Əli HƏSƏNOV: “Müasir jurnalistikanın inkişafı ilə bağlı strategiyamızı

 Azərbaycan milli mətbuatının ənənələri əsasında daha da təkmilləşdirəcəyik

 

İyunun 29-da Bakı Dövlət Universitetində (BDU) milli mətbuatımızın 140 illik yubileyinə həsr olunan “Azərbaycan milli mətbuatı-140: “Əkinçi” ənənələri və müasir jurnalistikamövzusunda elmi-praktik konfrans keçirilib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun iştirak etdiyi konfransın plenar iclasında BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək ölkəmizdə milli mətbuatın 140 illik yubileyinin geniş qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətindən danışıb.

Rektor 1875-ci il iyulun 22-də görkəmli maarifçipublisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzetinin Azərbaycan milli mətbuatında xalqçılıq, millilik və bəşərilik ideyalarını əsas tutduğunu vurğulayıb. Fəaliyyəti dövründə cəmiyyəti düşündürən problemlərə daim yer ayıran, xalqımızın maariflənməsində əvəzsiz xidmətlər göstərən “Əkinçi”dən sonra onun ənənələrini davam etdirən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin” və digər nəşrlərin də xidmətlərindən bəhs edən A.Məhərrəmov onların hər birinin Azərbaycan mətbuatı tarixində milli şüur, milli özünüdərk və təfəkkürün formalaşması və möhkəmlənməsinə verdiyi töhfələrdən danışıb. Müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, KİV-in sərbəst fəaliyyətinə yaradılan şərait xüsusi vurğulanıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin müvafiq fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazası, iqtisadi müstəqilliyi daha da gücləndirilib, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şərait yaradılıb. KİV nümayəndələrinin əksəriyyətinin BDU-nun yetirmələri olduğunu söyləyən rektor mətbuat işçilərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransda çıxış edərək Prezident İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı imzaladığı sərəncamın önəmindən danışıb. Bugünkü konfransın BDU-da keçirilməsinin təsadüfi olmadığını bildirən Əli Həsənov vurğulayıb ki, bu ali təhsil müəssisəsi hər zaman mətbuat sahəsinə verdiyi töhfələri ilə seçilib, mətbuat tarixinin araşdırılmasında, jurnalist kadrların yetişdirilməsində danılmaz xidmətlər göstərib.

Yubiley tədbirlərinin dövlət başçısının sərəncamına müvafiq olaraq iyun-avqust aylarında keçiriləcəyini bildirən professor Əli Həsənov deyib ki, bu tədbirlərdə milli mətbuatımızın inkişaf tarixini gözdən keçirəcək, bu sahədə mühüm xidmətləri olan ziyalıları, jurnalistləri və tarixi şəxsiyyətləri yada salacağıq. Eyni zamanda, Azərbaycan milli mətbuatının keçmiş ənənələrindən istifadə edərək müasir jurnalistikanın inkişafı ilə bağlı milli strategiyamızı, milli platformamızı daha da təkmilləşdirəcəyik. Gələcəyə ünvanlanan hər bir inkişaf taktika və strategiyası keçmişlə əlaqəni mütləq şəkildə nəzərə almalıdır.

Prezident Administrasiyasının rəsmisi Azərbaycan mediasının bugünkü inkişafı istiqamətində dövlətimizin yürütdüyü siyasət, onun mahiyyəti, ölkəmizdə KİV-in vəziyyəti və milli jurnalistikamızdan gözləntilər barədə fikirlərini diqqətə çatdırıb. Əli Həsənov bildirib ki, müstəqil Azərbaycan mediasının təməlini ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər 1998-ci il 6 avqust tarixli fərmanı ilə Azərbaycanda media ilə bağlı bütün tənzimləyici dövlət mexanizmlərini, o cümlədən senzuranı ləğv edib.

Azərbaycanda jurnalistikanın inkişaf tarixindən danışan professor Əli Həsənov qeyd edib ki, Həsən bəy Zərdabidən başlayan milli mətbuat ənənələri Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə inkişaf etdirilib. AXC-nin təməli qoyulanda artıq media sahəsində Həsən bəy Zərdabi tək deyildi. Burada Əhməd bəy Ağayev, Üzeyir bəy Hacıbəyli kimi milli ziyalılar var idi. Sovet dönəmi isə Azərbaycan jurnalistikasının daha sürətlə formalaşması dövrü olub. Müstəqillik illərinin əvvəlində isə ictimai-siyasi, iqtisadi həyatımızda olduğu kimi, media sahəsində də böhran yaşandı. Eyni zamanda, müstəqillik dövründə müsbət ənənələrin də təməli qoyuldu ki, bunun da əsasında azad jurnalistika, onun nümunələri və metodologiyası formalaşmağa başladı.

Azərbaycan mediasının inkişafında, ilk növbədə, qanunvericilik sahəsindəki bir sıra vacib məsələləri diqqətə çatdıran Əli Həsənov vurğulayıb ki, müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında mətbuat, söz, ifadə azadlığı dövlətin təməl prinsiplərindən biri kimi təsbit olunub. Konstitusiyada söz, fikir və məlumat azadlığı hər kəsin məlumat almaqyaymaq hüququ, KİV üzərində senzuranın yolverilməzliyi hüququ cəhətdən əsaslandırılıb. Sonrakı dövrdə - 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 2000-2001-ci illərdə bu qanun insan haqları və söz azadlığına dair Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılıb. Həmin dövrdə - mətbuatın ictimai özünütənzimlənmə qurumu - Azərbaycan Mətbuat Şurası yaradılıb, milli teleradio yayımı, ictimai televiziya, informasiya azadlığı haqqında qanunlar qəbul olunub. Bütün bunlar milli mətbuatımızın inkişafında mühüm rol oynayıb.

Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət dəstəyindən danışan Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, 2001-ci ildən başlayaraq medianın maddi-texniki bazasının gücləndirilməsi, mətbuata dövlət yardımının artırılması sahəsində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə çoxlu mühüm tədbirlər həyata keçirilib. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması və mətbuatın inkişafına dövlət dəstəyi Konsepsiyasının qəbul edilməsi ilə Prezident İlham Əliyev dövlətimizin mediaya göstərdiyi dəstəyi, yardımı sistemləşdirib və şəffaflaşdırıb. Bu gün Azərbaycan dövləti mətbuatın dayağına çevrilibona mütəmadi dəstək verir.

Müstəqil Azərbaycan mətbuatı ölkəmizin daxili informasiya tələbatını tam ödəyir, əhalinin informasiya almaq hüququnu, dövlət və vətəndaşlar arasında əlaqələndirici funksiyanı uğurla həyata keçirir. Bu gün Azərbaycan mediası Qərbin anti-azərbaycan kampaniyasına lazımi şəkildə sərt cavab verir. Bu o deməkdir ki, Azərbaycan mediası artıq dövlətimizin maraqlarını həm daxildə, həm də xaricdə təmin etmək gücünə malikdir. Bu gün milli mətbuatımız ölkəmizə qarşı aparılan qərəzli informasiya kampaniyasına, böhtan xarakterli yazılara, subyektiv mülahizələrə layiqincə cavab verə bilir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin mahiyyəti də ondan ibarətdir ki, KİV mətbuatın sivil normaları əsasında fəaliyyət göstərsin. Jurnalistlərimiz unutmamalıdırlar ki, onlar xalqımızı, dövlətimizi təmsil edirlər. Onların gündəlik jurnalist fəaliyyətində Vətənə, dövlətə, dövlətçiliyə bağlılıq hissləri qətiyyən arxa plana keçməməlidir. Hər bir jurnalist xalqın, dövlətin təəssübünü çəkməlidir.

Biz milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı tədbirləri keçirərkən müasir dünyada baş verən prosesləri diqqətdən qaçırmamalıyıq. Bu gün regionda, yaxın və uzaq ölkələrdə xoşagəlməz hadisələr müşahidə olunur. Azərbaycanda isə möhkəm sabitlik, gözəl tolerant mühit vardır. Burada xalqlar, millətlər, dinlər arasında qarşılıqlı anlaşma, gözəl ab-hava var. Bu, dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasətdən qaynaqlanır. Bu siyasət sayəsində ölkəmiz sürətlə inkişaf edir. Bakı dünyanın ən gözəl şəhərinə çevrilib. Bu gözəlliyi Azərbaycana gələn turistlər heyranlıqla qeyd edirlər.

Qarşıda bizi parlament seçkiləri gözləyir. Növbəti illərdə beynəlxalq şahmat turniri, İslam Həmrəyliyi Oyunları, futbol üzrə Avropa çempionatının oyunları Bakıda keçiriləcək. Azərbaycan ilk Avropa Oyunlarını çox yüksək səviyyədə keçirməklə sözün həqiqi mənasında tarix yazdı. Biz Avropa Oyunlarını keçirməklə xalqımızın mədəniyyətini, qonaqpərvərliyini, dövlətimizin genişmiqyaslı tədbirlərə ev sahibliyi etmək bacarığını dünyaya nümayiş etdirdik. Azərbaycan artıq böyük inkişaf yolundadır biz bu yolla daim irəliyə gedəcəyik. Bu məsələdə medianın rolu çox önəmlidir.

Sonda professor Əli Həsənov Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, professor Cahangir Məmmədli milli mətbuatımızın keçdiyi tarixi yola nəzər salıb, “Əkinçiqəzetinin yaranmasından, Həsən bəy Zərdabinin böyük xidmətlərindən, müasir mətbuat üçün yaradılan şəraitdən danışıblar.

Professor Şirməmməd Hüseynov bildirib ki, bu gün yalnızƏkinçi”nin deyil, 140 illik tarixi olan milli mətbuatımızın bayramıdır. Əkinçiqəzetinin o dövrdə bütün sahələrdə baş verən problemləri işıqlandırdığını qeyd edən Ş.Hüseynov müasir dövrün informasiya əsri olduğunu xatırladıb.

Sonra mükafatlandırma mərasimi olub.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HəsənovUniversitetin dostumükafatına layiq görülüb.

Bir sıra mətbuat orqanlarına isə “BDU-ya informasiya dəstəyimükafatı təqdim edilib.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

 

AZƏRTAC

Azərbaycan.-2015.-30 iyun.- S.8.