Azərbaycan Avropa Oyunlarının standartını müəyyənləşdirəcək

 

Olimpiya Oyunlarının təşkilinə 7-8 illik hazırlıq

 mərhələsini ölkəmiz 2 il yarıma yekunlaşdırdı

 

Tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunları qitənin ən möhtəşəm və mötəbər idman tədbiri olacaq. Bu idman yarışlarından dövlətlər kənarda qalmamağa, Oyunlarda layiqincə təmsil olunmağa çalışırlar. Şübhə etməmək olar ki, bu mötəbər yarışmadan sonra Azərbaycanın idman ölkəsi kimi nüfuzu qitənin sərhədlərini də aşaraq dünyada dəfələrlə artacaq. Azərbaycan yarışların beynəlxalq standartlara uyğun şəkildə təşkili ilə bir daha dünyaya bəyan edəcək ki, onun imkanlarına inananlar tamamilə haqlıdırlar.

Dövlətin idmana və idmançılara göstərdiyi daimi diqqət və qayğı təmsilçilərimizin Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında, digər beynəlxalq turnirlərdə yeni-yeni qələbələr qazanmalarına zəmin yaradır. Azərbaycanlı gənclərin idmanın müxtəlif növlərində əldə etdikləri möhtəşəm uğurlar artıq ənənəvi hal alıb. Dövlət başçısının təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respublikamızda idmanın inkişafını təmin edib. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyük miqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin mötəbər idman yarışlarına ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.

İndi Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Hər il müxtəlif beynəlxalq turnirlərin, bədii gimnastika, taekvando, güləş, boks, karateolimpiya növlərinə daxil olan digər idman yarışlarının məhz Azərbaycanda keçirilməsi, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. Azərbaycanın, başda Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Avropa Olimpiya Komitəsi (AOK) kimi nüfuzlu təşkilatlar olmaqla, dünyanın bütün idman qurumları ilə sıx əlaqələri var. Son illər bu əlaqələr daha da genişlənmişdir. Bunu idman təşkilatlarının rəhbərlərinin Bakıya intensiv səfərləri və ölkəmizdə keçirilən mötəbər turnirlər də təsdiq edir.

BOK, AOK və digər beynəlxalq idman təşkilatları ilə sıx əməkdaşlığın qurulması ölkəmizin dünya olimpiya hərəkatına fəal şəkildə qoşulduğunu nümayiş etdirir. Bunun nəticəsidir ki, Azərbaycanda 2015-ci ildə Avropanın tarixində birinci dəfə möhtəşəm idman tədbiri - I Avropa Oyunları keçiriləcək.

Xatırladaq ki, iyunda təşkil olunacaq I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında qəbul edilib. AOK Baş Assambleyasının qərarı səsvermədə iştirak edən 48 nəfərdən 38-nin səs çoxluğu ilə qəbul edilib.

 Prezident İlham Əliyev 2013-cü il 17 yanvar tarixdə “I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədrliyi ilə 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb.

Məlumdur ki, Olimpiya Oyunları üçün 7-8 il vaxt verilsə də, Azərbaycanın Avropa Oyunlarına hazırlığı üçün cəmi iki il yarım vaxtı vardı. Mövcud təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var. I Avropa Oyunları üçün isə heç bir təlimat və təcrübə yoxdur. Belə olan halda, bütün məsuliyyət, təşkilati məsələlərin həll edilməsi Azərbaycanın üzərinə düşürdü. Bu müddət ərzində Bakıda yeni infrastrukturun yaradılması və oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərir ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə  başa çatdırıb.

Bunu aprelin 26-da I Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimində çıxış edən AOK-un prezidenti Patrik Hikki də növbəti dəfə vurğuladı: “Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində, bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.

İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir olimpiya komplekslərinin və digər idman qurğularının inşası nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib, dünyanın idman mərkəzlərindən biri olub. Avropa Olimpiya Komitəsinin qitədə ilk dəfə təşkil olunacaq bu mötəbər idman tədbirini məhz Azərbaycana həvalə etməsi beynəlxalq idman ictimaiyyətinin ölkəmizdə görülən bütün müsbət işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verdiyi yüksək qiymətdir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2015.- 1 may.- S. 1.