Cüdoçumuzdan gümüş medal

 

Bakıda keçirilən ilk Avropa Oyunlarının başa çatmasına bir neçə gün qalıb. Sevindirici haldır ki, idmançılarımız doğma divarlar arasında uğurla çıxış edərək Azərbaycanı layiqincə təmsil etməyi bacarıblar. Güləş, karate, taekvondo, gimnastika, boks və digər növlərdə qazanılan medallar ölkəmizdə idmanın yüksək səviyyədə olmasından xəbər verir.

İyunun 25-də Avropa Oyunlarında cüdo yarışlarına start verilib. İlk yarış günündə Heydər Əliyev adına İdman Sarayında  kişilər  arasında 60 kq, 66 kq, qadınlar arasında isə 48 kq, 52 kq və 57 kq çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gəlib.  Səkkiz  cüdoçumuzdan cəmi bir nəfər - Orxan Səfərov gümüş medal qazanıb.

60 kq çəki dərəcəsində ölkəmizi 2 idmançı təmsil edib. Həm Orxan Səfərov, həm də İlqar Müşkiyev ilk mərhələdən azad olublar.

Orxan Səfərov 1/8 finalda Azərbaycan əsilli Arif Bağırovla (Belarus) qarşılaşıb. Görüş Orxanın inamlı qələbəsi ilə başa çatıb. Cüdoçumuz 1/4 finalda isveçrəli Ludovik Çammartinlə münasibətinə aydınlıq gətirib. Rəqibini vazariyuko xalları ilə məğlub edən “Neftçiidman klubunun üzvü yarımfinalda ispaniyalı Fransisko Qarriqosla qarşılaşıb. Hansı ki, 1/8 finalda digər cüdoçumuz İlqar Müşkiyevi mübarizədən kənarlaşdırmışdı. Hamı Orxandan ancaq qələbə gözləyirdi. Sevindirici haldır ki, cüdoçumuz gərgin mübarizənin yekununda qalib gələrək  adını finala yazdırıb.

Həlledici mərhələdə rəqib Avropadünya çempionatlarının mükafatçısı rusiyalı Beslan Mudranov idi. Görüş çox gərgin keçib. Orxan qarşılaşmanın başa çatmasına 17 saniyə qalmış fənd işlətmək istəyərkən, ippona düşübAvropa Oyunlarını gümüş medalla başa vurub.

Qeyd etdiyimiz kimi, 60 kq çəki dərəcəsində yarışan digər cüdoçumuz İlqar Müşkiyev 1/8 finalda Fransisko Qarriqosla üz-üzə gəlib. Öz çəkisinin liderlərindən olan idmançımız uduzaraq mübarizəni dayandırıb. Hər 2 cüdoçunun aktivində 3 cərimə xalı olsa da, Qarriqos yuko xalında İlqarı qabaqlayıb.

66 kq çəki dərəcəsində də 2 təmsilçimiz tatamiyə çıxıb. Hər iki cüdoçumuz mübarizəyə 1/16 finaldan qoşulub. Nicat Şıxəlizadə türkiyəli Sinan Sandalla üz-üzə gəlib. Qardaş ölkə təmsilçisinə 141 saniyəyə ippon fəndi ilə qalib gələn təmsilçimiz 1/8 finala vəsiqə qazanıb. Bu mərhələdə rəqib italiyalı Elio Verde olub.  Neftçiİdman Klubunun üzvü bu döyüşdən də qalib ayrılmağı bacarıb.

1/4 finalda portuqaliyalı Serjiu Oleyniklə qarşılaşan Şıxəlizadə üçün məğlubiyyət qaçılmaz olub. Bu dəfə o özü ippona düşüb.  Məğlubiyyətə baxmayaraq, o, təsəlliverici görüşlərə qatılıb. Həmyerlimiz ilk döyüşdə ukraynalı Georgi Zantaraya ilə güləşib və növbəti qələbəsini də ipponla əldə edib. Şıxəlizadə  cəmi 123 saniyəyə mərhələ adlayıb.

Böyük Dəbilqə”nin qalibi bürünc medal uğrunda Rusiya idmançısı  Mixail Pulyayevlə qarşılaşıb. Təəssüf  ki, təcrübəli rusiyalı cüdoçu vazuri fəndi ilə qalib  gələrək Avropa Oyunlarını bürünc medalla başa vurub.

66 kq çəkidə yarışan daha bir təmsilçimiz Tərlan Kərimov isə 1/16 finalda rusiyalı Mixail Pulyayevlə mübarizə aparıb.  Tərlan qalib gəlmək üçün səylə çalışsa da,  görüş rusiyalı idmançının xeyrinə başa çatıb.

Qadınlar arasında 48 kq  çəki dərəcəsində iki xanım idmançımız mübarizə aparıb. Bunlar Leyla Əliyeva və Aişə Qurbanlıdır.

Leyla Əliyeva 1/16 finalda Sloveniya təmsilçisi Kristina Vrsiçlə üz-üzə gəlib. Həmyerlimizin debütü uğurlu alınıb. Şido  xalı ilə mərhələ adlayan Əliyeva 1/8 finalda belçikalı Şarlin van Sniklə qarşılaşıb.  Lakin o, uğurunu davam etdirə bilməyib və 61 saniyəyə məğlub olaraq mübarizəni dayandırıb.

Aişə Qurbanlının1/16 finalda rəqibi isə rusiyalı Kristina Rumyantseva olub. Rəqibindən daha güclü olduğunu nümayiş etdirən təmsilçimiz ipponla vaxtından əvvəl qalib gələrək adını 1/8 finala yazdırıb. Bu mərhələdə onun rəqibi italiyalı cüdoçu Valentina Moskatt  idi. Xanım cüdoçumuz görüşə yaxşı başlasa da, sonradan özü ippona düşərək  mübarizəni dayandırıb.

Qadınlar arasında 52 kq çəkidə təmsilçimiz  Səkinə Zairova mübarizəyə 1/16 finaldan başlayıb. Cüdoçumuzun  rəqibi israilli Roni Şvartz olub. Gərgin keçən döyüş israillinin xeyrinə yekunlaşıb.

57 kq çəki dərəcəsində yarışan Kifayət Qasımova da mübarizəyə ilk mərhələdən start verib. 1/16 finalda Qasımovanın rəqibi serbiyalı Yovana Roqiç olub. Təcrübəli idmançımız  gözlənilmədən tatamidən məğlub ayrılaraq hamını təəccübləndirib.

Qeyd edək ki, cüdoda növbəti çəki dərəcələri üzrə yarışlar bu gün davam etdiriləcək.

 

Elçin CƏFƏROV,

                                    

Azərbaycan.- 2015.- 26 iyun.- S. 5.