Azərbaycan qadını cəmiyyətdə layiqincə təmsil olunur

 

Bəşər sivilizasiyasının inkişaf edib bugünkü səviyyəyə çatmasında kişilərlə bərabər, qadınların da əvəzsiz rolu və xidmətləri olub. Elə bir sahə yoxdur ki, qadınların fəaliyyəti olmadan orada müvəffəqiyyət qazanılsın, uğurlar əldə edilsin. Lakin tarixə nəzər salsaq görərik ki, ayrı-ayrı mərhələlərdə qadına münasibətdən asılı olaraq cəmiyyətdə zərif cinsin rolu da müxtəlif olmuşdur. Çünki qadınların cəmiyyətdəki rolu mövcud ictimai-siyasi şəraitdən və onlara göstərilən münasibətdən asılı olaraq fərqli sivilizasiyalardatoplumlarda fərqli formalarda özünü büruzə verib. Bütün bunlara rəğmən qadınların ictimai və dövlət həyatında iştirakı daim bəşəriyyəti düşündürən sosial problem olaraq diqqəti çəkib.

 

Problemin tarixi-nəzəri aspektləri

 

Müasir sivilizasiya bir neçə tarixi mərhələdən keçib. Əgər ilk tarixi dövrlərdə qadının fəaliyyət dairəsi dünyaya uşaq gətirmək, onları böyütmək, tərbiyəsi ilə məşğul olmaq və məişət işləri ilə məhdudlaşırdısa, zaman-zaman bu fəaliyyət dairəsi genişlənməyə doğru istiqamətlənib. Yəni, təkcə ən qədim tarixdə deyil, orta əsrlərdə də hüquqsuz vəziyyətdə olan qadınlar tədricən idarəetməyə cəlb edilir, hətta dövlət işlərində bilavasitə və müstəqil şəkildə iştirak edir, həm də cəmiyyət həyatının müxtəlif sferalarında onların rolu artırdı. Uzağa getmədən elə Azərbaycanın dövlətçilik tarixində qadınların həm dövlətin idarəolunmasında, həm də cəmiyyətin mədəni-mənəvi yüksəlişində iştirakına dair orta əsrləri əhatə edən kifayət qədər faktlar göstərmək olar.

Artıq XX əsrdə həyat özü cəmiyyətin quruluşunun təkmilləşməsinə yönəlmiş yeni yanaşmaların axtarışına rəvac verdi. Belə şəraitdə “qadın məsələsi” kənarda qala bilməzdi. Müasir dövrün bir çox Qərb futuroloqları (Nesbitt, Şaff, Toffler, Ferrarati və digərləri) bəşəriyyətin özünü qoruması üçün ictimai həyatın bütün sahələrində qadının rolunun mütləq şəkildə artmasına ehtiyac olduğunu qeyd edirdilər.

Lakin bu o demək deyildir ki, qadınların hüquqi azadlığı məsələsi ilk dəfə Qərbdə meydana gəlmişdir. Xalqımızın qəlbən tapındığı İslam dinində də qadına, qıza və anaya yüksək ehtiram və hörmət ifadə edilib. Müqəddəs hədislərdə və Qurani-Kərimdə qadınların hüquqlarına hörmətlə yanaşmaq kişilərin qarşısında mənəvi öhdəlik kimi qoyulub.

Qərbdə isə bu proses bir qədər sonra vüsət aldı. Lakin qadın hərəkatlarının xüsusi inkişafı XX əsrin ikinci yarısına təsadüf edir. Bu da cəmiyyətlərdə müşahidə olunan böyük siyasi, iqtisadisosial dəyişikliklərlə bağlı idi. Nəticədə dünyanın müxtəlif ölkələrində 200-dən artıq qadın təşkilatı yarandı.

 

“Dədə Qorquddan gələn qadın fəallığı

 

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın rolu böyük olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

Mənəviyyatımızın təməl kitabı olan “Kitabi-Dədə Qorqudun qadın surətləri bu günöz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir. Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material verib. Dahi Nizami öz əsərlərində Məhinbanu və Nüşabə kimi qadın hökmdar, əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaradıb. Görkəmli memar Əcəmi Naxçıvani tərəfindən ucaldılan Möminə xatun türbəsi əzəmətli memarlıq abidəsi olmaqla yanaşı, xalqımızın qadına göstərdiyi ehtiramın parlaq təcəssümüdür.

Məğrur hökmdar Tomris, Şirvana hücum edən Krım xanın qoşunlarını məğlub etmiş Heyran Nisə Bəyim, orta əsrlər tariximizdən Qızıl Arslanın xanımı Qətibə xanım, orta əsrlər dövründə qadının həyat yoldaşı seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, qoca Şərqin ilk diplomat qadını Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Şuşada ilk ədəbiyyat məclisi yaratmış Xurşudbanu Natəvan, habelə adları unudulsa da, fəaliyyətləri əfsanəyə çevrilərək təfəkkürümüzə hopan neçə-neçə Azərbaycan qadını haqqında düşüncələr bu rəngarəng palitranı daha da əlvanlaşdırır. Nigar, Həcər kimi qadınlar həm də mərdlik, şücaət, qəhrəmanlıq mücəssəməsi kimi qəbul edilmiş, döyüş meydanlarında həyat yoldaşlarının silahdaşı, arxa-dayağı olublar.

Qeyd etdiyimiz kimi, XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını da bu dövrdə istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib. Birinci Dünya müharibəsindən sonra qadınların səsvermə hüququ 21 ölkədə tanındı. Bu ölkələr sırasında Azərbaycan Xalq Cümhuriyyəti də yer alırdı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi. Müqayisə üçün qeyd edək ki, qadınlar ABŞ-da 1920-ci ildə, Fransada 1944-cü ildə, İsveçrədə isə 1971-ci ildə səsvermə hüququ qazanıblar. Beləliklə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkədir.

Sovet hakimiyyəti illərində Azərbaycan qadını həm elm, həm də mədəniyyət sahələrində bir çox nailiyyətlər qazanıb və qısa müddət ərzində böyük inkişaf yolu keçib. Lakin əldə edilmiş nailiyyətlərlə yanaşı, sovet dövründə formalaşan stereotiplər milli və ənənəvi xüsusiyyətləri, sırf qadına məxsus cəhətləri bəzən nəzərə almırdı. Qadın məsələlərinin həlli və qadın inkişafı haqqında sovet konsepsiyasında bir çox amillər diqqətdən kənarda qalırdı.

1988-ci ildən respublikamızda cərəyan edən mürəkkəb proseslərdə qadınlar kişilərlə bərabər iştirak edirdilər. Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına çalışan sovet rəhbərliyinə etiraz edən insanların, müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında Azərbaycan qadınları da var idi. Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsindən sonra qaçqınlıq və köçkünlük həyatının ağırlığı daha çox qadınların üzərinə düşdü.

 

Müstəqil dövlət və qadın siyasəti

 

1993-cü ilin yayında ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qadının cəmiyyətdəki fəallığının artırılması üçün qlobal addımlar atıldı və qadın hərəkatına dövlət tərəfindən qayğı xeyli dərəcədə artdı. Bunun nəticəsidir ki, çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etmişdemokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilib. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir.

Konstitusiyanın qəbulundan sonra respublikamızda gender bərabərliyinin təmini istiqamətində mühüm addımlar atıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosialsiyasi həyatında onların iştirakının artırılmasından ibarət olub. 2000-ci ildə ümummilli lider Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzaladı. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna nəzər yetirilmiş, respublikamızda mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilmişdir. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açdı.

2000-ci ildə həmçinin Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edildi. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapdı.

Respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.

Prezident İlham Əliyevin hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik dövlət başçısının zərif cinsdən olan vətəndaşlara diqqətinin və ehtiramının təcəssümüdür. Dövlət başçısı respublikamızın qazandığı uğurlarda qadınların rolunu yüksək qiymətləndirir: “Biz hamımız dinamik inkişaf edən ölkəmizin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərlə haqlı olaraq fəxr edirik. Bu tərəqqinin bəhrələri respublikamızın hər bir guşəsində özünü aydın hiss etdirir. Həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Qədim zamanlardan bəri vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu günsuveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir”.

2006-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılıb. Hazırda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Gender siyasətinin tələblərinə uyğun olaraq ölkədə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunub, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılıb.

 

Qadınlıq və mərhəmət simvolu

 

Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında ictimai təsisat kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Onun bu sahədə çoxcəhətli və davamlı fəaliyyəti təkcə ölkəmizdə deyil, çox-çox uzaqlarda da geniş ictimai əks-səda doğurub.

Azərbaycanın birinci xanımı özünə xas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də safali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfəsini verir. Heydər Əliyev Fondu ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü çox fəal işlərlə yanaşı, gender problemlərinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir.

Bu gün mədəniyyətlər arasında dialoq məkanına çevrilmiş Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlər, bütün dünyada bu yöndə aparılan maarifləndirmə ilə multikulturalizmi, savadlılığı, sivilizasiyalar arasında qarşılıqlı təmasları dünyanı bir çox bəlalardan, konfliktlərdən, toqquşmalardan hifz edə biləcək dəyər kimi diqqətə çatdırır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyəti incilərinin, səsimizin, sözümüzün bütün dünyada təbliği, dövlətimizin dəstəyi ilə ölkə daxilində və ölkədən xaricdə keçirilən mədəni tədbirlərlə, reallaşdırılan layihələrlə Azərbaycan özü bu prosesin ən fəal iştirakçısı qismində çıxış edir.

Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən ictimai təşəbbüslərin əhəmiyyətli bir hissəsinin ailə və uşaq sağlamlığı, yeniləşən Azərbaycan üçün yeni məktəblərin tikilməsi məsələlərini əhatə etməsi xüsusilə mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunun xətti ilə Azərbaycanın müxtəlif regionlarında tikilən, təmir edilən, ən müasir tələblərə uyğunlaşdırılan məktəblər bölgələrdə təhsilin, maarifin aparıcı amilə çevrilməsi, insanların təhsilə marağının stimullaşdırılması deməkdir. Bölgələrimizdə müasir dövrün tələblərinə uyğun məktəblərin inşası, onların ən müasir texnologiyalarla təchiz olunması regionların tarazlı inkişafına, ümumilikdə isə Azərbaycanın sosial-iqtisadi tərəqqisinə istiqamətlənmişdir.

Beləliklə, Mehriban xanım Əliyeva öz mənəvi və intellektual enerjisini cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini açmışdır. UNESCO və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xətti ilə Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyəti tarixinin səsini planetin ən ucqar guşələrinə belə çatdıra bilmişdir. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı, şübhəsiz, ciddi elmi əsaslara söykənir. O, ölkə daxilində və xaricdə keçirdiyi görüşlərdə dərin biliyə, geniş erudisiyaya malik olduğunu hər dəfə nümayiş etdirir. Azərbaycan qadınları üçün bu, gözəl bir nümunədir. Bütün bunlar Mehriban xanım Əliyevanın yüksək siyasi potensiala malik olduğunu təsdiqləməklə Azərbaycan qadınının modern tələblərə uyğun obrazını dünyaya nümayiş etdirir.

2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının V qurultayında Mehriban xanım Əliyevanın şəxsində ümumilikdə Azərbaycan qadınına böyük etimad göstərildi. Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilməsi ilə Azərbaycan qadınının siyasətdə təmsilçiliyinə böyük dəyər verildibu fakt qadınlarımızın Yeni Azərbaycan Partiyasına axınını daha da stimullaşdırdı.

 

Hüquqi baza təkmil və mütərəqqidir

 

Azərbaycanda qadınlarla bağlı qanunvericilik bazası kifayət qədər təkmildir. Qeyd etdiyimiz kimi, Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilib.

Onu da xüsusi vurğulamaq lazımdır ki, qadın siyasətinin daha çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilməsi, yeni dövrün tələbləri səviyyəsində qurulması məqsədilə beynəlxalq təcrübə də dərindən öyrənilib, habelə respublikamız bir sıra mühüm beynəlxalq paktlara, sazişlərə qoşularaq bu sahədə qanunvericiliyini təkmilləşdirmək imkanı əldə edib. Ötən müddətdə respublikamız “Qadınların siyasi hüquqları”, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”, “Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında” beynəlxalq konvensiyalara qoşulub. 2001-ci ildən isə Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamız təşkilat çərçivəsində qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan qurumlarla fəal əməkdaşlıq münasibətlərini genişləndirib.

Konkret qanunlarımıza gəldikdə isə Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuşGender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb. Qanunun əsas məqsədi kişi və qadınlar üçün ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Bu qanunun hərtərəfli həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə bütün təhsil müəssisələrinə qəbul zamanı kişilərlə qadınlara bərabər hüquqların verilməsi, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanların yaradılmasının təmin edilməsini nəzərdə tutan dəyişikliklər edilmişdir.

Gender bərabərliyinin təmin olunması ilə bağlı müddəalar Azərbaycan Respublikasının Ailə və Əmək məcəllələrində də təsbit olunub. Ailə Məcəlləsində bu yaxınlarda edilmiş dəyişikliyə əsasən nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçəcəklər. Bu, 2015-ci il iyunun 1-dən qüvvəyə minəcək.

2010-cu ildə təsdiq olunan “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu isə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbisosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. Qanun qadınların şərəf və ləyaqətlərinə hörmət bəsləmək məqsədi daşıyır, məişət zorakılığı hallarının qarşısının alınması kimi geniş və əhatəli müddəaları, zorakılıq qurbanları üçün sığınacaqlar, məsləhət xidmətləri, reabilitasiya, cinayətkarların cəzalandırılması və s. də daxil olmaqla müdafiə tədbirlərini ehtiva edir.

Ümumiyyətlə, gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətləri bunlardır: cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanlar yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi, məişət zorakılığının qarşısının alınması, insan alverinə qarşı mübarizə, qadınların ictimai həyatda, xüsusilə qərar qəbul etməklə bağlı sahələrdə rolunun artması, qadınların ailədə hüquqlarının, o cümlədən analıqla bağlı hüquqlarının təmin olunması, çoxuşaqlı, əlil, məcburi köçküns. qadınların sosial müdafiəsinin həyata keçirilməsi və s.

Göründüyü kimi, Azərbaycan hökuməti gender bərabərliyinin təmin edilməsi üçün bütün lazımi addımları atır. Lakin təəssüflə qeyd etməliyik ki, problemlər hələ də qalmaqdadır. Ən ciddi problemlərdən biri qızların təhsildən yayınmaları və erkən nikah məsələsidir. Bu, onların orta təhsili bitirməsinə və ali təhsil almasına, həmçinin də müvafiq işlə təmin edilməsinə maneə yaradır.

Azərbaycan hökuməti qadınların sağlamlığının mühafizəsi məsələsinə prioritet sahə kimi diqqət yetirir. Dövlət nəinki qadınlar üçün səhiyyə xidmətlərindən istifadə etməyə bərabər hüquqları təmin edir, həm də qadınların sağlamlıqla bağlı ehtiyaclarına da xüsusi diqqət yetirir. Lakin qadınlar arasında daha çox reproduktiv sağlamlıq, abort, qanazlığı, hamilə və süd verən qadınların düzgün qidalanmaması ilə bağlı problemlər yaşanmaqdadır. Hesab edirik ki, bütün bu problemlərin həlli üçün hər bir dövlət qurumu öz üzərinə düşən vəzifələri yüksək səviyyyədə yerinə yetirməli, xüsusən maarifləndirmə tədbirlərinin keyfiyyəti yüksəldilməlidir. Əminik ki, həyata keçirilən uğurlu dövlət siyasəti qadınların cəmiyyətdəki yerirolu ilə bağlı bütün köhnəlmiş stereotipləri tezliklə tamamilə aradan qaldıracaq.

Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yerirolu həm xalqımızın mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bu, daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.

 

Hadi RƏCƏBLİ,

Milli Məclisin Sosial siyasət

 komitəsinin sədri, professor

Azərbaycan.-2015.- 8 mart.- S.3.