Hamamın içində, içində də çölündə...

 

Hamamlar paklıq və mədəniyyət ocaqları, həm də tarixi abidələrdir

Hamamlar tarixən təmizlik, paklıq məskəni kimi insanlar üçün rahat yerlərdən sayılıb. Zaman-zaman bu təmizlik məkanı istirahət, sağlamlıq və ünsiyyət üçün də əlverişli hesab olunub. Uzun müddət həm qadınlar, həm də kişilər ayrı-ayrı günlərdə hamamlara toplaşıb istirahət edər, söhbətləşər və burada şəfa tapmağa çalışardılar. Bu mənada ölkəmizdə olan qədim hamamlar xalqımızın mədəni tarixini özündə birləşdirməklə bərabər, maddi mədəniyyət abidəsi və memarlıq nümunəsi kimi də əhəmiyyətlidir.

Ağa Mikayıl hamamını məşhurlaşdıran Məşədi İbad...

Azərbaycan memarlığı az qala xalqımızın tarixi qədər qədim və zəngindir. Xalqın həyat və məişəti, qədim dövrlərdən zəmanəmizədək davam edən özünəməxsus yaradıcılıq və memarlıq nümunələri bu gün də heyrətlə qarşılanır. Keçmişə nəzər salanda məlum olur ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövqü və mədəni göstəriciləri arasında hamamların da xüsusi yeri var. Bu mənada Bakı və Abşerondakı hamamlar daha çox diqqət çəkir, eyni zamanda konstruktiv xüsusiyyətlərinə görə əvvəlki dövrlərdə tikilmiş hamam tiplərindən fərqlənir.

Bu fərqləri və incəlikləri öyrənmək üçün öz tarixiliyini qoruyub saxlayanbu gün də fəaliyyət göstərən Ağa Mikayıl hamamına yollandıq. Abidə ilə yaxından tanışlığımıza hamamın müdir müavini Orxan Məmmədov bələdçilik etdi. Onunla söhbətimizə öncə İçərişəhərdə inşa edilən qədim hamamları birləşdirən ümumi və fərqli cəhətlərdən, onların tikilmə forması haqqında məlumatlardan başladıq. Öyrəndik ki, əvvəllər İçərişəhərdə 28 məhəllə, 28 məscid, 28 hamam olub. Hamamları birləşdirən əsas cəhət onların günbəz formasında olması və bir xətt üzrə tikilməsidir. Qədim ustalar hamamları günbəz formasında ona görə tikiblər ki, burada yaranan buxar suya çevriləndən sonra asanlıqla divarlardan sürüşərək kənara axsın, insanların üzərinə dammasın. Hamamların bir xətt üzrə tikilməsi isə yeraltı çayların axınına görə müəyyən edilib. Həm də bura suyun gətirilməsi və çirkli suların digər kanallarla axıdılması mümkün olsun. Deyilənə görə, Bakının təbii su axarlarından əlavə, xüsusi usullarla yerin altı ilə çəkilmiş su kanalları da olub.

Vaxtilə İçərişəhərdə olan 28 hamamdan bugünə üçü - Ağa Mikayıl, Ağa Zeynal və Qasım bəy hamamları qalıb. Çox hissəsi torpağın altında olan Qasım bəy hamamı hazırda aptek kimi fəaliyyət göstərir.

Azərbaycanda memarlıq nümunələrindən biri sayılan Ağa Mikayıl hamamı təxminən XVIII əsrdə şamaxılı Mikayıl Ağanın şəxsi vəsaiti hesabına inşa edilib. 11 metr hündürlüyü olan hamam-abidə 2 böyük və 4 kiçik otaqdan ibarətdir. Həm xarici görünüşünə, həm də daxili arxitekturasına görə orta əsr Şərq memarlığının bütün incəliklərini özündə birləşdirən Ağa Mikayıl hamamı İçərişəhər Dövlət Qoruğunun balansında mədəniyyət nümunəsi kimi qorunur. Hamam 2010-cu ildə əsaslı təmir olunsa da, tarixi formasını və memarlıq incəliklərini dəyişməyib. Həmişə sevə-sevə izlədiyimiz, Azərbaycanın məşhur kino incilərindən olan Ü.Hacıbəylinin O olmasın, bu olsun filminin bəzi kadrları da məhz bu hamamda lentə alınıb. El arasında Məşədi İbad hamamı adı ilə tanınsa da, əslində, bu, Ağa Mikayıl hamamıdır. Uzun illər mavi ekranlardan gördüyünüz Məşədi İbadı və filmdəki başqa qəhrəmanları xəyalınızda yenidən canlandırmaq istəsəniz, heç filmə baxmadan onların oylağına - Ağa Mikayıl hamamına baş çəkməyiniz kifayət edər. Bu zaman bəlkə də hissə qapılıb özünüzü bu qəhrəmanlardan biri kimi təsəvvür edəcəksiniz. Yəqin ki, əsərin hamam səhnələrini xatırlayırsınız. Məşhur personajlardan biri Əgər mənim başımda min manatlıq papaq olsaydı və kimsə onu küçədən bura atsaydı, mən onun dalınca gəlməzdim desə də, siz, ondan fərqli olaraq, həmişə bura gəlmək istəyəcəksiniz...

Hamamın inşasına gəldikdə, günbəz formasında tikilməklə daş divarlardan və altlıqlardan ibarətdir. Bu da hamamın qızdırılmasında əsas rol oynayır. Vaxtilə qızdırılmada böyük tutumlu mis qazanlardan, iri bidonlardan geniş istifadə olunub. Eyni zamanda, suyun qızdırılması zamanı yaranan buxar, tüstü xüsusi vasitələrlə daş döşəmələrin altına yönəldilərmiş. Bu da döşəmələri elə qızdırarmış ki, bura gələnlər ayaqları yanmasın deyə taxta başmaqlar geyərmişlər. İnşa olunduğu ilk vaxtlarla müqayisədə keçən əsrin ortalarında hamamın qızdırma sistemi, soyunub-geyinmə, buxar yerləri və bunlardan istifadə daha da təkmilləşməklə bərabər, onun tarixi ornamentləri də qorunub saxlanılıb.

Qadınlar günündə hamamın qapısı ağzında vanna qoyular, kişilər günündə isə fitə asarmışlar

Müasir dövrdə evlərdə yeni avadanlıqlarla təchiz olunmuş komfort hamamlar, eyni zamanda ayrı-ayrı yerlərdə vip-saunalar, təmizlik yerləri olsa da, köhnə hamamlara müraciət edən insanlar bu günçoxdur. Sadə vətəndaşlardan tutmuş vəzifəli şəxslər, ziyalılar və həkimlərə qədər - vaxtı olan hər kəs soyuq fəsildə hamamlara üz tutur. Əvvəllər olduğu kimi, bu günhamamlar şəfa yerləri kimi dəyərlidir. Bədən ağrılarının, revmatizm xəstəliklərinin götürülməsində, qan dövranının yaxşılaşmasında çox xeyirlidir. Burada yuyunmaq, paklanmaqla yanaşı, istirahət edən, dincələn, hətta yaradıcılıqla məşğul olan adamlara da rast gəlmək olar. Orxan Məmmədov əcnəbilərin də bura tez-tez gəldiklərini deyir: Almanlar, amerikalılar, iranlılar və türklərə burada daha tez-tez rast gəlmək olar. Turistlər əsasən yay fəslində qonağımız olurlar. Xüsusilə almanlar bizim hamamları çox sevirlər və təəccüblərini gizlədə bilmirlər.

İçərişəhər sakini Yaşar Xəlilovun məlumatına görə, əvvəllər hamamlara gedən qadınlar qızıllarını, bəzək əşyalarını da gətirərmişlər. Onlar yuyunduqdan sonra qızıllarını boyunlarına, qollarına taxarmışlar ki, bir-birinə göstərsinlər. İndi bu işi toylarda yerinə yetirirlər. Bəzən də analar övladlarına qız bəyənmək üçün hamama üz tutardılar. Əgər indi bu hamam həftənin iki günü (I, V günlər) qadınların, qalan vaxtlarda isə kişilərin xidmətindədirsə, əvvəllər əksinə olub, beş gün qadınlar, iki gün kişilər bura gələrmişlər. Qadınlar günündə hamamın qapısı ağzında vanna qoyular, kişilər günündə isə fitə asarmışlar...

Əgər Ağa Mikayıl hamamına getmək könlünüzə düşsə, 30-35 manatınızdan keçməklə necə lazımdır istirahət edib paklana bilərsiniz. Giriş üçün 10 manat ödəməklə limitsiz, yəni istənilən qədər çimə bilərsiniz (qeyd edək ki, qəbul olunmuş ümumi qaydaya görə, İçərişəhərdə qeydiyyatda olanburada yaşayan sakinlərdən giriş üçün 10 yox, 4 manat tələb olunur). Təxminən yarım saat kisələnmək və bir o qədər də masaj olunmaq istəsəniz, ayrı-ayrılıqda hər bir xidmətə görə 10 manat da ödəməlisiniz. 2 manatdan 6 manata qədər pul ödəməklə mürəbbəli çaya da qonaq ola bilərsiniz.

Qədim Azərbaycan hamamları memarlıq nümunəsi kimi

Ümumilikdə Azərbaycan ərazisində hamamların tikilmə tarixinə nəzər saldıqda məlum olur ki, hələ İslam dininin yayıldığı dövrlərdə şəhərlər, məscidlər, mədrəsələr, bazarlar, karvansaralar və hamamların inşasına təkan verilmişdi. Artıq X-XII əsrlərdə Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron məktəbləri kimi memarlıq mərkəzləri formalaşmışdı. Digər Şərq ölkələrində olduğu kimi, XIV-XIX əsrlərdə Azərbaycanın ayrı-ayrı bölgələrində memarlıq sahəsində yeni-yeni nümunələr yaradıldı və hamamların sayı xeyli artdı. Onların arasında Nardaran, Maştağa, İçərişəhər və digər Bakı kəndlərində, həmçinin İsmayıllı, Gəncə, Şuşa, Quba, Lənkəran, Şəki və Ağdamda tikilən hamamları qeyd etmək olar. Dövrümüzə qədər gəlib çatan hamamlar sırasında 1388-ci ildə Nardaran kəndində inşa edilən hamam daha maraqlı tarixə malikdir. Azərbaycanda, xüsusilə Abşeronda bəzi hamamlar elmi ədəbiyyatda Qum hamamı kimi qeyd edilir. Bu mənada Qala və Maştağadakı Qum hamamlarının adını çəkmək olar. Təqdirəlayıq haldır ki, Azərbaycanın tarixi abidələrinin, maddi mədəniyyət nümunələrinin qorunması və bərpasını həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi qədim Azərbaycan hamamlarını da memarlıq nümunəsi kimi daim diqqət mərkəzində saxlayır.

Əməkdar memar Zahidə Məmmədovanın dediyinə görə, hamamlar Azərbaycanın əksər bölgələrinə məxsus olan memarlıq tikilisidir. Onlar nəinki əhaliyə gigiyenik xidmət göstərən obyektlər, eyni zamanda, çoxfunksiyalı təyinata malik tikililər olub: Azərbaycanda orta əsrlərdə çoxsaylı hamamlar inşa edilsə də, bizə qədər onların çox az qismi gəlib çatıb. Təsadüfi deyil ki, Şərq ölkələrinin xarakteristikalarında orta əsr müəllifləri monumental dinisaray tikililəri ilə yanaşı, hamamları da xüsusi qeyd edirdilər. Bu zaman onlar məhz hamamlarına görə fərqlənən şəhərlərin adlarını çəkirlər.

Qədim hamamlarda diqqətçəkən bir məqam da onların su təchizatı və isidilməsidir. Azərbaycan hamamları üçün çətin isinən, lakin istiliyi uzun müddət saxlayan qalın daxilixarici divarlar xarakterikdir. Adətən, günbəz formasında olan bu hamamların əsas hissəsinə köməkçi yerləşgələrin əks tərəfindən xəzinə adlanan soyuqisti su anbarları bitişirmiş. Su bilavasitə həmin xəzinədən götürülər, öz axarıyla hamamın bütün guşələrinə çatdırılar və onu qızdırarmış. Bu zaman su anbarının altında tağbənd və ya külxan adlanan xüsusi odluq kameralardan, böyük mis qazanlardan da istifadə edilirmiş. Hamamın içindəki yeraltı kanallartavanda olan xüsusi bacalar vasitəsilə istilik elə tənzimlənirmiş ki, həm döşəmə, həm də divarlar qızsın.

Onu da xatırladaq ki, tarixi mənbələrdə hələ eramızdan əvvəl yunanlar, romalılar və misirlilərin hamamlardan istifadə etdikləri qeyd olunsa da, qapalı hamamların tikilməsinə ilk dəfə Şərqdə başlanıb. Həmçinin bədii orijinallığına və memarlıq üslubuna görə həm Qərb, həm də Şərq hamamları bir-birindən çox fərqlənmir. Şərq hamamları içərisində orta əsr Azərbaycan hamamları ilə türk hamamları isə bir-birinə daha çox oxşayır.

 

Elnur HADIYEV,

Azərbaycan.-2015.- 15 mart.- S.7.