Məryəm Ələkbərlinin həzin səsi

 

Latviyada çıxan məşhurlar haqqında populyar Patiesā Dzīve həftəlik jurnalında Sandra Landorfanın Azərbaycandan olan gənc istedad Məryəm Ələkbərliyə həsr edilmiş Həzin səs sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə deyilir ki, 2014-cü ilin payızında Riqanın sənət aləmini Azərbaycandan olan xüsusi qonaq 23 yaşlı Məryəm Ələkbərli rövnəqləndirib. O, meyvələrdə, mənzərə əsərləri və portretlərdə, naturadan çəkdiyi şəkillərdə işığı təsvir edir və təhtəlşüurundan boylanan zülmətin zərrəciklərini paylaşır. Riqa birjası Rəssamlıq Muzeyində sərgiyə dəvət edən afişaları gənc rəssamın Məryəm və göyərçin əsərindən fraqment bəzəyib.

S.Landorfa yazır ki, sərginin açılışına Azərbaycandan bütöv bir nümayəndə heyəti - Məryəmin mələkləri - ata-anası, habelə fotoqraf, operator, jurnalistlər gəlib. O unudulmaz gecədə Azərbaycanın Əməkdar Artisti Murad Hüseynovun təxminən bir saatlıq konserti olub. Sərgidə latviyalı sənətşünas, ölkənin sabiq mədəniyyət naziri Helena Demakova, Berlin Rəssamlıq Akademiyasının professoru, almaniyalı sənətşünas İnqe Şmidte və başqaları çıxış ediblər.

Məqalə müəllifi yazır: Məryəmin əsərlərinin reproduksiyalarına tamaşa edəndə avtoportretdəki gözlərin mavi rəngində, sıxsan sanki içindən litrlərlə cənub işığı süzüləcək parlaq şirəli meyvələrdə əks olunan səsini duyurdum. Eyni qaydada əllərində musiqi alətləri tutan, cəsarətlə və şəhvət doğurmadan çılpaq dayanan təmiz və azad qızlarda da. Sadəlövh sədaqətdən tutmuş qara zolaqların, göz qapaqlarının, həya və incikliyin doğurduğu gecə kimi zil qara gözlərin arxasında gizlənmək istəyinə qədər həyəcanlar qamması.

Bəli, Məryəmin əsərlərində tanınmış sənətşünasların şərh etdiyi kimi qara rəng mövcuddur: Məryəmin açıb göstərdiyi mənəvi ehtiyaclar həm bizim artıq bildiklərimiz, həm də gizlin saxladığımız ehtiyaclardır ki, onları açmaq lazımdır və bəlkə də onlar qara rəngin isti/soyuq, təmiz/tutqun, açıq/tünd çalarları altında gizlənib və yalnız arabir gözə dəyir. Yəni qara rəng, sadəcə, dekorativ element, kontur deyil, haradasa Məryəmin əsərlərinin çox dərinliklərində yaşayan bir varlıqdır.

S.Landorfa yazır ki, Məryəm Ələkbərli rəssamların ən pakı, ən təmizidir. Onun əsərləri intellektual senzura şəbəkəsindən azad olan ürəyin ən incə görüntüləridir.

Müəllif Azərbaycanın Xalq Rəssamı Elçinin Məryəmin əsərləri haqqında yazdığı sözləri sitat gətirir: Elə təəssürat yaranır ki, onun sadə rəsmləri, boyaları bizi sanki ehkamlar aləmindən maqnit kimi qoparır. Səadət və fəlakəti, arzularımızı və asılılığımızı bizə göstərən bu çəkisiz, az qala qəmli akvarel boyalarına qərq olursan .

 

 

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

Azərbaycan.-2015.- 7 mart.- S.7.