Ə.Qarayev: “Bakı-2015” ilk Avropa Oyunları zamanı

 qonaqların yerləşdiriləcəyi məkanlarda monitorinqlər aparılır

 

“Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək qonaqların yerləşdiriləcəyi məkanlarda monitorinqlər aparılır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.

Qonaqların təhlükəsizliyi baxımından nazirliyin öhdəsinə düşən vəzifələr barədə məlumat verən Ə.Qarayev bildirib ki, keyfiyyət, qida təhlükəsizliyi baxımından bütün sahələrə ciddi nəzarət olunur. Bunu təkcə biz deyil, müvafiq dövlət orqanları da keçirir. Əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycana gələcək bütün qonaqlar ölkəmizdən yalnız xoş təəssüratlarla qayıtsın. Ona görə də biz qidanın keyfiyyətsiz, xidmətin pis olmasına imkan verməməliyik. Bunun üçün də həm beşulduzlu, həm də üçulduzlu otellər qiymət və xidmət baxımından şərtlərə əməl etməlidirlər.

Nazir Azərbaycana müxtəlif təbəqəli turistlərin gəldiyi üçün üçulduzlu otellərin fəaliyyət göstərməli olduğunu vurğulayaraq deyib: “Hesab edirəm ki, onların xidməti də üçulduzlu otel səviyyəsində olur. Bu o demək deyil ki, həmin otellər dördya beşulduzlu otellərdən pisdir. Düşünürəm ki, üçulduzlu oteldə qalmaq istəyən qonaqlar verdiyi vəsaitin qarşılığında razılaşdığı xidməti əldə edəcək”.

Əbülfəs Qarayev, həmçinin dolların məzənnəsinin qalxmasının otel və təyyarə biletlərinin qiymətlərinə necə təsir edəcəyi barədə danışaraq bildirib ki, ödəniş xərclərini manatla həyata keçirən otellərin qiymətlərində heç bir dəyişiklik olmayıb. Həmçinin ödəniş xərcləri dollarla keçirilən otellərin qiyməti də olduğu kimi qalır. Bu, beynəlxalq təcrübədir və buna təəssüflənməyə ehtiyac yoxdur.

 

 

Azərbaycan.-2015.- 5 mart.- S.4.