Heydər Əliyev Fondu beynəlxalq

 miqyaslı qeyri-hökumət təşkilatına çevrilib

 

Mehriban Əliyeva Pakistanın ali dövlət mükafatı –

 “Hilal-e-Pakistan” ordeni ilə təltif edilib

 

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilir. 2004-cü ildən ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu xeyirxahhumanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl aparır. Ümummilli liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu milyonların ümid, pənah yerinə çevrilmişdir. Xalqın mənəvi sərvətinin və milli mədəniyyətinin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondu ilk növbədə ulu öndərin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəzdir.

Heydər Əliyev Fondunun fəaliyyətində ümummilli liderin humanist ideyalarını rəhbər tutaraq hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşması ölkədə fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları, o cümlədən hakimiyyət orqanları üçün nümunə sayıla bilər. Fondda hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılır, mümkün qədər onların problemlərinin həllinə qayğı göstərilir. Bu mənada fond həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı hamisi, müdafiəçisi statusunda çıxış edən ictimai qurumdur. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə Heydər Əliyev Fondu nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuzetimad qazana bilmişdir. 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri seçilən fondun prezidenti Mehriban xanım Əliyeva nəcib əməllərinə görə digər çoxsaylı beynəlxalq mükafatlara, fəxri adlara, təltiflərə də layiq görülmüşdür. Hələ 2005-ci ilin iyun ayında xeyriyyəçilik fəaliyyətinə, eləcə də Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsi sahəsində xidmətlərinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni ilə təltif olunmuşdur.

2010-cu ilin fevralında Azərbaycanın birinci xanımı Fransanın “Şərəf legionu” ordeninə, avqustunda isə UNESCO-nun “Qızıl Motsart” medalına layiq görülmüşdür. 2011-ci il iyunun 24-də Mehriban xanım Əliyevaya Krans Montana Forumunun Qızıl medalı, 2012-ci il aprelin 13-də isə MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib. 2014-cü ilin mayında Mehriban xanım Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.

Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə “The Business Year” jurnalı tərəfindən 2014-cü ilin mayında “İlin Birinci Xanımı” mükafatına layiq görülüb. 2014-cü ilin iyununda Azərbaycanın birinci xanımı Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn cari il fevralın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Hilal-e-Pakistan” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. “Hilal-e-Pakistan” Pakistan İslam Respublikasının ali ordenidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Hilal-e-Pakistan” ordeni ilə təltif olunan ilk birinci xanımdır. Bütün bu yüksək təltiflər Heydər Əliyev Fondunun beynəlxalq miqyasda tanındığını və fəaliyyətinin rəğbətlə qarşılandığını göstərir.

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin bu günlərdə Azərbaycana rəsmi səfəri çərçivəsində Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordeninin təqdim edilməsi mərasimi oldu. Azərbaycanın birinci xanımının “Hilal-e-Pakistan” ordeni ilə təltif edilməsi barədə müvafiq qərar oxundu. Qərarda deyilir: “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2004-cü ildə Heydər Əliyev Fondunun prezidenti təyin edilmişdir. Fond təhsil, səhiyyə, mədəniyyət, idman, ətraf mühit və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək Azərbaycanın sosial-iqtisadi inkişafına töhfələr verir. Fondun fəaliyyəti tədricən dost ölkələri, o cümlədən Pakistanı da əhatə etməyə başladı. 2005-ci ilin oktyabrında Pakistanda zəlzələ baş verdikdən sonra fond 2007-ci ildə Müzəffərabadın Rara qəsəbəsində zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi kimi müxtəlif humanitar layihələrdə fəal iştirak etmişdir. 2011-ci ildə daşqınlar nəticəsində zərər çəkmiş məktəb 2012-ci ildə tam şəkildə yenidən qurulmuş, təmir və təchiz edilmiş, davamiyyəti ilə seçilmiş tələbələrə isə təqaüdlər verilmişdir. 2012-ci ildə hepatit B peyvəndi İslamabadda Edhi və KPK kimsəsiz evlərinə çatdırılmış, 40 min nəfərə yaxın şəxsə həmin peyvənd vurulmuşdur. Fond həmçinin qanköçürmə məqsədilə Həmzə Fonduna tam təchiz edilmiş təcili tibbi yardım maşını və 2 min qan paketi çatdırmış, Peşəvərdə Xayber Göz Fondunun klinikasının yeni blokunun tikintisinə maliyyə yardımı ayırmışdır. 2013-cü ildə isə fond Azərbaycanın 12 nüfuzlu universitetində pakistanlı tələbələr üçün sosial elmlər üzrə universitetlərarası konsorsiuma 36 təqaüd ayırmışdır. Pakistanda göstərdiyi xidmətlərə, eləcə də verdiyi böyük töhfəyə görə Pakistan İslam Respublikasının Prezidenti Mehriban xanım Əliyevanı “Hilal-e-Pakistan” ordeni ilə təltif etməkdən məmnun olduğunu bildirmişdir”.

Heydər Əliyev Fondu fəaliyyətində ümumbəşəri dəyərləri uca tutmaqla beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilmiş, müxtəlif ölkələrin ictimai, elmi, mədəni həyatına fəal təsir imkanları əldə etmişdir. Ötən 11 ildə fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu qurumların dünyada savadsızlığın aradan qaldırılmasına, gender bərabərliyinə, milli-mədəni müxtəlifliyin, habelə uşaq hüquqlarının qorunmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına həsr olunmuş tədbirlərinin məhz Bakı şəhərində keçirilməsi buna əyani sübutdur.

Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, habelə işğal nəticəsində tarixi torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının beynəlxalq miqyasda qorunması fondun fəaliyyətində əsas istiqamətlərdən biridir. Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən hesab edilən “Qarabağ həqiqətləri” silsiləsi də buna bariz nümunədir. Beynəlxalq ictimaiyyətə ünvanlanan, ingilis dilində nəşr edilən, xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılan “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanmaşı”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir.

Bütün bunlarla yanaşı, fond həm də regional inkişafa xidmət edən sosial layihələrin gerçəkləşdirilməsinə sanballı töhfəsini verir. Heydər Əliyev Fondunun həyata keçirdiyi sosialyönümlü layihələr nəinki Bakının, ümumilikdə Azərbaycanın bir sıra regionlarını əhatə edir. Yeni təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin inşası ilə yanaşı, fond həm də əhalini qayğılandıran lokal xarakterli problemlərin də həllində yaxından iştirak edir.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2015.- 13 mart.- S.7.