“Bakı-2015”i İtaliyanın “Sky Sport” kanalı ilə rekord sayda tamaşaçı izləyir

 

Xəbər verdiyimiz kimi, İtaliyada idmansevərlər “Bakı-2015”in yarışlarını bu ölkənin “Sky Sport” kanalı ilə canlı izləyirlər.

İtaliyanın “Corriere dello sport” saytında yerləşdirilmiş məlumatda bildirilir ki, “Bakı-2015” başladığı gündən indiyədək yarışları rekord sayda - təxminən 2 milyon tamaşaçı “Sky Sport” vasitəsilə izləyir. Bu kanalda mütəmadi olaraq həm canlı yarışlar, həm də “Bakı-2015” ilə bağlı müxtəlif idman proqramları nümayiş etdirilir. İndiyədək “Sky Sport” Oyunları 250 saat canlı yayımlayıb. Hər bir idman növü üzrə ixtisaslaşmış 33 idman şərhçisi yarışlar boyu tamaşaçıları məlumatlandırır. Ümumilikdə “Bakı-2015”in açılış mərasimindən indiyədək kanalın izlənməsində 20 faiz artım müşahidə olunub. Bu da bütün Avropa ölkələrində, o cümlədən İtaliyada ilk Avropa Oyunlarının maraqla izlənildiyini göstərir.

 

Maqsud DADAŞOV,

AZƏRTAC-ın xüsusi müxbiri

 Roma

Azərbaycan.-2015.-25 iyun.- S.7.