Görkəmli bəstəkar Qara Qarayevin xatirəsi anılıb

 

Mayın 13-də Fəxri xiyabanda  görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin xatirəsi anılıb. Musiqişünaslar, elm, ədəbiyyat, incəsənət xadimləri bəstəkarın xatirəsinə ehtiramlarını bildirib, məzarı önünə tər çiçəklər düzüblər.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə Q.Qarayevin adının xalqımız üçün həmişə əziz olduğunu bildirib. O, bəstəkarın “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən, “Leyli və Məcnun” simfonik poemasından söhbət açıb. Bildirib ki, Q.Qarayev öz əsərləri ilə daim sevilən və insanı düşündürən sənətkardır. Bəstəkarın irsi son dərəcə geniş və zəngindir. Bunu onun müraciət etdiyi müxtəlif janr və rəngarəng mövzularda görmək olar. Q.Qarayev musiqinin bütün janrlarında uğur qazanıb, novatorluğu və bədii cəhətdən yüksək səviyyəsi ilə fərqlənən yeni əsərlərə imza atıb. Bəstəkar geniş şöhrət qazanıb və onun musiqi mədəniyyətimizin qızıl fonduna daxil olan baletləri, simfonik poeması, simfoniyaları, kamera-instrumental əsərləri, kinofilm və teatr tamaşalarına bəstələdiyi əsərlər bunu bir daha təsdiq edir.

Xalq artistləri Musa Mirzəyev, Sevda İbrahimova və başqaları bəstəkarın müraciət etdiyi mövzular üzərində eyni ilham və məharətlə işləyərək ölməz əsərlər yaratdığını söyləyiblər.

Çıxış edənlər vurğulayıblar ki, Q.Qarayev gənc və yaradıcı kadrların yetişməsinə, onların cəmiyyətə layiq bir insan kimi tərbiyəsinə də böyük əmək sərf edib. 1946-cı ildən etibarən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində dərs deyən Q.Qarayev onlarla bəstəkar yetişdirib, bütöv bir musiqi yaradıcılığı məktəbi yaradıb. Arif Məlikov, Adil Bəbirov, Musa Mirzəyev, Firəngiz Əlizadə və başqaları bu gün onun ənənələrini davam etdirirlər.

Bildirilib ki, görkəmli bəstəkarın sənət inciləri hər zaman insanların ilham mənbəyi olaraq qalacaq. Onun bizə qoyub getdiyi irs dərinliyi və zənginliyinə görə tükənməzdir. Gələcək nəsillər bu tükənməz xəzinədən özləri üçün hər dəfə yeni-yeni nadir incilər kəşf edəcəklər.

 

AZƏRTAC

Azərbaycan.-2015.- 14 may.- S. 12.