Azərbaycan qadınları İkinci Dünya müharibəsində

 

İkinci Dünya müharibəsində Azərbaycan hərbi əməliyyatların keçirildiyi torpaqlardan uzaqda yerləşsə də, müharibənin acılarını yaxından yaşayıb, çətinliklərini, əzablarını görüb. Müharibədə fəhlələr, kolxozçular, ziyalılar, o cümlədən qadınlar və gənclər də iştirak etmişdilər.

Azərbaycan qızı qızıl əsgər, təyyarəçi, tankçı, şəfqət bacısı libası geyib alman-faşist işğalçılarına qarşı ölüm-dirim savaşında özünün şanlı tarixinə yeni qəhrəmanlıq səhifələri yazmışdır. Azərbaycan qadınları və qızları arxa cəbhədə kişilərin gördüyü işlərin öhdəsindən gəldikləri kimi, ön cəbhədə də torpaqların faşistlərdən azad edilməsində böyük rəşadət və qəhrəmanlıq göstərmişdilər.

Böyük Vətən müharibəsi illərində arxa cəbhədə kənd təsərrüfatının inkişafında və dövlət planlarının yerinə yetirilməsində qadın əməyi mühüm rol oynamışdır.

1942-ci il oktyabrın 15-də “Zaqafqaziya cəbhəsinin qərargahlarında, idarələrində və arxa cəbhələrində xidmət etmək üçün Qızıl orduya 900 qadının səfərbər olunması barədə” Biyazev və Boldırev Azərbaycan K(b)P MK-ya teleqram göndərir. Bununla əlaqədar Azərbaycan K(b)P MK və Bakı şəhər Partiya Komitəsində qərar qəbul edilir: respublikanın Hərbi Komissarı İsmayılovdan tələb olunur ki, 15 oktyabra qədər 900 qadın (QafqazZaqafqaziya millətlərindən olmayan - rus, ukraynalı, belarus və digər millətlər və rus dilini yaxşı bilən - könüllü QafqazZaqafqaziya millətlərindən olan qadınlar) 19-25 yaşlı: 94 “pisar” (yazar-katib), 40 aşpaz, 3 yığıcı, 190 sanitar, 25 tibb təlimatçısı, 60 radioçu, 35 telefonçu, 25 anbarçı, 10 təsərrüfat xidmətçisi, 40 teleqrafçı, 12 tənzimçi, 3 kitabxanaçı, 8 hava qurğuları atıcısı, 6 hava müşahidəçisi, 3 çəkməçi, 8 dərzi, 3 çertyojçu, 150 avtomobil sürücüsü, 185 nəfər müxtəlif peşə sahibləri səfərbər olunsun... Qərara əsasən Bakıdan - 600, Kirovabaddan (indiki Gəncə) - 100, DQMV-dən 50, respublikanın digər rayonlarından isə 150 nəfər qadın səfərbər olunmalı idi.

Bakı şəhərinin fəxri, hamımızın iftixarı neftçilərdir. Bunlar elə bir nəsildirlər ki, adları həmişə yaxşılığa çəkilir, işləri nümunə göstərilir, əməlləri dillər əzbəri olur. Müharibə illərində, xüsusən də 1944-cü ildə işsiz əhalinin, əsasən evdar qadınların səfərbər olunması ilə əlaqədar neft sənayesində qadınların sayı 2,5 dəfə artdı. Həmin illərdə yüksək ixtisas alan qadınların sayında kəskin artım oldu. Əgər 1941-ci ildə beş neftçıxarma trestində 325 qadın-qazmaçı, traktorçuoperator olmuşdusa, 1945-ci ilin birinci yarısında onların sayı 1040-a çatmışdır. Bütünlükdə “Azneft” birliyindəki aparıcı peşələrdə 3862 nəfər qadın çalışırdı.

Azərbaycan komissiyası Qızıl orduya isti geyimalt paltarlarının toplanılmasına 1941-ci ilin sentyabrında başlamışdı. Bununla əlaqədar Azərbaycanda 88 rayon komissiyası, 9 rayonlararası anbar və 6 mindən çox yerli komissiya təşkil olunmuşdu. Digər tərəfdən, yığılmış xammalın emalı üçün emalatxanalar təşkil olunmuşdu ki, ora əlcək və corab toxumaq üçün evdar qadınlar cəlb olunurdu. Bütövlükdə cəbhəyə 30 milyon rubldan çox dəyərində, 1592 min ədəd - 125 vaqon isti paltar göndərilmişdi.

Müharibə illərində Azərbaycan zəhmətkeşləri tərəfindən cəbhəyə 350 min bağlamalar-hədiyyələr göndərilib: 35472 kq tütün məhsulları, 346485 banka konserv, 391501 butulka çaxır-araq, 137327 kq qənnadı məmulatları, 165829 kq yağpendir, 621723 kq meyvə, 14164 kq balıqkürü, 6281 kq duza qoyulmuş məhsullar, 14358 kq kolbasa, 3704 ədəd yumurta, 16549 kq yarma, 6757 kq makaron, 15563 kq tərəvəz, 659432 cüt corab və əlcək, 659532 ədəd sabundiş pastası, 163558 qutu kibrit, 329876 ədəd dəftərxana ləvazimatları, 3884 kq müxtəlif məhsullar, 5000 kq duz göndərilib. Göndərilən hər bir məhsulda qadınlarımızın əməyi danılmazdır.

Azərbaycan qadınlarından Suğra Paşayeva, Səkinə Əliyeva, Tahirə Fəttahova, Sona Əliyeva döyüş meydanında onlarca döyüşçü və komandirlərin yaşamasına səbəb olmuşlar.

Faşizm üzərində qələbədə bütün qoşun növləri ilə yanaşı, aviasiyanın da özünəməxsus rolu olmuşdur. Həmin cəsur şahinlərin tərkibində azərbaycanlı pilotların da xüsusi xidmətləri olmuşdur.

Azərbaycanın ilk qadın təyyarəçilərindən biri Züleyxa Seyidməmmədova olmuşdur. O, 1935-1936-ci illərdə Bakı aeroklubunda təlimatçı-təyyarəçi işləyərkən azərbaycanlı qızlardan pilotların hazırlanmasına böyük əmək sərf edir və fəaliyyəti dövründə 60 təyyarəçi və 80 paraşütçü hazırlamışdır. Sonralar həmin klubda bölmə komandiri vəzifəsində işləyir, 1938-ci ildə Jukovski adına Hərbi-Hava Akademiyasında təhsil almağa göndərilir və əlaçı tələbə kimi Moskva şəhər zəhmətkeş deputatlar Sovetinə deputat seçilir. O, Böyük Vətən müharibəsi illərində Sovet Ordusunda xidmət edir və qırıcı-təyyarəçidən aviapolk komandirinin müavini və 8-ci aviakorpus qərargahının əməliyyat şöbəsinin rəis köməkçisinə qədər yüksəlir, Moskva, Stalinqrad, Orlov, Kursk ətrafında gedən döyüşlərdə iştirak edir. 1945-ci ildən 1975-ci ilə kimi Bakı Şəhər Partiya Komitəsinin hərbi şöbəsinin təlimatçısı, Azərbaycan LKGİ MK-da hərbi-bədən tərbiyəsi üzrə katib, Azərbaycan K(b)P MK-nın partiya, həmkarlar və komsomol təşkilatları şöbəsinin məsul katibi, plan-maliyyə-ticarət şöbəsinin müdir müavini və Azərbaycan SSR-in ictimai təminat naziri olur və 1975-ci ildən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini işləyir.

İnzibat xidmətin baş leytenantı Rəhimə Babayeva müharibə başlamazdan əvvəl Bakı şəhər xalq məhkəmələrinin birində katiblik edir, eyni zamanda təhsilini davam etdirərək axşamlar hüquq məktəbində də oxuyurdu. Rəhimənin hüquq sahəsində əldə etdiyi bilik və təcrübə ona döyüş meydanlarında çox kömək edir. 1942-ci ilin şaxtalı dekabr günlərində o, könüllü olaraq cəbhəyə gedərək, azərbaycanlılardan ibarət 416-cı diviziyanın sıralarına qoşulur. Qafqazın müqəddəratı həll olunan Mozdok vuruşmalarında, Terek sahillərində şiddətli döyüşlərdə bilavasitə iştirak edib hünər göstərdiyinə görə komandanlıq Rəhimə Babayevanı “Qafqazın müdafiəsi üçün” medalı ilə təltif edilir. Bir qədər diviziyanın siyasi şöbəsində çalışıb faydalı işlər gördükdən sonra Rəhimə hərbi tribunala köçürülür, öz ixtisası üzrə işləməyə başlayır. Hərbi intizamı daha da möhkəmlətmək, sayıqlığı artırmaq, düşmən hiylələrinin vaxtında üstünü açmaq uğrunda qızğın mübarizə aparan bu qız, döyüşçü və komandirlərin hörmətini qazanır.

Bəli, qanlı-qadalı müharibə keçmiş sovetlər ittifaqına daxil olan bütün respublikaların xalqları kimi, Azərbaycan xalqının tarixində də öz sağalmaz izlərini qoymuşdur. Həyatın keşməkeşlərindən adlamış, möhkəmlənmiş, mətinləşmiş Azərbaycan qadını öz zəkası, nüfuzumüdrikliyi ilə bəşər tarixində özünəməxsus iz qoymuşdur. Dahi Hüseyn Cavidin sözləri ilə desək: “Sürüklənən bəşəriyyət qadınla yüksələcək”, çünki qadın bəşəriyyətin, hər bir ailənin dayağı və bəzəyi, həm də sülh, xoş münasibətlər tərəfdarıdır.

 

Amaliya QƏHRƏMANOVA,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

 Siyasi Sənədlər Arxivinin məsləhətçi-arxeoqrafı

Azərbaycan.-2015.- 14 may.- S. 11.