Azərbaycan növbəti dəfə ilkə imza atır

 

Ziyalı sözü - vətəndaş mövqeyi

Aydın KAZIMZADƏ,

əməkdar incəsənət xadimi, kinoşünas:

- Tikilən, qurulan hər şey Azərbaycan xalqı üçündür. Yüz illər keçəcək, amma bu tikililər hamısı xalqa qalacaq. Bu gün ölkəmizdə hansı beynəlxalq əhəmiyyətli tədbir keçirilirsə, bunun özü də xalqımızın xeyrinədir. Bizim dünyada təbliğ olunmağa böyük ehtiyacımız var. Xaricdə təkcə siyasət adamları deyil, adi adamlar da bilməlidirlər, tanımalıdırlar ki, Azərbaycan necə ölkədir. Təəssüfləndirici haldır ki, dünyanın bəzi yerlərində sıravi adamlar Azərbaycanı tanımırlar. Ona görə də I Avropa Oyunlarının əsas əhəmiyyəti, hər şeydən öncə, ölkəmizin dünyada tanıdılmasıdır. Oyunlar keçirilən müddət ərzində bütün dünyanın nəzərləri ölkəmizdə olacaq. Necə ki, Eurovision musiqi yarışması da bizi dünyaya tanıtdırdı.

Bu oyunlarla əlaqədar yeni obyektlər - idman kompleksləri tikildi, köhnə tikililər abadlaşdırıldı, yeni yollar salındı. İkinci tərəfdən, bu oyunların iqtisadi tərəfi də var axı! Ölkəmizə minlərlə turist gələcək. Üçüncü əsas məsələ isə Azərbaycanın Avropa Oyunlarının mərkəzi kimi daim tarixdə qalması olacaq. Biz tarixə ilk olaraq düşəcəyik. İlkə imza atmaq çox çətindir, hazırlaşmaq, onu həyata keçirmək və bunu uğurlu şəkildə başa çatdırmaq hər ölkənin işi deyil. Amma Azərbaycan artıq bu sahədə özünü təsdiqləyib. Bu Oyunlarla biz bir daha sübut edəcəyik ki, Azərbaycan idman sahəsində Avropa ölkələrindən də irəlidə gedən dövlətdir.

 

Azərbaycan.-2015.- 14 may.- S.4.