Novruz oyunları

 

Meydan tamaşalarının yadigarı Maraloyunu

və Kilimarası xalq oyunları qorunub saxlanmaqdadır

Ana təbiət hərdən şıltaqlıq edib üz-gözünü bozartsa da, mart ayında torpağın cana gəlməsi, ötən ilin payızından isti ölkələrə uçub getmiş qanadlı köçərilərin geri qayıdaraq ağacların budağında quruyub qalan yuvalarını bərpa etməsi ilə bir daha təsdiqlənir ki, yaşıl donlu bahar ömrümüzə - həyatımıza və həyətimizə ayaq basmaqdadır.

Müdriklərimiz martı tarixən təbiətin oyanış ayı da adlandırıb. Çünki çayların buzu əriyir, arxın kənarlarında yerin yeddi qatına kök atmış yarpız soyuq-sazaqdan qorxmayıb günəşə tərəf boylanır. Zirvəsi bəyaz dağlar baharın gəlişini duyub çalmasını açmağa, yaşıl şala bürünməyə hazırlaşır. Qaya dibinə sığınmış novruzgülüyə elə gəlir ki, ondan tez oyanan yoxdur. Amma baxıb görəndə ki danaqıran onu yuxuya verib, boynunu əyib kövrəlir, kol dibində göyərən bənövşəni səsləyir, təbiət yenidən canlanır, qış donunu soyunmaqla yeni bir fəslin gəlişindən xəbər verir, o da nazlanmağa başlayır.

Novruz günlərinə qədər dörd həftə yol gələn yaz fəsli Sudan keçib, Odda bişib, Yelin qanadlarında özünü Torpağa yetirəndə görüb ki, qarçiçəyi yerin bağrını yarıb. Novruzun təbiətə gətirdiyi oyanış, deyirlər ki, aran yerlərində daha çox hiss olunur. Lakin dağların Novruz bayramını necə qarşılamasının şahidi olanlar bu həqiqəti bəzən qəbul edə bilmirlər, onun da səbəbləri var.

Söyləyirlər ki, Novruz bayramı günlərində (hətta çərşənbələr başlayandan) qəmli notlardan uzaq olmaq lazımdır. Bu da folklorumuzdan gəlmədir: dəm dəmi gətirər, qəm də qəmi. Ağrı-acılarımızı tonqalda yandırırıq ki, yeni baharımız, yazımız xoş əhval-ruhiyyə gətirsin, şadlıq və sevincli günlər qədəm bassın həyatımıza. Belə günlərdə qəmlənmək olmaz, lakin nə yazıqlar ki, bu da hələlik mümkün deyil. Düşmən tapdağında qalan yurdlarımızda Novruz tonqalları qalanmır. Dədə Qorqud boylarından boy verən bu oyanış tapdaq altındakı yurdlarımızda 23 ildən də artıqdır ki, gecikir. Çünki orada yağı torpağı əkib-becərmir, əksinə, onu yaralayır.

Kəlbəcərlilərin də Novruz tonqalları 23 ildir dağların zirvəsində qalanmır. Çünki 1993-cü ilin martı onlar üçün bayram ayı kimi deyil, faciə, müsibətli günlərlə yaddaşlarına yazıldı. Onlar hər yeni gələn Novruzdan dilək diləyirlər ki, növbəti bayramı dağlarda qarşılasınlar. Uzun illər Maraloyunu və Kilimarası folklor ansamblının ifaçısı olmuş, Beynəlxalq Folklor Festivalının laureatı Süleyman Süleymanov söyləyir ki, vaxtilə Bahar bayramı - yaz bayramı kimi keçirilən respublika miqyaslı bütün tədbirlərin iştirakçısı olub: İçərişəhərin Novruz şənliklərində diqqətçəkən konsert proqramlarından biriMaraloyunu və Kilimarasının təqdim etdiyi nömrələrdir. Hər il ümumrespublika Novruz şənliyinə qatılan bu folklor ansamblının çıxışları əcnəbi qonaqların da marağına səbəb olur. Milli teatrın əsasını təşkil edən bu kimi meydan tamaşaları özlərində xalqımızın qədim mədəniyyətə və incəsənətə malik olduğunu əks etdirir. Demək, Novruz bayramı həm də milli-mənəvi dəyərlərimizə xalq məhəbbətinin tərənnümüdür.

Maraloyunu ilə Kilimarası folklor ansambllarıdır. Bu xalq oyunlarının günümüzədək gəlib çıxması, əslində, Kəlbəcərin Ağcakənd kəndində dünyaya göz açmış Mehralı babanın adı ilə bağlı olub. Sonralar bu xalq oyunlarını onun nəsil-şəcərə davamçıları Süleyman Şəfaqət qardaşarı onların da övladları yaşatmaqdadırlar: Tamaşanın məzmununu qısaca olaraq belə ifadə etmək olar. Zurnaçılar dəstəsi qara zurnada elə ifa edirlər ki, maral ayaq saxlayıb bu həzin musiqini dinləməkdən doymur. Boylana-boylana qalan maralın hərəkətləri onun oynadığını göstərir. Maral yerə yataraq başını o yan-bu yana əyməklə sanki nazlanır musiqinin ritmi ilə səsin haradan gəlməsini axtarır. Bu oyunu nümayiş etdirmək üçün maral dərisi geyinmiş (əlbəttə, maralın dərisi məxmər parçadan tikilir) oyunçudan məharət tələb olunur. O, dizləri üstə iməkləməli, əlləri ilə maralın baş-boyun hissəsini oynatmalıdır. Bu, o qədər asan deyil, adamın nəfəsi kəsilir. Çünki nəfəs almaq üçün açıq yer olmur.

Kilimarası da kollektiv şəklində ifa edilir. Bu, zurnaçılar dəstəsinin ifası altında bir aktyorun gəlincik oyununun nümayişidir. İki nəfərin diz üstə oturaraq tutduğu kilimin arxasında aktyorun yerə uzanaraq məzhəkə çıxarmasıdır. Gəlinciklərdən biri kişi, o birisi isə qadındır. Xalq havalarından birinə oynayan gəlinciklər milli rəqsləri məharətlə ifa etməlidirlər ki, bu da kilimin arxasındakı aktyorun ayaq əl barmaqlarını necə oynatmaq məharətindən asılıdır. Burada milli kolorit əsas götürülür. Bütün bunlar bayramın milliliyinin təsdiqidir. Meydan tamaşalarının yadigarı olan bu xalq oyunları Kosa-kosa kimi komediya janrına aid olmasa da, dramatik deyil. Bu oyunlar milli teatrımızın tarixinin qədimliyini, mədəniyyətinin isə zənginliyini qoruyub saxlayır.

Kəlbəcərdə Novruz bayramının keçirilməsinə gəlincə, həmsöhbətim deyir ki, tədbirə yalnız mədəniyyət incəsənət işçiləri, aşıq folklorçularımız deyil, hər bir kəlbəcərli hazırlaşırdı. Evlərdə həyətlərdə aparılan səliqə-sahman, abadlıq insanlarda yüksək əhval-ruhiyyə yaradırdı. Çərşənbə axşamlarında kəndin orta yaşlı cavanlarından ibarət dəstələr düzülər, əvvəlcə ötən il yas mərasimi düşmüş həyətlərə gedər, dualar oxuyardılar. Sonra evin yiyəsindən ocağın üstünü boş qoymamaq xahiş olunar, hətta özləri bayram qazanı asardılar. Bu mərasimi başa vurub uşaqlar folklor oyunlarından istifadə edərdilər. Məsələn, onlar Kosa-kosa oyunu ilə məzhəkə göstərər, Keçəlin torbasını doldurmaq üçün min bir hoqqa çıxarardılar. Fındıqla Çalayaatma oyunu qədər maraq doğuran idisə, Dirədöymə daha çox gənci bir araya toplayardı.

Novruz gecələrində sübhə kimi yatmayan təkcə oğlanlar ya orta yaşlı kişilər deyil, qızlar da olurdu. Kənd qızlarının bir evə yığılması orada mərasimlə bağlı müxtəlif oyunlar keçirmələri oğlanların da marağını çəkərdi. Həmin gecələrdə qız bəyənməyə çıxanlar da az olmazdı. Qızlar şirniyyat bişirər, nənələrindən qalma yadigarları yada salar - bəxtlərini sınayar, qapıpusmaya çıxardılar. Daha bir maraqlı oyun Yelləncək idi. Hündür yerlərdən kəndirlə yelləncək asardılar. İkiqat asılmış kəndirin bir tərəfində oğlan, digərinkində isə qız oturardı. Üz-üzə oturmuş bu cütlükləri bəzən yarızarafat-yarıgerçək sevgililər adlandırırdılar. Çünki qızlar yalnız bəyəndikləri oğlanla birlikdə yelləncəyə minərdilər.

Qonşuların qohumların, eləcə küsülülərin bir-birinin evinə ayaq açması milli birliyin göstəricisi sayılırdı. Bayram günlərində küsülülər barışmalı, kimsə qanıqara olmamalıdır, xoş sözlər danışmalıdır. Çünki qapının arxasında bəxtinə çıxan sözləri səbirsizliklə, təlaş həyəcanla gözləyənlər olur. Duzlu kömbə yeyib yatanların yuxularının çin olacağı inamının da tarixi çox qədimlərə gedib çıxır...

Maraqlıdır ki, Novruz bayramı günlərində bişirilən xörəklərin şirniyyatın dadı tamamilə özgə cür olur. O günlərin ən əziz dadlı şirniyyatından biri əyirdək adlanır. Əyirdəyi digər şirniyyatdan fərqləndirən təkcə dadlı-duzlu olması deyil, bişirilməsidir. Süddə yağda yoğrulmuş xəmir kiçik-kiçik doğranaraq yun darağının dəmir dişləri ilə bəzək vurulduqdan sonra yağda qızardılardı. Deyirlər ki, əyirdək Novruz şirniyyatlarının ən qocamanıdır.

Söyləyirlər ki, qalanan tonqalların qığılcımları göyləri yandırmasa da, düşmənin bağrını yarır, yarasaların gözlərini qamaşdırır. Dədə Qorqud Oğuz oğluna tapşırıb ki, dağların başında üç tonqal qalasın. Qoy düşmən bilsin ki, Oğuz yurdunun ocağı gur yanır... Bunun rəmzi mənası, təbii ki, olmamış deyil. Üç tonqal qələbə rəmzidir! Üç tonqal qalamağa qadir olan xalqımızın Novruz bayramının özəllikləri az deyil. Bu milli bayramın əsrlər və minilliklər yola salması onun digərlərindən fərqli cəhətləridir. Vaxtilə dini don geydirilən və buna görə də sovetlər tərəfindən keçirilməsi yasaq edilən Novruz, əslində, mahiyyətini özü göstərir. O, təbiətin canlanması ilə fəsillərin yerinin dəyişməsini bildirir. Demək, il təzələnir. Milli-mənəvi sərvətlərimizin siyahısına daxil olan Novruz bayramı özəllikləri ilə fərqlənir. Bəlkə də türk xalqlarının yeganə bayramıdır ki, bu əziz günlərdə böyüklü-kiçikli hər kəsin qəlbinə bir bahar təravəti, yaz duyğuları - coşqunluq, yüksək əhval-ruhiyyə dolur.

Qədəmləri uğurlu, bərəkət sovqatlı olsun Novruz bayramının. Hər diləkdən bir mətləb hasil olur, deyirlər. Qoy builki Novruz yurd nisgillilərə, sadəcə, təsəlli deyil, xoş ovqat gətirsin, ümidləri cücərtsin...

Həmsöhbətimin fikrinin davamı olaraq o yerlərin nisgilini, həsrətini ifadə edən bir qoşma xəyalımı durna qanadına alıb apardı:

 

Deyirlər bayramdı, yaz da gəlibdi,

Çəmənim, çiçəyim, çölüm bəs hanı?

İllərdir ki, perik düşüb yurdundan,

Qonaqlı-qaralı elim bəs hanı?

Novruz tonqalını qalayım necə,

Əldən gedib yurdum bahar gəlincə?!

Çəkirik bu dərdi bütün ellikcə,

Ocaqda qaralan külüm bəs hanı?

Dəlidağda qalanım var, qalanım,

Dərdi-qəmi kalanım var, kalanım.

Bundan sonra ha çapılım, talanım,

Nəğmə deyən şirin dilim bəs hanı?

Əsir düşüb torpağım da, daşım da,

Orda qalıb qar-boranlı qışım da.

İldırımlar şaqqıldayır başımda,

Axar çayım, daşar selim bəs hanı?

Torbaları orda atıb gəlmişik,

Tonqalları orda çatıb gəlmişik.

Yolda-izdə qana batıb gəlmişik,

Yaz gəlibsə, novruzgülüm bəs hanı?

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2015.- 30 mart.- S.10.