İdmandostluq bayramı

 

Ziyalı sözü - vətəndaş mövqeyi

 

Zərifə SALAHOVA,

MOK-un İcraiyyə Komitəsinin üzvü:

 

- Ötən hər gün bizi “Bakı-2015” I Avropa Oyunlarının başlanmasına yaxınlaşdırır. Tədbir çərçivəsində Azərbaycanın şəhər və rayonlarında məşəlin səyahəti, festivallar, şənliklər davam edir. Bakıda, “Atəşgah”da “Bakı-2015”in məşəlinin alovlandırılmasının xoş təəssüratı bizi hələ də tərk etməyib. Bu tədbir özəlliyi ilə indiyədək dünyada keçirilən mötəbər idman yarışlarının, olimpiadaların startından çox fəqrləndi, yaddaqalan oldu.

Məşəli Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin alovlandırması bu tədbirin ölkəmizin həyatında əhəmiyyətli hadisə olduğunu göstərdi. Dövlət başçısı I Avropa Oyunlarına məşəllə, nurla xeyir-dua verdi.

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təsadüfi deyil. Tədbirin məkanı seçilərkən bir sıra amillər əsas tutulmuşdur. Prezident İlham Əliyev “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimindəki çıxışında bu amillər sırasında idmançılarımızın uğurlarını, ölkədə idmançıların gənc nəslin yetişdirilməsini, son illər ərzində Azərbaycanda müasir idman infrastrukturu yaradılmasını qeyd etmişdir. Bununla bağlı digər məsələlərə də toxunmuşdur: “Nəqliyyat infrastrukturumuz yeniləşib, müasirləşib və bu gün bizim tələblərimizə tam cavab verir. Xidmət infrastrukturu yaradılır. Bakıda bütün aparıcı brend hotellər fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir. Beynəlxalq yarışların keçirilməsi üçün bizim kifayət qədər geniş təcrübəmiz var. Son illər ərzində Azərbaycanda çoxsaylı dünyaAvropa çempionatları keçirilmişdir”.

Dövlət başçısı I Avropa Oyunlarının məhz Bakıda keçirilməsi səbəblərindən biri kimi iqtisadiyyatımızın sürətli inkişafını qeyd etmişdir.

Mən əvvəlcə sonuncu amilin üzərində dayanmaq istəyirəm. Əlbəttə, iqtisadiyyatı güclü  olmayan heç bir ölkədə genişmiqyaslı tədbirlərin keçirilməsi baş tutmaz. Azərbaycanın son illərdə müxtəlif sahələri əhatə edən ən iri beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dünyada ona bəslənən inamın və hörmətin təzahürüdür. İstər Azərbaycanla işbirliyi quranlar, istər onunla tərəfdaşlıq edənlər ölkədəki siyasi-iqtisadi sabitliyə önəm verir, buraya arxayınlıqla və inamla gəlirlər.

Deyərdim ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsinin əsaslı səbəbləri var. Azərbaycanın inkişafı nəinki paytaxtımızın, eləcə də digər şəhər və rayonlarımızın abadlaşması, rahat yolların olması, bununla yanaşı, nəqliyyatın inkişafı, xidmət sahələrinin geniş şəbəkəsinin yaradılması və s. ilə səciyyələnir. Bu da beynəlxalq tədbirlərin keçirilməsində böyük əhəmiyyətə malikdir. Azərbaycanda son illərdə müxtəlif sahələri əhatə edən nə qədər beynəlxalq tədbir keçirilib! Onların bir çoxunun iştirakçısı da olmuşam.

Bu dəfə növbə I Avropa Oyunlarınındır. Odlar yurdunun qapıları yüzlərlə idmançının, turistin, jurnalistin, tamaşaçının üzünə açılıb. Bu, idman yarışı olmaqla yanaşı, həm də müstəqil ölkəmizin qazandığı nailiyyətlərlə əyani bir tanışlıq olacaq.

Heç şübhəsiz ki, gələn qonaqlarımız azərbaycanlıların ürəkaçıqlığını, qonaqpərvərliyini, xalqımızın ədəb-ərkanını bir daha görəcəklər.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki məşəlin alovlandırılması mərasimində demişdir: “İki ildən bir qədər çox biz böyük məmnunluqla elan etdik ki, Avropa Oyunlarını qəbul edən ölkə “Odlar yurdu” Azərbaycan olacaq. Ən cəlbedici elementlərdən biri - ölkənizin milli rəmzi olan alov, eyni zamanda, Olimpiya hərəkatının gücünün və qüdrətinin əsas təcəssümüdür. Məşəlin alovlandırılmasının və estafetin müasir ənənəsinin əsasını qoymuş, qədim idman oyunlarını yaratmış yunan sivilizasiyası odu, alovu müqəddəs sayırdı”.

 “Atəşgah”da məşəlin alovlandırılması, bu tədbirə, eləcə də ümumiyyətlə, I Avropa Oyunlarına hazırlıq işlərinin mütəşəkkil, tez və yüksək səviyyədə həyata keçirilməsində tədbirin Təşkilat komitəsinin sədri, Azərbaycanın birinci xanımı, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın böyük zəhməti olmuşdur. Təsadüfi deyil ki, bu məqam dünyanın bir çox ölkələrinin mətbuatının və televiziyasının diqqətini çəkmişdir.

Məşəlin alovlandırılması mərasimində qeyd edilmişdir ki, bu hazırlıq iki il yarıma mümkün olmuşdur. Halbuki bunun üçün ən azı 7 il vaxt lazımdır.

Azərbaycanda idmanın inkişafı həqiqətən ürəkaçandır. Mən Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü kimi idman sahəsində görülən işlərin şahidi və bilavasitə iştirakçısıyam. Ölkəmizdə indiyədək idman heç vaxt belə geniş vüsət almayıb. İndi Azərbaycanda əhali, xüsusilə gənclər, yeniyetmələr idmana böyük maraq göstərir, çoxu idman və bədən tərbiyəsi ilə məşğul olur.

İndi az qala hər rayonda Olimpiya İdman Kompleksinə rast gəlirsən. Bu, adi bir fakt deyil. Bu o deməkdir ki, bölgələrdə yaşayan gənclərin idmanla məşğul olması, həm vaxtını səmərəli keçirməsi və sağlamlığına xidmət etməsi, həm də idmançı kimi yetişməsi, püxtələşməsi üçün, gələcək yarışlara hazırlaşması üçün imkan, şərait var. Başqa sözlə, indi Azərbaycanda “idmansözü çox geniş bir mənanı, fəaliyyəti əks etdirir, böyük bir sahəni, çoxşaxəli işləri əhatə edir.

Bütün bunların nəticəsidir ki, idmançılarımız təkcə sonuncu, XXX London Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanaraq Azərbaycanı dünyada 30-cu, Avropada 15-ci yerə çıxarmışlar. İndi Azərbaycanda bütün idman növləri üzrə beynəlxalq turnirlər, Avropadünya birincilikləri keçirilir.

İdmanı dəstəkləmək və inkişaf etdirmək Azərbaycan dövlətinin qarşıya qoyduğu başlıca vəzifələrdən biridir. Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuzun daha bir təsdiqidir.

Azərbaycan 2002-ci ildən bəri 36 beynəlxalq yarışa ev sahibliyi edib. 2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatı Bakıda keçirilib. Ölkəmiz müstəqillik qazanandan bəri Yay və Qış Olimpiya oyunlarında 200-dən çox atletlə təmsil olunub. Olimpiadalarda 26, Avropadünya çempionatlarında 2000 medal qazanıb.

Prezident İlham Əliyev hələ bir ay bundan öncə Nazirlər Kabinetində keçirilən iclasda demişdir: “Oyunlara dünyada çox böyük maraq var. Altmışa yaxın telekanal artıq müqavilə bağlayıb ki, bu Oyunları yayımlasın və beləliklə, “Bakı-2015” I Avropa Oyunları dünya ictimaiyyəti tərəfindən də izlənəcək. Yəni, son mərhələdəyik, ona görə şadam ki, çox qısa bir müddətdə - iki il yarım ərzində biz bu işin öhdəsindən gəldik. Əslində, mən şübhə etmirdim, çünki bizim başladığımız bütün işlər uğurla yekunlaşır. Əminəm ki, Avropa Oyunları da böyük idmandostluq bayramına çevriləcəkdir”.

Bu, həqiqətən belə olacaq!

 

Azərbaycan.-2015.- 14 may.- S.4.