarici turistlər də qoşularaq, milli geyimli oğlan və qızların rəqslərini izləyiblər. Bakı Xoreoqrafiya Akademiyasının tələbələri və Rasimlər folklor qrupunun iştirakı ilə təqdim edilən rəqs kompozisiyaları böyük maraqla qarşılanıb. Şəhər sakinlərinin və turistlərin rəqqaslara qoşulması tədbiri bir qədər də maraqlı edib. Yallı gedən iştirakçılar əsl bayram əhvali-ruhiyyəsi yaradıblar. Sarı gəlin xalq mahnısı və digər milli musiqilərimizin coşqu ilə ifa olunmaları əcnəbi qonaqları heyran edib.

Milli geyimli gənclərin Azneftdən Fəvvarələr meydanına qədər yürüşü ilə davam edən tədbirdə konsert proqramı da təşkil edilib.

Milli geyimlərimizdən bəhs edən Əsrlərin yaddaşı adlı promovideonun təqdimatı və Azərbaycan milli geyimləri adlı sərgi də keçirilib. I Avropa Oyunlarının keçirildiyi günlərdə paytaxtda konsertlər silsilə xarakteri alıb. Dünya şöhrətli solistlər, dirijorlarmusiqi kollektivləri paytaxta dəvət olunub. Beynəlxalq Muğam Mərkəzində Latın Amerikası musiqilərini təqdim edən Sexteto Mayor qrupunun konserti də məhz bu qəbildəndir.

Əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi Cəngi estrada folklor ansamblının Rəşid Behbudov adına Mahnı Teatrında bu günlərdə keçirdiyi konsert proqramının da əcnəbi tamaşaçılarda yaratdığı xoş təəssürat uzun zaman yaddaşlardan silinməyəcək. Konsertdə milli rəqs nömrələri, caz ifaları, estrada mahnıları ilə yanaşı, əcnəbi xalqların musiqiləri də səsləndirilib.

Bir sözlə, I Avropa Oyunlarının istər iştirakçılarının, istərsə də ölkəmizin turistlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün təşkil edilən konsert proqramları zənginliyi və rəngarəngliyi ilə də seçilir. Paytaxt Bakı sözün əsl mənasında gəlməli, gəzməli, görməli və sevilməli məkana çevrilib.

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2015.- 24 iyun.- S. 5.