Azərbaycan Milli Kitabxanasında Qızıl kəlmə ədəbi mükafatı təqdim edilib

 

Mayın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Qızıl kəlmə ədəbi mükafatının təqdim edilməsi mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıb. Bildirib ki, Qızıl kəlmə ədəbi mükafatı nazirlik tərəfindən 2008-ci ildə təsis olunub. Mükafat müxtəlif nominasiyalar üzrə veriliriki ildən bir - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində təqdim edilir.

Nazir vurğulayıb ki, Heydər Əliyev ədəbiyyatın və mədəniyyətin inkişafına xüsusi diqqət ayırıb, şairləri, yazıçıları, mədəniyyət və incəsənət xadimlərini dəstəkləyib. Bu ilin may ayında keçirilən tədbirlərin böyük hissəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr edilib.

Qızıl kəlmə ədəbi mükafatı uğrunda müsabiqəyə 61 əsər təqdim olunub. İşlərin qəbulu bu il aprelin 20-dək davam edib. Mükafatlar 5 nominasiya üzrə müəyyən edilib, habelə 2 həvəsləndirici Şans mükafatına layiq görülüb.

Mükafatlandırılanlar sırasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) Xarici dillərdə informasiya baş redaksiyasının əməkdaşı Şıxəli Əliyev də var.

Qızıl kəlmə ədəbi mükafatı nəsr nominasiyası üzrə Natiq Məmmədliyə (Körpüdə ümid romanı), Şəmi Sadiqə (OdƏrlər romanı), poeziya üzrə Əhməd Qəşəmoğluya (Sonsuzluğun ahəngi şeirlər kitabı), Ramiz Məmmədzadəyə (Ümid kitabı şeirlər kitabı), ədəbi tənqid və publisistika üzrə Azər Turana (Əli bəy Hüseynzadə kitabı), Bədirxan Əhmədova (XX yüz il Azərbaycan ədəbiyyatı: mərhələləri və problemləri kitabı) verilib. Bu mükafat bədii tərcümə nominasiyasında Şıxəli Əliyevə (Nəcib Məhfuz Fivin mübarizəsi romanı), Kazım Səlimova (Stiven Kinq Yazı sənəti kitabı), uşaqlar üçün yazılmış bədii əsərlər üzrə Qəşəm İsabəyliyə (Leyləyin intiqamı kitabı), Sevinc Nuruqızıya (Qədim Bakıya səyahət) verilib.

Şans həvəsləndirici mükafatı Fuad Babanlıya (Qırovdan sonra şeirlər kitabı), Rəşid Faxralıya (Ömrümün üç nöqtəsi kitabı) verilib.

Tədbirin sonunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev laureatları təbrik edərək, onlara yaradıcılıq uğurları arzulayıb.

 

Azərbaycan.-2015.- 8 may.- S. 16.