Mədəniyyət və turizm naziri Tovuz şəhərində

vətəndaşların müraciətini dinləyib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

AZƏRTAC xəbər verir ki, martın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tovuz şəhərində Tovuz, Ağstafa, Gədəbəy, Qazax və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir ümummilli lider Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri qoyub və xatirəsini ehtiramla yad edib.

Sonra Ə.Qarayev Tovuz rayonu ərazisindəki Göytəpə qədim yaşayış məskənində aparılan arxeoloji işlərlə tanış olub. Eramızdan əvvəl VI minilliyə aid edilən bu məkanda ölkə başçısının müvafiq Sərəncamı ilə arxeoloji park yaradılır. Göytəpə neolit dövrü abidəsi bölgədə mədəni turizmin inkişafı baxımdan mühüm əhəmiyyət kəsb edir. Nazir Tovuz şəhərindəki Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyində aparılan yenidənqurma işləri ilə də tanış olub, müvafiq tapşırıqlar verib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzey üçün ikimərtəbəli, müasir standartlara cavab verən yeni bina inşa edilir. Nazir, həmçinin Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyini, Qovlar şəhər Mədəniyyət evini, qala kompleksini ziyarət edib.

Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən görüşdə vətəndaşların müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətləri dinlənilib. Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda səslənən müraciətlər əsasən yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təmin olunması, tarix-mədəniyyət abidələrinin mühafizəsi, təmir-bərpası, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, turizmin inkişaf etdirilməsi və s. məsələlərlə bağlı olub.

Həmçinin işlə təminat və digər sosial məsələlərlə bağlı müraciətlər olub. Görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlət başçısının tapşırığı ilə keçirilən bu görüşlərin əhəmiyyətini vurğulayıb. Nazir vətəndaşların təşəbbüskarlığını, mədəniyyət və turizm sahələrində problemlərə diqqət yetirməsini yüksək qiymətləndirib.

Turizmin inkişafı və tarix-mədəniyyət məkanlarının turizm marşrutlarına daxil edilməsi barədə müraciətlərə toxunan Əbülfəs Qarayev bu məsələlərə konseptual şəkildə baxıldığını və regionun turizm baxımından geniş potensiala malik olduğunu vurğulayıb. Bildirilib ki, tarix-memarlıq abidələri və qədim yaşayış məskənlərinin müvafiq turizm marşrutları ilə əhatə olunması üçün əlavə tədbirlər görüləcək. Bölgədə aşıq sənətinin də zəngin irsi olduğunu qeyd edən nazir bu istiqamətdə səslənən təkliflərin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, Tovuz rayonunda aşıq sənəti muzeyi nazirlik tərəfindən yenidən qurulur. Ölkəmizin bu bölgəsi qədim saz-söz sənətimizdə xüsusi yeri olan sənətkarlar yetirib. Bu gün dünya mədəni irsi kimi qəbul edilən aşıq sənətimizin daha da inkişaf etdirilməsi bu bölgənin mədəni irsinin təbliği baxımdan çox vacibdir.

Nazir qəbulda səslənən bir sıra məsələlərin operativ şəkildə həll edildiyini, o cümlədən kitabxanaların yeni nəşrlərlə təminatı barədə müvafiq tapşırıq verildiyini bildirib. Sosial məsələlərə dair müraciətlərin də diqqətdə saxlanılacağı və həlli ilə bağlı aidiyyəti təşkilatlara müraciət ediləcəyi qeyd olunub.

Qəbuldan sonra nazir Əbülfəs Qarayevin, nazirliyin məsul işçilərinin, Tovuz, Ağstafa, Gədəbəy, Qazax və Şəmkir rayonlarının mədəniyyət və turizm müəssisələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

 

Müşavirədən sonra Azərbaycan-Gürcüstan sərhədinə gedərək Qırmızı körpü tarixi abidəsi ətrafındakı vəziyyətlə tanış olan Əbülfəs Qarayev, həmçinin Qazax rayonundakı УAveyФ Tarix-Mədəniyyət Qoruğu ərazisindəki Damcılı qədim yaşayış məskəninə də baş çəkib.

 

Azərbaycan.-2015.- 31 mart.- S.5.