Zakir Bağırov-85 miniatür kitabının təqdimatı olub

 

Martın 30-da Miniatür Kitab Muzeyində filologiya elmləri namizədi Esmira Fuadın (Şükürovanın) Zakir Bağırov-85 (O, dünyaya xeyirxah işlər görmək üçün gəlmişdi) miniatür kitabının təqdimatı keçirilib.

Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri mərasimi açan muzeyin təsisçisi və yaradıcısı, respublika Kitab cəmiyyəti idarə heyətinin sədri, əməkdar incəsənət xadimi Zərifə Salahova tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, bu gün həm də ona muzeyin ekspozisiyasının miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi Ginnesin rekordlar kitabına düşməsinə dair sertifikat da təqdim olunub. O, muzeyin yaradılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyini xüsusilə qeyd edib.

Sonra təqdimatı keçirilən miniatür kitab haqqında məlumat verən Zərifə Salahova deyib ki, bu gün həm də Zakir Bağırovun vəfat etdiyi gündür. Natiq onunla bağlı xatirələrini bölüşüb.

Diqqətə çatdırılıb ki, təqdimatı keçirilən miniatür kitab Azərbaycan Respublikasının Kitab cəmiyyəti tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu ilə İndiqo mətbəəsində nəfis tərtibatla çapdan çıxıb. Rus dilində nəşr edilmiş kitabın ölçüsü 45x47 mm olub, 244 səhifədən ibarətdir. Üz qabığında Zakir Bağırovun fotosu yer alan kitab 100 nüsxə tirajla çap edilib.

Tədbirdə çıxış edən kitabın müəllifi Esmira Fuad, əməkdar jurnalist Elmira Əliyeva, Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Milli Məclisin deputatı Hadi Rəcəbli və başqaları Zakir Bağırovun həyat və fəaliyyətindən, mədəniyyət naziri işlədiyi 18 ildə müvafiq sahənin inkişafına verdiyi töhfələrdən geniş söhbət açıblar.

Bildirilib ki, hələ uşaq vaxtlarında təyyarəçi olmağı arzulayan Zakir Bağırov elə bu niyyətlə də Moskva Aviasiya İnstitutuna daxil olub. Lakin idman zamanı qəfildən turnikdən yıxılaraq ayağının sınması onun tale yolunu dəyişdirib və gənc oğlan Bakıya qayıdıb. Fəlsəfəyə xüsusi maraq göstərən Z.Bağırov Azərbaycan Dövlət Universitetinə qəbul olunub və 1953-cü ildə bu ali məktəbi əla qiymətlərlə bitirib və fəlsəfə kafedrasında saxlanılıb. Özünə inam Zakir Bağırovu SSRİ EA Fəlsəfə İnstitutunun aspiranturasına aparıb çıxarıb və o, elmi işini Moskvada müdafiə edib.

Vurğulanıb ki, Zakir Bağırov Azərbaycanın mədəniyyət naziri olarkən onun təşəbbüsü ilə Bakıda müasir tələblərə cavab verən Xoreoqrafiya Məktəbi tikilib, bir sıra mədəniyyət ocaqları təmir edilib, yeni orkestrlər yaradılıb. Üzeyir Hacıbəyli, Səməd Vurğun, Cəfər Cabbarlının ev-muzeyləri məhz onun nazir olduğu dövrdə açılıb. Azərbaycan sirk kollektiviZakir Bağırovun təşəbbüsü ilə yaradılıb.

Qeyd olunub ki, hər kəs bu gün onun adını - humanist xarakterli, daim yaradıcı təfəkkürlə yaşayıb-işləyən uzunömürlü mədəniyyət nazirini üzündə ilıq bir təbəssümlə xatırlayır. İnsanlarda yüksək ictimai ruhu, həyatsevərliyi, yaşamaq eşqi ilə daim xoş əhval-ruhiyyə, həyata inam, yaşamaq sevgisi duyğularını yüksəltməyə nail olan Zakir Bağırov hələ cavan yaşlarından müdriklik zirvəsini fəth etmişdi.

Miniatür kitabda müəllif Bağırovlar ailəsini yaxşı tanıyanların, Zakir Bağırovla birgə işləmiş, ünsiyyətdə olmuş adamların xatirələrinə də yer ayırıb. Bu baxımdan nəşrdə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi, tarix elmləri doktoru Dilarə Seyidzadənin xatirəsini vurğulamaq yerinə düşər. O, xatirələrində qeyd edir ki, bu ailənin o qədər gözəl ənənələri var ki, onlar mütləq oxuculara, xalqımıza çatdırılmalıdır. Bu ailənin hər bir üzvü özü-özlüyündə nümunə idi. Dilarə xanımın xatirələrindən o da məlum olur ki, bu ailələr arasında dostluq münasibətləri hələ Təbrizdə, Dilarə Seyidzadənin atası Bağır Seyidzadə SSRİ-nin İrandakı baş konsulu vəzifəsini icra edərkən və anası Qeys Nəsirova həkim işlədiyi vaxtlarda yaranıb. Həmin vaxt Əhəd Bağırzadə və Nüsrət Bağırov da Təbrizdə işləyiblər. Bu ailələrin dostluğu Bakıya qayıtdıqdan sonra da davam etdirilib.

Nəşrdə müəllif həmçinin xalq rəssamı Ömər Eldarovun, xalq artistləri FidanXuraman Qasımovaların, habelə mərhum bəstəkar Tofiq Quliyevin, görkəmli jurnalist Azad Şərifovun və başqalarının xatirələrinə də yer ayırıb.

Mərasimdə Zakir Bağırovun nəvəsi Fərəh Bağırovanın babasına həsr etdiyi rəsm əsəri də təqdim olunub.

Sonda Zakir Bağırovun ömür-gün yoldaşı Tamilla xanım və oğlu Nəriman miniatür kitabın nəşrində və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

AZƏRTAC

Azərbaycan.-2015.- 31 mart.- S.10.