Qubanın Novruzu gözəl...

 

Novruz mövsüm mərasimi kimi irimiqyaslı coğrafi hüdudlara yayıldığından hər il istisnasız olaraq uyğun təqvim məqamında böyük coşquyla keçirilir. Novruz bayramı dirilik, oyanış günü, insanların genetik yaddaşa - ilkinliyə, saflığa, bütövlüyə, birliyə və bərabərliyə qovuşmasıdır. Yüz illər boyunca el-ulusumuzun cəmi şadlıqlardan, çal-çağırlardan başda saxladığı bayramıdır Novruz. Bu əziz bayram gur tonqalları, gözoxşayan, könül tərpədən noğul-nabatlı xonçaları, yamyaşıl səmənisi, gül qanadlı, yel qanadlı, mübarək niyyətləri ilə tanınır, sevilir. Xalqın istək-arzuları hər zaman bu ulu bayramın qədəmlərinin uğuruna güvənir.

Quba rayonu neçə azsaylı xalqın, etnik qrupun yaşadığı bölgədir. Onların da hər birinin özünəməxsus Novruz adət-ənənələri var. Novruzlu Quba bir növ bayram xonçasını xatırladır. Hər kəs bu xonçaya bir rəng qatır. Öz adətinin, mətbəxinin, inanc və simasının bir nemətinin naxışını qoyur. Qırız, Haput, Xınalıq, Buduq kəndlərində hələ Novruza bir neçə həftə qalmış hazırlıqlar görülür. Evlər qədim adətlərə görə təbii şirə ilə şirələnir, təmizlənir, səməni cücərdilir, səməni umacı, səməni halvası bişirilir, qohum-qonşuya paylanır. Qırız kəndində Novruzun gəlişi ilə əlaqədar torpaq qazılır, dar keçid hazırlanır. Keçidin düz ortasında boyanmış yumurta basdırılır. O dar keçiddən keçən şəxs yumurtanı əzməyib keçsə il onun üçün uğurlu sayılır. Keçiddən keçmək istəyənlər eyni zamanda torpağı qazana Novruz hədiyyələri gətirirlər. Buduq kəndində isə bayram axşamı mütləq əriştəli plov bişirilir. Bu xörəyi həm evdəkilər yeyir, həm də gecə ikən qohum-qonşuya paylayırlar ki, ruzi-bərəkətləri artsın. Buduqluların evində şorqoğalı bişirilmir, Novruzda yalnız şirniyyat bişirirlər.

Novruz süfrəsinə bol nemətlərin düzülməsi də yeni ildən xeyir-bərəkət, bolluq-firavan həyat diləmək arzu-istəyinin rəmzi ifadəsidir. Süfrəyə yeddi cür nemətin qoyulması, nişanlı qızlar üçün yeddi cür pay göndərilməsi müqəddəs sayılan yeddi rəqəminin uğur gətirəcəyinə inamla bağlıdır. Quba rayonunun Xınalıq kəndində də yeddi rəqəmi uğurlu rəqəm sayıldığından axır çərşənbə günü oğlan evindən nişanlı qız evinə yeddi pay göndərirlər. Buna Xınalıq dilində “yıq-tikə” deyirlər.

Qubanın Qırmızı qəsəbə adlanan yaşayış massivində yəhudilər də Novruzu bayram edirlər. Bayram axşamı qəsəbədə tonqallar qalanır, camaat ocaq başına yığışır. Evlərdə bişirilən sovqatlar onlara paylanır. Bayram gecə yarıdan keçənədək davam edir.

Bayramda qocaların, kimsəsizlərin qapısını açmaq, könlünü xoş etmək, həyatını dəyişənlərin ruhunu yad etmək təkcə adət yox, həm də düşüncə tərzidir. Qubada da əhali yığışıb bayram axşamı əzizlərinin, böyüklərinin, qohum-qardaşının qonağı olur. Bayram axşamı eyni zamanda insanlar vəfat etmiş əzizlərinin qəbrini ziyarət edir, qəbirlərinin üstündə şam yandırırlar.

Qubada Novruz bayramından 13 gün keçəndən sonra “səməniatdı” mərasimi keçirilir. Həmin gün qız-gəlin, nişanlılar, arzu-istəkləri olanlar əllərində səməni Qudyalçayın sahilinə gəlib niyyət edir, əllərindəki səməniləri suya atırlar. Səməni atıb niyyət edirlər ki, gələn Novruza arzuları çin olsun, orada olan qız-gəlinə, uşaqlara şirniyyat paylasınlar. Səməni ilə bağlı başqa adət də var ki, bəzi insanlar səmənini suya yox, evlərinin damına atırlar. Bu da o deməkdir ki, üzümüzə gələn il bərəkətli olsun.

Adət-ənənələri ayrı olsa da, Qubada yaşayan azsaylı xalqetnik qrupların nümayəndələrini daha çox ümumi cəhətlər birləşdirir. Bu, Novruzda daha çox görünür. İnsanlar açıq ürəklə, xoş niyyətlə, təmiz arzularla bir-birinə yaxınlaşır, tanıdı- tanımadı, qarşılarına kim çıxdısa təbrik edir, bayramlaşırlar. Hər kəsin süfrəsi də əziz qonaq üçün açılır.

Bu gün Azərbaycan neçə azsaylı xalqın, etnik qrupun dinc, əmin yaşadığı ölkədir. Onun qədim, gözəl Qubasının milli mənzərəsi bu fikrin təsdiqi ola bilər. Bu gün Qubada 20 mindən artıq tat və ləzgi, 2 mindən çox məhsəti türkü, 4 mindən çox xınalıqlı, 3 500 buduqlu, 2000 qırızlı, 1000 rus, tatar, gürcü, ukraynalı, belarus, 4 minə yaxın yəhudi yaşayır.

 Bu azlıqlar burada bir ocaq başına yığışmış mehriban ailəni xatırladır. Bu qarışıq dünyada bu əminlik yaxşı nizamlanmış ailə alicənablığının xoş mənzərəsinin məmnunluğunu gətirir. Necə deyərlər, ocaq da ürək kimidir. Hər qəlbə ürək qızdırmaq olmadığı kimi, hər ocağın istisinə də qızınmaq olmur. Ocaq istisi ocaq sahibinin geniş ürəyindən, təmiz münasibətindən, birbu ocağa sığınanların sadə niyyətindən yaranır. Qubada çatılan ocağın başında biz də vardıq.

 

Akif ƏLİYEV,

Azərbaycan.-2015.- 17 mart.- S.6.