Binəqədidə möhtəşəm gül bayramı keçirildi

 

Hər il olduğu kimi, bu il də Binəqədi rayonunda möhtəşəm gül bayramı keçirildi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunan ümumrayon gül bayramında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, rayon hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

On minə yaxın insanın iştirak etdiyi bayram tədbirində Bakı-2015 I Avropa Oyunları ilə əlaqədar təbii güllər və çiçəklərdən hazırlanmış müxtəlif növ idman növlərini simvolizə edən kompozisiyalar nümayiş etdirildi. Müxtəlif növ çiçək və bitkilərdən hazırlanan və ifadəliyi ilə seçilən rəngarəng kompozisiyaların görünüşü sakinlərdə xoş ovqat yaratdı. Ümummilli lider Heydər Əliyevin portreti və imzasını əks etdirən kompozisiya xüsusi maraqla qarşılanan komponentlərdən oldu.

Heydər məscidindən başlayaraq 246 saylı məktəb istiqamətində Üzeyir Hacıbəyli küçəsi boyunca yolun hər iki tərəfində rayonun orta məktəblərinin şagirdləri, eləcə də uşaq bağçalarının körpə fidanları tərəfindən hazırlanmış sərgilər, rəqslər, bədii qiraət və uşaqların ifasında müxtəlif idman növlərinin nümayişi bayram şənliyinə xüsusi ovqat qatdı.

Rayon rəhbərliyi və qonaqlar kompozisiyalara baxış keçirdikdən sonra ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunan konsert proqramına tamaşa etdilər. Konsertdə respublikanın tanınmış incəsənət ustalarının və rayonun istedadlı gənclərinin ifasında Azərbaycana və ulu öndərə həsr olunan, könül oxşayan mahnılar və şeirlər səsləndirildi. Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilmiş Qızıl Aypara Cəmiyyətinin rayon şöbəsinin sədri Afət Quliyevaya mükafatı təqdim etdi.

 

Azərbaycan.-2015.- 6 may.- S.8.