Hans niyə narahatdır?

 

Bu günlər Azərbaycanda Avropa idmanının yeni tarixi səhifəsi yazılır. Bakı ilk Avropa Oyunlarına evsahibliyi etməklə şərəfli missiya həyata keçirir. İdman və gənclik bayramına çevrilmiş bu tədbirin gedişi qitə və dünya idmansevərlərinin diqqət mərkəzindədir.

Avropa Olimpiya Komitələrinin çoxdan reallaşdırmağa çalışdığı qitə Oyunları nəhayət Azərbaycanda baş tutdu. Beləliklə, ilk Oyunlar artıq faktdır və indi söhbət növbəti Avropa Oyunlarının harada keçiriləcəyindən gedir. Amma bu məsələnin həlli, görünür, elə də asan olmayacaq. Öz namizədliyini irəli sürmüş Niderland bir qədər sonra maliyyə çətinliklərini əsas gətirərək geri çəkilmişdir.

Bir neçə ildir ki, Avropa maliyyə-iqtisadi böhranla üz-üzədər. Qitənin hətta ən firavan, aparıcı ölkələri bu və ya digər dərəcədə böhrandan əziyyət çəkir. Odur ki, Niderland kimi imkanlı ölkənin  də belə bir addım atmasını hardasa başa düşmək mümkündür. Ancaq o da faktdır ki, 2012-ci ilin dekabrında I Avropa Oyunlarının   Azərbaycanda keçirilməsi haqqında qərar qəbul ediləndə də qitədə iqtisadi vəziyyət yaxşı deyildi. Buna baxmayaraq, Azərbaycan bu tarixi vəzifəni öz üzərinə götürdü və beləliklə, qitəyə və dünyaya idman bayramı yaşatdı.

Təəssüf ki, nə qədər qəribə olsa da, Köhnə dünyanın idmançıları və idman ictimaiyyətı ilk Avropa Oyunlarının baş tutmasına sevinsələr də, qitənin siyasi elitası tamamilə anlaşılmaz mövqe ortaya qoydu. Oyunlar başlayar-başlamaz idman tədbirini keçirən Azərbaycan əsassız tənqid hədəfinə çevrildi. Rəsmi Bakıya qarşı qarayaxma kampaniyasında baş rolu isə qitənin Almaniya, Britaniya, Fransa kimi aparıcı ölkələri ifa edir. Şübhə yoxdur ki, özlərini qitənin sahibləri hesab edənlər Oyunların “əsl  Avropa”dan kənarda keçirilməsinə qısqanc yanaşırlar. Belə deyilsə, Avropanın əsas informasiya telekanalı - “Euronews” ilk Avropa Oyunlarının açılışından “xəbərsiz olmazdı”, Almaniyanın aparıcı DPA agentliyi Oyunların açılış mərasiminin özünü yox, mərasimdə baş vermiş “xoşagəlməz hadisə”ni - Bakı Olimpiya Stadionunda erməni idmançılarının fitə basılmasını aləmə çar çəkməzdi. Özü də “Euronews” qitə olimpiadasının Bakıda keçirildiyindən hələ də “xəbərsiz”dir. Elə isə ilk qitə Oyunlarını keçirmək kimi tarixi işin “özgə”yə həvalə edilməsindən bu qədər  qəzəblidirlərsə, nəyə görə həmin işi görməkdən yaxalarını kənara çəkdilər? Yoxsa Azərbaycandan maliyyə imkanları azdır, yaxud idman infrastrukturu zəifdir?

Cari ayın 12-də Bakıda ilk Avropa  Oyunları açıldı. Elə həmin gün Almaniya Bundestaqında Oyunlara evsahibliyi edən Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə dinləmələr keçirildi. İki hadisənin eyni günə düşməsi qətiyyən təsadüfi ola bilməzdi: Bundestaqın antiazərbaycançı üzvləri sadəcə olaraq Oyunları keçirən Azərbaycanın kefinə soğan doğramaq istədilər. Dinləmələrdə iştirak edən deputatlar (651 parlamentarinin cəmi 35-i) rəsmi Bakını “asıb-kəsdilər”, ölkəmizdə insan hüquqları sahəsində yaranmış vəziyyətdən dərin “narahatlıq” hissi keçirdilər, axırda da beş-on nəfərin dəstəyi ilə sərt məzmunlu qətnamə qəbul etdilər.

Görəsən, Almaniya Azərbaycandan dolayı niyə bu qədər narahatdır? Doğrudanmı, bu və ya digər ölkədə insan hüquqlarının vəziyyəti rəsmi Berlini bu qədər maraqlandırır? Elə isə, nəyə görə Almaniya Bosniyada baş vermiş Srebrenitsa soyqırımının qarşısını almaq üçün tükünü belə tərpətmədi? Elə bu yaxınlarda - cari ayın əvvəllərində Almaniyaya rəsmi səfərə gələn Misir Prezidenti Əbdülfəttah Sisi Berlində hərarətlə qarşılandı. İnsan hüquqlarının qatili kimi ad çıxarmış bu adama Almaniya siyasi dairələrində xoş münasibət ilk baxışdan təəccüb doğurur. Axı Sisi Misirin demokratik yolla seçilmiş ilk və hələlik son Prezidentini - Məhəmməd Mursini devirib hakimiyyəti zorakı yolla ələ keçirmiş şəxsdir. Üstəlik, bu gün Misirdə əsl insanlıq faciəsi yaşanır: Mursi ilə yanaşı, yüzlərlə adam saxta ittihamlarla ölüm hökmünə məhkum edilmişdir. Necə olur ki, belə bir adam Berlinin xoşuna gəlir?

Əslində burada qeyri-adi heç nə yoxdur. Misir artıq Vaşinqton və onun Avropadakı müttəfiqi Berlinin nəzarətinə keçmişdir. Almaniya kimi insan hüquqları “carçı”larını insan hüquqları qətiyyən maraqlandırmır. Elə olmasaydı, rəsmi Berlin ölkənin özündə mövcud olan problemləri, məsələn, ayrı-ayrı vilayətlərdə qeyri-alman vətəndaşların ictimai yerlərdə - məktəblərdə, uşaq bağçalarında, idman salonlarında ana dilində danışmasına qadağa qoyulması, qeyri-almanlara münasibətdə zorakılıq aktları, zaman-zaman dinc nümayişçilərə qarşı polis özbaşınalığı, ksenofobiyanın, neonasizmin dirçəlməsi kimi məsələləri gündəliyə gətirərdi.

Məlum olduğu kimi, dünyanın heç bir ölkəsi insan hüquqlarını tamamilə təmin etdiyini, bu sahədə heç bir pozuntunun olmayacağını iddia edə bilməz. Demokratiyanın “beşiyi” sayılan ABŞ-da Ferqüson və Baltimor hadisələri, Avropanın bir sira ölkələrində (Almaniya, Fransa, İsveçrə, Niderland və s.) islamofobiya təzahürləri həmin ölkələrin bəyan etdiyi demokratik dəyərlərə kölgə salır.

Müasir reallıqlar göstərir ki, insan hüquqları Qərbin “söz”ünə baxmayan, yəni müstəqil siyasət yürüdən ölkələrə münasibətdə sırf təzyiq vasitəsindən başqa bir şey deyil. İş o yerə çatır ki, Bundestaqın qətnaməsində rəsmi Bakı hətta dini etiqad azadlığını pozmaqda ittiham edilir. Halbuki Şərq və Qərb də, Şimal və Cənub da Azərbaycanı dini tolerantlıq nümunəsi kimi qəbul edir.

Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş ölkədə keçirilmiş son parlament seçkiləri ilə bağlı Avropa mətbuatında yer almış yalanlara münasibət bildirərkən demişdir: “Hans, Corc bizim yaxşılığımızı düşünürlər? Bunlar Türkiyədə hamını necə bir-birinin üstünə salmaq, Türkiyəni necə bölmək barədə fikirləşirlər”. Hansın Azərbaycan barədə düşündüyü də elə budur. Amma Hans həqiqətən narahatdır, çünki müstəqil siyasətindən imtina etmək niyyətində olmayan Bakıdan istədiyini ala bilməyəcəyinin fərqindədir... 

 

Allahverdi MEHDİYEV,

 

Azərbaycan.- 2015.- 26 iyun.- S. 4.