Şərqi Anadolu, Naxçıvan və İrəvanda

 ermənilərin törətdikləri soyqırımlar

 

(Başbakanlıq Osmanlı Arxivinin sənədləri əsasında. 1918-1920-ci illər)

 

1918-1920-ci illərdə ermənilərin Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımı cinayətləri böyük güc mərkəzlərinin Azərbaycan, İran və Şərqi Anadolu torpaqlarında erməni dövləti yaratmaq üçün əsrlər boyu düşünülmüş və planlı şəkildə həyata keçirdiyi məkrli siyasətinin qanlı nəticələrindən biridir. Bu soyqırımılarını sübut edən çox sayda qiymətli sənədlər hazırda Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində (bundan sonra - BOA) qorunub saxlanılır. Həmin sənədlərdəki faktiki materiallar sübut edir ki, 1918-1920-ci illərdə ermənilərin Şərqi Anadolu (Qars, İğdır, Bayəzit, Muş, Van, Ərzurum, Trabzon, Kağızman və s.), Naxçıvan və İrəvan bölgəsində on minlərlə dinc, silahsız türk-müsəlman əhali etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetirilmişdir.

Təqdim olunan sənədlərin əksəriyyəti bölgədəki ingilis nümayəndəsinin iştirakı ilə yerli əhali içərisindən seçilmiş insanlar tərəfindən tərtib olunmuş, bəziləri isə Osmanlı dövlətinin XV Nizami ordusu rəhbərlərinə kömək üçün ünvanlanmışdır. Sənədlərin müəyyən hissəsi Başbakanlıq Osmanlı Arxivinin əməkdaşları tərəfindən hazırlanaraq iki cildlik toplu şəklində çap olunmuşdur (Ermeniler tarafından yapılan katliam belgeleri. (1914-1919) c.I, Ankara, 2001; (1919-1921) c.II, Ankara, 2001). BOA-nın əsasən “Xarici Siyasi Kalem” (HR.SYS) fondundan əldə etdiyimiz bu sənədlərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgələrində türk-müsəlman əhaliyə beşikdəki körpələrdən tutmuş ixtiyar qocalara qədər misli görünməmiş qəddarlıqla divan tutulması, kütləvi şəkildə qətliamlar həyata keçirilməsi, bir sözlə, dinc əhaliyə qarşı ən acınacaqlı, qanlı cinayətlərlə dolu erməni soyqırımıları təsvir olunmuşdur.

Sənədləri təhlil edərkən ermənilərin türk-müsəlman əhalisinə qarşı həyata keçirdikləri soyqırımı cinayətlərini əhatə dairəsinə görə üç qrupa ayırmaq mümkündür.

1. Şərqi Anadolu bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımılar:

I Dünya müharibəsi illərində Şərqi Anadolunu ələ keçirmək istəyən Rusiya ordusunun tərkibində hərbi təlim görmüş 150 min erməni əsgəri və tərkibində təqribən 10 min silahlını birləşdirən 4 erməni könüllü birlikləri (drujinaları) var idi (Arutunyan A.O. Kavkazskiy front. 1914-1917 qq. Erevan, “Ayastan”. 1971). Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra rus qoşunlarının tərkibində Qafqaz cəbhəsində Türkiyəyə qarşı vuruşan erməni əsgər və zabitləri əllərində silah Cənubi Qafqaza qayıdırdılar. Üstəlik, ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolu ərazilərindən həmin dövrdə 260 minə yaxın erməni qaçqını da Cənubi Qafqaza gəlmiş, əsasən İrəvan quberniyasında özlərinə sığınacaq tapmışdılar (İstoriya armyanskoqo naroda. Erevan, izd. - vo Erevanskoqo un-ta, 1980).

Şərqi Anadolunun mühüm strateji əhəmiyyətli bölgəsindən biri olan Ərzuruma ermənilər xüsusi əhəmiyyət verirdilər. Rusiya erməniləri buradan Türkiyəyə keçərək bölgədə öz mərkəzlərini yaratmışdılar. Trabzon-Van yolunun ortasında yerləşdiyindən Ərzurum həm quru yolla Qafqazdan, həm də Trabzon yolu ilə (dənizdən) Batum, Göstənçə və digər yerlərdən müntəzəm məlumat almaq, vilayətlərə silah, hərbi sursat göndərmək üçün çox əlverişli idi. 1919-cu ilin yayında təkcə Ərzurumda 426 nəfər türk-müsəlman milli mənsubiyyətinə görə ermənilər tərəfindən xüsusi işgəncələrlə, boğularaq, yandırılaraq məhv edilmişdir (Ermeniler Tarafından..., c.I, s.377).

Hələ I Dünya müharibəsi zamanı Kağızmanda böyük qismi fərari əsgərlərdən ibarət olan ermənilər ruslar tərəfindən silahlandırılmışdı. 800-dən çox erməni toplaşmış, buraya ermənilərdən ibarət rus könüllü bölüyü də gəlmiş, beləliklə, bölgədəki silahlı ermənilərin sayı 15000 nəfərə çatmışdı. 1919-cu ilin iyulunda keçmiş Kağızman mütəsərrifi Arslan bəy və İsmayılzadə Əhməd əfəndi ailələri ilə birlikdə Kağızmandan Qarsa gedərkən yolda erməni hərbiçiləri tərəfindən faciəli şəkildə qətl edilmişlər. Erməni hərbçilərinin Kağızmana olan hücumları artdığı üçün yerli türk-müsəlman əhalinin əksəriyyəti doğma yurdlarını tərk edərək dağlara çəkilmiş, onların mal və mülklərini ermənilər talan etmişlər (Bax: Başbakanlık Osmanlı Arxivi (BOA) HR. SYS. 2877/39). 1919-cu ilin yayında bu azğın millət Kağızmanda türk-müsəlman əhalini vəhşicəsinə qətlə yetirərək Araz çayına tökmüşlər (BOA, HR. SYS. 2877/73).

1914-1921-ci ilin əvvəllərinə kimi ermənilər Qars və Ərdahanda 30000 min əliyalın əhalini məhv etmişlər. 1919-cu ilin əvvəlində Qarsda 9 millət vəkili qətl edilmışdir (Bax: Ermeniler Tarafından.., c.I, s.375-376.). Təkcə 1920-ci ildə Qarsa məxsus kəndlərdə ermənilər tərəfindən 3945 nəfər türk-müsəlman əhali acınacaqlı işgəncələrlə soyqırımına məruz qalmışdır (Bax: Ermeniler Tarafından .., c.II, s.1054).

Böyük dövlətlərin Cənubi Qafqaz bölgəsinə “nəzarət etmək” siyasəti gücləndikdən sonra onların yardımına arxalanan Ararat Respublikasının Azərbaycan torpaqları ilə yanaşı həm də Şərqi Anadoluda - əsasən Araz çayı ətrafında yaşayan türk-müsəlman əhaliyə qarşı soyqırımı siyasəti daha da intensivləşmişdi. 1919-cu ilin iyulunda ermənilər Araz çayı ətrafında yerləşən Dəşti, Əfşar, Xınalıq, Qaralar, Şirazlı, Caddə, Görəvan, Tavat və digər kəndlərə hücum edib yerli əhaliyə divan tutmuşlar. Erməni cəlladları onları diri-diri yandırmış və canlı-canlı basdırmışlar. Canını qurtara bilənlər doğma ocaqlarını tərk edərək dağlara çəkilmişlər. Kəndlərdəki bütün məhsullar və əhaliyə məxsus əşyalar ermənilər tərəfindən tamamilə talan edilmişdir. Bütün bunlar yerli şahidlər tərəfindən 1919-cu il iyulun 3-də tərtib olunmuş sənəddə (BOA, HR. SYS. 2877/16) öz əksini tapmışdır.

1920-ci il 30 iyun tarixli bir sənəddə ermənilərin Qaraurqan, Kağızman, Ərzurum, Qars, Bayəzit, Sarıqamış və Araz ətraflarında qadın və uşaqlar da daxil olmaqla dinc əhalinin müxtəlif bədən üzvlərinin kəsilərək ayrı-ayrı şəkillərdə qətliam etdikləri, qadınlara hücum və təcavüz olunduğu, kəndlərə olunan basqınlar və əhalinin diri-diri yandırılması və s. hadisələrlə bağlı ingilis nümayəndəsinə göndərilən məlumatda öz əksini tapmışdır. Həmin sənəddə Nuruşlu kəndindən 60 yaşlı Məhəmməd oğlu Əli, Hilə kəndindən 13 yaşlı Ağa oğlu İdris, İsalı kəndindən 50 yaşlarında Əziz oğlu Rüşdinin cəsədləri Rusiya sərhədləri ilə üzbəüz İxtiyar dərəsi deyilən məhəllədə tapılmışdır. Bunlardan birincisi yalnız kəlləsindən vurulmuş, ikincisi isə silah və bıçaqla vurulmuş və qulaqları kəsilmişdi. Üçüncünün kəlləsində bir neçə silah və bıçaq yarası və bədəninin ayrı-ayrı üzvləri kəsilmiş halda tapılmışdır (BOA, HR. SYS. 2877/13).

1920-ci ilin sonunda Qars bölgəsinin Taşnik, Subatan, Ani və Danyalıq kəndlərindəki əhali acınacaqlı şəkildə erməni cəlladları tərəfindən məhv edilmişbütün əmlakları qəsb edilmişdir (BOA, HR. SYS. 2878/81).

1920-ci il martın 6-da tərtib olunmuş sənəd (BOA, HR SYS. 2878/22) XV Nizami ordu komandanlığına ünvanlanmışdır. Bu məktubda ermənilərin təkrar Zərşad qəzasına hücuma keçərək 2 min nəfərlik türk-müsəlman əhalini dəhşətli bir formada məhv etməsi açıqlanır. Sənəddə qeyd olunur ki, “...ermənilər müsəlmanların mənəviyyatını bütünlüklə qırmaq üçün müsəlman qızlarını 12 arabaya dolduraraq Gümrüyə aparmış, 6 arabanı isə Qarsda gizlədərək erməni evlərinə yerləşdirmişdi. Qarsda olan ermənilər bazar açaraq orada Zərşadın talan edilməsi zamanı qanına qəltan edilən müsəlmanların qadınlarının qiymətli əşyalarını, geyimlərini təcili satmaqdadırlar.”

Beləliklə, erməni millətçiləri I Dünya müharibəsində Türkiyənin ağır vəziyyətə düşməsini sərsəm “Böyük Ermənistan” yaratmaq xülyalarının həyata keçirilməsi üçün əlverişli məqam bilib Şərqi Anadolunun bir çox yerlərində erməni qiyamları təşkil etmiş, silahlı erməni quldur dəstələri gələcək Ermənistan dövləti üçün ərazi yaratmaq məqsədilə dinc türk əhalisinə qarşı dəhşətli soyqırımı törətmiş, əhalini ata-baba yurdlarından qovmuşlar.

2. Naxçıvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımılar:

Başbakanlıq Osmanlı Arxivinin (BOA) müxtəlif fondlarından əldə edilmiş sənədlərdə Naxçıvan qəzasında həyata keçirilən qırğınlar və vəhşiliklər öz miqyasına, forma və metodlarına görə tarix boyu insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Həmin sənədlərdə 1919-cu ilin yayından başlayaraq 1921-ci ilin əvvəlinə qədərki dövr ərzində Naxçıvan qəzasında erməni silahlı dəstələrinin silahsız azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı cinayətləri haqqında ibrətamiz materiallar öz əksini tapmışdır. Ermənilərin Naxçıvan qəzasında həyata keçirdiyi soyqırımıların daha çox olmasının əsas səbəbi Naxçıvan bölgəsinin əlverişli strateji mövqedə yerləşməsi və burada 2 aylıq erməni idarəçiliyinin tətbiq olunmasıdır.

Ermənilərin Naxçıvanda qısa müddətdə idarəçilik cəhdi bölgəyə ağır zərbə vurduburada saysız-hesabsız soyqırımılara yol açdı. BOA-dan əldə etdiyimiz sənədlər sübut edir ki, ermənilər Naxçıvan qəzasında öz bədnam niyyətlərinə nail olmaq üçün dinc əhalinin canlı-canlı yandırılması, kütləvi şəkildə diri-diri torpağa basdırılması, vəhşicəsinə balta ilə doğranması, amansız işgəncələrlə son nəfərədək qətl edilərək Araz çayına tökülməsi kimi ən qəddar və ağılasığmaz əməllərə əl atmaqdan belə çəkinməmişlər. Təkcə bir gün ərzində Naxçıvan və Şərurda 45 kənd tamamilə məhv edilmişdir (BOA, DH. KMS. 53-3/15).

Əgər 1918-ci ilin mayına qədər azərbaycanlı əhaliyə qarşı kütləvi talanlar və vəhşiliklər I Dünya müharibəsində iştirak etmiş erməni hərbi hissələri və yerli ermənilərin quldur dəstələri tərəfindən həyata keçirilirdisə, Ararat Respublikasının yaranmasından sonra türk-müsəlman əhalisinin soyqırımı rəsmi İrəvanın dövlət siyasətinə çevrildibu işdə dövlətin nizami silahlı qüvvələrindən fəal istifadə olunmağa başlandı.

BOA-nın sənədləri içərisində Naxçıvan qəzasında erməni idarəçiliyi dövründə erməni hərbi birləşmələrinin həyata keçirdikləri soyqırımıları əks etdirən materiallar daha çoxdur. 1919-cu ilin iyulunda tərtib olunmuş bir sənəddə erməni hərbi birləşmələrinin Naxçıvan qəzasının Yengicə, Qıvraq kəndlərinə silah toplamaq bəhanəsi ilə hücum edib yerli əhaliyə görünməmiş işgəncələr verməsi təsvir olunmuşdur.

1920-ci il martın 6-da tərtib olunmuş bir sənəddə (BOA, HR SYS. 2878/22) Şərur, Çıldır və Ağbabada ermənilərin türk-müsəlman əhaliyə etdiyi zülm və qətliamlardan sonra amerikalı polkovnik Haskel digər amerikalı və ingilis məmurları ilə bölgəyə gələrək əhalini sakitləşdirməyə çalışmışdı. Həmin vaxt ermənilər eyni məntəqələrdəki 28 kəndə təkrar hücum edərək daha dəhşətli qətliamlar törətmişlər.

Başbakanlıq Osmanlı Arxivindən əldə olunan sənədlər içərisində Naxçıvan qəzasında erməni hərbi birləşmələrinin həyata keçirdikləri soyqırımı cinayətini əks etdirən materiallar kitabın arxasına əlavə olunmuşdur. Burada soyqırımına məruz qalan insanların adları açıqlanmışdır. 1918-1920-ci illərdə Naxçıvanın Şərur və Sədərək bölgəsində ermənilər tərəfindən 56 kənddə həyata keçirilən soyqırımı nəticəsində 428 nəfər qətl edilmiş, 2.286 ev yerlə-yeksan olunmuş, 7.178 nəfər evsiz-eşiksiz qalmış, bunun nəticəsində 6.740 nəfər səfalətdən məhv olmuş, 24 qadın erməni təcavüzünün qurbanı olmuş, 3.971.200 pud ərzaq, 731500 pud pambıq, 169.250 qoyun və 47.367 baş qaramal ermənilər tərəfindən qəsb edilmişdir. Dərələyəz bölgəsində isə erməni hərbi birləşmələrinin həyata keçirdikləri soyqırımı nəticəsində 54 kənddə 57.240 nəfər qətl edilmiş 9.735 ev yerlə-yeksan olunmuşdur (BOA,HR SYS. 2878/93). Bütün məhv olan insanların ümumi sayı 64408 nəfərdir. Bu soyqırımılar Naxçıvanın sovetləşməsindən sonra da davam etmişdi. 1921-ci ildə Naxcıvan qəzasında ermənilər tərəfindən işgəncə ilə 12 nəfər öldürülmüşdü (BOA,HR SYS. 2878/93).

3. İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımılar:

1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı əsl soyqırımı törədilmişdir. Tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan (Ararat) Respublikasının rəsmi dövlət qurumları tərəfindən həmin illərdə silah gücünə etnik təmizləmə siyasəti həyata keçirildi. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri vəhşiliklər, azərbaycanlı yaşayış məntəqələrinin silah gücünə darmadağın edilməsi, müsəlmanlara qarşı törətdikləri zülmlər və bu zülmlərə son qoyulması tələbi ilə əhalinin Şərq cəbhəsi ordu komandanlığından yardım tələb etməsi məktublarda, dövrün arxiv sənədlərində kifayət qədər öz əksini tapmışdır (BOA, HR SYS. 2878/81; BOA, HR SYS. 2878/85).

3 iyul 1919-cu il tarixli “Ermənilərin Sevan (Göycə) əhalisinə rəva gördükləri mezalimlerin icra edildiyi məntəqələrin təsviri” adlanan xəritədə həmçinin Ağbulaq, Zəruşad, Şörəyel, Qəmərli, Sultanqala, Qarss. bölgələr də təqdim olunur (BOA,HR SYS. 2877/13). 1919-cu ilin iyulunda tərtib olunmuş bir sənəddə Araz çayı boyunda soyqırımıların həyata keçirildiyi ərazilərin təsvir olunduğu daha bir xəritə verilmişdir. Burada İrəvan, Böyük Vedi, Qaralar, Şirazlı, Xalisə, Sədərək, Əlisar, Turab elçisis. bölgələr təsvir edilmişdir. Hətta həmin xəritədə yerləşməyən kənd adları - Şiti, Giran, Naytəm, Karvan ayrıca qeyd olunmuşdur (BOA,HR SYS. 2877/16).

1920-ci il 30 iyun tarixli bir sənəddə ermənilərin Qaraurqan, Kağızman, Ərzurum, Qars, Bayəzit, Sarıqamış, Naxçıvan və Araz ətraflarında qadın və uşaqlar da daxil olmaqla dinc əhalinin müxtəlif bədən üzvlərini kəsərək ayrı-ayrı şəkillərdə qətliam etdikləri, qadınlara hücum və təcavüz olunduğu, kəndlərə basqınlar və əhalinin diri-diri yandırılması kimi hadisələrlə bağlı məlumat ingilis nümayəndəsinə göndərilmişdir (BOA, HR. SYS. 2877/13).

1920-ci ilin fevralında İrəvan quberniyasının Şörəyel qəzasında 1350 nəfər əliyalın əhali kəndlərini tərk edərkən ermənilər tərəfindən məhv edilmişdir. Həmin ilin mart ayında yenə də Şörəyel qəzasında 2000 nəfər müxtəlif şəkildə vəhşicəsinə qətl edilmişdir (Ermeniler Tarafından.., c.II, s.1053).

1920-ci ilin iyulunda erməni silahlı birləşmələri Uluxanlı (İrəvan) ətrafındakı - Qaraoğlu, Lələoğlu, Novosəlim, Qaraçayır, İğdır, Ağpinar, Qırxpinar, Ağcaqala, Çuxuru kəndlərini yandıraraq əhalisini tamamilə məhv etmişlər (BOA,HR SYS. 2877/42).

1920-ci ilin sonunda ermənilər İrəvan bölgəsinin Qızılkilsə kəndində 50 nəfər uşaq və yeniyetməni balta ilə doğrayaraq öldürmüş, gözlərini qızdırılmış şişlərlə çıxarmış və cəsədlərini qazanlarda yandırmışlar. Sabunçu kəndindən 142 nəfərin ağız və burunlarını kəsərək gözlərini oymuş, gənc qız və qadınlara təcavüz etmişlər. Erməni cəlladları yeni doğulan körpələri anaları ilə bərabər iri qazanlarda yandırmışlar. Həmin yandırılan qadınların ərlərinə bu vəziyyəti zorla seyr etdirmişbundan sonra onları da həmin hala salmışlar. Qaraqola, Tirik, Pozbir kəndlərindəki bütün əhali acınacaqlı şəkildə məhv edilmiş, əmlakları talan olunmuşdur (BOA, HR. SYS. 2878/81).

28 yanvar 1921-ci ildə tərtib olunmuş sənəddə (BOA, HR SYS. 2878/79) 1920-ci ildə İrəvan və İğdır arasında yerləşən kəndlərin türk-müsəlman əhalisinin ermənilər tərəfindən tarixdə görünməmiş vəhşiliklə həyata keçirilən soyqırımına məruz qaldığı təsvir olunmuşdur. Sənədlər Bulaqbaşı, Novruz, Uluxanlı, Qəmərli, Ciləban, Şeyxlər, Qaçaq, Fəqirlər, Əliməmməd və Xızırlı kəndlərinin sağ qalmış sakinlərinin ifadəsi əsasında tərtib edilmişdir. Adları qeyd olunan kəndlərin sakinləri erməni hərbçilərinin hücumları nəticəsində kəndlərini tərk etmiş, ingilislərin Qarsa gəlməsi və ermənilərlə barışıq əldə olunmasından sonra öz doğma evlərinə qayıdarkən yolda qaniçən azğınlar tərəfindən görünməmiş vəhşiliklərlə həyata keçirilən soyqırımına məruz qalmışlar. Ermənilər heç kəsə aman verməyərək qarşılarına çıxan hər kəsi - qadın, qoca və uşaqları süngüdən keçirərək dəlik-deşik etmiş, əhalinin əksəriyyətini topodlu silahla kütləvi şəkildə məhv etmiş, bələkdəki körpələrin bacaqlarını ayıraraq başlarını daşla əzərək öldürmüş, hamilə qadınların bətnini yararaq hələ doğulmamış körpələri süngüyə keçirmişlər. Erməni cəlladları Qaçaq kəndindən olan qadın və uşaqları hissə-hissə doğrayıb üzərinə qaz yağı töküb yandırmış, qocaların saqqallarını qopararaq diri-diri üzlərinin dərisini soymuşlar, bəzi uşaqların balta və xəncərlə başlarını parçalayıb gözlərini çıxarmış, bəzilərini isə şişə keçirmişlər. Araz çayı kəsilən və boğulan insan cəsədləri ilə dolmuşdur. Bu soyqırımı nəticəsində ermənilər tərəfindən məhv edilənlərin ümumi sayı 5307 nəfərdir (BOA,HR SYS. 2878/79; Bax: Ermeniler tarafından yapılan katliam belgeleri, c.II, s. 983-984,1054, // kitabda İrəvan bölgəsinə məxsus kəndlər yanlış olaraq Naxçıvan bölgəsinə aid edilmişdir).

Arxivdən əldə olunan sənədləri təhlil etdikdə aydın görünür ki, 1918-1920-ci illərdə İrəvan, Naxçıvan, Şərur, Gümrü və Şərqi Anadoluda (Qars, Kağızman, Ordu, Sarıqamış, İğdır, Trabzons.) və hətta Tiflis, Şörəyel və Borçalı qəzasında on minlərlə dinc, silahsız türk-müsəlman əhali amansızcasına qətlə yetirilmiş, yüzlərlə yaşayış məntəqəsi, kəndlər talan edilərək yandırılmış, Yer üzündən silinmişdir.

1919-cu il iyulun 3-də tərtib olunmuş bir sənəddə ermənilərin Vedinin ətrafını 4 tərəfdən mühasirəyə alaraq buranı aramsız top atəşinə tutduqları, Araz çayı ətrafında yerləşən Dəşti, Əfşar, Xınalıq, Qaralar, Şirazlı, Caddə, Yengicə, Qıvraq, Görəvan, Tavat, Kiçik Vedi və s. kəndlərə hücum edərək əhaliyə görünməmiş işgəncələr verdiyi qeyd olunur. Sənəddə göstərilir ki, “...ermənilər tərəfindən məhv edilən 45 müsəlman kəndinin mərkəzi olan Böyük Vedini 8 topla 4 min nəfərlik erməni hərbçisi mühasirəyə aldı. Onlar İğdır, Ağpinar, Qırxpinar, Ağcaqala Çuxuru kəndlərini yandıraraq əhalisini tamamilə qətlə yetirmişlər”. Ümumilikdə bu sənəd adları qeyd olunan kəndlərdəki öldürmə, diri-diri yandırma, bir sözlə, ermənilərin dinc sakinlərə etdiyi zülmləri, onların quldurluq fəaliyyətlərini, Tərək kəndi əhalisini tamamilə məhv etdikləri, Odalar kəndini talan etdikləri və s. haqqında 2-ci firqə komandanlığına göndərilən məlumatdan ibarətdir (Başbakanlık Osmanlı Arxivi (BOA) HR. SYS. 2877/16).

Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgələrində türk-müsəlman əhaliyə qarşı ermənilərin həyata keçirdikləri soyqırımı öz miqyasına, forma və metodlarına görə tarix boyu insanlığa qarşı törədilmiş, yaddan çıxarılması və bağışlanılması mümkün olmayan ən qəddar cinayətlərdən biridir.

 

Güntəkin NƏCƏFLİ,

A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçi,

 tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı

Azərbaycan.-2015.- 3 mart.- S.10.