Mütərəqqi sosial inkişaf strategiyasının yaradıcısı

 

Ulu öndər Heydər Əliyev səhiyyəyə, tibb elmi və tibbi kadr hazırlığına böyük qayğı ilə yanaşmışdır

 

 Tarixdə iz qoymuş böyük şəxsiyyətlər, ilk növbədə, yüksək mənəvi dünyaları, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə bağlılıqları və birləşdirici ideyaları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaltmışlar. Belə dühaların əbədiyyət qazanmalarının sirrini də məhz bu gerçəklikdə axtarmaq lazımdır. Məşhur yunan filosofu Platon yazırdı ki, ədalət, müdriklikgüclü hakimiyyətin bir yerdə olacağı zaman bəşəriyyət xoşbəxtliyə qovuşacaqdır.

 Anadan olmasının 92-ci ildönümünü qeyd etdiyimiz dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyev də Azərbaycanda bu üç dəyəri bir araya gətirməklə, müstəqil və sivil dövlətin banisi kimi tarixdə əbədi yaşarlıq qazanmışdır. XX əsrin Azərbaycan tarixinin parlaq siması, böyük şəxsiyyəti olan Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir.

XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider xalqımızın tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi  ənənələr əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Ümummilli lider qlobal dünya nizamı fonunda tamamilə fərqli - xalqın demokratik idealları və milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktikistrateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir.

Ümummilli lider 1993-cü ildən dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. Dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə uğurlu daxilixarici siyasət yeritmiş, dünyanın fövqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmağa məcbur etmişdir. Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun siyasət yeridən müstəqil Azərbaycan nəticədə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur.

Azərbaycanın Heydər Əliyev siyasi kursuna əsaslanmaqla həyata keçirdiyi xarici siyasət də ümumən bu prinsiplərə əsaslanmış, respublikanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, beynəlxalq münasibətlər sistemində layiqli mövqeyinin təmin olunması, ikitərəfli əlaqələrdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsi milli diplomatiyanın əsas hədəflərinə çevrilmişdir. Respublikamız təkcə səmərəli iqtisadi təşəbbüslərlə, konkret enerji-kommunikasiya layihələri, əlverişli tranzit-kommunikasiya imkanları ilə deyil, eyni zamanda, demokratikləşmə xəttinə, Avratlantik məkana inteqrasiya kursuna sadiqliyi ilə də Qərbin diqqətini cəlb etmiş, Avropa məkanında etibarlı tərəfdaş imici qazanmışdır.

 Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini də diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu istiqamətdə mühüm islahatların həyata keçirilməsini təmin etmişdir. Ulu öndər hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında dəfələrlə vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur.

Avropa fəlsəfi fikrinin görkəmli nümayəndəsi İmmanuel Kant yazırdı ki, milli ideologiyası olmayan xalqın uğurlu gələcəyi ola bilməz. İdeologiya hər bir xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, onun təfəkkür, adət və inanclar sisteminin məcmusu kimi özünü göstərir. Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü həm də onun heç zaman azərbaycanlı olmasını unutmamasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Bütün zəngin və mənalı ömrünü Azərbaycana həsr etmiş bu xarüqəladə insan Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmışdır.

Azərbaycana rəhbərliyi dövründə həmişə xalqın milli kimliyinin təcəssümü olan maddi-mənəvi mədəniyyət abidələrinin, adət-ənənələrin, milli irsin qorunması və gənc nəslə aşılanması məsələlərinə xüsusi diqqət yetirmişdir. Heydər Əliyev çıxışlarında xüsusi vurğulayırdı ki, yeni dünya nizamının, qloballaşma prosesinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini çağdaş zamanın ən aktual məsələlərindən birinə çevirmişdir.

Təcrübə göstərir ki, sosial rifaha xidmət edən düşünülmüş siyasət yürüdən, mövcud potensialı bu yöndə səmərəli şəkildə səfərbər edən dövlətlər milli tərəqqiyə nail olurdünya arenasında özünəlayiq yer qazanırlar. Ümummilli lider Heydər Əliyev də məhz bazar  iqtisadiyyatı şəraitində "sosial dövlət" konsepsiyasından çıxış edərək insan və vətəndaş mənafeyinə xidmət edən islahatlar həyata keçirmişdir.

Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edən ümummilli liderin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti diqqəti xüsusi cəlb edir. Bunlardan birincisi sosial siyasətin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi.

Ulu öndər hələ ötən əsrin 70-80-ci illərində həmin siyasətin tərkib hissəsi kimi təhsil və səhiyyə sistemlərinin də yüksəlişini təmin etmiş, bu sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün olanları gerçəkləşdirmişdir. Həmin dövrdə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da tibb elmi, tibb təhsili və səhiyyə sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdur. Keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev respublikamızın səhiyyə sisteminin, o cümlədən tibb elmitibb təhsili sahələrinin beynəlxalq miqyasa çıxmasına, dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmışdı.

Həmin illərdə Azərbaycanın tibb təhsili sistemində də ölçüyəgəlməz islahatlar aparılmış, o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilmiş, tibbi kadr hazırlığında öz sözünü demişdir. Başqa sözlə, tibbi fənlərin diplomaqədərki və diplomdansonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı və digər köməkçi şöbələr yaradılmışdır.

Heydər Əliyev həmin illərdə onlarca gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə İttifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olmuşdu. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirmişdilər. İ.Topçubaşov, Z.Əliyeva, H.Mahmudbəyov, T.Əliyev, T.Tağızadə, B.Ağayev və başqalarının adları bu gün səhiyyəmizin inkişaf tarixində ən mötəbər yerlərdən birini tutur, onların elmi məktəbləri dərindən öyrənilir. Eyni zamanda, həmin illərdə tibbin müxtəlif elmi istiqamətləri - cərrahiyyə, mikrobiologiya, urologiya, oftalmologiya, pediatriya, kardiologiya, onkologiya, epidemiologiya, stomatologiyas. üzrə beynəlxalq səviyyəli elmi-tədqiqat işləri aparılmış, alınan nəticələr dünya alimləri tərəfindən yüksək dəyərləndirilmişdir.

Ulu öndər o dövrdə respublikanın səhiyyə sisteminin və Azərbaycan Dövlət Tibb İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsini də diqqətdə saxlamışdır. Həmin dövrdə yüzlərlə iri müasir səhiyyə obyektləri inşa edilmiş, respublikada olan tibb müəssisələrinin yarıdan çoxu yeniləşdirilmiş, elmi-tədqiqat institutları, sağlamlıq və müalicə-profilaktika müəssisələri fəaliyyətə başlamışdır. Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Əlillərin Reabilitasiya Mərkəzi, Kliniki Urologiya Xəstəxanası, habelə kimya-əczaçılıq zavodumüasir profilli tibb müəssisələri açılmış, elmi-tədqiqat oftalmologiya, elmi-tədqiqat onkologiya institutları üçün binalar tikilmişdir. Yeni açılan tibb müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycan Dövlət Tibb İnstitutuna tələbə qəbulu artırılmış, ucqar kənd rayonlarından gələn abituriyentlərə güzəştlər tətbiq edilməyə başlanmışdır. Bir faktı da qürurla xatırlatmaq istəyirik ki, 1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun 50 illik yubileyi ulu öndərin iştirakı ilə keçirilmiş, bu münasibətlə institut əməkdaşları bir sıra fəxri elmi adlara, dövlət təltiflərinə layiq görülmüşlər. Akademik Mustafa bəy Topçubaşovun keçmiş SSRİ-nin ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi ulu öndərin səyi nəticəsində mümkün olmuşdur. Belə alimlərin əvvəl SSRİ miqyasında, sonra isə beynəlxalq miqyasda tanıdılması Azərbaycan səhiyyəsinin və tibb elminin tanıdılması demək idi.

Ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi illərdə də Azərbaycan səhiyyəsinə, Azərbaycan tibb elminin, tibb təhsili sisteminin inkişafına qayğını unutmamışdır. Ulu öndər SSRİ-nin səhiyyə sahəsinə də nəzarət edir, İttifaqın yüksək rütbəli tibb alimləri, səhiyyə işçiləri ilə görüşlər keçirirdi. Həmin görüşlərdə səhiyyədə olan problemlərin müzakirəsini aparır, onların həlli üçün çıxış yollarını göstərirdi.

Müstəqil Azərbaycana rəhbərliyi dövründə məhz bu zəngin potensiala, elmimaddi-texniki bazaya istinad edərək səhiyyə islahatlarını da uğurla həyata keçirmişdir. 1993-cü ilin iyun ayında - mürəkkəb bir dövrdə respublika rəhbərliyinə qayıdan ulu rəhbər  səhiyyə sistemində də mövcud problemlərin həlli istiqamətində ardıcıl islahatlar aparmışdır. Sistemə dövlət büdcəsindən ayrılan vəsaitlər tədricən artırılmış, bu sahənin fəaliyyətini tənzimləyən 10-dan çox qanun qəbul edilmiş, habelə müstəqil respublikamız bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşularaq vətəndaşların sağlamlığının təminatı ilə bağlı üzərinə mühüm öhdəliklər götürmüşdür. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının 41-ci maddəsində sağlamlığın qorunması hüququ birmənalı şəkildə təsbit edilmişdir. Həmin maddədə deyilir: "Hər kəsin sağlamlığını qorumaqtibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır".

1993-2003-cü illərdə Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisdə qəbul edilən "Əhalinin sağlamlığının qorunması haqqında", "Qanonun komponentlərinin donorluğu haqqında", "Əczaçılıq fəaliyyəti haqqında", "Tibbi sığorta haqqında", "Xüsusi tibbi fəaliyyət haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Sanitar-epidemioloji sağlamlıq haqqında" və s. qanunlar, "Dövlət sığortası haqqında" əsasnamə bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

1998-ci il martın 13-də isə Heydər Əliyev "Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalamaqla, bu sahənin inkişafına daha bir töhfə vermişdir.

 Ulu öndərin tibbi kadrların hazırlanması sahəsində ixtisaslaşmış elm məbədi olan Azərbaycan Tibb Universitetinə diqqət və qayğısını da xatırlatmaq istərdik. Bu universitet müstəqilliyin ilk illərindən dövlət rəhbərinin dəstəyi ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il sentyabrın 28-də ulu öndərin ATU-nun yeni tədris binasının açılışında iştirak etməsi isə bu elm ocağının tarixində unudulmaz hadisələrdən biri kimi qalmışdır.

Heydər Əliyev 2000-ci ildə Azərbaycan Tibb Universitetinin 500 yerlik akt zalının açılışında, eləcə də universitetin yaradılmasının 70 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə iştirak etmişdir. Yeni istifadəyə verilmiş unikal akt zalının tribunasından çıxış edən Heydər Əliyev yeni dövrdə tibb təhsilinin qarşısında duran vəzifələrdən söz açmışdır. Azərbaycanın müharibə şəraitində olduğunu nəzərə alan umummilli liderin göstərişi ilə 2000-ci ildə ATU-nun nəzdində strateji əhəmiyyətli hərbi-tibb fakültəsi yaradılmışdır. Həmin illərdə Azərbaycan Tibb Universiteti Qara Dəniz Hövzəsiətrafı Ölkələrin Ali Məktəblər Birliyinin, Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçilmişdir.

Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində 2002-ci ildə Azərbaycan Tibb Universiteti nəzdində stomatoloji klinika yaradılmış, bununla da universitetin klinikalarının yaradılması ənənəsinin bünövrəsi qoyulmuşdur. Bu gün həmin klinika istər təcrübəli kadr potensialına, istərsə də müasir maddi-texniki bazasına görə Azərbaycanın aparıcı tibb müəssisələri sırasındadır. Tibb Universitetinin stomatoloji kafedraları məhz həmin klinikada yerləşir, orada ən müasir aparat və alətlərdən istifadə edilməklə müxtəlif əməliyyatlar icra edilir. Maddi-texniki bazasına görə bu klinika MDB məkanında öncül yerlərdən birini tutur.

Ulu öndərdən sonra onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətdə müstəqil Azərbaycanın iqtisadi-sosial inkişafına, əhalinin sosial müdafiəsi sahəsində tarixi nailiyyətlər əldə etməsinə gətirib çıxarmışdır. Fəaliyyətində ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi vəhdətinə nail olan cənab İlham Əliyevin qarşıya qoyduğu əsas məqsəd və vəzifələr sırasında əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişaf etdirilməsi, ölkədə yoxsulluq probleminin birdəfəlik həllinə nail olunması, insanların layiqli həyat tərzinin təmin edilməsi, sağlamlıqlarının qorunması, tibb elmitibb təhsili məsələlərinin prioritet təşkil etməsidir. Məhz bunun nəticəsidir ki, sürətli inkişaf hər bir ölkə vətəndaşının həyatında özünü qabarıq göstərir.

Beynəlxlaq miqyasda da açıq etiraf olunduğu kimi, ölkəmizdə son bir neçə ildə əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlmiş, insanların maddi gəlirləri mütəmadi artmış, sosial və digər xidmətlər əsaslı kəmiyyət və keyfiyyət dəyişikliyi ilə müşayiət edilmişdir. Prezident İlham Əliyevin sosial siyasətində nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı mübarizəyə diqqət yetirilirbu səbəbləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları qəbul olunur. Problemlərə bu cür kompleks yanaşma, onları doğuran səbəblərin aradan qaldırılması mümkün neqativ nəticələrin baş verməsinin qarşısını alır. İqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi, bunların konkret dövlət proqramları ilə təminatı da Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasətin vacib cəhətlərindəndir.

Dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin son illər sosial müdafiə, elm, təhsil, səhiyyə və s. sahələrdə qəbul edilmiş məqsədli dövlət proqramlarının icrasına yönəldilməsi bunun real təsdiqidir. Dövlət başçısının milli səhiyyə sisteminə xüsusi diqqət və qayğısını bu gün ölkədə tibbi kadr hazırlığını həyata keçirən Azərbaycan Tibb Universiteti də yaxından hiss edir. Bu siyasətin nəticəsidir ki, son illərdə ATU-nun maddi-texniki bazası, infrastrukturu müasirləşmiş, elmi potensialı daha da güclənmişdir. Bu istiqamətdə aparılan işlərə müvafiq olaraq 2007-ci ildə ATU-da daha bir möhtəşəm müalicə ocağının - onkoloji klinikanın açılışı oldu. Bu da ölkəmizdə onkoloji xidmətin, eləcə də tibb elmitibb təhsilinin inkişafına güclü təkan verdi.

Hazırda aparılan yeni islahatlarla əlaqədar ATU-nun 7 fakültəsində 69 kafedra, 3 kurs fəaliyyət göstərir. Universitet, həmçinin inzibati binaya, 6 tədris korpusuna, 4 klinikaya malikdir. ATU-da 1 milyona yaxın adda tədris və elmi ədəbiyyat saxlanılan zəngin kitabxana, elmi-tədqiqat mərkəzi, sürətli internetə qoşulmuş kompüter mərkəzi, 500 yerlik akt zalı, 1200 yerlik 6 tələbə yataqxanası, iri idman kompleksi, örtülü üzgüçülük hovuzu, tələbə poliklinikası və s. fəaliyyət göstərir. İslahatlara uyğun olaraq pediatriyatibbi-biologiya fakültələri ixtisar olunub, bir neçə kafedralar ixtisasa uyğun şəkildə birləşdirilib.

Prezident İlham Əliyevin 11 sentyabr 2007-ci ildə imzaladığı "Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının yaradılması haqqında" sərəncamı da dövlət başçısının təhsil və səhiyyə məsələlərinə necə böyük həssaslıqla yanaşdığını təsdiqləyir. Belə bir sərəncamın imzalanması bir daha göstərir ki, dövlət başçısı respublikanın artan maliyyə imkanlarını məhz millətin mənafeyi baxımından strateji əhəmiyyət daşıyan elm, ali təhsil və səhiyyəyə yönəldilməsini, milli genefondun qorunmasını, güclü insan kapitalının formalaşmasını vacib sayır. Sərəncama əsasən, Bakı şəhərində Tibb Universitetinə məxsus ərazidə universitetin çoxprofilli tədris-terapevtik klinikası inşa olunmuşdur.

Universitetin cəmiyyətdəki yerini yüksək dəyərləndirən Prezident İlham Əliyev 2010-cu il aprelin 28-də "Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında" sərəncam da imzalamışdı. Sərəncamda vurğulanırdı ki, respublikada təbabətin ən müxtəlif sahələrində yüksək hazırlığa malik kadrların yetişdirilməsində və mötəbər elmi mərkəz kimi tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamış Azərbaycan Tibb Universiteti milli səhiyyənin inkişafına layiqli töhfələr vermişdir.

Universitetin 80 ilik yubileyi ilə əlaqədar ölkə rəhbərinin iştirakı ilə bu ali təhsil ocağının ən müasir standartlara cavab verən tədris-terapevtik klinikasının təntənəli açılış mərasimi keçirilmişdir. Bu klinikanın fəaliyyətə başlaması kliniki fənlərin tədrisi ilə məşğul olan kafedraların vahid mərkəzdə cəmləşdirilməsi, tədrisin keyfiyyətinin və maddi-texniki təchizatının əsaslı şəkildə yaxşılaşdırılması, həmçinin elmi-tədqiqat işlərinin aparılması üçün əlavə imkanların yaradılması baxımından son dərəcə əhəmiyyətlidir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli sərəncamı əsasında universitetin cərrahiyyə klinikası da inşa olunmuş, 2013-cü il sentyabrın 12-də klinikanın təntənəli açılış mərasimi keçirilmişdir. 500 çarpayılıq tədris-cərrahiyyə klinikasının müasir səviyyədə inşası dövlətimizin bu nüfuzlu ali təhsil ocağının inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və qayğısının əyani göstəricisidir.

Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar son illər bir sıra region ölkələrində büdcə xərclərinin azaldıldığı, sosial gərginliyin müşahidə edildiyi bir zamanda Azərbaycanda sosialyönümlü layihələrin reallaşdırılmasında hansısa ləngimə, yaxud çətinlik yoxdur. Dünya Bankının hesabatına görə, milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyurbu da iqtisadi inkişafın səmərəliliyini göstərir. Bankın hesabatına görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir.

Şərq müdriklərindən Nizamülmülk "Siyasətnamə" əsərində yazırdı ki, ulu Yaradan sevimli bəndələrinin sırasından birini seçib ona əzəmətli şahlara xas istedad və qabiliyyət bəxş edir, ad və hədsiz şöhrət qazandırır. Tanrı XX əsrdə aramızdan Azərbaycan xalqının ümummilli lideri, müstəqil dövlətçiliyimizin qurucusu və memarı Heydər Əliyevi seçmişonun əlləri ilə Azərbaycan xalqının tarixində şanlı salnamələr açmışdır. Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin ehtiramla yad edilir.

Bu günlərdə dünyanın diqqəti yenidən Azərbaycana yönəlib. Tarixdə ilk dəfə reallaşacaq beynəlxalq idman bayramı - Birinci Avropa Oyunları keçiriləcək. Aprelin 26-da idman yarışının rəmzi sayılan məşəlin alovlanma mərasimi yüksək səviyyədə oldu. Respublikamızın şəhər və rayonlarında səyahətdə olan idman məşəlinin gətirdiyi ab-hava da hər bir kəsin sevincinə səbəb olur, əlamətdar hadisəyə çevrilir.

Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibəsində I Avropa Oyunlarına toxunaraq demişdir ki, bu, Azərbaycan üçün böyük məsuliyyət, eyni zamanda böyük şərəfdir. "Bizim qarşımızda iki il yarıma, hətta daha az müddətə Olimpiya ilə müqayisə edilə biləcək oyunlar keçirmək dayanırdı. Altı mindən çox idmançı, 20 idman növü... Amma biz bu vəzifənin öhdəsindən gəldik".

 Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə də uğurla ev sahibliyi edəcək.

 

 

Əhliman ƏMİRASLANOV,

SSRİ Dövlət mükafatı laureatı, akademik,

Milli Məclisin deputatı

Azərbaycan.-2015.- 9 may.-  S.8.