Elmar Məmmədyarov: Azərbaycan NATO-nun Əfqanıstanda qətiyyətli dəstək missiyasına mühüm töhfə verir

 

Azərbaycan qoşunlar, çoxtəyinatlı tranzit imkanları, təlim və maliyyə yardımı ilə NATO-nun Əfqanıstanda qətiyyətli dəstək missiyasına mühüm töhfə verir.

Bu fikri qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərin xarici işlər nazirlərinin Türkiyənin Antalya şəhərində keçirilən iclasında çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Elmar Məmmədyarov deyib ki, 2012-ci ildə Azərbaycan Əfqanıstan Milli Ordusunun Etimad Fonduna bir milyon avro dəyərində yardım edib və 2017-ci ilin sonuna qədər həmin Etimad Fonduna əlavə iki milyon avro verəcək. Amma əvvəlki illərin təcrübəsi göstərir ki, yalnız hərbi yardım Əfqanıstanda davamlı sülhün bərqərar olması üçün kifayət deyil. Ona görə də Azərbaycanın Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarına cəlb olunmaqdan daha genişdir. “Biz təhsil, təlim, infrastrukturun inkişafı, sərmayələr və maliyyə yardımı sahəsində praktiki töhfələri artıraraq Əfqanıstanın özünə güvənini dəstəkləyirik”, - deyə E.Məmmədyarov əlavə edib.

Nazir vurğulayıb ki, Azərbaycanda ADA Universiteti NATO təlim kurslarına əlavə olaraq, Əfqanıstan rəsmiləri üçün illik idarəçilik təlimləri keçirir. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik maarifləndirici layihələr icra edir. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Əfqanıstan vətəndaşlarının dörd illik təhsil almalarını təmin edəcək memorandum imzalanma ərəfəsindədir. Bundan başqa, tərəfimizdən Əfqanıstanda məktəb tikintisi həyata keçirilir, bütün xərclər Azərbaycan tərəfindən ödənilir.

E.Məmmədyarov deyib: “Biz, həmçinin Əfqanıstan hökumətinə müfəssəl islahatlar gündəliyinin reallaşmasında kömək etməliyik. Bu gündəliyin ən mühüm tərkib hissəsi nəqliyyat infrastrukturudur. Biz mümkün ən qısa yol vasitəsilə Əfqanıstanı və Avropanı birləşdirməliyik. Xəzər dənizinin Azərbaycan hissəsindəki yeni Ələt dəniz limanı, Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu bu baxımdan, eləcə də tarixi İpək Yolunun bərpası baxımından çox önəmlidir”.

Çıxışının sonunda E. Məmmədyarov qeyd edib ki, Əfqanıstanın gələcəyi daha çox qonşu dövlətlərdən asılıdır və bunun uğurlu alınması prosesinə birlikdə yardım edilməlidir.

 

Azərbaycan.-2015.- 14 may.- S.2.