Tariximizin dirçəliş konsepsiyasının müəllifi

 

Heydər Əliyev irsi Azərbaycan xalqının zəngin mənəvi sərvətlər xəzinəsində xüsusi yer tutur. Zaman öz ahəngi ilə axıb keçəcək, lakin minilliklər boyunca millətimiz və dövlətimiz dövranın sərt və gözlənilməz sınaqları ilə üz-üzə qalanda düşdüyümüz vəziyyətdən ən optimal çıxış yolunu yenə Heydər Əliyev irsində axtarıb tapacağıq.

 Heydər Əliyev atdığı hər bir addımla, qəbul etdiyi hər bir qərarla, əslində bundan sonra yaşayacağımız yüzilliklər üçün də doğru-düzgün inkşaf yolu müəyyən etmişdir.

Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə tarixi baxımdan çox qısa bir zaman kəsiyində mənsub olduğu xalqa ən müasir dünyəvi, hüquqi və demokratik dövlət qurub əmanət edən Heydər Əliyev ömrünün son günlərində Vətən övladlarına tarixi bir Nəsihətnamə yadigar qoymağı da unutmadı. Bu baxımdan ulu öndərin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti yaşadığımız eranın XX və XXI yüzilliklərinin, İkinci və Üçüncü minilliklərinin qovşağında xalqımızın mənəvi sərvətlər xəzinəsinə daxil olmuş nadir incidir.

"Azərbaycan XXI əsrin və Üçüncü minilliyin ayrıcında" adı ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş 60 milyonluq xalqımıza ünvanlanmış bu müraciət, heç şübhəsiz, gələcək qərinələrdə, minilliklərdə də öz qiymətini, aktuallığını saxlayacaq misilsiz elmi-nəzəri ümumiləşdirmədir. Daha doğrusu, mükəmməl bir siyasi Nəsihətnamə, gələcək nəsillərə olduqca qiymətli nəsihətlər toplusudur.

Dünyanın ən nadir tarixi şəxsiyyətlərindən birinin təfəkküründən süzülüb gələn, zəngin dövlətçilik təcrübəsinə malik olan dahi dövlət xadiminin həyat təcrübəsinə və şəxsi müşahidələrinə əsaslanan bu qiymətli əsər zaman-zaman tarixçilər, filosoflar, ədəbiyyatşünaslar, dilçilər, mədəniyyətşünaslar, sosioloqlar, iqtisadçılar və başqa sahələrdən olan alimlərin, yaradıcı ziyalıların neçə-neçə nəsilləri tərəfindən öyrəniləcək, tədqiq olunacaq, yeni-yeni əsərlərin meydana gəlməsinə yol açacaq, xalqımızın işıqlı gələcəyə gedən yoluna nur çiləyəcəkdir.

Ulu keçmişimizin və müasir tariximizin ensiklopedik şərhini, gələcək inkişafımızın elmi-nəzəri proqnozlarını verən bu əsərdə xalqımızın keçdiyi tarixi yola dərindən nəzər salınır, mühüm tarixi proseslərə, hadisələrə, tarixi şəxsiyyətlərə obyektiv qiymət verilir, prinsipial münasibət bildirilir.

Neçə-neçə nəsillər üçün nəzərdə tutulmuş bu qiymətli əsərdə tariximizin bir çox problemləri ilə bağlı olaraq tədqiqatçılara konkret və prinsipial istiqamət verilir.

Doğma xalqımızın, müstəqil Azərbaycanımızın gələcəyini düşünən ulu öndər dövrə qiymət verərkən və müasir mərhələdə bəşəriyyətin başlıca inkişaf meyillərini müəyyən edərkən də öz narahatlığını unutmur. Heydər Əliyev real gerçəkliyə əsaslanan belə bir elmi nəticəyə gəlir ki, hazırkı dünyanın başlıca inkişaf meyilləri mədəni inteqrasiya və qloballaşmadır. Xalqının taleyi ilə yaşayan Böyük Azərbaycanlı qeyd edir ki, müasir mərhələdə bəşəriyyətin qaçılmaz inkişaf yolu olan inteqrasiya və qloballaşmada hər bir ölkənin səciyyəvi milli cəhətləri də nəzərə alınmalıdır. Ulu öndər, əlbəttə, doğma yurdunu düşünərək, bu mühüm məsələnin üzərində xüsusi olaraq dayanır və göstərirdi ki, qloballaşmanın bir çox ölkələr üçün yaratdığı problemlər bizi də düşündürür. Heydər Əliyev gələcək nəsillərə dahiyanə xəbərdarlıqla yazırdı:"Dünya inkişafının indiki mərhələsinin başlıca meyilləri mədəni inteqrasiya və qloballaşmadır. Əgər bəşəriyyət XX əsri elmi inkişafın nailiyyətlərinin yaratdığı xoş ümidlərlə qarşılamışdısa, qloballaşma prosesi çox vaxt heç də nikbinlik doğurmur. Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşündürür. Qloballaşma dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin stabilliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir. Sözsüz ki, beynəlxalq hüquq prinsipləri və normalarının aliliyi, dəyişikliklərin təkamül xarakteri, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşı, hər bir ölkənin səciyyəvi milli cəhətlərinin də nəzərə alınması bu prosesin müəyyənedici istiqamətləri olmalıdır. Təbii ki, qloballaşmanın bir çox ölkələr üçün yaratdığı problemlər bizi də düşündürür."

Müraciətdə XX yüzilliyin xalqımızın tarixindəki yerini zərgər dəqiqliyi ilə müəyyən edən böyük siyasətçi müstəqil Azərbaycan dövlətinin yaradılmasını ən böyük nailiyyət hesab edir, ölkəmizin demokratik, hüquqi, dünyəvi dövlət kimi dünyaya qovuşmasını yüksək qiymətləndirir.

Yeri gəlmişkən, müxtəlif güc mərkəzlərinin qarşılaşdığı, dinlərin, mədəniyyətlərin, etnosların qovuşduğu Azərbaycanın strateji inkişaf yolunun düzgün müəyyən olunması kimi çox böyük tarixi xidmət məhz Heydər Əliyevə məxsusdur. Demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq!  - Azərbaycanın bundan başqa doğru-düzgün, perspektivli inkişaf yolu yoxdur. Daha doğrusu, Azərbaycandan ötrü bu yolun alternativi yoxdur!

Ulu öndər nəsillərə müraciətində müstəqilliyin ilk illərində neft strategiyasının işlənib hazırlanmasını və həyata keçirilməyə başlanmasını xalqımızın mühüm uğuru hesab edir.

Heydər Əliyev neftlə bağlı belə bir tarixi gerçəkliyi də diqqət mərkəzinə çəkir ki, bu qiymətli sərvətin sahibi olan bəzi xalqlar ondan uzun illər ərzində öz firavanlıqları və tərəqqiləri üçün istifadə etmək imkanından məhrum olmuş, böyük dövlətlərin güclü təzyiqinə məruz qalmışlar.

Heydər Əliyev dünya azərbaycanlılar

ına müraciətində bir xalq rəhbəri olaraq neftimizin misilsiz sərvət kimi məhz Azərbaycan xalqına məxsus olduğunu və onun gələcəkdə xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədə xidmət edəcəyini bir daha bəyan etdi. Azərbaycanın tarixində ölkə rəhbərləri içərisində ilk dəfə məhz Heydər Əliyev qiymətli sərvətimiz olan neftdən təkcə iqtisadi yüksəliş üçün deyil, eyni zamanda müstəqilliyimizin möhkəmləndirilməsindən ötrü də özünəməxsus müdriklik və uzaqgörənliklə istifadə etdi.

Dahi dövlət xadimi olmaqla yanaşı, həm də qüdrətli tarixçi olan Heydər Əliyevin qələmindən çıxmış "Azərbaycan XXI əsrin və Üçüncü minilliyin ayrıcında" adlı müraciət, bütün başqa sahələr kimi, tarix elmimizin  inkişafına da təkan verəcək konseptual əsərdir. Bu qiymətli elmi-nəzəri ümumiləşdirmədə əvvəldən axıradək, bütünlüklə Azərbaycanın keçdiyi tarixi yola nəzər salınır, tariximizin ayrı-ayrı dövrləri, mərhələləri prinsipial şəkildə dəyərləndirilir, bir çox hadisələrə, proseslərə yeni qiymət verilir, ayrı-ayrı hallarda isə tarixşünaslığımızda ilk dəfə olaraq dövrləşdirmə aparılır.

Sovet dövründə tarixçilərimizin və bütövlükdə tarix elmimizin qarşılaşdığı ən ağır əngəllərdən biri də bu idi ki, əldə konkret və zəngin maddi dəlillərin olmasına baxmayaraq heç cür "sübut etmək" mümkün deyildi ki, Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu baxımdan, tarixçi-Prezidentin yurdumuzu insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən, ən qədim insan məskənlərindən biri adlandırması tarix elmimizə çox qiymətli töhfə, tarixçilərimizə isə misilsiz elmi istiqamət və çıxış meydanıdır. Bizə belə gəlir ki, ən qədim tariximizin araşdırıcıları bundan belə Heydər Əliyevin müraciətində müəyyən olunmuş elmi-nəzəri ümumiləşdirmələrdən istiqamət götürməlidirlər, daha doğrusu, tarix elmimizin dirçəlişinin bünövrəsində məhz ulu öndərin irəli sürdüyü aşağıdakı ideyalar, elmi-nəzəri müddəalar, yeniliklər durmalıdır: "Azərbaycanın taleyi belə gətirmişdir ki, coğrafi-siyasi mövqeyinə görə o, həmişə sivilizasiyaların qovuşuğunda olmuş və istər Qərbin, istərsə də Şərqin çox güclü təsirini öz üzərində hiss etmişdir. Məlumdur ki, Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və Xocalı mədəniyyətlərinə aid maddi-mədəniyyət nümunələri, Kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdu."

İslamın qəbulundan sonra geniş islam - türk dünyasına qovuşan Azərbaycan xalqı eramızın İkinci minilliyində daha da tərəqqi etdi, özünün qabaqcıl mədəniyyətini həm Şərqə, həm də Qərbə yaydı. Xalqımız çox geniş Avrasiya coğrafi məkanında mədəniləşdirici rol oynadı. Təbiidir ki, özü də ümumbəşəri dəyərlərdən bəhrələnərək daha da zənginləşdi. Bu mühüm məqam, daha doğrusu, xalqımızın həm dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr verməsi, həm də ümumiyyətlə insanlığın mədəniyyət sahəsində əldə etdiyi bütün nailiyyətlərdən faydalanaraq, özünəməxsus zəngin mədəni-mənəvi irs yaratması ideyası tarixə Heydər Əliyev baxışının əsasında duran milli qürur və humanizm fəlsəfəsidir. Məhz bu ideya tariximizin göstərilən Müraciətdə elmi cəhətdən tam formalaşdırılmış milli dirçəliş konsepsiyasının mayasını təşkil edir. Ulu öndər yazırdı: "EAzərbaycan xalqı dünya mədəniyyətində öz dəsti-xətti ilə seçilən xalqlardandır. Keçən iki min il ərzində bəşər sivilizasiyasının ayrılmaz hissəsi kimi azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişlər. Bizim əcdadlarımız ibtidai insanın mədəniyyət sahəsində əldə etdiyi bütün nailiyyətlərdən faydalanaraq, özünəməxsus zəngin mədəni-mənəvi irs yaratmışlar. Bunu istər Azərbaycan ərazisində arxeoloji qazıntılar nəticəsində tapılmış abidələr, istərsə də, bu günümüzə qədər gəlib çatmış şifahi xalq ədəbiyyatı və yazılı ədəbi irsimiz sübut edir."

Tarixçi-Prezident yuxarıdakı elmi nəticənin tarixi reallıq olduğunu sübut etmək üçün məhz onun qayğısı və fərmanı ilə 1300 illiyi qeyd olunmuş "Kitabi-Dədə Qorqud"u - bütün əvvəlki tariximizlə İkinci minilliyi birləşdirən misilsiz mənəvi mədəniyyət abidəmizi yada salır. "Kitabi-Dədə Qorqud" dastanlarının xalqımıza məxsus olduğunu təsdiqləyən tarixi fərman və bu abidəmizin 1300 illiyinin dünya miqyaslı bayram təntənəsinin məhz Azərbaycanda - paytaxtımız Bakıda keçirilməsi Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətlərindən biridir.   "2000-ci ildə 1300 illik yubileyini təntənə ilə qeyd etdiyimiz "Kitabi-Dədə Qorqud" kimi möhtəşəm bir abidəyə malik olmaq da onu göstərir ki, bu torpaqda hələ bizim eramıza qədərki dövrdə böyük bir mədəniyyət mövcud olmuşdur."

Heydər Əliyevin dirçəliş konsepsiyasının tarix elmimizə bəxş etdiyi ən nadir töhfələrdən biri də Azərbaycan intibahına verilən qiymətdir:

"Şərqdə, o cümlədən Azərbaycanda təşəkkül tapmış intibah dünya mədəniyyəti tarixinin ən parlaq səhifələrindən biridir. Bu intibah Azərbaycan xalqının həyatın müxtəlif sahələrində qazandığı böyük uğurlarının məntiqi nəticəsi idi.

Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, Vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah İsmayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti xalqın vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirmişdir."

Sovet dövründə yuxarıdan qoyulmuş yasaqlar nəticəsində tariximizin ən təhrif olunmuş səhifələrindən biri də Gülüstan və Türkmənçay müqavilələrinə verilən qiymət idi. Həmin müqavilələrə tarixi reallığı kobud surətdə təhrif edərək "Azərbaycanın Rusiyaya birləşməsi", "könüllü surətdə Rusiya tərkibinə daxil olması", nəhayət "birləşdirilməsi" kimi qondarma qiymətlər verilməsi, "işğal", "ilhaq olunma", "bölünmə", "bölüşdürülmə" ifadələrini işlədənlərin təqib olunması yadımızdan çıxmayıb. O da yaxşı yadımızdadır ki, ötən əsrin 60-cı illərinin sonu-70-ci illərinin əvvəllərində həmin məsələ ilə əlaqədar öz içərimizdən olan çuğullar erməni millətçiləri ilə və onların Moskvadakı ideoloqu L.S.Şaumyanla birləşərək Rəsul Rza başda olmaqla Azərbaycan ensiklopediyaçılarına (o cümlədən bu sətirlərin müəllifinə) və xalqımızın digər qabaqcıl ziyalılarına divan tutmağa çalışarkən bizim hamımızı məhz xalqımızın cəsarətli lideri Heydər Əliyev xilas etmiş, hətta heç birimizə adicə partiya cəzası belə verilməmişdi. Bu gün tarix elmimizə çox böyük töhfədir ki, ulu öndər Gülüstan və Türkmənçay müqavilələrinə Azərbaycanımızın, tarixi torpaqlarımızın, xalqımızın iki yerə parçalanması, bölünməsi kimi qiymət verir, müstəqil Azərbaycan Respublikasını dünyaya səpələnmiş azərbaycanlıların vətəni, milli ruhun, milli dəyərlərin, milli mənəviyyatın və mədəniyyətin məbədi kimi dəyərləndirir.

XX əsr tarixinin Heydər Əliyev dövrləşdirilməsində bu yüzillikdə baş vermiş iki başlıca tarixi hadisə - əsrin əvvəlində yaranmış Azərbaycan Xalq Cümhuriyyəti və əsrin sonunda əbədi bərqərar olmuş müstəqil Azərbaycan Respublikası əsas götürülür.

Beləliklə, XX yüzilliyin tarixi dörd mərhələyə ayrılır:

Birinci mərhələ - Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün tarixi zəminin yetişməsi dövrüdür. Bu dövrü sadəcə olaraq Ərəfə də adlandırmaq olar. Həmin dövr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə başa çatır.

İkinci mərhələ - Azərbaycan Xalq Cümhuriyyəti dövrüdür       (1918-1920).

Üçüncü mərhələ - 1920-ci ilin Aprel işğalından başlanan sovet dövrüdür. Həmin dövr 1991-ci il oktyabrın 18-də "Müstəqillik haqqında Konstitusiya Aktı"nın qəbul olunması ilə başa çatır.

Dördüncü mərhələ - 1991-ci ilin oktyabrından başlanan müstəqillik  dövrüdür, daha doğrusu, müstəqilliyimizin bərpası dövrüdür.

Fikrimizcə, həm tarixi reallıq, həm də dərin elmi-nəzəri əsaslara söykənməsi baxımından Heydər Əliyev xalqımızın XX yüzillikdəki tarixini elə dövrləşdirmişdir ki, bu tarixi başqa cür dövrləşdirmək, ümumiyyətlə, mümkün deyil. Və yaxud, bu dövrləşdirmədən kənara çıxmaq, sadəcə olaraq, tarixi saxtalaşdırmaq demək olardı.

Yeri gəlmişkən belə bir cəhəti xüsusi olaraq qeyd etmək lazımdır ki, Heydər Əliyev təfəkkürünün məhsulu olan Müraciət XX əsr tariximizin güzgüsüdür. Bu sənəddə ötən yüzillikdə yaşadığımız tarixin bütün mərhələlərinə, ayrı-ayrı proseslərinə və hadisələrinə, habelə tarixi şəxsiyyətlərimizə aydın, konkret və düzgün qiymət verilir.

XX əsr tariximizin Birinci Mərhələsini və ya Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına doğru gələn yolu nəzərdən keçirən Heydər Əliyev göstərir: "XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxartdı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəmin yarandı. Bu dövrü XX əsr Azərbaycan tarixinin BİRİNCİ MƏRHƏLƏSİ adlandırmaq olar."

XX əsr tariximizin İkinci Mərhələsinə, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrünün bütün prosesləri və hadisələrinə ilk dəfə ən bitkin elmi-nəzəri və siyasi qiyməti özünün müxtəlif çıxışlarında məhz Heydər Əliyev vermişdir. Bu dövrə böyük siyasətçimiz tərəfindən verilən konkret və birmənalı qiymət belədir: "Azərbaycan üçün İKİNCİ MƏRHƏLƏ çar Rusiyası dağılandan sonra ölkəmizin ilk dəfə dövlət müstəqilliyi əldə etdiyi dövrdür."

Cümhuriyyət dövrünü "ölkəmizin ilk dəfə dövlət müstəqilliyi əldə etdiyi dövr" kimi qiymətləndirən Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin müxtəlif sahələrindəki fəaliyyətini yüksək dəyərləndirir, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və bir çox başqa ictimai-siyasi xadimlərin Cümhuriyyətin yaradılmasındakı müstəsna xidmətlərini xüsusi qeyd edir.

Qeyd etmək istərdik ki, XX əsr tariximizin Üçüncü Mərhələsini şərh edərkən Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq məhz Heydər Əliyev tariximizin "sovet dövrü" adlandırılan həmin dövrün ilk iki ilini - 1920-1922-ci illəri, daha doğrusu, 1920-ci ilin Aprel işğalından 1922-ci ildə SSRİ-nin yaradılmasına qədərki dövrü müstəqilliyin saxlanılması dövrü kimi qiymətləndirmişdir. Göstərilən dövrdə Azərbaycanın bir müstəqil dövlət qurumu kimi yaşadığını sübut etmək üçün Heydər Əliyevin gətirdiyi faktların hamısı  tarixi gerçəklikdir. İndi də Heydər Əliyevin həmin iki ilə - 1920-1922-ci illərə verdiyi obyektiv tarixçi qiymətə nəzər yetirək: "ÜÇÜNCÜ MƏRHƏLƏ 1920-ci ilin aprelindən başlanır. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra da, o öz müstəqilliyini saxlamış, aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdı. Azərbaycanda xarici ölkələrin nümayəndəlikləri, o cümlədən Rusiya konsulluğu da fəaliyyət göstərirdi. Azərbaycanın bu dövrdə yürütdüyü uğurlu siyasətin təzahürlərindən biri kimi Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində aparılan işlər, Moskva və Qars müqavilələri, Genuya konfransı sayıla bilər. 1920-ci ildə Bakıda Şərq xalqlarının birinci qurultayı keçirildi. Bolşeviklər Şərq ölkələrinin yeni inqilabi dəyişikliklərə can atmaq arzusunda olmadıqlarını gördükdən sonra, öz siyasi məqsədləri naminə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması ideyasından əl çəkdilər."

Tarix elmimizin Heydər Əliyev konsepsiyasında İkinci Dünya müharibəsinə mahiyyətcə yeni səpkidə, yəni faşizmə qarşı kollektiv mübarizə səpkisində qiymət verilir. Bununla da böyük siyasətçi, həm İkinci Dünya müharibəsi cəbhələrində həlak olmuş və faşizmə qarşı ölüm-dirim mübarizəsi aparmış Vətən övladlarının tarixi xidmətlərinə qara yaxmağa çalışanlara özünün obyektiv və kəskin cavabını bəyan edir, həm də alimlərə tarixi obyektivi işıqlandırmaq yolunu göstərir. Ulu öndərə görə həmin yolun konkret məzmunu belədir: "İkinci Dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. İtaliyada və Almaniyada meydana çıxmış faşizm hərəkatı təkcə həmin ölkələrin xalqlarının deyil, bütün bəşəriyyətin həyatını böyük təhlükəyə məruz qoydu. Faşizm ideologiyası qısa müddət ərzində bir çox ölkələrin iqtisadi imkanlarından istifadə etməklə real dağıdıcı qüvvəyə çevrildi, dünya "olum, ya ölüm" dilemması qarşısında qaldı."

Öz xalqının təəssübkeş oğlu olan ulu öndər bununla kifayətlənməyərək bir az da irəli gedir və öz fikrini lap açıq bildirir: "Biz fəxr edirik ki, dünyanın bu taleyüklü probleminin həll olunmasında - faşizm üzərində qələbədə Azərbaycan xalqının da mühüm payı olmuşdur."

Heydər Əliyev XX yüzilliyin 70-ci illərində geniş sovet məkanında Azərbaycanın rolunu qaldırarkən Bakı neftçilərinə xüsusi qayğı göstərirdi. O zaman Bakıya "Qəhrəman şəhər" adı verilməsi üçün Böyük Azərbaycanlının bu sahədə tarixi tədqiqatları dərinləşdirmək barədə göstəriş verdiyi də yadımızdan çıxmayıb. Yaşadığımız günlərdə Heydər Əliyevin xalqa müraciətindən çox aydın görünür ki, bu böyük şəxsiyyət "sovet dövründə" Azərbaycan neftçilərinin əməyinə layiqincə qiymət verilməməsindən nə qədər narazı imiş. Xalqımızın layiq olduğu, lakin o zaman verilməyən qiyməti tarixçi-Prezident özü verir: "Azərbaycan neftçiləri müharibə illərində ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları verdilər. Mübaliğəsiz demək olar ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində Bakı nefti həlledici amillərdən biri olmuşdur. Müharibənin ağırlığının böyük bir hissəsini öz üzərinə götürmüş Sovet ordusunun dənizdə, quruda və havada düşmən üzərində üstünlük qazanmasında Bakı nefti misilsiz rol oynamışdır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, o dövrdə hər beş təyyarə, tank və avtomaşından dördü Bakı mədənlərindən çıxarılaraq Bakının neft emalı zavodlarında istehsal olunmuş benzinlə işləyirdi."

Heydər Əliyevin xalqımızın İkinci Dünya müharibəsi cəbhələrində göstərdiyi qəhrəmanlığa verdiyi qiymət bu gün ərazisinin 20 faizindən çoxu müvəqqəti olaraq əlindən çıxmış Vətən oğullarına əsl vətənpərvərlik çağırışıdır: "İkinci Dünya müharibəsi əyani şəkildə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və rəşadət nümunələri göstərməyə qadir olan çox dözümlü və qəhrəman xalqdır."

Bu, inkarolunmaz bir tarixi reallıqdır ki, Azərbaycanın müstəqilliyə gələn mübarizə yolunda, oyanışında 1969-cu ildən başlanmış geniş quruculuq işlərinin mühüm rolu olmuşdur. Həmin illərdə həyatın müxtəlif sahələrində baş vermiş dirçəliş milli-azadlıq ideyalarının da canlanmasına səbəb olmuş və nəticə etibarilə o zaman Azərbaycan bugünkü müstəqillik dövrü üçün hazırlanmışdır. Müstəqilliyə qovuşmaq məramı daşıyan bütün bu quruculuq-hazırlıq işlərinin başında məhz haqqında bəhs etdiyimiz müraciətin müəllifi - Heydər Əliyev şəxsiyyəti dururdu. Lakin xalqa müraciətində Vətənin böyük oğlu bu əzəmətli quruculuq işlərində öz rolunu qeyd etməyi lazım bilməsə də (və ya təvazökarlıqdan kənar saysa da!) bu böyük həqiqəti qədirbilən xalqımız unutmamışdır! Digər tərəfdən də, yaşlı nəsil XX əsrin 70-80-ci illərinin əvvəllərindəki böyük quruculuq işlərinin, o zaman yaşadığımız firavan həyatın və milli oyanışın canlı şahidləridir! Müraciətdə həmin dövrə verilən yığcam qiymət belədir: " Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur. SSRİ hökuməti Azərbaycanla əlaqədar, respublikada xalq təsərrüfatının hərtərəfli yüksəlişi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdi. Azərbaycan xalqı üçün həqiqətən tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 70-80-ci illər arasında və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyənləşdirmişdi."

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və Moskvada fəaliyyət göstərərkən doğma yurdun keşiyində durduğu dövrdə - 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdı. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 3500 azərbaycanlı oğlan və qız göndərilmişdi.

Heydər Əliyevin müraciətində qondarma "Dağlıq Qarabağ problemi"nə tarixin və zamanın süzgəcindən keçmiş aşağıdakı qiymət verilir: "Əgər Dağlıq Qarabağ faciəsinin bir qütbündə erməni separatçılığı, erməni terrorizmi, Azərbaycana qarşı torpaq iddiaları durursa, digər qütbündə, - nə qədər acı olsa da, bunu etiraf etmək lazımdır, - bizim bəzi siyasətçilərimizin səriştəsizliyi, hakimiyyət hərisliyi, hədsiz-hüdudsuz şəxsi ambisiyaları durur."

Göründüyü kimi, bu qiymət o zamankı reallığın özüdür. Həmin acı həqiqəti başqa cür qiymətləndirmək tarixi reallığı danmaqdan başqa bir şey olmazdı. Bəs o zaman xalqımıza bunca müsibətlər bahasına başa gəlmiş bu faciənin qarşısını almaq mümkün idimi?! Bu çətin suala təcrübəli siyasətçi belə cavab verir: "Amma yaxın və uzaq tarix göstərir ki, bütün bu hücumlara, bütün bu təqiblərə Azərbaycan xalqı layiqincə cavab verməyə qadir idi. Əgər bütün Azərbaycan xalqını hiddətləndirən, vahid sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli qürur, milli oyanış, milli dirçəliş hisslərindən konstruktiv şəkildə istifadə olunsaydı, biz bu gün Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmazdıq. "

Bu sərrast və qiymətli cavabda açıq qalan (daha doğrusu, böyük dövlət xadiminin bilərəkdən açıq qoyduğu!) bir fikir məhz bundan ibarətdir: ƏLBƏTTƏ, O ZAMAN DAĞLIQ QARABAĞ FACİƏSİNİN QARŞISINI ALMAQ MÜMKÜN OLARDI, BU ŞƏRTLƏ Kİ, AZƏRBAYCANA HEYDƏR ƏLİYEV KİMİ TƏCRÜBƏLİ BİR SİYASƏTÇİ, MİLLİ TƏƏSSÜBKEŞLİYİ HƏR ŞEYDƏN ÜSTÜN OLAN BÖYÜK AZƏRBAYCANLI BAŞÇILIQ ETMİŞ OLAYDI!

XX əsr tariximizin elmi dövrləşdirməsini vermiş böyük tarixçi-dövlət xadimi Heydər Əliyev 1991-ci il oktyabrın 18-də "Müstəqillik haqqında Konstitusiya Aktı"nın qəbul edilməsi ilə XX əsr Azərbaycan tarixinin DÖRDÜNCÜ MƏRHƏLƏSİNİN başlandığını qeyd edir və bu tarixi dövrün başlıca məziyyətini belə qiymətləndirir: "Biz o vaxtdan azad, sərbəst yaşayırıq, müstəqil dövlətik. Xalqımız öz taleyinin, torpaqlarının, öz ölkəsinin sahibidir."

Müraciətdə düzgün olaraq Dördüncü Mərhələ iki dövrə ayrılır: 1991-1993-cü illər dövrü və 1993-cü ildən sonrakı dövr.

Heydər Əliyev öz müraciətində, əvvəlki mərhələlər və dövrlər kimi, "Müstəqillik haqqında Konstitusiya Aktı"nın qəbul olunmasından (18.X.1991) 1993-cü ilin iyun günlərinədək davam edən dövrü də dərin və hərtərəfli elmi təhlil süzgəcindən keçirir, həmin dövrün bütün hadisələrinə həm ölkədaxili proseslər, həm də ümumdünya hadisələri kontekstində yanaşır, müqayisələr aparır, baş vermiş bütün reallıqları zəngin təcrübəli bir siyasətçi kimi dəyərləndirir və belə bir nəticəyə gəlir ki, "1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan "olum, ya ölüm" dilemması qarşısında qalmışdı."

1993-cü il iyunun ilk günlərində müstəqilliyimiz, bütün Azərbaycanımız məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı, uçurum qarşısında idi. Bax, bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri, qurtuluş işığı Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı - dünyanın bu böyük siyasət dahisini hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Bir sözlə, 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının tarixində yeni dövr - Heydər Əliyev dövrü başlandı.

Müraciətdə bu böyük tarixi həqiqət çox yığcam və adi bir cümlə ilə şərh olunub: "1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi və müstəqil dövlətçilik tarixinin ikinci dövrü başlandı."

Heydər Əliyevin xalqa müraciətində 1993-cü ilin iyun günləri ərəfəsindəki tarixi şərait, o zaman xalqımız və ölkəmiz qarşısında duran olduqca mürəkkəb vəzifələr, öz rəhbərliyi altında az vaxt içərisində görülmüş çox böyük və mühüm işlər bütün reallığı ilə əksini tapmışdır: "1993-cü ilin iyunundan başlayaraq, ilk növbədə hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilməyə başladı, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Dövlət qurumları ilə xalqın birliyi, yekdilliyi təmin edildi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarda dövlətə və Vətənə mənsubluq hissləri aşılanmağa başlandı."

1993-cü ilin iyun günlərində xalqın qarşılaşdığı bu ağır problemlərin necə aradan qaldırıldığını özünəməxsus soyuqqanlılıqla şərh edən dahi dövlət xadimi tarixin onun üzərinə qoyduğu son dərəcə mürəkkəb və taleyüklü çətinliklərin aradan qaldırılmasında zaman və şəxsiyyət amilindən, daha doğrusu, tarixi şəxsiyyətin rolundan bəhs etmir (əlbəttə, özü haqqında olduğu üçün!). Azərbaycanı isə o zaman tarixi şəxsiyyət xilas etdi, məhz Heydər Əliyev şəxsiyyəti!

Müstəqillik tariximizin - 1993-cü il iyunundan sonrakı dövrünün -  ən mühüm nailiyyətlərindən biri də tariximizin Heydər Əliyev konsepsiyasının formalaşmasının başa çatmasıdır. Əsrin, minilliklərin qovşağında dünyanın bütün azərbaycanlılarına Müraciətdə Böyük Azərbaycanlı həmvətənlərimizə, bütün soydaşlarımıza bu sahədə əldə olunanları, tarix elmimizin və tarixi tədqiqatların əsas məram və prinsiplərini belə bəyan edir: "Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir."

Ulu öndər Heydər Əliyevin "Azərbaycan XXI əsrin və Üçüncü minilliyin ayrıcında" adlı müraciəti xalqımızı, dünyanın müxtəlif guşələrinə səpələnmiş bütün azərbaycanlıları, hər bir soydaşımızı, ilk öncə Azərbaycan gəncliyini yeni - böyük Azərbaycan intibahına səsləyən müqəddəs çağırışdır!

 Çağdaş dünyamızın böyük dövlət xadimi İlham Əliyevin dahiyanə uzaqgörənliklə yeritdiyi müdrik daxili və xarici siyasət sayəsində banisi ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan artıq dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir. Prezident İlham Əliyevin başçılığı ilə ulu öndərin başladığı davamlı inkişaf strategiyası böyük uğurla, yaradıcılıqla davam etdirilir və Azərbaycan Şərqlə Qərbin qovuşacağında dünyanın ən yüksək tərəqqi etmiş ölkəsinə çevrilməkdədir!

 

Yaqub MAHMUDOV,

Milli Məclisin deputatı,

AMEA-nın Tarix İnstitutunun direktoru

Azərbaycan.-2015.- 9 may.-  S.9.