Şuşaya qayıdacağıq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib

 

Dünən Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Musiqili Dram Teatrında “Şuşaya qayıdacağıq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Tədbir öncəsi teatrın foyesində Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı  Bayram Səfərov KİV nümayəndələri ilə görüş zamanı bildirdi ki, bir neçə əsrdə azərbaycanlılar dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışlar. Bu gün də torpaqlarımızın bir hissəsi işğal altındadır. İşğalçılar BMT-nin qərarlarına məhəl qoymurlar. Bu gün ermənilərin əsl simasının tanınmasında dünyada uğurlu aparılır. İqtisadisiyasi baxımdan yüksəliş dövrünü yaşayan ölkəmizin hər bir vətəndaşı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əmrinə hazırdır. Məhz belə təmkinli və əhatəli siyasət nəticəsində tezliklə torpaqlarımız geri qaytarılacaqdır.

B.Səfərov vurğuladı ki, Sumqayıtda hər il keçirilən, Şuşanın işğalına həsr edilən belə mərasimin əhəmiyyəti böyükdür. Qan yaddaşımıza çevrilən bu tarix hər kəsə aşılanmalı, hərbi vətənpərvərlik hissi gücləndirilməlidir.  

Daha sonra Sumqayıt Dram Teatrının, incəsənət ustalarının səhnələşdirdikləri ədəbi-bədii kompozisiya göstərildi. Göstərilən tarixi hadisələr, erməni vəhşiliyini əks etdirən kinolentlər zala toplaşan hər bir kəsin qəlbində nikbin hisslər oyatdı. Aktyorların ifasında canlandırılan səhnələr, tarixi şəxsiyyətlərin monoloqları zalda əyləşənlərdə kövrək duyğularla yanaşı, həmqürur hissi oyatdı. Zala toplaşanlar sanki qədim Azərbaycan torpağı olan Şuşaya səyahət etdilər. Soyuq bulaqların şırıltısı, bağrı qana dönən xarı bülbül, Şuşanın qartallı dağları və digər mənzərələr insanları kövrəltdi. Gecədə vətənpərvərliklə bağlı mahnılar ifa olundu, şeirlər səsləndirildi.

Tədbirdə bildirildi ki, əldə ediləcək gələcək qələbələr ölkə başçısının diqqət və qayğısının nəticəsidir. 1993-cü ildə xalqın təkidli tələbiylə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti bu gün onun yolunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında gələcək tariximizə öz layiqli nailiyyətlərini yazacaq, qan yaddaşımız olan bütün ərazilər düşmən tapdağından azad ediləcəkdir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, Milli Məclisin deputatlarının, Qubadlı rayon rəhbərliyinin də iştirak etdikləri mərasim ərazilərimizin tezliklə işğaldan azad ediləcəyinə inam  hisslərini aşılayan mahnılarla  başa çatdı.

 

Akif ƏLİYEV,

Azərbaycan.-2015.- 5 may.- S. 14.