Muğanın bərəkət boğçası bayram ovqatı yaşayır

 

Dünyanın diqqət mərkəzində olan Azərbaycan sevinc, fərəh dolu günlər yaşayır. Paytaxt Bakı ilə yanaşı ölkənin yaxın-uzaq bölgələrində də yüksək əhval-ruhiyyə hökm sürür. Hər ötən gün bizi I Avropa Oyunlarının keçiriləcəyi günə, iyun ayının 12-nə yaxınlaşdırır. Tarixdə ilk dəfə keçiriləcək belə möhtəşəm idman yarışlarına məhz Azərbaycanın ev sahibliyi etməsi hər kəsdə haqlı vətəndaş qüruru doğurur, seçilən yolun doğrudürüst olduğuna bir daha əminlik yaradır.

Aprel ayının 26-da Prezident İlham Əliyevin, respublikamızın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikkinin və çoxsaylı xarici qonaqların iştirakı ilə qədim “Atəşgah” məbədində I Avropa Oyunlarının məşəli alovlandırıldı. Odunu qədim inanc yeri olan “Atəşgah”dan alan məşəl Azərbaycan ellərini oba-oba dolanmaqdadır. Artıq I Avropa Oyunlarının alovu bərəkətli Muğan düzündə şölələnir. İndi isə sıra İmişli rayonuna çatıb.

Xeyli vaxtdır ki, bu əlamətdar hadisəyə İmişlidə geniş hazırlıq görülürdü. Hər tərəfdə təmizlik, səliqə-sahman yaradılmışdır. Son illər İmişli əsl intibah dövrünü yaşayır. Yaxın keçmişə qədər kənd təsərrüfatı rayonu kimi tanınan İmişli artıq ölkənin güclü sənaye mərkəzlərindən birinə çevrilmişdir. Təqdirəlayiq haldır ki, İmişli rayonu dövlət büdcəsindən yardım almadan özü-özünü maliyyələşdirir. Rayon mərkəzi də, kəndlər də tamamilə dəyişib gözəlləşmiş, tanınmaz görkəm almışdır. Xeyli əvvəl rayona səfər etmiş Prezident İlham Əliyev burada həyata keçirilən tikinti, abadlıq və quruculuq işlərini yüksək qiymətləndirərək demişdir: “İmişlini tanımaq mümkün deyil. Buraya gələrkən çox təəccüb edirdim ki, mən indi İmişlidəyəm, yoxsa hansısa başqa şəhərdəyəm. Doğrudan da, tarixi dəyişiklər baş vermişdir. Gözəllik, abadlıq, yeni meydan, Bayraq meydanı, yeni parklar, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzinin tikintisi, binaların, küçələrin salınması, yeni işıq dirəklərinin qurulması. Görülən bütün işləri sadalamaq üçün yəqin ki, çox vaxt lazım olacaq, ancaq bir sözlə, siz İmişli sakinləri bunu yaxşı bilirsinizbütün bu quruculuq, abadlıq işlərində fəal iştirak edirsiniz. Bu sizin ümumi zəhmətinizin bəhrəsidir”.

Gözəlliyi ilə göz oxşayan İmişli ata-babalarımızın müqəddəs bildiyi odun pişvazına açıqürəklə, gülərüzlə, bir sözlə, əsl bayram əhval-ruhiyyəsi ilə çıxıblar. Mərasimin fəal iştirakçılarından biri, sərbəst güləş üzrə iki dəfə Avropa kubokunun gümüş medalçısı, yeddi dəfə Azərbaycan çempionu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə qızıl Qran-pri yarışının dörd dəfə qalibi olmuş Emin Əzizov sevincini bizimlə bölüşür:

- Sevincimin həddi-hüdudu yoxdur. Möhtərəm Prezident İlham Əliyevin müdrik siyasəti ilə inkişafımız o həddə çatıb ki, biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq fürsəti qazanmışıq. Tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarına yüksək səviyyəli ev sahibliyi etməyimizlə bütün dünyaya göstərəcəyik ki, Azərbaycan yalnız bol neft ehtiyatlarına malik bir ölkə deyil, o həm də idmanın inkişaf etdiyi, kütləvi xarakter aldığı əmin-amanlıq şəraitində yaşayan bir diyardır. İnanıram ki, bir çox Qərb dövlətlərinin Azərbaycan haqqında təsəvvürləri I Avropa Oyunlarının  uğurlu yekunundan sonra alt-üst olacaqdır. Bu gün Oyunların alovunun İmişliyə gətirilməsi və idman tədbiri başa çatanadək məşəlin İmişlidə şölələnməsi rayonumuzun hər bir sakini üçün qürurverici hadisədir. Bunun gənclərimizə böyük mənəvi-psixoloji təsir göstərəcəyinə, onlarda idmana marağın müqayisəedilməz dərəcədə artmasına stimul verəcəyinə əminəm.

Nəzərlərin dikildiyi yolda məşəli gətirən karvan görünür. Minlərlə insanın qatıldığı izdihamdan sürəkli alqış sədaları eşidilir. Əvvəlcədən təyin edilmiş məşəlçilər hazır vəziyyətə gəlirlər. Məşəli daşımaq şərəfi rayonda sayılıb-seçilən şəxslərə etibar olunmuşdur. Ramil Cəfərzadə, Ziya Rzayev, Təbriz Əkbərov, İbrahim Süleymanov, Pərvin Hüseynov, Şəmistan Əlişov, İnqilab Əliyev, Fail Abdullayev, Vüqar Hacıyev və Mirislam Seyidzadə İmişlinin idman həyatında həmişə fəal iştirakçı olublar. Onların I Avropa Oyunlarının məşəlini daşımağa mənəvi haqları var.

Estafet başlayır. Hər bir idmançı müəyyən məsafə qət etdikdən sonra məşəli yoldaşına ötürür. Məşəl İmişli rayonu ərazisində qəbul edildikdən sonra Heydər Əliyev prospekti boyunca 4 kilometr məsafə qət olunur.

Qeyd edilməlidir ki, son illər respublikamızın sürətli sosial-iqtisadi yüksəlişində İmişli rayonunun da sanballı payı var. Mütərəqqi texnologiyaların uğurla tətbiq edildiyi, qabaqcıl təcrübəyə geniş meydan verildiyi, sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradıldığı bu bölgə çox qısa bir zaman kəsiyində ölkənin geridə qalmış aqrar əyalətindən böyük potensiala malik güclü sənaye mərkəzinə çevrilmişdir. Artıq ikinci ildir ki, İmişli rayonu dövlət büdcəsindən heç bir yardım almadan öz iqtisadi imkanları hesabına özünü maliyyələşdirir. İndi ölkə iqtisadiyyatında uğurlu İmişli nümunəsi formalaşmaqdadır.

Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev də I Avropa Oyunlarının məşəlini qarşılayanlar arasındadır.  Bu fərəhli anlarda onun da demək istədiyi fikirlər var:

- İndi Azərbaycanda növbəti qürurverici tarix yazılır. Bu tarixin əsas qayəsi möhtərəm Prezident İlham Əliyevin polad iradəsi və müdrik siyasətidir. Azərbaycan tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarına ev sahibliyi etmək imkanı qazanıb. Bəli, bu, sözün həqiqi mənasında uğurdur. Bu uğur sevimli vətənindən, doğma xalqından və bütün zamanlar üçün həmişə qalib Heydər Əliyev siyasi kursundan güc alan Prezident İlham Əliyevin yenilməz iradəsi, uzaqgörən müdrik siyasəti sayəsində reallaşır. Bu gün nəinki Avropanı, eyni zamanda bütün dünyanı heyran qoyan bu uğur hər bir azərbaycanlının ürəyini qürurla döyündürür. Bu, Azərbaycanı dünyaya tanıtmaq üçün tarixdə nail olduğumuz ən böyük şansdır. Bu şansdan yetərincə bəhrələnmək lazımdır. Qoy dünya Azərbaycan həqiqətlərini öz gözləri ilə görüb dəyərləndirsin. İyirmi ildən artıq bir zamanda xalqımıza fəlakətlər gətirən Qarabağ probleminə, Ermənistanın işğalçılıq siyasətinə ikili standartlar prizmasından baxan bir çox Qərb dövlətləri öz mövqelərinə gerçəkliyə uyğun düzəliş etsinlər. Biz I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək dünyaya dostluq, qardaşlıq, sülh mesajları göndəririk. Həmişə istəmişik ki, dünya barış içində yaşasın. Xalqımızın bu amalı hər zaman dəyişməzdir. Son olaraq bu yarışlarda iştirak edəcək idmançılarımıza yalnız və yalnız qələbə arzulayıram. Qoy onlar ucalıqda qərar tutan bayrağımızı öz parlaq qələbələri ilə bir daha ucaltsınlar.

Oyunların məşəlinin İmişliyə gətirilməsi əsl bayrama çevrilir. Mərasim iştirakçıları bu əlamətdar tarixi hadisə ilə bağlı bir-birlərini təbrik edir, gözaydınlığı verirlər. Fəallığı ilə seçilən bir gəncin aldığı təəssüratları bölüşmək istəyirik. Özünü təqdim edir - rayon Gənclər və İdman İdarəsinin rəisi Ceyhun Əbdülov:

- Çox fərəhliyəm. İndi Azərbaycanda yaşamaq və işləmək sözün həqiqi mənasında əsl xoşbəxtlikdir. Yüksəliş dövrü yaşayan İmişliyə baxıb ölkəmiz haqqında fikir söyləmək mümkündür. İndi dünyanın gözü Azərbaycana dikilib. I Avropa Oyunlarının necə keçiriləcəyi dostlarımızı da, düşmənlərimizi də maraqlandırır. İnşallah, sonda dostlarımız sevinəcəklər. Bu fikri bəri başdan söyləməyə kifayət qədər əsas var. Çünki bu möhtəşəm tədbirə yaxşı hazırlıq görülüb, uğurlu yekun üçün etibarlı bünövrə qoyulub. Çox qısa bir zaman ərzində, cəmi 2 il yarım müddətinə müasir tələblərə cavab verən idman infrastrukturu yaradılıb. Bəzi arenalar əsaslı şəkildə yenidən qurulub, bir çox möhtəşəm yeni idman arenaları inşa olunub. İndi Bakının gözəlliyi göz qamaşdırır.

Müsahibimdəki yenilməz inam, yüksək əhval-ruhiyyə müasir Azərbaycan gəncliyinə xas olan keyfiyyətdir. Onun söhbətindən məlum olur ki, İmişlidə idmanın inkişafına xüsusi qayğı və diqqət var. Rayon mərkəzində 8500 nəfərlik tamaşaçı tutumu olan Heydər Əliyev adına şəhər stadionu tikilib yeniyetmə və gənclərin istifadəsinə verilmişdir. Bununla yanaşı, 1500 nəfər tamaşaçı tutumu olan süni örtüklü stadion da gənclərin ixtiyarındadır. İmişli Olimpiya İdman Kompleksində trenajor zalı, üzgüçülük hovuzu, əl oyunları, güləş, boks, bilyardtennis zalları, futbolfutzal meydançaları var.

Məşəlçilər nəzərdə tutulan məsafəni qət edərək Heydər Əliyev adına parka çatırlar. Burada xüsusi səhnə qurulmuşdur. Səhnədə qoyulmuş məşəl I Avropa Oyunlarının “Atəşgah”dan od almış məşəli ilə alovlandırılır.

Beləcə qədim Muğan düzünün bərəkət boğçası, müasir Azərbaycanın inkişaf etmiş bölgəsi olan, gözəlliklər diyarına çevrilən İmişlinin sinəsində bir məşəl alovlanır. Bu məşəl insanları dostluğa, qardaşlığa, əməkdaşlığa, sülhə çağırır.

 

Lazım QULİYEV,

Azərbaycan.-2015.- 8 may.- S. 9.