Bakıda VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub

 

Mayın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub. Festival Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondu tərəfindən təşkil edilib.

AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festival iştirakçılarını səmimiyyətlə salamlayaraq deyib: Bu gün Bakıda səkkizinci dəfə Mstislav Rostropoviç Festivalı açılır. Biz böyük maestro ilə həmişə qürur duyuruq. O, Azərbaycan üçün çox işlər görüb, musiqimizi təbliğ edib, müxtəlif layihələr həyata keçirib. O, Heydər Əliyev ilə möhkəm dost idi.

Mstislav Rostropoviç Fondunun prezidenti, festivalın bədii rəhbəri Olqa Rostropoviç atası haqqında xoş sözlərə görə təşəkkür edərək deyib: Mən hər dəfə gözəl Bakı şəhərinə gələndə sevinirəm. Atam Bakını öz Vətəni adlandırırdı. Dünyada Rostropoviç festivalları çoxdur. Lakin ən birinci festival burada, onun Vətənində keçirilib. Mənə dəstək göstərdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya həmişə minnətdar olacağam.

Sonra Olqa Rostropoviç festivalı açıq elan etdi.

Festival Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Azərbaycan Dövlət Xor Kapellasının ifasında Karl Orfun Karmina Burana kantatası ilə açılıb. Rauf Abdullayev isə dirijorluq edib.

2007-ci ildən keçirilən festivalda bir çox tanınmış musiqiçilər yaradıcı kollektivlər iştirak edirlər. Rikkardo Mutinin idarəçiliyi ilə Luici Kerubini Gənclər Simfonik Orkestri, Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri, İqor Butman kvarteti, violonçelçalan Arseni Çubaçin, habelə Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası solistlər Azərbaycan Dövlət Filarmoniyasının, Heydər Əliyev Sarayının səhnələrində, Kamera Orqan Musiqisi Zalında, Milli İncəsənət Muzeyində çıxış edəcəklər.

Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistlərinin ifasında italyan bəstəkarı R.Leonkavallonun Payatsı operası oynanılacaq.

Festival mayın 24-dək davam edəcək.

 

Azərbaycan.-2015.- 19 may.- S. 16.