Bakıda “Muğam aləmi” IV Beynəlxalq

 musiqişünaslıq simpoziumu işə başlayıb

 

 

Martın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində “Muğam aləmi” IV Beynəlxalq musiqişünaslıq simpoziumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq iki ildən bir ölkəmizdə keçirilən beynəlxalq muğam festivalının böyük maraq doğurduğunu söyləyən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə milli musiqimizin təbliğində belə tədbirlərin mühüm rolu olduğunu vurğulayıb.

Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının ölkəmizin mədəni həyatında böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran xalq artisti bildirib ki, bu möhtəşəm musiqi bayramı təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bütün bölgələrində geniş şəkildə qeyd olunmaqdadır.

Hər dəfə simpoziumun mövzu baxımından zənginləşdiyini söyləyən F.Əlizadə deyib ki, bu da özlüyündə musiqiyə, xüsusilə də muğamların tədqiq və təbliğinə olan böyük maraqdan irəli gəlir.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, muğam keçmişlə bu gün arasında, Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür. Təsadüfi deyil ki, Azərbaycan muğamı 2003-cü ildə bəşəriyyətin şifahiqeyri-maddi şah əsərləri siyahısına daxil edilib.

Muğam sənətinin müxtəlif mədəniyyətlər arasında dialoq musiqisi kimi təbliğində, Azərbaycan xalqının mənəvi irsi kimi qorunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz rolu olduğunu vurğulayan nazir qeyd edib ki, məhz onun fəaliyyətinin nəticəsi olaraq artıq dördüncü dəfədir ölkəmizdə Beynəlxalq Muğam Festivalı keçirilir. Bu tədbir dünya miqyasında muğam ifaçılarının, muğamsevərlərin və xüsusilə bu musiqiyə həyatını həsr etmiş elm adamlarının, ekspertlərin şəbəkəsini formalaşdıra bilib. Festivalın davam etdiyi müddətdə qonaqlar Azərbaycanda muğam musiqisi ilə yanaşı, digər mədəniyyət nümunələri, tariximiz, adət-ənənələrimiz ilə tanış ola biləcəklər.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti, akademik Akif Əlizadə çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan xalqının musiqiyə, xüsusilə muğama olan sevgisi bütün dünyaya məlumdur. Heyrətamiz kompozisiyaya malik muğamda poeziya, musiqi, fəlsəfə, estetika, psixologiya, dil, tarix, humanizm, vətənsevərlik, didaktika kimi elm və sənət sahələri bir-biri ilə üzvi şəkildə birləşib. Muğamın UNESCO tərəfindən yüksək qiymətləndirilməsi, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muğam sənətinin inkişafına böyük töhfəsi bu gün artıq öz bəhrəsini verməkdədir.

Akif Əlizadə bildirib ki, 2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hər iki ildən bir Beynəlxalq Muğam Festivalının və Beynəlxalq Muğam Simpoziumunun keçirilməsi istər bu milli sərvətimizin bütün dünyada tanıdılması, istərsə də onun ümumbəşəri əhəmiyyətinin elmi cəhətdən araşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

AMEA-nın prezidenti deyib: “2013-cü ildə 24 ölkənin muğam bilicilərinin qatıldığı üçüncü Beynəlxalq Muğam Festivalından sonra qərara aldıq ki, Azərbaycan muğamı fenomenini daha dərindən və hərtərəfli araşdırmaq üçün Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun nəzdində “Muğamşünaslıq” şöbəsi yaradaq. Bu şöbənin hazırladığı “Azərbaycan muğamşünaslığı: problemlər və perspektivlər” adlı toplu Azərbaycan muğamına və sənətinə elmi töhfədir. Toplunun hazırlanmasında ölkədə muğam üzrə tədqiqatlara və nəşrlərə rəhbərlik edən Heydər Əliyev Fondunun müstəsna rolu vardır”.

UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) baş katibi, Lyublyana Universitetinin professoru Svanibor Pettan tədbirin əhəmiyyətindən danışaraq təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, şuranın əsas məqsədi dünyada ənənəvi musiqinin təbliği ilə məşğul olmaq, onlar arasında əlaqə yaratmaq və təcrübə mübadiləsinə xidmət etməkdir.

Qonaq deyib ki, IV Beynəlxalq musiqişünaslıq simpoziumunda 13 ölkənin musiqişünasları, alimləri iştirak edir və 32 məruzə təqdim olunub. Beləliklə, mütəxəssislər təcrübələrini bir araya gətirmək imkanı qazanıblar.

S.Pettan simpoziumun materiallarının kitab halında çap edilərək hər bir iştirakçıya çatdırılmasını təqdir edərək muğam sənətinə göstərilən diqqətə və verdikləri töhfəyə görə festivalın təşkilatçılarına minnətdarlığını bildirib.

Simpozium iştirakçılarını salamlamaqdan böyük qürur hissi duyduğunu söyləyən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə muğam festivalının tarixi əhəmiyyət daşıdığını, Azərbaycan xalqına məxsus qədim və zəngin irsin daha geniş şəkildə tanınmasına xidmət etdiyini diqqətə çatdırıb.

Fatma Abdullazadə qeyd edib ki, bu beynəlxalq festival müxtəlif ölkələrdə musiqinin tədqiqi ilə məşğul olan alimlərə, mütəxəssislərə Bakıda muğam problemlərini müzakirə etmək imkanı yaradır. Ən önəmlisi isə odur ki, simpoziuma qatılanlar əsasən bilavasitə muğamı inkişaf etdirən, onunla məşğul olan insanlardır.

Prezident Administrasiyasının şöbə müdiri deyib: “AMEA-da muğamşünaslıq şöbəsinin yaradılması əyani surətdə sübut edir ki, Azərbaycanda muğamşünaslıq doğurdan da yeni bir mərhələyə qədəm qoyur. Biz artıq təsvirlərdən, təsnifatdan, hansısa musiqi xadiminin, xanəndənin həyat və yaradıcılığı haqqında yazılanlardan muğam tədqiqatları istiqamətində tamamilə yeni mərhələyə keçirik. Bu mərhələnin əsas problemi ondan ibarətdir ki, Azərbaycan muğamı hədsiz dərəcədə zəngin olduğundan onu tədqiq etmək olduqca çətindir. Muğam irrasional sənətdir”.

Bu gün Alim Qasımovun Qərbdə fenomenal ifaçı kimi qəbul olunduğunu söyləyən Fatma Abdullazadə bildirib ki, o, ruha qida verməyi bacardığı, muğamın aliliyini, ülviliyini dinləyiciyə çatdıra bildiyi üçün milliyyətindən asılı olmayaraq hər bir insanı səsinin sehrinə salır. Azərbaycan xalqının böyük xoşbəxtliyi, sərvətidir ki, bu gün onun muğam ifaçıları arasında belə ustad sənətkar var. Alim Qasımovun sənəti onu da sübut edir ki, novatorluqla ənənə vəhdətdə olanda muğam yaşayır.

Muğamı çox vaxt Qərb təfəkkürü daşıyıcılarının tədqiq etməyə çalışdığını söyləyən Fatma Abdullazadə bildirib ki, Qərb təfəkkürü ilə Şərq təfəkkürü muğamda həm birləşə, həm də ayrıla bilər. O, Qərblə Şərqin şərti bölgüsündən çıxış edərək vurğulayıb ki, əslində Azərbaycan muğamının tədqiqi rasional üsullarla irrasional olan bir mətləbi tədqiq etmək deməkdir.

Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, indiki qloballaşma dövründə kreativ şüurun oyanması, milli ruhun yaşadılması üçün orta məktəbdə şagirdlərə muğam tədris edilməlidir. Çindən tutmuş İspaniyaya qədər muğam rüşeymləri və elementlərinin, muğam sənətinin mövcud olduğunu söyləyən Fatma Abdullazadə muğamın tədqiqinə dair beynəlxalq proqram formalaşdırmaq təklifini də irəli sürüb.

Simpoziumun açılış mərasiminə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə yekun vurub.

 

Sonra elmi simpozium işiniMuğam/maqam: ənənə və yenilikçilik” mövzularını əhatə edən bölmə iclası ilə davam etdirib. İclasda İCTM-in baş katibi Svanibor Pettan “Ənənəvi musiqi üzrə Beynəlxalq ŞuraQafqaztürkdilli dünya”, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru Zemfira SəfərovaÜzeyir Hacıbəylinin ilk muğam operası “Leyli və Məcnun”da ənənə və novatorluq və dəstgahların nota yazılma problemlərinin təcəssümü”, Harvard Universitetinin professoru Riçard Kent VolfRaqa Alapananın ritmik aspektləri” mövzularında məruzələrlə çıxış ediblər. Eyni zamanda, fikir mübadiləsi aparılıb və milli alətlərdə musiqi səsləndirilib.

Çıxış edən digər musiqişünas alimlər muğam musiqisini elmi cəhətdən müzakirə etməklə yanaşı, onun mədəniyyətləri, xalqları birləşdirən körpü olduğunu vurğulayıblar.

Simpoziuma martın 14-də yekun vurulacaq.

 

Azərbaycan.-2015.- 13 mart.- S.6.