Mətbuatda milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına hörmət prinsipi bütün maraqlardan öndə dayanmalıdır

 

3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür

 

Müasir dünyada söz, fikir və mətbuat azadlıqları hər bir sivil dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edir. Bu azadlıqlar hər bir cəmiyyətdə aşkarlıq, hesabatlıq və siyasi plüralizm prinsiplərinin təminatında mühüm rol oynamaqla yanaşı, demokratik inkişafı şərtləndirən mühüm amillərdən sayılır. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də məhz kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Bu da təsadüfi deyil ki, bəşəriyyətin mövcudluq tarixi söz, fikir və mətbuat azadlıqları uğrunda mübarizə səhifələri ilə zəngindir: sivil cəmiyyət daim azad fikir, sərbəst düşüncə ifadə etməyə, eyni zamanda dəqiq, obyektiv informasiya almağa mənəvi ehtiyac duyub.

1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya dövlətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi” qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü il mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara alıb.

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da ciddi dönüş yaranmış, siyasi plüralizmin, söz, məlumat azadlığının təmini istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Nəticədə müstəqil respublikamız bu gün söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında qabaqcıl yerlərdən birini tutur. Respublikada bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar ilk növbədə demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatının inkişafında yeni mərhələ başlandı. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilir. “Jurnalist əməyi qeyri-adi əməkdir, çox səylər və hünər göstərilməsini tələb edən əməkdir” deyən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur.

1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım olmuşdur.

Ulu öndərin mətbuat sahəsindəki mütərəqqi siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarı kimi çıxış edir. Dövlət başçısı milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır. Azərbaycan Prezidentinin söz və mətbuat azadlığına necə həssas yanaşdığını onun bu fikirləri bir daha təsdiqləyir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”.

Mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılması da mühüm addım olmuşdur. 2003-cü ilin martında ölkə jurnalistlərinin birinci qurultayında demokratik səsvermə yolu ilə Mətbuat Şurasının üzvləri və sədri seçilmişdir. Şura ötən illərdəki uğurlu fəaliyyəti ilə cəmiyyətdə qəbul olunan, sayılıb-seçilən, eyni zamanda mətbuat-məmur, mətbuat-vətəndaş mübahisələrinin məhkəməyəqədərki həllində nailiyyətlər qazanan nüfuzlu təşkilata çevrilmişdir.

Dövlət başçısı İlham Əliyev ilk gündən respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə lazımi şəraitin yaradılmasının tərəfdarı olduğunu bəyan etmişdir. Hələ 2005-ci il 21 iyul tarixində “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymət verildiyinə sübutdur. “Əkinçi” qəzetinin 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi ölkə rəhbərinin mətbuata qayğısını əyani nümayiş etdirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları sübut edir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Mətbuata Dövlət Dəstəyi Konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” sərəncamı da məhz Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

2010-cu ildə Mətbuat Şurasının yeni ofisinin istifadəyə verilməsi, milli mətbuatın 135 illik yubileyinin keçirilməsi, 40-dək qəzetə və kütləvi informasiya vasitəsinə birdəfəlik maliyyə yardımlarının edilməsi, mətbuatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması da bu sahəyə yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan haldır. 2010-cu ilin dekabrında həmin binanın tikintisi üçün Bakıda torpaq sahəsi ayrıldı və 2013-cü il iyulun 22-də 17 mərtəbəli, ikibloklu, 156 mənzilli bina tikilərək jurnalistlərin istifadəsinə verildi. Ölkə rəhbəri mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin müsbət təcrübəsini nəzərə alaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi məqsədilə növbəti sərəncam imzaladı. Sərəncama əsasən mətbuat işçiləri üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq 5 milyon manat vəsait ayrıldı. Mətbuatın inkişafına göstərilən bu yüksək diqqət və qayğı müqabilində ölkə rəhbərliyinin mətbuatla bağlı gözləntiləri isə tamamilə obyektiv xarakter daşıyır. Daha dəqiqi, mətbuatdan yalnız qanunlara, peşə etikasına hörmət, milli-mənəvi dəyərlərə sədaqət, dövlət və xalq maraqlarına təəssübkeş, vətənpərvər münasibət istənilir. Bütün bunlar isə sırf peşəkarlıqla bağlı məsələlərdir.

Son illər cəmiyyət həyatının bütün sahələrində əsaslı keyfiyyət dəyişiklikləri hiss olunur, bir çox məsələlər də məhz ictimai qınaq və məzəmmət yolu ilə aradan qalxır. Respublikamızın dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Azərbaycan mətbuatı keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərməli, ifrat siyasiləşmə meyillərindən qaçmalı, cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmamalıdır. Mətbuatda milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına hörmət prinsipi bütün konyunktur maraqlardan öndə dayanmalıdır. Əslində bunu müharibə şəraitində yaşayan, ərazisinin 20 faizi işğal olunan bir dövlətdə xalqın milli maraqları tələb edir.

Bu mənada yeni dövrdə ölkə mediasının da üzərinə mühüm vəzifələr düşür. İlk növbədə mətbuatda peşəkarlıq əsas normalardan birinə çevrilməli, KİV-də milli maraqların qorunması hər bir jurnalist üçün vacib mənəvi məsələ olmalıdır. Demokratik cəmiyyətdə bütün məsələlərin inzibati yolla tənzimlənməsinin qeyri-mümkünlüyü nəzərə alınmaqla jurnalistlərin xəbər yayımında ehtiyatlı davranmaları, bu zaman milli təəssübkeşlik mövqeyi nümayiş etdirmələri yeni dövrün diktə etdiyi obyektiv reallıqdır.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2015.- 3 may.- S.10.