İohan Sebastyan Bax beynəlxalq festivalı çərçivəsində növbəti

 konsert “ÜNS” Yaradıcılıq Səhnəsində təqdim olunub

 

 

Moskvanın fransalı müqəddəs Lüdovik kilsəsinin, “Art-noyabr” beynəlxalq incəsənət festivalının təşəbbüsü, “ÜNS” Yaradıcılıq Səhnəsinin və “AR Production”ın dəstəyi ilə martın 1-dən başlanan və Moskva, Riqa, Bakı şəhərlərini əhatə edən “BWV-2015” İohan Sebastyan Bax beynəlxalq festivalı davam edir. Builki festival dünya şöhrətli bəstəkarın anadan olmasının 330 illiyinə təsadüf edib.

Bu yeni festivalın əsas strukturu 1950-ci ildə Volfqanq Şmider tərəfindən tərtib olunmuş “Baxın əsərlərinin kataloquna (Bach-Werke-Verzeichnis - qısaldılmış formada BWV) uyğun hazırlanıb. İ.S.Baxın 1120 əsərinin əhatə olunduğu bu kataloq həmin vaxtadək digər bəstəkarların xronoloji prinsiplə hazırladıqları kataloqlardan tematikliyi ilə fərqlənir. Şübhəsiz ki, Volfqanq Şmider kataloqun hazırlanmasında müvafiq sahə üzrə uzun illər toplanmış təcrübədən, o cümlədən 1851-ci ildən Bax Cəmiyyətinin dünya şöhrətli bəstəkarın əsərlərinin akademik nəşri üzrə fəaliyyət istiqamətindən bəhrələnib. İ.S.Baxın əsərləri xronoloji ardıcıllıqla deyil, janrlar üzrə nəşr edilib.

Bu prinsipi əsas götürən “BWV-2015” İohan Sebastyan Bax beynəlxalq festivalı dünya şöhrətli bəstəkarın irsini orqan, kamera-instrumental, orkestroratoriya istiqamətlərində təqdim edir.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində martın 11-də Bakıda “ÜNS” Yaradıcılıq Səhnəsində “Lyutnyavokal musiqisi” adlı ilk konsert təşkil olunub.

Bildirilib ki, Bakıda, bu möhtəşəm zalda təşkil olunan konsert dünya şöhrətli bəstəkarın daha yaxından tanınmasına, onun bənzərsiz sənət incilərinin geniş auditoriyaya çatdırılmasına xidmət edir. Ümumilikdə builki festival çərçivəsində görkəmli sənətkarın yaradıcılığını əhatə edən 15 konsert təqdim olunacaq.

Vurğulanıb ki, bugünkü gecədə İtaliyadan olan Edoardo Katemario (gitara), rusiyalı Nataliya Arxipova (soprano) və azərbaycanlı sənətçilər Səidə Şərifaliyeva (soprano) və İlham Nəzərov (kontratenor) eyni səhnəni bölüşəcəklər.

Diqqətə çatdırılıb ki, Bakıda ilk dəfə çıxış edən Edoardo Katemarion Avropada tanınmış musiqiçilərdəndir. Onun çoxsaylı diskləri milyonların qəlbinə yol tapıb. İohan Sebastyanın əsərləri onun ən çox müraciət etdiyi musiqilərdəndir. Bu səbəbdən də E.Katemarionun repertuarında görkəmli bəstəkarın 40-dan çox əsəri yer alıb.

“ÜNS” Yaradıcılıq Səhnəsində tamaşaçılara İ.S.Baxın “Mi minor suitası”, “Skripka üçün 2 N-li partiyadan çakona re minor”, “Fuqa sol minor”, “Messa si minordan Agnus Del”, “Vergnügte Ruh, beliebte seelenlust” kantatasından “Vergnügte Ruh, beliebte See Lenlust”, “Also hat Gott die Velt geliebt” kontatasından “Mein glaubiges herze”, “İch hatte viel Bekümmernis” kontatasından “Seufrer tranen” və “Matfey üçün ehtiraslardanAus liebe vill mein Heiland sterben” ariyaları təqdim olunub.

İfaçıların bir-birindən maraqlı çıxışları əsirləri adlayaraq bu gün də aktuallığını, orijinallığını qoruyub saxlayan, istər məzmun, istərsə də fəlsəfi baxımdan heç vaxt köhnəlməyən Bax sənətinin əlçatmazlığından xəbər verirdi. Səslənən hər bir musiqi parçası bir daha göstərirdi ki, böyük istedadın bəhrəsi olan sənət inciləri heç vaxt köhnəlmir, onlar hər dəfə səsləndikcə təzələnir, yenidən kəşf olunur. Məhz bu cəhətdən də “ÜNS” Yaradıcılıq Səhnəsində təqdim olunan konsert böyük maraqla dinlənilərək, alqışlarla qarşılandı.

Martın 19-da da “ÜNS” Yaradıcılıq Səhnəsində festival çərçivəsində növbəti konsert proqramı təqdim olunacaq. Martın 21-dək davam edəcək festivalın sonuncu konserti isə Moskvada reallaşacaq.

Qeyd edək ki, klassik musiqinin təbliği, beynəlxalq festivalların keçirilməsi “ÜNS” Yaradıcılıq Səhnəsinin repertuarında yer tutur. “ÜNS” qarşıdakı aylarda da tamaşaçılara maraqlı tamaşalar, konsert proqramları təqdim edəcək.

 

Azərbaycan.-2015.- 13 mart.- S.10.