Heydər Əliyevin müstəqillik strategiyası müasir mərhələdə

 

Müstəqilliyi elan etmək hər bir xalq üçün tarixi hadisədir. Amma müstəqilliyi yaşatmaqonu dönməz etmək bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir. Mən bu gün iftixar hissi ilə bəyan edirəm ki, biz, o cümlədən Yeni Azərbaycan Partiyası və onun lideri 1993-cü ilin iyun ayından Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, inkişaf etdirmək, möhkəmləndirmək üçün xüsusi xidmətlər göstərmiş və bunun nəticəsində indi Azərbaycanda müstəqil dövlət yaşayır və onun gələcək yaşayışı üçün böyük təməl qoyulubdur. Bizim başlıca vəzifəmiz qarşıdakı illərdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır.

Heydər ƏLİYEV

 

Ən böyük tarixi nemət

 

Müasir şəraitdə milli özünüdərkin və özünüifadənin fundamental əsası və ilkin şərti, dövlət müstəqilliyi hesab olunur. Bu tezisdən çıxış etməli olsaq, etiraf etmək lazımdır ki, XX əsrdə Azərbaycan xalqının tarixində ən böyüktarixi əhəmiyyətli hadisə dövlət müstəqilliyinin bərpa edilməsidir. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin tarixi əhəmiyyətini şərtləndirən amillər sırasında iki məqamı ayrıca qeyd etməyə ehtiyac duyulur. Birincisi, XX əsrin ikinci onilliyində Azərbaycan xalqının əldə etdiyi dövlət müstəqilliyi məlum tarixi səbəblərlə əlaqədar uzun sürə bilmədi. Müasir dövrün ilk müstəqil Azərbaycan dövləti - Azərbaycan Xalq Cümhuriyyəti iki ildən sonra süqut etdi və müstəqilliyin yenidən bərpa edilməsinə 70 ildən çox vaxt lazım gəldi.

Yenidən qazanılmış müstəqilliyi daha böyük tarixi əhəmiyyət prizmasından nəzərdən keçirməyə vadar edən ikinci məqam isə ondan ibarətdir ki, ötən əsrin 90-cı illərində müstəqilliyinə yenicə qovuşmuş Azərbaycanda baş verən proseslər yenidən dövlət müstəqilliyini itirmək risklərini ciddi şəkildə ortaya qoymuşdu. Erməni təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün itirilməsi ilə nəticələnən müharibənin yaratdığı gərginlik, ifrat siyasi qeyri-sabitlik, dövlət idarəçiliyinin iflası və mütəmadi hakimiyyət dəyişiklikləri, separatizm meyillərinin güclənməsi, dövlətin və ölkənin vahidliyinin real təhlükə altına alınması, ağlasığmaz iqtisadi tənəzzül, xarici qüvvələrin Azərbaycana hədələrinin artması və s. yenicə qazanılmış dövlət müstəqilliyinə açıq-aşkar təhlükə yaradan səbəblərin və ya amillərin heçtam olmayan siyahısıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə məxsus “müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan çətindir” və “dövlət müstəqilliyi hər bir xalqın ən böyük nemətidir” deyimləri qısa təsvirini verməyə çalışdığımız tarixi reallıqlardan qaynaqlanır. Hakimiyyətdə olduğu dövrdə Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsi üçün Heydər Əliyevin müstəsna səylər göstərməsi, zənnimizcə, məhz sözügedən məqamlarla bağlıdır.

Müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyevə görə bir xalqın müstəqilliyini səciyyələndirən başlıca məziyyət yalnız onun əlahiddə yaşamasında deyil. Daha əhəmiyyətli cəhət müstəqilliyin milli siyasi, sosial, iqtisadi və mənəvi hadisə kimi xalqın özünüifadəsinə, öz taleyini həll etmək imkanlarına sahib olmasına, milli inkişafa şərait yaratmasıdır. Hər bir toplum öz qarşısında duran tarixi missiyasını yalnız dövlət müstəqilliyi şəraitində reallaşdırmaq şansına malikdir. Müstəqillik qazanıldıqdan sonra ölkəmizin inkişafı sahəsində əldə olunan möhtəşəm inkişaf dediyimizə əyani misaldır. İqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində görülən işlər, ölkənin simasının müasirləşməsi, Azərbaycanın yaşadığımız bölgənin iqtisadi mənzərəsini dəyişdirməyə qadir olan layihələrin həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış etməsi, bugünkü həyatımızı əks etdirən reallıqlar, ilk növbədə, dövlət müstəqilliyinin əldə edilməsi və qorunub saxlanması kimi fundamental əsasa istinad edir.

Milli müstəqilliyin əsas qayəsi, ilk növbədə, müstəqil dövlətin qurulmasında və səmərəli şəkildə fəaliyyət göstərməsində öz ifadəsini tapır. Suveren dövlət müstəqil şəkildə özünü ifadə edən millətin həlledici atributudur. Başqa sözlə desək, suveren dövlət anlayışı milli müstəqilliyin ayrılmaz tərkib hissəsi keyfiyyətində qavranılır. Milli müstəqillik müstəqilliyin elan edilməsi ilə başlayır və suveren dövlətin qurulması ilə yekunlaşır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın müstəqilliyinin elan edilməsi ilə həqiqi müstəqilliyin təsbit olunması arasında suveren dövlət quruculuğu prosesindən ibarət zaman kəsiyi mövcud olmuşdur. Heydər Əliyevin titanik səyi sayəsində müstəqil Azərbaycan dövlətinin qurulması, onun iqtisadi, siyasi və mənəvi əsaslarının yaradılması ölkəmizin və xalqımızın müstəqilliyinin qəti şəkildə qərarlaşmasını sübuta yetirmişdir. Prezident Heydər Əliyev “müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” kəlmələri ilə əslində, Azərbaycanın dövlət müstəqilliyinin tarixi hadisə kimi qərar tutmasını bəyan etmişdir. İndi hər bir vətandaş müstəqilliyin yaratdığı imkanlardan faydalanır, ölkənin iqtisadi resursları, təbii sərvətləri xalqın xidmətinə verilib. Müstəqillik sözün həqiqi mənasında, tarixi nemət, milli yüksəlişin hərəkətverici qüvvəsi, əvəzi olmayan özünüifadə imkanıdır.

 

Milli müstəqilliyin müasir ölçüləri

 

Milli müstəqilliyin bütün dövrləri əhatə edən fundamental əsası (və ya ölçüsü) dövlət müstəqilliyi - suverenlikdir. Suverenlik dövlətin hüquqi-siyasi müstəqilliyini ifadə edən və onun ayrılmaz keyfiyyəti kimi çıxış edən hüquqi anlayışdır. Dövlət suverenliyi anlayışı milli suverenlik anlayışı ilə sıx əlaqədə nəzərdən keçirilir. Dövlət suverenliyi onun vacib atributlarını, o cümlədən ərazi bütövlüyünüonun toxunulmazlığını nəzərdə tutur. Milli suverenliyin fərqləndirici cəhəti isə onun millətlərin öz müqqəddəratını təyin etmək hüququnda ifadə olunur. Milli suverenlik anlayışına millətin tam hakimiyyət hüququsiyasi azadlığı daxildir.

Siyasi ədəbiyyatda milli suverenliklə yanaşı, xalq suverenliyi anlayışı da işlədilir. Xalq suverenliyi doktrinasının müəllifi Russonun fikrincə, dövlətdə ali hakimiyyət xalqa məxsusdur. Başqa sözlə deyilsə, suverenlik haqqı monarxa deyil, yalnız xalqa məxsusdur. Müasir milli, müstəqil dövlət anlayışında xalq suverenliyi həlledici əhəmiyyət kəsb edirdünya birliyi tərəfindən birmənalı şəkildə qəbul olunur.

Azərbaycan Respublikasının Konstitusiyası xalqın suverenlik hüququnu birmənalı və qəti şəkildə təsbit etmişdir. Konstitusiyanın 1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqı Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe olan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir.

Konstitusiyanın 2-ci maddəsində isə qeyd olunur ki, öz müqəddəratını sərbəst və müstəqil həll etmək və öz idarəetmə formasını müəyyənləşdirmək Azəbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendumümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndəsi vasitəsilə həyata keçirir.

Milli müstəqilliyin digər vacib ünsürü iqtisadi sahədə sərbəstlikdir. Xalqın malik olduğu resurslardan sərbəst istifadə etməsindən tutmuş milli iqtisadiyyatını yaratmağa qədər geniş diapazonu əhatə edən sərbəst fəaliyyət milli müstəqilliyin əsas dayaqlarından hesab olunur. Siyasi müstəqillik - dövlət suverenliyi millətin öz taleyini həll etməsi üçün nə qədər vacibdirsə, iqtisadi müstəqillik də onun real məzmun kəsb etməsi baxımından eyni dərəcədə əhəmiyyət kəsb edir. Yalnız iqtisadi müstəqillik hər bir xalqın dövlət müstəqilliyinə real məzmun verir. İqtisadi müstəqillik iqtisadi suverenlik anlayışı kimi də istifadə olunur ki, bu da onun xalqın milli müstəqilliyi baxımından nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyindən xəbər verir.

İqtisadi suverenlik xalqın resurslarına sahib olmaq, ona sərəncam vermək, milli təsərrüfat sistemini formalaşdırmaq, özünün valyutasını yaratmaq kimi hüquqlarda ifadəsini tapır.

Azərbaycanın müstəqilliyi onun ən vacib parametrlərindən biri olan iqtisadi suverenliyin bərqərar olması ilə tarixi gerçəklik statusunu qazanmasıdır. Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışından sonra dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi vacib tədbirlər sırasında iqtisadi islahatların həyata keçirilməsi xüsusi yer tuturdu. Söhbət müstəqil Azərbaycan dövlətinin iqtisadi bünövrəsinin yaradılmasından gedirdi. Ölkənin siyasi müstəqilliyinin taleyi onun iqtisadi əsasları ilə təmin edilə bilərdi. Digər tərəfdən, demokratik, müasir dövlət quruculuğu yolu seçmiş Azərbaycanın dövlət suverenliyinin iqtisadi əsası, heç şübhəsiz, azadmüasir iqtisadiyyat ola bilərdi. Heydər Əliyevin həyata keçirdiyi iqtisadi strategiyanın əsas hədəflərindən biri ölkənin həyat qabiliyyətinin təmin edilməsi, iqtisadi ehtiyacların ödənilməsi, o zaman müşahidə olunan iqtisadi tənəzzülü cilovlamaqdan ibarət idisə, ikincisi məhz Azərbaycanın dövlət müstəqilliyinin etibarlı əsaslarından birinin yaradılması ilə əlaqədar idi. Azad bazar iqtisadiyyatı yolunun seçilməsi və bu məqsədlə tələb olunan islahatların həyata keçirilməsi, insanların iqtisadi azadlığının təmin edilməsi, zəruri hüquqi bazanın yaradılması və s. iqtisadi xarakterli addımların atılması Azərbaycanın dövlət suverenliyinin möhkəmlənməsinə xidmət edirdi. Eyni sözləri “Əsrin müqaviləsi” adını almış məşhur neft müqaviləsinin imzalanması və bununla əlaqədar zəruri işlərin görülməsi barədə demək mümkündür. Heydər Əliyevin neft strategiyasının Azərbaycanın dövlət müstəqilliyinin qəti şəkildə bərqərar olması və daha da möhkəmləndirilməsi üçün iqtisadigeopolitik əsas rolunu uğurla oynadığını sübuta yetirməyə ehtiyac yoxdur. Bu gün Azərbaycanın neft strategiyası həm Azərbaycan vətəndaşları tərəfindən, həm də xaricdə dövlət suverenliyinin etibarlı təminatı kimi qəbul olunur.

Müstəqilliyin xalqın daxili tələbatı kimi meydana gəlməsi və siyasi təsisatlanma ilə nəticələnməsi ideoloji dəyərlərin formalaşması və milli düşüncə tərzinə çevrilməsi ilə sıx əlaqədardır. Milli ideya, bu mənada, müstəqilliyin əhəmiyyətli ideoloji xarakter daşıyan ölçüsü rolunda çıxış edir. Azərbaycanın dövlət müstəqilliyini qazanması uğrunda mübarizə uzun illər milli-birləşdirici ideyaya istinad etmiş, müstəqil dövlətçilik əhval-ruhiyyəsinin formalaşmasına xidmət göstərmişdir. Ötən əsrin əvvəllərində Azərbaycan ziyalılarının böyük fədakarlıq və qətiyyətlə apardığı müstəqil dövlətçilik mücadiləsi bu ideyanın kütləvi şüurda hakim kəsilməsinə zəmin hazırlamaqla, əslində, dövlət müstəqilliyinin ideya əsasını təşkil etmişdir. Milli suverenliyin bütün xalq səviyyəsində dərk edilmiş tələbata çevrilməsi dövlət müstəqilliyi uğrunda xalqın mübarizə aparmağa hazır olduğuna işarə sayıla bilər. Eyni fikirlər XX əsrin 90-cı illərində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi və qəti olaraq qərarlaşması dövrünə də şamil edilə bilər. Əlbəttə, etiraf olunmalıdır ki, ikinci halda müstəqilliyin bərqərar olunması naminə açıq və uzun sürən mücadilədən söhbət açmaq mümkün deyil. Keçmiş sovetlər birliyinə daxil olan, müttəfiq respublika şəklində birləşmiş bütün xalqlar kimi Azərbaycanın da dövlət suverenliyini qazanması SSRİ-nin süqutunun nəticəsi olmuşdur. Lakin Azərbaycanın dövlət müstəqilliyinin dayanıqlı siyasi gerçəkliyə çevrilməsi milli ideya kimi qüdrətli vasitənin nüfuzedici təsirindən kənarda mümkün ola bilməzdi.

Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olunmasına xidmət edən milli ideya azərbaycançılıqdır. Ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülən azərbaycançılıq ideyasının hədəfi güclü, qüdrətli, demokratik Azərbaycan dövlətinin qurulmasıdır. Azərbaycançılıq, hər şeydən əvvəl, Azərbaycan dövlətçiliyi ideologiyasıdır. Azərbaycançılıq, eyni zamanda, milli konsolidasiya ideyası qismində qavranılır. Azərbaycanın bütün mövcud potensialının - iqtisadi, siyasi, insani, mənəvi və s. güclərinin vahid ideya - müstəqil Azərbaycan dövlətçiliyi amalı ətrafında cəm edilməsi sözügedən ideoloji sistemin başlıca məzmununu və qayəsini təşkil edir. Azərbaycançılıq müstəqil Azərbaycan dövlətinin başlıca təməl prinsipi kimi milli müstəqilliyimizin güclü əsaslarının yaradılmasına əhəmiyyətli töfvə veribbu gün də həmin ideyaya xidmət göstərir.

Milli özünüdərki formalaşdıran amillər sırasında mənəvi dəyərlər xüsusi önəm daşıyır. Sonuncular xalqın milli müstəqillik məfkurəsinin qərarlaşmasından tutmuş suveren dövlətçilik praktikasının reallaşmasına qədər bütün mərhələlərdə aparıcı rolunu nümayiş etdirir. Dil, din, milli əxlaq və mənəvi dəyərlərə daxil olan digər kateqoriyalar (mədəniyyət, adət-ənənələr və s.) milli kimliyin əsas anlayışları olub dövlət suverenliyinin bərqərar olması və həyata keçirilməsində müstəsna əhəmiyyətə malikdir.

Dil, milli mədəniyyət, adətlər hər bir xalqın özünəməxsusluğunu göstərməklə yanaşı, həm də onun tarixi mövcudluğunu şərtləndirir, onu yaşadır. Azərbaycan dili, mədəniyyəti xalqımızın formalaşmasının, yaşamasının və müstəqil dövlətçilik ideyasının ilkin şərtini təşkil edir. Hər bir xalq öz milli dili və mədəniyyəti ilə fərqlənir və onun tarixi taleyinin müəyyən edilməsində həmin amillər başlıca rol oynayır. Bu amillər milli birləşdirici gücü ilə insanların toplum şəklində birləşməsini təmin edir, xalqın özünümüdafiə instinktini yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il mart ayının 19-da Novruz bayramı ilə əlaqədar şənliklərdə vurğulamışdır ki, Azərbaycan dili, mədəniyyəti, adətlərimiz və ənənələrimiz bizim xalqın əsrlər boyu mövcud olmasını təmin etmiş, onu qorumuş, yaşatmışdır. Azərbaycanın dövlət müstəqilliyi məhz bu mənəvi dəyərlərdən qidalanır, özünəməxsusluğunu qoruyub saxlayır, xalqın ideyalarına xidmət göstərir.

Milli dəyərlərə sıx bağlılıq, dilin, mədəniyyətin inkişafı xalqın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə birbaşa təsir göstərir. Hər şeydən əvvəl, dövlətin milli dayaqları möhkəmlənir, onun xalqın iradəsini ifadə etməkdən ibarət olan mahiyyəti daha aydın şəkildə özünü ifadə etmək imkanı qazanır. Dövlətin xalqın birliyinin möhkəmləndirilməsində rolu və əhəmiyyəti artır. Buna görədir ki, Azərbaycan dilinin və mədəniyyətinin inkişaf etdirilməsi, milli adət və ənənələrimizin qorunub saxlanması hazırda milli dövlətçilik ideologiyamızda diqqət mərkəzində olan aktual problem kimi qalmaqdadır. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dilinin konstitusion statusunu təsbit etməklə onun dövlətin müstəqilliyinin təmin edilməsində müstəsna rolunu vurğulayıb.

Dövlət suverenliyinin mühüm atributu müstəqil xarici siyasətdir. Xalqın suveren hüququ həm daxili, həm də xarici münasibətlər sistemində ali iradə şəklində təzahür edir. Suverenlik dövlətlərarası əlaqələrdə dövlətin xalqın iradəsinin ali ifadəçisi kimi çıxış etməsindən ibarətdir. Dövlət, sözün həqiqi mənasında, yalnız o zaman tam müstəqil subyekt kimi davrana bilir ki, onun sərbəst xarici siyasət həyata keçirmək iradəsi mövcuddur və tanınır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi digər zəruri şərtlərlə yanaşı, eyni zamanda, ölkəmizin tam azad, müstəqil xarici siyasət yürütmək iradəsinə söykənir. Azərbaycan dövlətinin xarici siyasəti xalqın iradəsinin və milli maraqlarımızın həyata keçirilməsinə istiqamətlənib. Xarici siyasətin qarşısında duran başlıca hədəf Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü daxilində nizama salınması, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin bərpa edilməsi naminə diplomatik səylərin artırılmasıdır. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, milli maraqların tam şəkildə reallaşması üçün əlverişli regional və beynəlxalq mühitin və münasibətlər sisteminin yaradılması xarici siyasətin qarşısında duran digər vacib məqsəddir. Xarici siyasətin hədəf seçdiyi üçüncü qrup vəzifələr qismində Azərbaycanın müasir, demokratik və dünyəvi imicinin formalaşması, Azərbaycanın beynəlxalq birliyə uğurlu inteqrasiyasına nail olunması qeyd edilə bilər. Nəhayət, Azərbaycanın dövlət suverenliyinin möhkəmləndirilməsinin əlverişli, etibarlı regional və beynəlxalq təminatının yaradılması hazırkı şəraitdə xarici siyasətin qarşısında duran əsas vəzifələrdən biri hesab oluna bilər.

Müasir beynəlxalq münasibətlər sistemi dövlət suverenliyi anlayışını müəyyən şərtlər daxilində məhdudlaşdırmağı zərurətə çevirir. Bu zərurət, ilk növbədə, beynəlxalq hüququn milli hüquqa nisbətdə üstün rol oynaması, beynəlxalq təşkilatlara üzvlüyün dövlətin suveren hüquqlarının müəyyən qisminin həmin qurumlara ötürülməsi və s. ilə əlaqədardır. Müasir dünya bir-biri ilə sıx əlaqədə fəaliyyət göstərən suveren dövlətlərin birliyidir və beynəlxalq təhlükəsizlik, qlobal çağırışlar, dünya miqyasında özünü göstərən problemlərin həlli bütün dövlətlərin birgə işləyib hazırladığı və hamının qəbul etdiyi hüquqi normaların mövcudluğunu şərtləndirir. Bu, hər bir dövlətin suverenliyinin beynəlxalq hüququn fəaliyyət göstərdiyi hədlərdə məhdudlaşdırılması deməkdir. Eyni sözlər BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq təşkilatlara üzv olmaqdan irəli gələn münasibətlər sisteminə də aid edilə bilər.

Lakin yuxarda göstərilənlərin heç biri dövlət suverenliyini xalqın iradəsini müstəsna şəkildə ifadə etmək kimi fundamental məzmundan məhrum etmir. Azərbaycan xalqının suveren hüququ onun formalaşdırdığı dövlətin müstəsna səlahiyyətidir və həmin səlahiyyət Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətinin əsasını təşkil edən həlledici prinsipdir.

 

Müstəqilliyin başlıca təminatları

 

Ayrı-ayrı xalqların müstəqillik qazanması, müstəqil dövlətlərin yaranması dövrü əsasən arxada qalıb. Müstəmləkəçiliyin ləğvi, Asiya, Afrika və Latın Amerikasında yeni müstəqil dövlətlərin yaranması ilə müşayiət olunan XX əsrin ortalarından sonra növbəti suverenlik dalğası Varşava Müqaviləsinin və SSRİ-nin süqutundan sonra başladı. Hazırda kiçik istisnalarla, milli müstəqillik hərəkatlarının əsas etibarilə başa çatdığını düşünmək mümkündür. Doğrudur, dünyanın etnik rəngarəngliyi onun siyasi rəngarəngliyi ilə müqayisədə daha çoxçalarlıdır və bu da müstəqillik və dövlət suverenliyi uğrunda yeni hərəkatlar dalğasının yaranma ehtimalını artırır. Lakin müstəqil dövlət qurmaq üçün zəruri şərtlərə malik olan əksər millətlərin öz müstəqilliyinə artıq nail olduğunu nəzərə alan dünya birliyi bundan sonra kütləvi suverenlik hərəkatının beynəlxalq sülhə və təhlükəsizliyə ciddi hədələr yaratdığı qənaətindədir. Beynəlxalq hüququn əsaslandığı iki fundamental prinsipin - xalqların öz müqəddəratını təyin etmək hüququ ilə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı hüququnun ayrılmaz şəkildə təqdim edilməsi yuxarıda söylənilən təhlükənin dərk və ifadə edilməsinin bariz nümunəsidir. Bununla əlaqədar olaraq, müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin qorunub saxlanması böyük aktuallıq kəsb etməyə başlamışdır. Azəbaycan ərazisinin təxminən 20 %-nin müvəqqəti işğalı ilə nəticələnmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanda Şimali OsetiyaAbxaziya problemi, Ukraynada baş verən hadisələr dövlət suverenliyinin qorunub saxlanmasını müasir beynəlxalq hüququn və münasibətlərin prioritetinə çevirmişdir. Bununla əlaqədar olaraq, müstəqilliyin üç başlıca təminatına diqqət yetirməyin faydalı olduğunu düşünürük.

Hər şeydən əvvəl, milli müstəqilliyin və dövlət suverenliyinin başlıca təminatı rolunda güclü iqtisadiyyatın çıxış etdiyini iddia etmək mümkündür. Güclü iqtisadiyyat dövlət müstəqilliyinin təməlidir” tezisini təkzib etmək qeyri-mümkündür. Özünü təmin edən, əhalisinin ehtiyaclarını layiqincə ödəyən, etibarlı maliyyə sisteminə və ehtiyatlarına malik olan dövlətin müstəqilliyinin kifayət qədər ciddi əsaslara söykəndiyini sübut etməyə xüsusi ehtiyac yoxdur. Azərbaycan iqtisadiyyatının son illərdə qeyri-adi dərəcədə güclənməsi ilə onun müstəqilliyinin etibarlılıq dərəcəsinin artması arasında aydın müşahidə olunan paralellik burada diqqəti çəkən nümunə kimi xatırlana bilər. Hamılıqla təqdir olunan daxili sabitlik, əmin-amanlıq, xalqın özünəinamı və hakimiyyətdən məmnunluq dərəcəsinin yüksək olması müstəqilliyin daxili etibarlı əsasını təşkil edir. Heydər Əliyevin müstəqil dövlətçilik ideyası, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət, hər şeydən əvvəl, iqtisadiyyatın gücləndirilməsinə hədəflənmişdir. Bu gün Azərbaycan dünyada son onilliyin ən dinamik inkişaf edən dövləti kimi tanınır. Təxminən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfədən çox artmışdır.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan iqtisadiyyatının gücü təkcə kəmiyyət anlayışları ilə ifadə olunmur. Onun qüdrətini eyni dərəcədə iqtisadiyyatda baş verən keyfiyyət dəyişiklikləri, uğurla şaxələnməsi, dünya iqtisadiyyatına inteqrasiya etməsi, müasir çağırışlara və rəqabətə cavab verə bilmək iqtidarında olması əks etdirir. Təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatı dünya tərəfindən yeni və səmərəli model kimi qəbul olunmaqdadır.

Dövlət müstəqilliyinin növbəti etibarlı təminatı qismində güclü ordunun təqdim olunması vazkeçilməzdir. Ordu müasirgüclü dövlətin ən vacib təsisatlarından biri kimi fəaliyyət göstərir. O, dövlətin müstəqilliyinin qorunmasına bilavasitə cavabdehdir. Müasir dünyada ayrı-ayrı bölgələrdə, o cümlədən yaşadığımız Qafqaz bölgəsində separatizmin, təcavüzün və zorakılığın siyasi alət kimi istifadə olunduğu şəraitdə ordunun rolu və əhəmiyyəti artmaqdadır. Azərbaycanda ordu quruculuğuna böyük önəm verilməsinin kökü bunlarda axtarıla bilər. Azərbaycan Ordusu Qafqazın ən qüdrətli ordusu kimi ölkəmizin dövlət müstəqilliyinin təmin edilməsinə əvəzsiz töhfə verir. Ordunun müstəqilliyin təminatçısı kimi üstün rolu müasir şəraitdə, ilk növbədə, onunla şərtlənir ki, beynəlxalq hüquq və təşkilatlar dövlətlərin və ölkələrin suverenliyinin və ərazi bütövlüyünün, sülh və əmin-amanlığın qorunub saxlanması kimi fundamental öhdəliklərini yerinə yetirməsində lazımi qətiyyət və səmərəli fəaliyyət nümayiş etdirə bilmirlər. Belə olduqda, beynəlxalq hüququn və təşkilatların yerinə yetirməli olduğu vəzifələri xalq özü icra etməli olurbu işə yararlı əsas vasitə rolunu ordu oynayır.

Müasir dövlət anlayışı demokratiya anlayışından kənar təsəvvür edilmir. Demokratiya bir növ, dövlətin başlıca keyfiyyət müəyyənliyi statusuna sahib olub. Bununla əlaqədar olaraq, dövlət müstəqilliyi anlayışında onun demokratik təsisat kimi qərar tutması vacib şərtə çevrilib. Demokratiya beynəlxalq münasibətlər sistemində dövlətin roluna, siyasi nüfuzuna birbaşa təsir göstərməklə onun beynəlxalq hüququn və təşkilatların çətiri altına alınmasına, dolayı yolla, müstəqilliyin təminatçısına çevrilməsinə bilavasitə təsir göstərir. Azərbaycanın demokratik seçimi, insan hüquq və azadlıqlarına hörmətlə yanaşması ölkəmizin dünya birliyinin layiqli üzvü adını qazanmasına zəmin yaratmışdır. Müasir dünyada demokratiya sadəcə dəyər olaraq qalmır, həm də özündə böyük gücü ehtiva edirbu güc beynəlxalq münasibətlərdə getdikcə daha fəal və həlledici rol oynamağa başlayır. Azərbaycan dünyanın bir parçasıdır və bu cəhət onun beynəlxalq inteqrasiyasının, dövlət müstəqilliyinin daha etibarlı təməl üzərində qərar tapmasının mühüm şərti kimi əhəmiyyətli vəzifəni yerinə yetirir.

 

Əli ƏHMƏDOV,

Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi

Azərbaycan.-2015.- 7 may.- S. 5.