Muzeylər tarixin simasıdır

 

Tariximizin və mədəni irsimizin öyrənilməsi, onun gələcək nəsillərə çatdırılması baxımından muzeylər müstəsna əhəmiyyətə malikdir.

Sumqayıtda tarix muzeyi 1967-ci ildə yaradılıb. İlk dəfə yaşayış evinin birinci mərtəbəsində yerləşib. 1987-ci ildə muzey 4-cü mikrorayondakı ikimərtəbəli binaya köçürülüb və 2010-cu ildə əsaslı təmir olunub. Sumqayıt Tarix Muzeyində şəhərin tarixini əks etdirən və turistlərdə maraq doğuran çox sayda eksponat var. Muzeydə 13 şöbə üzrə 14 mindən artıq eksponat nümayiş edilir.

Muzeyin birinci mərtəbəsində Sumqayıt haqqında məlumat verilir. Ekspozisiya zalında xüsusi qurğunun köməyi ilə səslənən şəhərimiz haqqında əfsanə XVI-XVII əsrlər Sumqayıtını əks etdirən maketə aydınlıq gətirir. Muzey bələdçisi ziyarətçilərə miladdan əvvəl II əsrdən etibarən Çinin Sinan şəhərindən başlayaraq Şərq ölkələrinə doğru uzanan Böyük İpək yolunun bir qolunun Xəzərə yaxın Sumqayıt ərazisindən keçməsindən bəhs edir. Dayaz çöl çayı kimi bilinən Sumqayıtçayın adını daşıyan şəhərlə bağlı ətraflı məlumat ikinci mərtəbənin ekspozisiya zalında tamamlanır. 1949-cu ildə yaradılan Sumqayıtın inkişafı xüsusi stendlə göstərilir. Boz çöllükdə yaradılan Sumqayıtın hər anı burada öz əksini tapıb. Şəhərsalma və əhalinin məskunlaşması şəkillərlə ifadə olunub. Muzeyin kiçik ekspozisiya zalında Vətən uğrunda ölüm - həyatın davamıdır devizi qəhrəman sumqayıtlı oğul və qızlarımızın keçdiyi şərəfli yola işıq salır. Məhz Sumqayıt Tarix Muzeyində daimi fəaliyyət göstərən Şəhidlər qalereyası yaradılmışdır. Sumqayıtlı şəhidlərin şəxsi əşyalarından, arxivlərindən seçmələr ziyarətçilərin böyük marağına səbəb olur.

Ulu öndər Heydər Əliyevin Sumqayıta səfərlərinə həsr olunmuş ekspozisiya zalı ilə tanışlıq, burada nümayiş olunan sənədlər, fotoşəkillər, kitablar, qəzet və jurnallar toplusu isə ümummilli liderin Sumqayıt kiçik Azərbaycandır fikrini göz önündə canlandırır.

Muzeydə ideoloji tədris bölməsi də yaradılıb. Burada tariximizə, dövlətçiliyimizə və görkəmli şəxsiyyətlərə həsr edilən filmlər nümayiş olunur.

Türkiyədən, Gürcüstandan, Ukraynadan, Belarusdan, Qazaxıstandan, Almaniyadan, Rumıniyadan, Çindən, İtaliyadan gələn turistlər də muzeydə olur, Sumqayıtın tarixi ilə yaxından maraqlanırlar. Şəhərmiqyaslı ictimai tədbirlərin bir qismi muzeyimizdə keçirilir.

Şəhərimizin təşkilat və idarələri, məktəblər də qrup halında muzeyə ekskursiyalar təşkil edir və hər dəfə xoş təəssüratla ayrılırlar.

Olya İSLAMOVA,

Sumqayıt Tarix Muzeyinin direktoru

Azərbaycan.-2015.- 8 mart.- S.11.