Dağlar qoynunda böyük coşqu

 

Məşəl Yardımlı və Masallıda alovlandı

 

İlk dəfə keçiriləcək Avropa Oyunlarının başlanmasına 40 gün qalmış məşəl estafetinin keçiriləcəyi növbəti məkana - sərt döngələri diqqətli olmağa məcbur edən dağ yolu ilə Yardımlıya gedirik. Az sonra yolun sağ tərəfindəki meşə örtüklü dağlar başlayır. Sol tərəfdə isə Viləş çayı yarğanların, dərələrin arasıyla qıjıltı ilə axıb gedir. Bir azdan buranın çal-çağırlı vaxtları başlayacaq.

Yardımlıya, cənub bölgəsinə səfər edən turistlər şəlaləyə baxmağa, bir neçə saat onun qoynunda dincəlməyə həmişə üstünlük verirlər. Rayon mərkəzinin yerləşdiyi ərazidə isə dağlar çılpaqdır. Buna baxmayaraq, burada da bir başqa gözəllik var. Yağan yağış, çıxan günəş dağlarayamaclara çəmənlikdən, gül-çiçəkdən al-əlvan xalı sərmişdir. Uzaqdan görünən Ərdəbil dağlarının uca zirvəsi yenə qarlıdır...

Dağların əhatəsində yerləşən 7 min nəfərə yaxın sakini olan Yardımlı şəhəri böyük səhnəni, dağ yamaclarındakı evlər isə amfiteatrı xatırladır. İnsan əlləri, əməlləri ilə burada qurulan, yaradılanlar ana təbiətlə həmahənglik yaradır, onu tamamlayır.

Son illərdə Yardımlıda da çox işlər görülüb. İlk növbədə iqtisadiyyatın qan damarı sayılan 53 kilometrlik Masallı-Yardımlı avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Rayona təbii qaz xətti çəkilmişdir. Yardımlılılar uzun illər yaşadıqları elə-obaya qaz çəkilməsi arzusunda olmuşlar. Bu, həm insanları odun tədarük etmək qayğısından, həm də yaşıl sərvətimiz olan meşələri qırılmaqdan xilas etmişdir. 2006-cı ilin oktyabr ayında hər iki mühüm obyektin istifadəyə verilməsi mərasimində ölkə başçısı iştirak etmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar yeni məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, ictimai binalar, yaşayış evləri, idman meydançaları, uşaq bağçaları tikilib, turizm obyektləri, parklar, xiyabanlar salınıb, dağ kəndlərinə gedən yollar abadlaşdırılıb, çaylar üzərində körpülər inşa edilib. Şəhər mərkəzində ümummilli liderin şərəfinə park salınıb, Heydər Əliyev Mərkəzi tikilib. Şəhərin Heydər Əliyev prospektində yerləşən “Gənclər Parkı”nda “Açıq hava teatrı” yaradılıb.

Bütün sahələrdə olduğu kimi Yardımlıda idmanın da inkişafına xüsusi diqqət yetirilir. Karatefutbol üzrə yeniyetmələrin respublika birincilikləri rayonda təşkil olunub. Yardımlının gənc idmançıları ilk dəfə ölkə və dünya birinciliklərində iştirak edərək uğurlara nail olublar. Karate ustaları Orxan Baratlı dünya, Valeh Sahratlı Avropa çempionu adını qazanıblar.

Rayon rəhbərliyinin tez-tez gənc idmançılarla görüşməsi, onlara dəstək verərək yardımçı olması idmanın inkişafına böyük təkan vermişdir. Hazırda Yardımlıda idman kompleksinin tikintisi sürətlə davam edir.

I Avropa Oyunlarının məşəli mayın 2-də səhər saatlarında Astaradan buraya gətirildi. Bu münasibətlə rayonda böyük şənlik, bayram əhval-ruhiyyəsi var idi. Tarixi hadisələri sevinclə izləyən əmək veteranı, keçmiş təhsil işçisi ürək sözlərini bizimlə bölüşür: “Azərbayan iki il müddətində bu cür möhtəşəm yarışı keçirməyə nail oldu. Bunu bir müddət əvvəl cənab Prezident bəyan etdi. Necə də qürurvericidir. Biz bu fərəh hisslərini bir neçə gün əvvəl - cənab İlham Əliyev “Atəşgahda” I Avropa Oyunlarının məşəlini alovlandırdığı anlarda da yaşadıq. İndi həmin məşəl ölkəmizi qarış-qarış gəzib bayram əhval-ruhiyyəsi yaradır”.

Növbəti müsahibimiz həkim, tibb elmləri namizədi Feyruz Sultanovdur: “Bu gün Yardımlıda böyük təntənə var. İşlər yaxşı gedəndə, ev abad olanda qonaq qarşılamaq daha xoş, daha rahat olur. İndi Yardımlı əvvəlki Yardımlı deyil. Abadlaşaraq qəsəbədən şəhərə çevrilib. Yaşayış məntəqələrində təbii qaz şölələnir, yollarımız yenidən çəkilir, dağ çaylarının üstündən körpülər salınır. Yeni məktəblərin, müalicə ocaqlarının, mədəniyyət evlərinin tikintisi davam etdirilir. Əgər iqtisadiyyatımızın inkişaf etdirilməsi üçün ulu öndər vaxtında lazımi tədbirlər görməsəydi bugünkü xoş günlərimiz də olmazdı. Mətbuatda, televiziya ekranlarında hər gün ermənilərin öz ölkələrini tərk etmələri, başqa yerlərə köçüb getmələri haqqında məlumatlar oxuyuruq, eşidirik. Bizim ölkəmiz, paytaxt Bakımız isə elə gün olmur ki, qonaqlı-qaralı olmasın. Artıq I Avropa Oyunlarına tam hazırıq. Əslində oyunların başlandığını da demək olar. Alov məşəli hazırda cənub bölgəsini səyahət edir. Bu gün isə məşəl Yardımlıya gətirilmişdir. Həddən artıq sevinirik. Mərasimə toplaşanlar arasında təhsil işçisi Ruslan Ataşov da var. O da bu möhtəşəm bayram münasibətilə fikirlərini söyləyir : “Yardımlı şəhər 2 nömrəli tam orta məktəbdə müəllim işləyirəm. İdman sağlamlıq, gənclik deməkdir. İdmana qayğı, gəncliyə qayğı deməkdir. Bu məsələ ölkə rəhbərinin, Heydər Əliyev Fondunun gündəlik fəaliyyətində prioritet yer tutur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində görülən işlər nəticəsində bizim rayon da abadlaşıb, gözəlləşibdir. 1990-cı illərdə vəziyyətin, yaşayış tərzinin yaxşı olmaması üzündən yardımlılıların bəzisi Bakıya, Sumqayıta köçüb getdilər.İndi vəziyyət əksinədir. Rayonda rahat yolların, təbii qazın olduğunu görən həmin adamlar öz yurd-yuvalarına qayıdırlar. Təbii ki, bunların hamısı inkişafın nəticəsidir. Birinci Avropa Oyunlarının məşəlinin bizim rayona gətirilməsi və burada alovlandırılması dağlar diyarının bir gənc sakini kimi məni də həddən artıq sevindirir”.

...Həyəcanlı anlar yetişiryerli idmançı, karate üzrə Azərbaycan çempionu Rasif Məmmədzadə tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarının məşəlini rayonun Qala qapısında qəbul edir. Bundan sonra estafeti davam etdirənlər arasında veteran idmançılar və ictimaiyyət nümayəndələri Bəhruz Mahmudov, Səfalı İbrahimov, Toğrul Mustafayev, Həmid Bəndəliyev, Rafət Sultanov, Pərviz Şirinov, Ülvi Kərimli, habelə karate üzrə dünya çempionu Orxan Baratlını görürük. Nəhayət, şotokan karate idman növü üzrə yeddiqat Azərbaycan şempionu Amid Cavadov estafetin son 120 metr məsafəsini qət edərək Heydər Əliyev meydanında quraşdırılmış səhnədə I Avropa Oyunlarının məşəlini alovlandırdı.

Sonra aprel ayının 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də 150-dən artıq qonağın iştirakı ilə “Atəşgah” məbədində I Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

 

Rizvan HİLALOĞLU,

Seyran CAVADOV

Azərbaycan.-2015.- 3 may.- S.7.