95 illik mərhəmət missiyası

 

10 mart Azərbaycan Respublikasında  Qızıl Aypara Günüdür

 

Humanizm və xeyriyyəçilik anlayışlarının kökləri qədim dövrlərə, təmənnasız könüllü fəaliyyətin əsasən zəiflərə və ehtiyacı olanlara kömək göstərilməsi ilə məhdudlaşdığı vaxtlara gedib çıxır. Lakin müasir dövrümüzdə bu anlayışların hər biri özlüyündə daha geniş məna daşımaqla cəmiyyətin sosial rifahı naminə bütün təmənnasız könüllü fəaliyyət növlərini əhatə edir. Dünyada humanitar və xeyriyyəçilik dəyərlərini özündə təcəssüm etdirən və bu istiqamətdə fəaliyyət göstərən müxtəlif təsisatlar mövcuddur. Bunların arasında ən qədimi hazırda dünyanın hər yerini əhatə edən Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatıdır.

Bu hərəkatın banisiqurucusu isveçrəli tacir, sülh üzrə Nobel mükafatçısı Anri Dünandır. 1859-cu ildə A.Dünan İtaliyanın şimalına, italyanların və fransızların avstriyalılara qarşı vuruşduğu yerlərə səfər edir. Həmin yerlərdən keçərkən o, təsadüfən Solferino döyüşündə yaralanmış əsgərlərin arasına düşür, gördükləri onu dəhşətə gətirir və bu barədə 1862-ci ildə “Solferino xatirələri” adlı kitab yazır. Amma bununla kifayətlənmir və dostları ilə birlikdə bütün dünyada yaralılara yardım göstərəcək təşkilat yaratmaq qərarına gəlir. Beləliklə, dünyada ilk humanitar təşkilat olan Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti yaranır.

 

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı

 

Azərbaycan dövlətinin bu beynəlxalq hərəkata qoşulması 1920-ci ildən başlayır. Belə ki, 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. General-leytenant Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya Birinci Dünya müharibəsi zamanı şəfqət bacısı kimi hərbi xəstəxanalarda yaralılara qulluq edib. Məhz Nigar Şıxlinskaya AQAC-ın “Şəfqət xidməti”nin banisi olur.

Sözsüz ki, AQAC-ın yaranması xalq tərəfindən çox müsbət qarşılanmışdır. Cəmiyyət yarandığı vaxtdan ölkəmizin sosial qayğılarının bir hissəsini öz üzərinə götürərək, humanitar problemlərin həllində fəal iştirak etmişdir. Lakin 1920-ci ilin aprel çevrilişindən sonra AQAC-ın fəaliyyəti məhdudlaşdırılıb və ona məxsus olan bütün əmlak alınaraq dövlətə təhvil verilmişdir. 1922-ci ilədək Azərbaycanda formal olaraq Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndəliyi fəaliyyət göstərmişdir. 1922-ci ilin oktyabr ayında Azərbaycan Xalq Komissarları Şurasının qərarı ilə yenidən AQAC yaradılmışdır. Cəmiyyət 1991-ci ilədək Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətini davam etdirmişdir. Bununla belə, AQAC sovet hakimiyyəti illərində də bir sıra uğurlar qazanmışdı. Xalqımızın çətin məqamlarında çeviklik və həssaslıq nümayiş etdirən cəmiyyət vaxtilə geniş yayılmış vərəm, vəba, difteriya və digər yoluxucu xəstəliklərin qarşısının alınmasında nəzərəçarpan rol oynamışdır. Bu sırada İkinci Dünya müharibəsi zamanı Cəmiyyət tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını xüsusi qeyd etmək lazımdır. Qızıl Aypara Cəmiyyətinin şəfqət bacılarının İkinci Dünya müharibəsi illərində yaralı əsgərlərimizə göstərdikləri fədakar və qayğıkeş xidmət ordunun döyüş qabiliyyətinin yüksəlməsinə və faşizm üzərində qələbənin əldə olunmasına mühüm töhfə vermişdir. Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının ən yüksək mükafatı - “Florens Nayntingel” medalı ilə təltif olunanlar sırasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin şəfqət bacılarının da olması vətəndaşlarımızın qəlbində qürur hissi doğururböyük hörmətlə yad edilir.

 

Müstəqilliyimizin bərpası ilə AQAC-ın fəaliyyətində yeni dövr başladı

 

1991-ci ildə Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul ediləndən bir neçə gün sonra AQAC da müstəqil fəaliyyətini elan edərək Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin tərkibindən çıxmışdır. Yenidən təşkilatlanan AQAC ilk gündən etibarən Azərbaycanın qarşılaşdığı ciddi problemlərin həlli istiqamətində fəal aparmışdır. Dövlət müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan çətinliklərin, xüsusilə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış problemlərin aradan qaldırılmasında əsas rol oynayan təşkilatlardan biri AQAC olmuşdur.

AQAC-ın bugünkü inkişaf mərhələsinə çatmasında Azərbaycan dövlətinin rolu xüsusi qeyd edilməlidir. Müstəqilliyin ilk illərində AQAC öz missiyasını davam etdirsə də, Cəmiyyətin heç bir hüquqi bazasının olmaması, beynəlxalq aləmdə tanınmaması, bütövlükdə ölkədəki gərgin vəziyyət onun inkişafı üçün böyük problemlər yaradırdı. Hətta müəyyən qüvvələr Cəmiyyəti nüfuzdan salmağa çalışırdı. Bəzi mətbu orqanlar ünvanımıza təhqirlər yazmaqdan belə çəkinmirdilər. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra AQAC yeni inkişaf dövrünə qədəm qoyduqurumun fəaliyyətində yeni mərhələ başlandı. Məhz Heydər Əliyevin təşəbbüsü hələ 1994-cü ildə - ölkəmizin çox çətin anlarında AQAC-ın humanizm, mərhəmət və xeyriyyəçilik məramlı təşkilat kimi tənha adamlara, xəstələrə, qaçqınlara və məcburi köçkünlərə, müharibə, milli zəmində münaqişə, təbii fəlakətlər və bədbəxt hadisələr zamanı zərərçəkənlərə, girov götürülən və əsir düşən adamlara tibbi, sosial, maddi yardım göstərməklə əhəmiyyətli fəaliyyətlə məşğul olmasını, beynəlxalq humanitar təşkilatlarla sıx əlaqədə işləməsini və fəaliyyətinin normativ tənzimlənməsinin təkmilləşdirilməsi zərurətini nəzərə alaraq cəmiyyətin milli bir qurum kimi dövlət tərəfindən tanınması istiqamətində mühüm addımlar atıldı. Bundan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi və Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası AQAC-ı öz sıralarına tam və bərabərhüquqlu üzv qəbul etdilər.

Bundan sonrakı dövrlərdə də ulu öndər AQAC-ın Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi, onun fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi üçün diqqət və qayğısını əsirgəməmişdir. Heydər Əliyevin 12 mart 2003-cü il tarixində AQAC-ın XX qurultayına təbrik məktubu ulu öndərin Cəmiyyətimizin fəaliyyətinə verdiyi əvəzsiz qiymətdir. Təbrikdə deyilir: “Qızıl Aypara Cəmiyyəti bu gün öz qüvvələrini səfərbər edərək, müstəqil Azərbaycan Respublikası qarşısında duran vəzifələrin yerinə yetirilməsində yaxından iştirak edir. Ermənistanın respublikamıza qarşı yeritdiyi işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllində, əsir və girovların azad edilməsi və reabilitasiyasında Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti təqdirəlayiqdir. Azərbaycan Respublikasının müstəqil dövlət kimi həyata keçirdiyi xarici siyasət beynəlxalq aləmdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də fəaliyyət dairəsini genişləndirir, onun inkişafı üçün yeni perspektivlər açır”.

 

Humanizm missiyasını layiqincə daşıyan qurum

 

Hər bir sahədə ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən, zənginləşdirən, ötən 10 ildə Azərbaycanı böyük inkişaf yoluna çıxaran Prezident İlham Əliyev bu müddətdə AQAC-ın da fəaliyyətinə yüksək diqqət və qayğı ilə yanaşmışdır. Məhz Azərbaycan Prezidenti, AQAC-ın fəxri üzvü cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində AQAC bu gün MDB ölkələrində ən inkişaf etmiş və ən yaxşı təchiz olunmuş milli qurumlardan birinə çevrilib. Qürur hissi ilə qeyd etmək istərdim ki, cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk aylarda imzaladığı sərəncamlardan biri AQAC-a dövlət qayğısının artırılması ilə bağlı olmuşdur.

2007-ci ildə “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qanunun qəbulu Cəmiyyətin statusunun, hüquqlarının və fəaliyyət istiqamətlərinin, dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addım oldu. Bu qanunun qəbulu da məhz Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü nəticəsində mümkün olmuşdur. Qanun layihəsi 2007-ci il mayın 8-də parlament tərəfindən qəbul edildi və dövlət başçısının 2007-ci il 22 may tarixli fərmanı ilə qüvvəyə mindi. Bu, Azərbaycan Respublikası Milli Məclisinin Qızıl Aypara Cəmiyyəti haqqında qəbul etdiyi ikinci hüquqi sənəd idi.

Prezident İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamına əsasən silahlı münaqişə qurbanlarına, fövqəladə hallar nəticəsində zərər çəkmiş insanlara humanitar yardım və sosial xidmətlərin göstərilməsi sahəsində AQAC-ın səmərəli fəaliyyəti nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur. Cəmiyyətin 85 və 90 illik yubileylərində bir qrup AQAC üzvnün “Tərəqqi” medalı ilə təltif olunması fəaliyyətimizə verilən ali dəyər olmaqla bizi humanizm və xeyriyyəçilik kimi müqəddəs missiyamızı daha inamla həyata keçirməyimizə yüksək stimul vermişdir.

2013-cü ilin mart ayında Prezident İlham Əliyevin AQAC-ın XXIV Baş Məclisinə göndərdiyi məktubda Cəmiyyətimizlə bağlı söylədiyi fikirlər əməyimizə verilən qiymətin göstəricisidir: “Respublikamızın müasir ictimaisosial həyatında Qızıl Aypara Cəmiyyəti özünəməxsus yer tutur, humanizmkönüllülük prinsiplərinə əsaslanaraq qayğıya ehtiyac duyan insanlara lazımi yardım göstərir”.

2004-cü ildən bəri Azərbaycan Prezidenti AQAC-a dövlət qayğısının artırılması ilə bağlı bir neçə sərəncam imzalayıb. Bu, fəaliyyətimizə diqqət və qayğının yüksək göstəricisidir və eyni zamanda bizi işimizdə daha məsuliyyətli olmağa, ölkəmizə layiqincə xidmət etməyə sövq edir. 2010-cu ildə Cəmiyyətin 90 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi də qurumun fəaliyyətinə verilən yüksək qiymətin əyani nümunəsidir. Yubileyimizin dövlət səviyyəsində qeyd olunması təkcə zəhmətlər, fədakarlıqlar hesabına keçilən yolun qiymətləndirilməsi deyil, eyni zamanda ülvi, bəşəri hisslərin - sevginin, qayğıkeşliyin, məhəbbətin, mərhəmətin təntənəsi idi.

Bu gün AQAC Azərbaycanda 300 minədək üzvü, 20 minədək könüllüsü olan yeganə qeyri-hökumət təşkilatıdır. Hazırda Cəmiyyətin 83 rayon bölməsi və 7 regional mərkəzi uğurla fəaliyyət göstərir. Beynəlxalq hərəkatı respublikamızda təmsil edən Cəmiyyətin əsas məramı bəşəri fundamental prinsipləri rəhbər tutaraq, müvafiq qanunvericilik çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə təmənnasız ilkin tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlərin göstərilməsindən ibarətdir. Bu mənada Cəmiyyətin fəaliyyəti çoxsahəlidir. Fəaliyyətimizi koordinasiya etmək məqsədilə Fövqəladə Hallar və Səhiyyə nazirlikləri ilə memorandumlar imzalanmışdır.

Qarşıdan təşkilatımızın 95 illik yubileyi gəlir. Bu əlamətdar hadisə ərəfəsində Prezident İlham Əliyevin sərəncamları ilə respublikamızın ictimai-siyasi həyatında səmərəli fəaliyyətimə və Qızıl Aypara hərəkatının inkişafındakı xidmətlərimə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyim, o cümlədən AQAC-ın 15 əməkdaşının “Tərəqqi” medalı ilə təltif olunması fəaliyyətimizə verilən böyük qiymət və bizə göstərilən etimaddır. AQAC-ın hər bir üzvü bu etimadı öz işi ilə bundan sonra da daim doğruldacaq, missiyamızın həyata keçirilməsində fəallıq göstərəcək.

Hər bir ictimai-siyasi fəaliyyətin dəyəri cəmiyyətə, insanlara nə dərəcədə səmərəli olması ilə ölçülür. Əgər bir təşkilatın məramı ehtiyacı olanlara, dara düşmüş, fövqəladə vəziyyətə düçar olmuş insanlara yardım göstərməkdirsə, deməli, həmin təsisat cəmiyyətdə ən arzuolunan qurum hesab edilə bilər. Bu baxımdan 95 yaşlı AQAC ölkəmizdə məhz hamıya lazımlı və gərəkli təşkilatdır. Yubileyini məhz qarşısında dayanan vəzifələrin uğurlu icrası ilə qeyd edən Cəmiyyətimiz bundan sonra da Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi öz müqəddəs missiyasını uğurla davam etdirəcək, müstəqil Azərbaycana layiqincə xidmət edəcək.

 

Novruzəli ASLANOV,

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti,

Milli Məclisin deputatı

Azərbaycan.-2015.- 6 mart.- S.5.