Türkiyədə Türk xalqları mədəniyyətində qadın mövzusu

adlı beynəlxalq simpozium keçirilmişdir

 

Türkiyədə Motiv Xalq Oyunları, Təhsil və Öyrənim Vəqfinin təşkilatçılığı ilə Urfa şəhərindəki Harran Universitetində Türk xalqları mədəniyyətində qadın mövzusu adlı beynəlxalq simpozium keçirilmişdir. Simpoziumda Türkiyə, Azərbaycan, Rusiya, İran, İraq, Şimali Kipr, BosniyaHerseqovina, Kosovo, Qazaxıstan, Qırgızıstan, Tatarıstan, Krım və digər ölkələrdən gəlmiş alimlər iştirak etmişlər.

Simpoziumda azərbaycanlı alimlərdən professor İlqar İmamverdiyev Azərbaycanın saz-söz sənətində qadın aşıqlar, dosent Əbilfəs Əzimli Qarabaglı şair Fatma Kəminə, professor Gülnaz Abdullazadə Dünya dastanlarında fərqli qadın obrazları, professor Tamella Abbasxanlı Türkiyə-Azərbaycan xalq şeirində qadınlar, professor Babək Qurbanov Üzeyir Hacıbəylinin əsərlərində qadın mövzusu, dosent Mərziyə Nəcəfova Qadın şairlərin əsərlərində vətən mövzusu, Züleyxa Abdulla Azərbaycanlı qadınların dünya musiqi mədəniyyətində rolu mövzularında çıxış etdilər. Azərbaycanlı alimlərin çıxışları maraqla qarşılandı. Dünyanın müxtəlif ölkələrindən gələn alimlər onlara suallar verdi, Azərbaycan, Qarabağ haqqında həm siyasi, həm ədəbi məlumatlar aldılar.

Simpozium başa çatandan sonra Harran Universitetinin böyük salonunda xalq mahnılarından ibarət konsert oldu. Konsertdə ən çox səslənən Bursanın Uludağ Universitetinin konservatoriyasında təhsil alan tələbələrin ifa etdikləri Azərbaycanın el havaları oldu.

Sonda Haliliyə bələdiyyə başqanı Fevzi Dəmirqolun Azərbaycandan gələn alimlərlə görüşü oldu. Başqan Azərbaycanın gündən-günə inkişaf etməsinə, dünyada tanınmasına çox sevindiyini dedi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin önəmindən danışdı bundan qürur duyduğunu bildirdi.

Simpoziumun sonuncu günü qonaqlar Urfa şəhərinin görməli yerlərində oldular.

Tamilla ƏLİYEVA,

Azərbaycan qəzetinin Türkiyə təmsilçisi

Azərbaycan.-2015.- 20 mart.- S.15.