Məşəl qala önündə şölələndi

 

Məşəl Tovuz və Gədəbəydə alovlandı

 

“Qoşa qala” kompleksi Tovuz rayonunun həm giriş qapısı, həm də ulu tarixə açılan pəncərəsidir. Bu, simvolik qaladır. Rayonun tarixi, taleyi, bu günün əzəməti əks olunur bu qalada. Karvansara kompleksinin isə rəmzi mənası var. O, miladdan əvvəl birinci minilliyə aid edilən Torpaqqalanın, IV əsrin yadigarı Şəmşədil qalasının və VI əsrdən qalan Köhnəqalanın birgə “bərpası”dır.

Bir qədər o yanda mərkəzi istirahət parkı yaradılıb. İlk Avropa Oyunlarının məşəlinin qarşılanması üçün çox münasib yer seçilib. Mərkəzi meydanda adam əlindən tərpənmək olmur. Hər tərəf bayramsayağı bəzədilmişdir. Müstəqil dövlətimizin uğurları, onun dünya miqyasındakı şöhrəti hamının qəlbindən xəbər verir. Ölkənin hər yerində olduğu kimi, Tovuz rayonunda da hamı ilk Avropa Oyunlarına hazırlığı, məşəlin ayrı-ayrı bölgələr üzrə səyahətini maraqla, ürək coşqunluğu ilə izləyir.

May ayının 19-dur. Məşəl Tovuzun qonağıdır. Məşəli taekvando üzrə Azərbaycan çempionatının mükafatçısı Nəsimi Cəfərov qəbul edir. Hamı bu tarixi anları böyük maraqla izləyir. Gənclərin, idmançıların isə sevinci, fərəhi daha böyükdür. Çünki burada idmana xüsusi diqqət və qayğı göstərilir. Tovuz futbolunun korifeylərindən biri, “Tərəqqi” medalı ilə təltif olunmuş Vilayət Zeynalov son vaxtlar bədən tərbiyəsi və idmanın kütləvi hal alması üçün görülən işlərdən danışır:

- Gənclərin fiziki və mənəvi sağlamlığına xüsusi qayğı göstərən cənab İlham Əliyevin dəstəyi ilə rayonumuzda idmanın inkişafı üçün möhkəm baza yaradılıb. “Turan-Tovuzidman klubu, taekvando, cüdo, kikboksinq bölmələri, Uşaq idman məktəbi, stadion, Şahmat Mərkəzi gənclərin ixtiyarına verilib. Bundan əlavə, rayonun mərkəzində, ayrı-ayrı qəsəbə və kəndlərdə hər şəraiti olan 36 idman, 9 atıcılıq zalı, 205 sadə idman qurğusu, ən başlıcası isə Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Sərhəd bölgəsində yerləşən rayonumuzda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. 1948-ci ildən fəaliyyət göstərən Gənclər İdman Məktəbində futbol, həndbol, sərbəst güləş, basketbolboks bölmələrində yüzlərlə gənc oğlan və qız məşğul olur. Rayonumuzda müxtəlif sahələr üzrə çoxlu idmançı yetişmişdir.

Alqış sədaları altında əbədi məşəl qalalar kompleksinin önünə gətirilir. Müqəddəs “Atəşgah”dan alovlanan məşəli Tovuz rayonunun adlı-sanlı adamları qəbul edirlər. Yollar boyu cərgə ilə düzülmüş insanların alqışları altında Anar Fəttahov, Nəsimi Cəfərov, Sübhan Qayvaliyev, Müşviq Əliyev, Xalid Məmmədov, Coşqun Nadirov, Umud Axundov, Vüqar Əsgərov, Kamran Rzayev və Rəşad Böyükkişiyev məşəli bir-birinə ötürə-ötürə mərkəzi meydana doğru irəliləyirlər.

Əməkdar həkim Minayə Şəmşəd deyir ki, ilk Avropa Oyunlarına hazırlığı maraqla izləyirəm: “Yaxşı bilirəm ki, indi bütün Avropanın, dünyanın gözü bizim diyarımızdadır. Xoşbəxtəm ki, bu tarixi hadisəni seyr etmək şərəfi mənə də nəsib oldu. Müstəqil dövlətimiz möhtəşəm bir tədbirə - ilk Avropa Oyunlarına ev sahibliyi etmək şərəfini əldə etmişdir. Bu, Prezident İlham Əliyevin dünyanı bürümüş hörmət və nüfuzunun nəticəsidir”.

Əməkdar müəllim Razil Məhərrəmov belə bir tədbirin keçirilməsi üçün Tovuzda  görülən işlərdən söz açır:

- Məşəlin səyahətinin bir üstünlüyüxüsusi qeyd olunmalıdır. Yerlərdə olan bu coşqunluq, ruh yüksəkliyi bölgələrdə iqtisadiyyatın inkişafına, abadlıq və quruculuq işlərinə, eləcə də turizmin inkişafına güclü təkan verəcək. Bu yerlər elə əzəldən gözəl olub. Təbiət Tovuza hər neməti bəxş edib. Göz işlədikcə uzanan yamyaşıl çöllər, abad, rahat yollar, güngörməz dərələrin, başı qarlı dağların arası ilə uzanan məxməri vadilər, yamyaşıl meşələr, şırhaşır axan çaylar xoş əhval yaradır. Tovuzun bugünkü cah-calalı bölgələrin yüksəlişinə dövlət tərəfindən göstərilən tükənməz qayğı və diqqətin bəhrəsidir. Prezident İlham Əliyev dəfələrlə bizim yerlərdə olub. Hər gələndə də yeni obyektlərin açılışını edib, təməlini qoyub. Olimpiya İdman Kompleksi, Süd zavodu, İstirahət parkı, Tovuz-Böyük Qışlaq-Qaralar yolu onların yalnız bir hissəsidir.

Regionların sosial-iqtisadi inkişafı III Dövlət Proqramında nəzərdə tutulan vəzifələr rayonda uğurla yerinə yetirilir. Son illər ümumi məhsul istehsalı 2, sənaye məhsulunun həcmi 16 dəfə artıb. Orta aylıq əməkhaqqı, pensiyaların məbləği də yüksəlib. Taxıl istehsalı isə yarıbayarı çoxalıb. Ənənəvi təsərrüfat sahəsi olan üzümçülük bərpa edilir. Bununla əlaqədar Xatınlı kəndində, Aşağı Quşçuda 300 tonluq soyuducu kameralar istifadəyə verilib. Daha 2 kameranın və 9 yem dəyirmanının inşasında işlər, demək olar, başa çatmaq üzrədir.

Son illər rayonda hər sahədə, xüsusən sosial problemlərin həllində xeyli görülür. Tovuz-Böyük Qışlaq-Qaralar yolu istifadəyə verilib. Əvvəllər Gəncə-Qazax yolu Tovuz şəhərinin ortasından keçir, müəyyən narahatlıq, gərginlik yaradırdı. Bu problem də artıq həll olunub. Şəhərin kənarında dolama yol çəkilib, körpü salınıb. Hazırda Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolu yenidən qurulur. Şəhərdə sukanalizasiya sistemləri təzələnir. Tovuz dəryaçasında tamamlama işləri artıq başa çatır.

Rayonda səhiyyə və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə də xüsusi diqqət yetirilir. Təkcə son illər 7 məktəb binası tikilib, Müalicə-Diaqnostika Mərkəzi, 80 çarpayılılıq xəstəxana binası istifadəyə verilib.

Tanınmış ziyalı Bəhram Pənahov deyir ki, hara gedirsən ürək açılır, hara baxırsan göz oxşayır. Əsrik dərəsi, Göyəbaxan, Çeşməli, Ağqaya yaylaqları, Şamlıq, Qoşabulaq meşələri, Kürün səfalı sahilləri, Bahar, Cökəli, Şahzadə, Loğman, Turşsu, Şırşır, Qələmçə bulaqları gəl-gəl deyir.

Tovuzda tarixi abidələr, qalalar, məbədlər də çoxdur. Mülkülü kəndinin yanındakı Torpaqqala şəhərgahı antik dövrdən xəbər verir. Xınna-Xılxına yaşayış məskəni bu yerlərin canlı tarixidir. Tovuzun şərqindəki kurqan Tunc dövrünün yadigarıdır. Girzan kəndinin məbədi XII əsrdə tikilib. Aşağı Öysüzlüdəki qala-ev deyirlər, Koroğlunun adı ilə bağlıdır. Avaztəpə qalası neçə-neçə illəri-əsrləri yola salıb. Qonaqlar Yanıqlı kəndinə də həvəslə gedir, Zəyəm çayı körpüsünə, qədim qalaya, məscidə, türbələr məcmusuna böyük maraqla baxırlar.

Qala kompleksi gur alqışlara bürünür. Məşəlçilər vüqarla, iftixarla səhnəyə qalxırlar. Müqəddəs “Atəşgah”dan gələn məşəldən yandırılan simvolik çıraq Avropa Oyunları başa çatanadək saxlanılması üçün tovuzlulara təqdim olunur. Çırağı boks üzrə Azərbaycan çempionu Ramin Əliyev qəbul edir. Rəsmi mərasim başa çatır. İfaçıların mahnıları, şən rəqsləri hər ürəkdə min bir xatirə yaradır.

 

Azərbaycan.-2015.- 20 may.-  S.5.