Qaçqınların və məcburi köçkünlərin ən böyük qayğıkeşi

 

Ümummilli liderin anadan olmasının 92-ci ildönümü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Azərbaycan” qəzeti “Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda birgə “dəyirmi masa” keçirib

 

Azərbaycanın dövlətçilik tarixində böyük şəxsiyyətlər, yaşadıqları dövrdə xalqımızın milli maraqlarını ən yüksək səviyyədə qorumağa çalışan istimai-siyasi xadimlər çox olub. Onların hər biri müxtəlif vasitələrlə bu və ya başqa şəkildə Azərbaycan dövlətinin möhkəmlənməsinə, xalqımızın işıqlı gələcəyinə yönələn xidmətlər göstərib. Çoxsaylı nəzəriyyələrə, geniş fikir müxtəlifliyinə baxmayaraq, ümumi qənaət bundan ibarət olmuşdur ki, hər bir xalqın milli inkişaf yolunu müəyyənləşdirərək onu dünya miqyasında tanıdan, layiqli mövqelərə çıxaran məhz dahi şəxsiyyətlərdir. XX əsr Azərbaycan tarixinin ən böyük, fenomen şəxsiyyəti kimi şərəfli ömür yolunun 34 ilini xalqının inkişafına həsr etmiş ulu öndər Heydər Əliyev də məhz belə liderlərdən olmaqla, müasir dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq onun qəlbində özünə möhtəşəm bir abidə ucaltmışdır.

2015-ci ilin  əlamətdar hadisələrindən biri də ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür. Artıq neçə vaxtdır ki, ölkənin hər yerində bu əlamətdar günə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə “Azərbaycan” qəzetinin birgə təşkil etdiyi “dəyirmi masa”nı giriş sözü ilə açan Baş nazirin müavini, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, YAP sədrinin müavini Əli HƏSƏNOV dedi:

- Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində həmişə birlikdə fikir mübadiləsi aparırıq. Bu dəfə də “Azərbaycan” qəzeti ilə birgə tədbir təşkil etmişik. Dünyada tarixi şəxsiyyətlər, nadir insanlar hesab edirəm ki, təsadüfən doğulmurlar. Onları yaradan, formalaşdıran müəyyən amillər var. Onlardan biri genetik faktorla, digəri ailədə aldığı tərbiyə ilə, o biri düşdüyü ictimai mühitlə bağlıdırsa, biri də hər kəsə verilməyən Tanrı vergisidir. Ulu öndərin həyat və fəaliyyətini bir daha vərəqləyərək özlüyümdə belə qənaətə gəlmişəm ki, Heydər Əliyevin dünya siyasətinin korifeyi olması, tarixi və nadir şəxsiyyətinə çevrilməsində bu amillərin hamısı mühüm rol oynayıb. Onda olan cəsarət, qətiyyət, prinsipiallıq hesab edirəm ki, genetik faktordur. Hər yerdə birincilik və məqsədinə, istəyinə nail olmaq məharəti isə düşdüyü mühitlə əlaqədardır. Ulu öndər Heydər Əliyev harada işləyibsə, çalışıbsa, həmişə çətinliklərlə qarşılaşıb. O, həyat yolunda  heç vaxt nəyəsə asanlıqla nail olmayıb! Bu çətinliklər onu vadar edib ki, əgər belə demək mümkünsə, o sahədə birinci olsun. Və nəhayət,  Tanrı vergisi!

Necə oldu ki, ulu öndər 70-ci illərdə ölkəyə rəhbərlik edəndə digər respublikalardan fərqli olaraq Azərbaycanı ön cərgəyə çıxardı? Bu bir faktdır ki, SSRİ dövlətinin sonsuz imkanlarından müttəfiq respublikaların rəhbərlərindən hər kəs yararlana bilmirdi. Ulu öndər şəxsi hörməti və nüfuzu sayəsində SSRİ-nin ovaxtkı imkanlarından istifadə etməklə Azərbaycanın bütün sənayesinin, kənd təsərrüfatının, təhsil, mədəniyyət, energetika və ümumiyyətlə, bütün sahələrinin inkişafının təməlini qoydu. Bu, həm də onun qətiyyəti, bacarığı, məharəti sayəsində mümkün oldu. Beləliklə, Azərbaycan hələ o dövrdə İttifaq səviyyəsində ən tanınmış bir ölkəyə çevrildi. Ancaq sonralar, yəni o, SSRİ-də yüksək vəzifəyə təyin olunarkən yenə də müəyyən çətinliklərlə üzləşdi. Əvvəla, Heydər Əliyevin SSRİ kimi bir ölkənin rəhbərliyində təmsil olunması o qədər də sadə bir iş deyildi. Çünki SSRİ məkanında yüksək vəzifəyə təyin olunmaq üçün sənin dini və milli mənsubiyyətin bu qaydalara cavab verməli idi Buna baxmayaraq o, buna nail oldu və ən yüksək vəzifələrdən birinə təyin olundu. Bu vəzifə təyinatından sonra ermənilər öz çirkin əməllərini, təbliğat maşınlarını işə saldılar. Çox təəssüflər olsun ki, bu qısqanclıq yalnız ermənilərdə deyildi. Bu qısqanclıq SSRİ-nin ilk və son prezidenti M.Qorbaçovda da baş qaldırdı. Səbəbi çox sadə idi: çünki M.Qorbaçov siyasət aləmində, idarəçilikdə Heydər Əliyevlə müqayisədə çox cılız görünürdü. Və ermənilər də bundan dərhal istifadə etməyə başladılar. Beləlilklə, erməni düşmənçiliyi ilə M.Qorbaçov qısqanclığı birləşdi...

Heydər Əliyevə o zaman edilən qısqanclıq bu gün də ölkə başçısı İlham Əliyevə qarşı göstərilir. Prezident İlham Əliyevin Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə yüksəltməsi bədxahlarımızı narahat edir. Bu qısqanclıq beynəlxalq miqyaslıdır. Bu iki şəxsiyyət Tanrının bizim xalqımıza göndərdiyi hikmətdir, nemətdir! Tanrı bizə qarşı 2 dəfə güzəştə gedib: bir dəfə 1993-cü ildə, bir də 2003-cü ildə! Üçüncü dəfə isə hesab edirəm ki, güzəşt olmayacaq! Ona görə də bunu nəzərə almalıyıq. Bunu hamı bilməli və nəzərə almalıdır! Ulu öndər deyirdi ki, mənim üçün ən dəyərli olan mənim xalqımdır. Prezident İlham Əliyev isə deyir ki, “Mən xalqım üçün birinci dərəcəli xidmətçiyəm”. Yəni bu cür paralelləri çox sadalamaq olar. Bunların həyat yolunda da bu paralelliklər var: cənab İlham Əliyevin bu dövr ərzində gördüyü işləri xalqımız çox yüksək qiymətləndirir.

 Hər bir cəmiyyətdə ədalət, insanpərvərlik, mənəvi saflıq kimi ülvi dəyərlər məhz kamil şəxsiyyətlərin saf düşüncə və pak əməllərində gerçəyə çevrilir. Yalnız yüksək mənəviyyatlı insanlar öz əməlləri ilə təkcə müasirlərinin deyil, həm də gələcək nəsillərin qarşısında cavabdehlik daşıdıqlarını dərk edirlər. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu da yarandığı vaxtdan etibarən Azərbaycan xalqı qarşısında müstəsna xidmət və xeyirxah əməllərin daşıyıcısı olmaqla belə bir ucalığa yüksəlmiş, insanların səmimi rəğbətini qazanmışdır. Heydər Əliyev Fondu ictimai statusla fəaliyyət göstərməsinə baxmayaraq, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz töhfəsini verir, xalqın milli mədəniyyətinin, milli-mənəvi dəyərlər sisteminin yad təsirlərdən qorunmasında, cəmiyyətdə saflıq, nəciblik, xeyirxahlıq kimi dəyərlərin təbliğində müstəsna rol oynayır.

Ölkəmizin qarşısında dayanan ən başlıca problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsidir. Öz dövründə ulu öndər bütün diplomatik imkanlardan istifadə edərək münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində çalışdı. Problemin həlli  istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrləri ötən 20 ildə bir addım belə atmayıblar. Bəli, ara-sıra bəyanatlar verməklə missiyalarını yerinə yetirmiş hesab edirlər!  Hazırkı Ermənistan iqtidarı millətinə, xalqına düşmənçilik edir. Bəs dünya erməniləri bunu görmür? Deməli, dünya erməniləri də istəyir ki, Ermənistandakı ermənilər dilənçi kimi yaşasın! Niyə normal rejim yaratmırlar? Onlar da bilməlidir ki, gec-tez qonşuluqda yaşamalıyıq. Başqa yol yoxdur! Onlar nə qədər tez yola gəlsələr, özlərinin xeyrinədir. Azərbaycanın davamlı inkişafı qarşısında Ermənistan dilənçi vəziyyətdədir! Orada yaşayan xalq da bu reallığı başa düşməlidir. Bizim orada girovlarımız var. Hesab edirəm ki, torpaqlarımızı işğal altında saxlayan ermənilər deyil, onların himayədarlarıdır! Bunun sonu olacaq. Azərbaycan Ordusu girovlarını azad edəcəkdir!

 Dilqəm Əsgərov  son məhkəməsində deyib ki,  “Mən DQR tanımıram, tanımaq da istəmirəm”! Bax, budur Azərbaycan vətəndaşı! Vətən, torpaq təəssübkeşliyi nümunəsi budur! Bundan hər bir azərbaycanlı nümunə götürməlidir! Vətənpərvərlik tərbiyəsində belə faktlardan istifadə olunmalıdır!

Bu gün ulu öndərin anadan olması münasibətilə keçirdiyimiz tədbirdə onu yad edirik. Amma düşünürəm ki, biz il boyu ulu öndəri yad edirik. Yüz illər keçəcək, onun barəsində yeni-yeni müsbət keyfiyyətlər aşkar ediləcək və dünya siyasətçilərinə nümunəyə çevriləcəkdir.

 

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV:

- Bəşər tarixi böyük şəxsiyyətlərin qələbələrinə, uğurlarına çox şahidlik edib. Həmin şəxsiyyətlərin qurub-yaratdıqları, miras qoyduqları irs xalqlarının gələcəyinə işıq salıb, sonrakı tarixini, dünyadakı yerini müəyyənləşdirib. Məhz ona görə də belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerini tutublar. Biz bu tədbiri ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr etmişik. Bugünkü tədbirdə iştirak edənlər ulu öndərin həyat və fəaliyyətini, Azərbaycan xalqı, dövlətçiliyi üçün gördüyü işləri çox gözəl bilirlər. Ona görə də çıxışımda əsas diqqəti daha çox onun qeyri-adi şəxsiyyətinin bəzi cəhətlərinə yönəltmək istəyirəm.  Heydər Əliyev həqiqətən də Allah vergisi verilmiş bir insan, xarizmatik şəxsiyyət, böyük iradə sahibi idi. Eyni zamanda, mərhəməti ilə daim insanlara yüksək qayğı göstərər, onları dəyərləndirərdi. Gənclərə, gənc nəslə xüsusi qayğısı vardı. Bütün bunların hamısı gözümüzün önündə baş verib. Bütün bu ali keyfiyyətlər ulu öndərin şəxsiyyəti və onun qeyri-adi bir insan olması ilə bağlı idi. 

Ulu öndər sadə bir ailədən çıxmışdı. Atası dəmiryolçu idi. O dövrdə Dövlət Təhlükəsizliyi orqanlarında işləmək asan məsələ deyildi. Amma Heydər Əliyev ağılı, bacarığı, güclü zəkası sayəsində azərbaycanlıların yaxına buraxılmadığı bir təşkilatda general rütbəsinə qədər yüksəldi və sonradan həmin orqanın rəhbəri oldu. Sirr deyildir ki, sovet dövründə heç bir azərbaycanlı o quruma rəhbərlik edə bilməzdi. Ancaq Heydər Əliyevin şəxsi bacarıq və qabiliyyəti nəticəsində bu mümkün olmuşdu. Dünyada çox az adam olub ki, hakimiyyətin zirvəsinə yüksəlsin və o zirvəni tərk edəndən sonra yenidən geriyə qayıda bilsin. Ulu öndər SSRİ kimi nəhəng bir imperiyanın rəhbərlərindən biri idi və M.Qorbaçov kimi paxıl, qısqanc, bəşəriyyətə qənim kəsilən bir insanın xəbisliyi ilə vəzifədən uzaqlaşdırıldı və çox keçmədi ki, ikinci dəfə siyasi hakimiyyətə  qayıdıb yenə öz dövlətinə, xalqına rəhbərlik etməyə başladı.

 Yaddaşımı vərəqlədim, Napoleon Bonapart yadıma düşdü, o da fəaliyyəti dövründə Müqəddəs Yelena adasına sürgün olunmuşdu. Sonra yenidən hakimiyyətə qayıtsa da, məğlubiyyətdən yaxa  qurtara bilmədi: sonda həyatını həmin adada başa vurdu. Ulu öndərimiz isə sona qədər qalib oldu, sona qədər dövləti qurdu, dövlətçiliyi yaratdı və öz fikirləri, ideyaları ilə onun inkişafı üçün yollar müəyyən etdi! Dəfələrlə ölümdən qurtardı, 20 Yanvar hadisəsi baş verəndə özünü yenə təhlükəyə ataraq Moskvadakı Azərbaycan nümayəndəliyinə getdi, orada öz ölkəsinin, xalqının mənafeyinə xidmət edən bəyanat verdi.  Bax, bu da onun cəsurluğunun, ölümün gözünə dik baxmaq qabiliyyətinin bir nümunəsidir! Tarixdə heç görünməyib ki, əliyalın sərkərdə silahlı və başıpozuq ordunu məğlub etsin! Ulu öndər bunu çox asanlıqla bacardı! Naxçıvandan Bakıya gələndə özü ilə zəkası və bir də tükənməz enerjisindən başqa heç nə gətirməmişdi. Nə qoşunu, nə cəbbəxanası var idi... Bakıya gəldi və çox keçmədi ki, öz bacarığı, siyasəti və uzaqgörənliyi ilə özbaşınalıq edən dəstələri tərk-silah etdi. Ulu öndərin dövründə iki dəfə - 4 oktyabr 1994-cü il və 13-18 mart 1995-ci illərdə dövlət çevrilişlərinə cəhdlər oldu. Bu cəhdlər zamanı Heydər Əliyev öz Vətənini atıb qaçanlardan fərqli olaraq  sona qədər postunda oldu, öz xalqına, dövlətinə sahib çıxdı. Xalqın dəstəyi sayəsində Azərbaycan dövlətini və dövlətçiliyini xilas etdi.

Başqa bir misal çəkmək istəyirəm: Ulu öndər ikinci dəfə siyasi hakimiyyətə gələndə  Azərbaycanın dövlət büdcəsi, demək olar ki, boş idi. Heydər Əliyevin uzaqgörənliyi nəticəsində yoxsul Azərbaycan dövləti dünyanın nəhəng dövlətlərinin aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalandı. Sözsüz ki, bu müqaviləni imzalayanlar ulu öndərin nüfuzuna, bacarığına, səriştəsinə güvənib bunu etdilər. Çünkü bütün dünya onun şəxsiyyətini, əzəmətini görür və qəbul edirdi.

Senzura ilə bağlı bir neçə məsələni qeyd etmək istəyirəm. 123 il Azərbaycan mətbuatı senzura nəzarətində olub. Nəhayət, 123 ildən sonra 6 avqust 1998-ci ildə ulu öndər cox qətiyyətli və cəsarətli bir addım atdı - mətbuata senzura nəzarətini ləğv etdi. Hətta o vaxtlar müxalifət qəzetləri, özlərini demokrat sayanlar bəyan edirdilər ki, “senzuranı ləğv etdilər ki, gündə bizi məhkəmə çəkişməsinə cəlb etsinlər”. Hətta AXC-Müsavat cütlüyü özləri iqtidarda  olanda hərbi senzuranın da tətbiqinə başlamışdılar.

Ulu öndərin həyata keçirdiyi islahatlar arasında torpaq islahatı xüsusi yer tutur.   Bu gün də MDB-də elə dövlətlər var ki, hələ də bu məsələni həll edə bilməyib. Ulu öndər bu sahədə də geniş fəaliyyət göstərdi, özəlləşdirmə proqramını gerçəkləşdirdi, Azərbaycanda qısa bir müddətdə bazar iqtisadiyyatına keçidin bərqərar olmasına şərait yaratdı.

1983-1993 illərdə başımıza nə bəlalar gəlibsə, ulu öndərin respublika  rəhbərliyində  olmayan vaxtlarda baş verib. Ona qədər öz doğma torpaqlarından zorla qovulmuş, yol kənarlarında, çadırlarda, qeyri-insani şəraitdə yaşayan qaçqınlara və məcburi köçkünlərə heç kim qayğı göstərməyib. Bunu da yalnız Heydər Əliyev etdi. O, beynəlxalq təşkilatları, humanitar qurumları bu məsələyə cəlb etdi. Sistemli şəkildə qaçqınlara və məcburi köçkünlərə qayğı göstərilməsinin, onların rahat şəraitlə təmin olunmasının əsasını qoydu. Artıq bu gün hər cür şəraiti olan 90 qəsəbə tikilib istifadəyə verilib və Prezident İlham Əliyev ulu öndərin bu sahədəki əvəzsiz fəaliyyətini yüksək səviyyədə davam etdirir.

Hər bir rəhbərə özündən sonra xalqını daim bəlalardan qoruyan, rifahını yüksəltməyə kömək edən, milləti bütün təhlükələrdən çıxaran bir istiqamət, bir yol qoyub getmək qismət olmayıb. Ulu öndər  bu gün bizim hər birimizin hörmət və məhəbbətlə “Heydər Əliyev siyasi kursu” adlandırdığımız yolu müəyyən edib, eyni zamanda, ən layiqli siyasi varisini də yetişdirib. Ulu öndər cismən aramızda olmasa da, daima onun əməlləri yaşayır, Azərbaycan onun qoyduğu yolla inkişaf edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu siyasi kursu uğurla davam etdirir, Azərbaycanı gündən-günə inkişaf etdirir. Bu gün siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə Azərbaycan dünyada xüsusi mövqeyə malikdir.

Qarşıdan Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü gəlir. Hər birimiz üçün əziz və doğma olan bu hadisə ərəfəsində ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinə nəzər yetirməklə həm də bu böyük şəxsiyyətin xatirəsinə öz ehtiramımızı ifadə edirik. Çünki  ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, dövlətinin və xalqının mənafeyi və bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb.

 

Füzulu rayonundan məcburi köçkün, “Qayıdış” qəzetinin redaktoru, rayon Ağsaqqallar Şurasının sədri Məcnun NAMƏZƏLİYEV:

- Xalqımızın sevimlisi Heydər Əliyevin xoş siması həmişə yadımdadır. O böyük şəxsiyyətlə dəfələrlə görüşmüşəm, onun iştirakı ilə keçirilən iclaslarda, tədbirlərdə olmuşam, məruzə və çıxışlarını dinləmişəm. Taleyimdə və jurnalist fəaliyyətimdə dönüş yaradan Heydər Əliyevin tövsiyəsi ilə 1983-cü ildən rayon qəzetinə redaktor təyin edilmişəm. Onunla ilk görüşüm, səmimi sualları, söhbəti qəlbimdə ən əziz xatirəyə çevrilib.

Heydər Əliyev Azərbaycanın iqtisadiyyatı, kənd təsərrüfatı, ağır və yüngül sənayesi  ilə yanaşı, xalqımızın milli mədəniyyətinin, incəsənətinin ədəbiyyatının, təhsilinin də inkişafına xüsusi önəm vermişdir. Ulu öndər azərbaycanlı gənclərin əcnəbi dilləri də bilməsi, intellekt səviyyələrinin yüksəlməsi naminə hər il təhsil almaq üçün keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoyub. O dövrdə Heydər Əliyevin şəxsi təşəbbüsü və dəstəyi sayəsində böyük qruplar halında SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilib, hər il xarici ölkələrə 800 tələbə yola salınıb.

Heydər Əliyevin atdığı addımlar, verdiyi qərarlar bütün varlığı ilə bağlı olduğu Azərbaycanın etibarlı gələcəyinə yönəlmişdir. Prezident İlham Əliyev ulu öndərin siyasi kursuna sadiq qalaraq müstəqil Azərbaycanımızı iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl dövlətləri sırasına çıxarmışdır.

Təmsil olunduğum Füzuli rayonundan olan məcburi köçkünlər də  fədakar həyatı, coxcəhətli və möhtəşəm fəaliyyəti ilə “Dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış ümummilli liderimizin nurlu xatirəsini həmişə uca tutur.  Dövlət müstəqilliyimizi, xalqımızın azadlığını əbədiləşdirmiş rəhbərə bəslənən hüdudsuz ehtiram  bu anım günlərində ürəklərdə böyük əks-səda doğurur.     

 

Şuşa rayon Məşğulluq Mərkəzinin direktoru Vəsilə XƏLİLOVA:

- Heydər Əliyev ömrünü Azərbaycan xalqının firavanlığına və xoşbəxtliyinə həsr etdi. Sadə bir azərbaycanlı ailəsində doğulan insan bütöv Azərbaycan xalqının övladına çevrildi. Hər dəfə bu dahi şəxsiyyət haqqında söhbət düşəndə xəyalım məni uzaq keçmişə, xoşbəxt və qayğısız Şuşalı günlərə aparır.

 1982-ci ilin qarlı bir qış günündə Şuşada M.P.Vaqifin məqbərəsinin açılışı qeyd olunurdu. Heydər  Əliyev Azərbaycanın seçilmiş sənət adamlarını və ziyalılarını başına yığaraq Şuşaya gəldi. O, bu gəlişi ilə şuşalılara və Şuşaya hörmətini nümayiş etdirdi, eyni zamanda bir daha sübut etdi ki, Qarabağ, Şuşa Azərbaycanın ayrılmaz tərkib hissəsidir.  Çünki, müdrik və uzaqgörən ulu öndər hələ o vaxt Qarabağa dikilən mənfur niyyətləri hiss etmişdi... Şuşanın sonrakı inkişafında da Heydər Əliyevin misilsiz xidmətləri var.   Burada görkəmli insanlara abidələrin qoyulması, ev muzeylərinin yaradılması, tarixi memarlıq abidələrinin bərpası da məhz ulu öndərin adı ilə bağlıdır.

 Ümummilli liderimizin təşəbbüsü ilə 1977-ci ildə qədim Şuşa Tarixi Memarlıq Qoruğu elan edilmişdi. Heydər Əliyevin Şuşaya göstərdiyi bu diqqət və qayğısı sonrakı məcburi köçkünlük həyatında da özünü doğrultdu. Azərbaycanın çətin bir məqamında xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev məcburi köçkünlərin əsl xilaskarına çevrildi. O, məcburi köçkünləri bir an da diqqətindən kənarda qoymurdu. Təsadüfi deyildir ki, ulu öndər qaçqın və məcburi köçkünlərin problemlərini özünün bir nömrəli problemi hesab edirdi. Tez-tez məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərciklərində olurdu.

Mən də məcburi köçkün kimi ümummilli liderin bizlərə göstərdiyi qayğı və diqqətdən ruhlanaraq və özümə mənəvi borc bilərək dissertasiya işimin tədqiqat obyektini də məcburi köçkünlərin sosial və məşğulluq problemlərinin həllinə yönəltmişəm. Hər dəfə bu sahədə tədqiqat işləri apararkən  dövlətimizin məcburi köçkün və qaçqınlar üçün gördüyü işlər qarşımda geniş bir panoram kimi açılır.

 

Qubadlı rayonundan məcburi köçkün, təqaüdçü Azad HACIYEV:

- Xalqımızın böyük oğlu Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərini sadalamaqla qurtaran deyil. Onun Azərbaycan naminə etdikləri tarixin səhifələrinə əbədi həkk olunmuşdur. Heydər Əliyevin ideyaları, çoxşaxəli fəaliyyəti çətinliklərdən keçsə də, həmişə ölkəmizə uğur gətirib. Əmək fəaliyyətinə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında başlayan Heydər Əliyev sonralar uzun müddət dövlət təhlükəsizliyi orqanlarında çalışmışdır. O illərin canlı şahidi, iştirakçısı kimi deyə bilərəm ki,  Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP  Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra respublikamızda, ilk növbədə, sənayedə, kənd təsərrüfatında, elm və mədəniyyət sahəsində, dövlət quruculuğunun bütün sahələrində uğurlu dönüş yarandı.

Tərəqqiyə  mane olan neqativ hallara qarşı mübarizə daha qətiyyətli şəkil aldı, əhalinin mənafeyi önə çəkildi. Bir sözlə, ildən-ilə ölkəmizin iqtisadi inkişaf potensialı genişləndi, insanların rifah halı yaxşılaşdı. Məhz bu idarəçilik qabiliyyətinə, qazanılan yüksək nailiyyətlərə görə Heydər Əliyev İttifaq miqyasında yüksək vəzifəyə təyin edildi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi xalq təsərrüfatının inkişafında yeni-yeni uğurların qazanılması üçün gərgin fəaliyyət göstərdi.

Ümummilli lider Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yürütdüyü siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.

Ulu öndər istər Moskvada işlədiyi dövrdə, istərsə də respublkamıza rəhbərlik etdiyi vaxtlar həmişə ölkəmizin tərəqqisinə, inkişafına önəm vermiş, Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmağı bacarmışdır. Təsadüfi deyildir ki, dünya şöhrətli siyasətçi  xalqımızın yaddaşında həmişəlik müstəqil Azərbaycanın qurucusu və memarı kimi qalmaqdadır.

Böyük qürur və iftixar hissi ilə deyə bilərəm ki, Heydər Əliyev siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dünyəvi dövlət kimi inkişaf edir, gözəlləşir və dünyada tanınır. Bunların hamısı Heydər Əliyev dühasının, onun arzu və istəklərinin real bəhrəsidir.

 

Tədbirə yekun vuran  Əli HƏSƏNOV bildirdi:

- Ümummilli lider Heydər Əliyev çox çətin, mübarizə və qələbələrlə dolu bir ömür yaşadı və tarixin onun üzərinə qoyduğu şərəfli missiyanı - Azərbaycanı parçalanmaq və bir dövlət kimi məhv olmaqdan qurtararaq müstəqilliyinin qorunub saxlanılması və əbədiliyə çevrilməsi vəzifəsini yerinə yetirdi. İkincisi, bu yolda gördüyü işlərlə - iqtisadi islahatlar, hüquqi, demokratik dövlət quruculuğu və ölkəmizin dünyaya inteqrasiyası sahəsindəki cahanşümul fəaliyyəti nəticəsində  XX və XXI əsrlər Azərbaycanının ən görkəmli şəxsiyyəti kimi dünya tarixinə düşdü. Heydər Əliyevin ən böyük xoşbəxtliyi isə, şübhəsiz, müəyyən etdiyi yolun bu gün də uğurla davam etdirilməsidir! Ümummilli lider Heydər Əliyevin qurduğu ölkədə dövlət quruculuğu, iqtisadi və siyasi sahədə qazanılan uğurlar gündən-günə artmaqdadır. Bu isə bir daha sübut edir ki, onun ideyaları həmişəyaşardır və unudulmazdır!

“Mən hər bir azərbaycanlının Prezidenti olacağam” - deyən Prezident İlham Əliyev isə ötən 12 ildə bu vədinə sadiqliyini dəfələrlə əməli işi ilə sübuta yetirib. Xalqın xoş gününə, rahat yaşayışına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərində də insanların yanında olub. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə ünvanlanır. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir! Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, dövlət büdcəsi, hərbi xərcləri, valyuta ehtiyatları qısa müddətdə dəfələrlə artsın! Bununla da cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin arzularını praktik şəkildə gerçəkləşdirməklə xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəlir!

Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizin əldə etdiyi böyük uğurların təməlində, heç şübhəsiz, ulu öndərin zəngin siyasi-mənəvi irsi və dövlətçilik məktəbi dayanır. Bu, qalibiyyət yolu, Heydər Əliyev yoludur! Prezident İlham Əliyev isə Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır və bu kurs Azərbaycan xalqı üçün alternativsizdir!

 

Azərbaycan.-2015.- 7 may.- S. 4.