I Avropa Oyunları: Azərbaycanın beynəlxalq nüfuzunu artıran növbəti təcrübə

 

Azərbaycandakı xalq və hakimiyyət birliyi ilk Avropa Oyunları ilə əlaqədar xaricdən idarə olunan qarayaxma kampaniyasını iflasa uğratdı

 

İlk Avropa Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycanın beynəlxalq arenada növbəti mühüm uğurudur. 12-28 iyun tarixlərini əhatə edən ümumavropa tədbirini keçirməklə ölkəmiz həm də yüksək səviyyəli təşkilatçılıq potensialını nümayiş etdirdi. Cəmi iki il yarım ərzində Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu kimi nəhəng və müasir obyektlər də daxil olmaqla, ümumilikdə 21 idman qurğusu tikildiyaxud əsaslı təmir olunaraq yarışlara hazır vəziyyətə gətirildi. Altı mindən çox idmançının yerləşdirilməsi, təminatı, yarışlara hazırlığı və digər məsələlərin həlli üçün Atletlər kəndi yaradıldı. I Avropa Oyunlarını işıqlandırmaq üçün ölkəmizə gələn minə yaxın jurnalistinöz peşə borcunu lazımınca yerinə yetirmələri üçün tam şərait təmin edildi, bununla əlaqədar media kəndi formalaşdırıldı. Təsadüfi deyil ki, xarici jurnalistlər onlar üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər. Hətta Avropa Olimpiya Komitəsinin rəsmi şəxsləri də media nümayəndələrinin müsbət münasibəti baxımından Avropa Oyunlarının istisna xarakter daşıdığını bildiriblər.

Bir sözlə, Avropa məkanında ilk dəfə keçirilən bu yarışlara evsahibliyi etmək üçün Azərbaycan ən yüksək səviyyədə təşkilatçılıq işləri görüb.

 

Oyunlar başlamazdan əvvəl dünya rekordu

 

Bu faktı Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də mətbuata açıqlamasında təsdiq edib. O, Təşkilat Komitəsi və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin qısa müddətdə böyük işlər gördüyünü, hələ Oyunlar başlamazdan əvvəl dünya rekorduna imza atdığını bildirib. Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos da Azərbaycanda mövcud olan və yaradılan idman infrastrukturunun yarışların yüksək səviyyədə keçirilməsinə imkan verdiyini diqqətə çatdıraraq I Avropa Oyunlarının bu istiqamətdə digər yarışlar üçün mühüm nümunə olacağını vurğulayıb. “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə ilk Avropa Oyunları ilə Azərbaycanın öz adını qitənin idman xəritəsinə yazdığını söyləyib. O da öz növbəsində ölkəmizin yarışlara yüksək təşkilatçılığını xatırladaraq Azərbaycanın bundan daha böyük yarışlara evsahibliyi etməyə qadir olduğunu bildirib.

 

Dostluq və tərəfdaşlıq tədbiri

 

Təbii ki, bütün bu nailiyyətlər, əldə olunan uğurlar, Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi etməsi hər bir azərbaycanlını fərəhləndirir, ölkəmizi dünyaya daha da yaxından tanıdır. Çünki “Eurovision-2012” kimi, I Avropa Oyunları da ölkəmizin siyasi və iqtisadi potensialının, Azərbaycanın timsalında yeni tolerantlıq modelinin dünyaya təqdimatı oldu. Müxtəlif idman növlərinin ölkəmizdə təbliği, yeni nəsil idman mütəxəssislərinin formalaşması baxımından mühüm əhəmiyyətə malik olan I Avropa Oyunları həm də səmərəli sosial təbliğat vasitəsidir. Dünya Azərbaycanın təqdimatında güclü potensial, mükəmməl idman infrastrukturu, böyük beynəlxalq tədbirləri təşkil etmək təcrübəsinin şahidi olur. Bu baxımdan dünya mediası da, beynəlxalq mütəxəssislər də “Bakı-2015” yarışlarını böyük idman, həm də dostluq və tərəfdaşlıq tədbiri kimi qiymətləndirirlər.

 

Dünyanın idman dövlətlərindən biri

 

Deyilənlərə misal olaraq, yarışlarda iştirak etmək üçün Azərbaycana gələn idmançıların, eləcə də rəsmi şəxslərin ölkəmiz haqqında təəssüratlarını, yarışlar və təşkilatçılıq barədə fikirlərini qeyd etmək mümkündür. Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının nümayəndəsi Ruslan Medelbek I Avropa Oyunları barədə fikirlərini yerli media ilə bölüşərkən yarışlardan sonra ölkədə bütün Olimpiya növlərində sıçrayış müşahidə ediləcəyini bildirib. O, I Avropa Oyunlarının açılış mərasiminin Afina Yay Olimpiya Oyunlarının açılışından daha rəngarəng olduğunu qeyd edib. R.Medelbek Azərbaycanda Yay Olimpiya Oyunlarını qəbul etmək imkanlarının mövcudluğunu, I Avropa Oyunlarında jurnalistlər üçün zəruri şərait yaradıldığını xüsusi vurğulayıb. O deyib: “Azərbaycan sübut edib ki, ölkə artıq dünyanın idman dövlətlərindən birinə çevrilir”.

 

Azərbaycanın müasir Avropadakı yeri

 

Serbiya Olimpiya Komitəsinin vitse-prezidenti Jarko Paspal da Azərbaycan və I Avropa Oyunları Təşkilat Komitəsinin 27 ay ərzində böyük bir işin öhdəsindən gəldiyinə diqqət çəkib. O, Bakıda I Avropa Oyunlarının açılış mərasiminin son dərəcə gözəl olduğunu xatırladaraq bu mərasimin özündə Azərbaycan mədəniyyəti və adətlərini birləşdirdiyini söyləyib. Həmçinin bildirib ki, bu mərasim əyani şəkildə Azərbaycanın müasir Avropadakı yerini göstərir.

Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubkanın fikrincə, Bakıda keçirilən I Avropa Oyunları Avropa idmanının inkişafına təkan verəcək. O, Ukrayna nümayəndə heyəti ilə birlikdə Bakıda bütün yarış günləri ərzində möhtəşəm idman bayramına şahidi olduqlarını söyləyib. S.Bubka Azərbaycanın avropalı idmançılar üçün möhtəşəm imkanlar yaratdığını vurğulayıb.

Fransanın İdmanOlimpiya Komitəsinin prezidenti Denis Masseqlia isə Azərbaycandakı mövcud idman infrastrukturunun bu ölkəyə daha böyük miqyaslı idman tədbirlərini keçirməyə imkan verdiyini bildirib. O, francetvsport.fr saytına müsahibəsində deyib ki, 2016-cı və 2020-ci illər Olimpiya Oyunlarının iddiaçılarından olmuş Azərbaycan Avropa Oyunlarında əldə etdiyi uğurdan çıxış edərək yenidən Olimpiya Oyunlarına evsahibliyi üçün şansını sınaya bilər. Onun sözlərinə görə, əgər ilk Avropa Oyunları gözlənilən nəticəni versə, Azərbaycan 2024-cü il Olimpiya Oyunları üçün iddiaçılardan ola bilər.

 

Olimpiya Oyunları ilə eyni səviyyədə təşkilatçılıq

 

I Avropa Oyunlarında atletlər üçün yaradılan şərait barədə təəssüratlarını media ilə bölüşən əcnəbi idmançılar da təşkilatçılıqdan razılıqlarını xüsusi ifadə ediblər. Böyük Britaniyanın akrobatlardan ibarət qadın qrupunun üzvləri Cenifer Bailey, Jozefina RusselSisli İrvin I Avropa Oyunlarının onlar üçün böyük təcrübə olduğunu, bu yarışmanın Avropada idmanın inkişafına kömək edəcəyini deyiblər. Hər üç idmançı Azərbaycanın bu Oyunları yüksək səviyyədə təşkil etdiyini və atletlər üçün hər cür şəraitin yaradıldığını söyləyiblər. Britaniyalı idmançılar Avropa Oyunlarının onların karyerası üçün vacib olduğunu, yeni təcrübə qazandıqlarını bəyan ediblər. Polşanın qadın boksçusu Sandra Drabik də I Avropa Oyunlarında təşkilatçılığın, idmançıların qaldığı binaların, atletlərin qidalanmasının yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Rusiyalı gimnast, London Olimpiya çempionu, Bakıda I Avropa Oyunları çərçivəsində fərdi çoxnövçülük üzrə idman gimnastikasında qızıl medal qazanmış Aliya Mustafina da polşalı xanım boksçunun fikirlərinə şərik olduğunu vurğulayıb.

Suyatullanma yarışlarında Danimarkanı təmsil edən Andreas Larsen, idman gimnastikasında fərdi çoxnövçülük üzrə yarışların bürünc mükafatçısı olan Niderland idmançısı Lieke Vevers I Avropa Oyunlarının idmançılar üçün çox vacib olduğunu, Azərbaycanın bu yarışları çox gözəl təşkil etdiyini bildiriblər.

İsveçrəli gimnast Taha Serhani isə I Avropa Oyunlarının özü üçün çox gözəl təcrübə olduğunu deyib. Bildirib ki, bu yarışlar Olimpiya Oyunları ilə eyni səviyyədə təşkil olunub.

 

Mədəniyyətlərin qovşağı: Azərbaycan

 

İdmançıların müsbət rəyləri, Azərbaycan və yarışlar barədə qeyd olunan təəssüratlar rəsmi şəxslərin, jurnalistlərin, turistlərin də dilindən eşidilməkdədir. Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas Azərbaycanın I Avropa Oyunlarının açılış mərasimində möhtəşəm müasir şou təşkil etməsinin xüsusi bəyənildiyini vurğulayıb. Diplomat bildirib ki, tədbirdə ölkə tarixi yeni texnologiyalar vasitəsilə çox gözəl təqdim olunub. V.Lastauskas azərbaycanlı və litvalı idmançılara yarışlarda əldə olunan medalların sayına görə 1-ci və 2-ci yerləri bölüşməyi arzu edib.

Almaniya parlamentinin deputatı Andre Xan da Bakıda I Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini söyləyib. O, I Avropa Oyunlarının məhz Bakıda keçirilməsinə çox şad olduğunu dilə gətirərək idmanın siyasi alətə çevrilməsinin yolverilməz hal olduğunu bildirib.

Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili I Avropa Oyunları barədə fikirlərini bölüşərkən Azərbaycanın nəinki region, həmçinin bütün İslam ölkələri üçün nümunə olduğunu vurğulayıb. O deyib ki, Azərbaycanın I Avropa Oyunlarını keçirməsi ölkənin nikbin və aparıcı rolundan xəbər verir. Səfir 2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının da bu cür yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.

Avstraliyanın traveller.com.au internet jurnalının Avropa Oyunları üçün hazırda Bakıda olan əməkdaşı Ben Qroundvater isə Azərbaycan barədə təəssüratlarını qələmə alarkən ölkəmizin parlaq gələcəyə, sürətli inkişaf dinamikasına və təbii gözəlliyə malik olduğunu qeyd edib. O, Azərbaycanı mədəniyyətlərin qovuşuğu adlandırıb, Bakının tanınmış Avropa şəhərlərindən heçgeri qalmadığını vurğulayıb.

 

Etibarlı strateji müttəfiq

 

Ümumiyyətlə, bir sıra xarici qonaqların, həmçinin dövlət başçıları və hökumət rəhbərlərinin, tanınmış şəxslərin I Avropa Oyunlarının açılış mərasimində iştirakı bir daha təsdiqlədi ki, Azərbaycan dünyada tanınan və inkişaf edən müstəqil dövlətdir. Hər hansı xarici təşkilatın, media orqanının ölkəmizlə bağlı qərəzli mövqeyi Azərbaycanın dünyada yeriroluna kölgə sala bilməz. Regionun mərkəzi ölkəsi olan Azərbaycan bu gün Avropada etibarlı tərəfdaş kimi qəbul olunur, onun enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Əslində, Oyunlar öncəsi start verilən qarayaxma kampaniyası da ölkəmizin artan nüfuzu ilə birbaşa bağlıdır. Hadisələrin gedişi də göstərdi ki, qərəzli dairələrin qarayaxma kampaniyasının əsasında dayanan faktorlardan biri də Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsidir.

 

Dünyanın idman elitasının etimadı

 

Beynəlxalq arenada ölkəmizin mövqelərinin daha da güclənəcəyindən təşvişə düşən bəlli dairələr Azərbaycanın uğurlarına, həmçinin Avropa Oyunlarının əhəmiyyətinə kölgə salmağa yönələn çirkin siyasət həyata keçirməyə cəhd göstərdilər. Lakin Azərbaycan cəmiyyətinin, ölkənin vətəndaş cəmiyyəti institutlarının, vətənpərvər azərbaycanlıların mütəşəkkil şəkildə bu kampaniyaya qarşı çıxması onların bütün cəhdlərinin üzərindən xətt çəkdi. Bu baxımdan Avropa Oyunları həm də xalqın Azərbaycan Prezidentinə hərtərəfli dəstəyinin, onun ətrafında sıx birliyinin əyani nümayişinə çevrildi, Prezident İlham Əliyevin yüksək reytinqinin daha da möhkəmlənməsinə səbəb oldu. Bu günə qədər qlobal iqtisadi, siyasi uğurlarına görə dünyanın gündəmində olan Azərbaycan artıq inkişaf etmiş idman ölkəsi kimi də tarixə düşdü, dünyanın idman elitasının da etimadını qazandı.

 

AZƏRTAC

Azərbaycan.-2015.-25 iyun.- S.3.