Bakı Caz Mərkəzində Vaqif Mustafazadənin

75 illik yubileyi qeyd olunub

 

Martın 16-da Bakı Caz Mərkəzində görkəmli musiqiçi Vaqif Mustafazadənin 75 illiyinə həsr olunmuş konsert keçirilib.

Konsert Bakıda keçirilən Muğam aləmi IV Beynəlxalq Muğam Festivalı çərçivəsində reallaşıb.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi, tarix elmləri doktoru Dilarə Seyidzadə Vaqif Mustafazadənin sənət dünyası ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb.

O deyib: Bu gün mənim üçün çox əlamətdardır. Ona görə ki, Vaqif Mustafazadə mənim həmyaşıdım, həm də böyük müasirimdir. Hər bir azərbaycanlı fəxr edə bilər ki, onun xalqının Vaqif Mustafazadə kimi bənzərsiz ifaçısı var. O, bizim gözəl muğamımızı cazla sintez edərək yeni bir dünya yaratdı. Elə bir dünya ki, yer üzündə musiqi duyumu olan insanlar onun sehrindən, cazibəsində hələ də çıxa bilmirlər.

Bu gün dünyada Azərbaycan musiqisinə böyük marağın olduğunu söyləyən Dilarə Seyidzadə vurğulayıb ki, bunun da əsasında Vaqif kimi istedadlı, vətənsevər insanlar dayanır. Məhz onların bənzərsiz sənət dünyası bizim musiqimizin dünyaya tanımasına təkan verib. Vaqif Azərbaycan musiqisində öz izini qoyubbu iz heç vaxt silinməyəcək.

Ölkəmizin başçısına minnətdarlığını bildirən tarix elmləri doktoru vurğulayıb ki, bu gün Azərbaycanda musiqiyə, onun inkişafına dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir.

Martın 16-nın bütövlükdə Vaqif Mustafazadəyə həsr olunduğunu söyləyən natiq deyib ki, bu gün İçərişəhərdə balacadan, böyüyə hamı Vaqifin sənət dünyasının işığına yığışmışdır. Arzu edirəm ki, bu işıq heç vaxt sönməsin, öləziməsin, əksinə daha da gurlansın, şöləsi çox-çox uzaqlara düşsün.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi də Vaqiflə Mustafazadə sənətinin əbədiyaşarlığından, bənzərsizliyindən söz açıblar.

Sonra gecəni açıq elan edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri Vaqif Mustafazadəyə həsr edilmiş tədbirlərdən söz açıb.

Vurğulayıb ki, bu gün bütün iştirakçılar bir ideya ətrafında birləşiblər. Onlar istəyirlər ki, Vaqif Mustafazadənin doğum günü, yəni, 16 mart Azərbaycanda milli caz günü kimi tarixə çevrilsin.

Sonra tədbir əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi Cəngi caz qrupu konsert proqramı ilə davam etdirilib. Konsertdə Vaqif Mustafazadənin əsərləri səsləndirilib.

 

Azərbaycan.-2015.- 17 mart.- S.7.