Olduqca məsuliyyətli və əlamətdar hadisə

 

Ziyalı sözü - vətəndaş mövqeyi

Hacı İSMAYILOV,

xalq artisti, Dövlət mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü:

- I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün misli görünməmiş bir hadisə olacaq. Avropa və MDB ölkələri arasında məhz Azərbaycanda belə beynəlxalq yarışın keçirilməsi olduqca məsuliyyətli və əlamətdar haldır. Bu, son dərəcə çox vacib məsələdir. Düşünürəm ki, I Avropa Oyunları digər ölkələrdə keçirilən Olimpiya oyunlarından da üstün olacaq. Bu gün Bakıya gələn əcnəbi heyran qalır ki, az bir müddətdə şəhər bu qədər dəyişib. Biz burada yaşasaq da, hər şey gözümüzün qabağında baş versə də, özümüzbuna təəccüblənirik. Həqiqətən az bir müddətdə ölkəmizdə ciddi dəyişikliklər, sosial-iqtisadi inkişaf baş verdi. I Avropa Oyunlarının məşəli Atəşgahda yandırılanda inanın ki, insanın qəlbindən ülvi hisslər - vüqar, qürur hissləri keçir. Düşünürsən ki, bu ölkədə yaşadığımıza görə doğrudan da, sevinməyə dəyər.

Bu Oyunlardan sonra Azərbaycana gələn turistlərin sayı da artacaq. İnsanların psixologiyası belədir ki, bir yerə gedirsə oranı xoşlayırsa, o, özlüyündə oraya bir daha getmək istəyir. İnanıram ki, Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının turizmin inkişafına böyük təsiri olacaq. Ölkəmizə gələn əcnəbilərin sayı get-gedə artacaq Azərbaycan dünyada siyasi-iqtisadi inkişaf baxımından, sözün əsl mənasında öz sözünü demiş, tanınmış bir ölkə olacaq. Bütün dünyaya sübut olunacaq ki, azərbaycanlılar çox sülhsevər, qonaqpərvər bir xalqdır. Elə insanlar var ki, ölkəmizi görmədən onun barəsində mənfi fikir söyləyirlər. Amma gəlib görəndən sonra fikirlərini tamamilə dəyişirlər. Bu baxımdan İlk Avropa Oyunları Azərbaycan üçün çox vacibdir. Ümid edirəm ki, bu tədbirin təşkili çox uğurlu olacaq, xalqımız bununla fəxr edəcək.

 

Azərbaycan.-2015.- 14 may.- S.4.