Gəncəlilər rekorda imza atdılar

 

Gəncədə şəhər təsərrüfatının daim yeniləşdirilməsi, genişmiqyaslı abadlıq və quruculuq işləri, bütün sahələrdə idarəçiliyin dinamikçevik olması, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin sosial qayğılarının həlli daim diqqət mərkəzindədir. Dövlət başçısının hər səfərindən sonra bir-birinin ardınca həyata keçirilən layihələr isə bu bölgənin simasını tanınmaz dərəcədə dəyişir.

Bu gün qədim Gəncə hər bir sahədə quruculuğunun intibah dövrünü yaşayır və bütün bunlar dövlət başçısının tükənməz qayğısının nəticəsidir.

Son illər şəhərin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər 2015-ci ilin birinci rübündə də davam etmişdir. Rüb ərzində ümumi məhsul istehsalı 2,6 faiz artaraq 159,7 milyon manata çatıb. Əhalinin hər bir nəfərinə düşən ümumi məhsulun həcmi isə 2,4 faiz artaraq 485,4 manat təşkil edib. Ümumi daxili məhsulun 72,9 faizi qeyri-dövlət bölməsinin payına düşüb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı artaraq 309,6 manatdan 319,3 manata çatıb.

Təkcə bir il ərzində Prezident İlham Əliyevin açılışında iştirak etdiyi muzeylər - Heydər Əliyev Mərkəzi və park-kompleksi, Nizami Gəncəvi və Məhsəti Gəncəvi muzeyləri, Müasir İncəsənət Muzeyi, Qala Qapıları ArxeologiyaEtnoqrafiya Abidə-Kompleksi yalnız memarlığına görə deyil, həm də mötəbər və zəngin eksponatları ilə diqqəti cəlb edir. Bu günə kimi həmin muzeyləri 10 minlərlə tamaşaçı ziyarət edib. 

Doğrudur, indi insanları heyrətləndirmək və valeh etmək çox çətindir. Lakin Gəncədə görülən quruculuq işləri, tarixini özündə əks etdirən abidələrə göstərilən qayğı və ən başlıcası, yüksək səviyyəli qonaq qarşılamaq mədəniyyəti hamını, sözün həqiqi mənasında, valeh edə bilir.

Böyük sənət korifeyləri Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin beynəlxalq miqyasda keçirilən yubileyləri, eləcə də beynəlxalq gənclər və şərab festivalları, konfranslar bu qədim və müasir şəhərin inkişafından, tərəqqisindən xəbər verir.

Latviyanın sabiq prezidenti, Beynəlxalq Nizami Mərkəzi İdarə Heyətinin üzvü Valdis Zatlers Gəncədən aldığı təəssüratı belə ifadə etmişdir: “Dəfələrlə Azərbaycanda olmuşam. İki dəfə Gəncəyə səfər etmişəm. Hər gəlişim məndə böyük təəssürat yaratmışdır”.

Qısa zaman kəsiyində Gəncə şəhərində həyata keçirilən genişmiqyaslı işlər dövlət başçısı İlham Əliyevin şəxsi tapşırığı və tövsiyələri ilə yanaşı, Gəncə şəhərinə və onun əhalisinə göstərilən diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Odur ki, Prezident İlham Əliyevin söylədiyi “Gəncə çox qədim, gözəl tarixi şəhərdir. İndi şəhər qədim simasını saxlamaqla, yeni, müasir yanaşma ilə daha da gözəlləşir. Parklar, binalar bərpa edilir, gözəl küçələr salınır” sözləri bu qədim şəhərdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinə verilən yüksək qiymət kimi gəncəlilərin fərəhinə səbəb olmuşdur.

Gəncə bu gün sivil şəhərlərlə müqayisəolunacaq səviyyədədir. Odur ki, daha bir ünvana sahib olmaq üçün qüvvələrini səfərbərliyə alıb və 2016-cı ildə Avropanın Gənclər paytaxtı olmağa tam hazırdır.

Avropa Gənclər Forumunun nümayəndə heyəti Gəncədə rəsmi səfərdə olarkən forumun prezidenti Piter Matyasiç dedi ki, iki il öncə bu bölgəni gəzmişdi. Ötən müddət ərzində şəhərdə böyük dəyişikliklər baş verib. Xüsusilə gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Sevindirici haldır ki, gənclərin hər bir təşəbbüsü şəhər icra hakimiyyəti tərəfindən dəstəklənir.

Mayın 7-si gəncəlilərin yaddaşında silinməz izlər qoydu. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən bayram şənlikləri şəhərin mərkəzi meydanından başladı.

Bayram şənliyində 10 minə yaxın gəncin iştirak etdiyi fləşmobda ulu öndərin portreti və imzası əks etdirildi.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar hadisə münasibətilə gəncəliləri təbrik edərək diqqətə çatdırdı ki, bu gün gənclər fləşmob aksiyası ilə dahi şəxsiyyətin portretini yaratmaqla dünya rekorduna imza atdılar. Beləliklə, ölkəmizdə ilk dəfə olaraq ulu öndərin canlı portreti yaradıldı. Şəhər sakinlərinin bu dünya rekordu yaxın günlərdə rəsmi olaraqGinnesin rekordlar kitabı”na daxil ediləcək.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Gəncədə, ulu öndərin adını daşıyan park-kompleksdə möhtəşəm Gül bayramı da keçirildi.

Burada ulu öndərin həyat və fəaliyyətini işıqlandıran toplulardan ibarət kitab sərgisi, müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlunun ömür yolunun müəyyən anlarını əks etdirən şəkil və portretlər, rəsm və dekorativ sənət nümunələri, Azərbaycanın xəritə və bayrağının güllərdən ibarət əl işləmələri, görünüşü və ifadəliyi ilə diqqəti cəlb edən müxtəlif kompozisiyalar sərgilənmişdi. Minlərlə insanın iştirak etdiyi bayram tədbirinə “Bakı-2015” I Avropa Oyunlarının rəmzi olan narceyran fiqurları,  təbii güllər və çiçəklərdən hazırlanmış müxtəlif növ idman növlərini simvolizə edən kompozisiyalar  xüsusi ab-hava bəxş edirdi.

Gül bayramı Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən konsert proqramı və atəşfəşanlıqla başa çatdı.

Dahi şəxsiyyət, dünya azərbaycanlılarının lideriAnam məni bütövlükdə Azərbaycan üçün dünyaya gətirib, doğma canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm” deyən Heydər Əliyevin doğum gününü bütün türk dünyası tükənməz sevgi və dərin ehtiramla qeyd etdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə hər zaman diqqət və qayğı görən gəncəlilər də bu əlamətdar gündə üzlərində sonsuz sevinc və fərəh, əllərində təravətli gül-çiçək dəstələri  Heydər Əliyev Mərkəzinə, dünyanın ən böyük Azərbaycanlısının əzəmətli abidəsi önünə toplaşmışdılar.

Görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin “Koroğlu” uvertürası və C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında  ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş bədii kompozisiya ilə başlanan mərasim insan axını, böyük sevgi ilə müşayiət olundu.

 

 

Azərbaycan.-2015.- 13 may.- S. 14.