Bakıda UNESCO-nun dinlərarası və mədəniyyətlərarası dialoq kafedra müdirlərinin akademik forumu keçirilib

 

Mayın 19-da Bakıda üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun dinlərarası və mədəniyyətlərarası dialoq kafedra müdirlərinin akademik forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumda UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Nada Əl-Naşif çıxış edərək deyib: Biz sivilizasiyalarda və assosiasiyalarda çevik cavab mexanizmini formalaşdırmışıq. Məqsədimiz media ilə birbaşa işləmək və cəmiyyətin reaksiyasını öyrənməkdir. Çevik cavab mexanizmi ekspertləri və jurnalistlərlə birgə dəyirmi masalar, debatlar təşkil edirik. Əminəm ki, cəmiyyət üçün, ictimaiyyət üçün faydalı olan bu fəaliyyəti gələcəkdə də davam etdirə biləcəyik.

Təmsil etdiyi qurumun fəaliyyətindən danışan N.Əl-Naşif söyləyib ki, bir çoxları UNESCO-nu sadəcə mədəni irsi qorumaqla məşğul olan bir təşkilat hesab edir. Lakin UNESCO-nun strategiyası əslində humanitar sahədəki problemlərlə bağlıdır. Dinlərarası və mədəniyyətlərarası dialoqda akademik və təhsil proqramlarına gəldikdə isə, bunları birlikdə hazırlamaq vacibdir. Həmin proqramları bütün universitetlərdə həyata keçirə bilərik. Düşünürəm ki, belə təhsil proqramları cəmiyyətdə maraqla qarşılanacaq.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, dinlərarası və mədəniyyətlərarası dialoq kafedra müdirlərinin akademik forumunun Bakıda keçirilməsi Azərbaycanın tolerantlıq və multikulturalizm mərkəzi kimi dünyada qəbul olunduğunu bir daha təsdiqləyir. Bu cür tədbirlərin təşkili sahəsində Azərbaycanın böyük təcrübəsi olduğunu vurğulayan G.Əfəndiyeva bildirib ki, akademik forumda, eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən UNESCO kafedralarının da nümayəndələri iştirak edirlər. Azərbaycanda multikulturalizm və tolerantlıq bir yaşam modeli kimi həmişə mövcud olub və biz bu gün bu təcrübəni paylaşmaqdan məmnunluq duyuruq.

Qeyd edilib ki, son illər ölkəmizdə bu istiqamətdə çoxsaylı beynəlxalq tədbirlər, forumlar keçirilir. Bu tədbirlər ən yüksək səviyyədə, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı və himayəsi altında təşkil olunur. Hazırda davam edən üçüncü Mədəniyyətlərarası Dialoq Forumuna beynəlxalq arenada da böyük etimad göstərilir və dəstək verilir. Beynəlxalq təşkilatların rəhbərlərinin, o cümlədən, UNESCO-nun baş direktoru İrina Bokovanın da iştirakı ilə keçirilən bu tədbir müzakirə olunan məsələlərin dünya üçün vacibliyini bir daha sübut edir.

Multikulturalizm və tolerantlığın Azərbaycan modelindən bəhs edən G.Əfəndiyeva deyib ki, ölkəmizdə əsrlər boyu mövcud olan müxtəlif millətlər, dini icmalar sülh şəraitində birgə yaşayıblar. Onların hər birinə məxsus adət-ənənə, din, dil müxtəlifliyi olsa da, heç bir ciddi qarşıdurma, münaqişə yaşanmayıb. Azərbaycanda həmişə məscid, kilsə, sinaqoq yan-yana fəaliyyət göstərib. Çünki bütün səmavi dinlərin müqəddəs kitablarında başqalarının dinlərinə, inanclarına hörmətlə yanaşmaq təbliğ olunur. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri bu tələblərə riayət edirlər. Amma bir çox ölkələrdə bu belə deyil. Onlar da eyni müqəddəs kitabları oxuyurlar, ancaq bir-biriləri ilə ixtilafdadırlar. Azərbaycanda bu həssaslığı yalnız müxtəlif icma nümayəndələri deyil, həmçinin dövlət də nümayiş etdirir. Azərbaycan böyük əksəriyyəti İslam dininə mənsub insanların yaşadığı bir ölkədir. Amma dövlət müsəlmanlarla xristianlar və ya musəvilər arasında fərq qoymur, onların hər birinə eyni diqqəti göstərir. Bu, çox vacib məqamdır. Tolerantlığın olmadığı və xüsusilə də ifrat millətçiliyin hökm sürdüyü ölkələrdə dövlət öz siyasətində ayrı-seçkiliyə yol verir. Buna görə də həmin ölkələrdə multikulturalizm və tolerantlıq iflas etməkdədir. Azərbaycanın bu sahədəki uğurunun sirri dövlətin ayrı-seçkilik qoymadan bütün vətəndaşlarına eyni münasibəti göstərməsidir. Həm BMT-nin, həm də UNESCO-nun nizamnamələrində də vurğulanır ki, irqindən, dinindən, dilindən, cinsindən və digər milli xüsusiyyətlərindən asılı olmayaraq bütün insanlar və xalqlar bərabər hüquqlara malikdirlər.

Ötən il Bakıda tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və hazırkı multikultural modelləri tədqiq və təşviq edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Eyni zamanda, ölkəmizdə milli bayramlarla yanaşı, müxtəlif dini icmaların bayramları və xüsusi günləri qeyd olunur. Hər il dövlətimizin başçısı istər müsəlmanların, istərsə də xristianların və yəhudilərin dini bayramları münasibətilə onlara təbrik məktubları göndərir, dini icmaların rəhbərləri ilə mütəmadi görüşlər keçirir, onların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verir.

G.Əfəndiyeva Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi layihələri də xüsusi qeyd edərək bildirib ki, Azərbaycanda son illər onlarla dini abidə kompleksi məscid, kilsə və sinaqoqlar tikilib, təmir və bərpa edilib. Bu xoşməramlı fəaliyyət təkcə Azərbaycanla məhdudlaşmır. Ölkəmizdən kənarda, o cümlədən Paris, Strasburq, Roma, Vatikan və digər şəhərlərdə geniş mədəni quruculuq və bərpa işləri bu gündavam etdirilir.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi təəssüf hissi ilə qeyd edib ki, bəzən bu xoşniyyətli məramdan öz maraqları naminə sui-istifadə edən dövlətlərlə də təsadüf olunur. Belə ki, Azərbaycana məxsus Dağlıq Qarabağona bitişik rayonların da daxil olduğu torpaqlarımızın iyirmi faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanın iqtisadiyyatına, mədəniyyətinə, sənayesinə, kənd təsərrüfatına, ekologiyasına, demoqrafiyasına, infrastrukturuna ciddi ziyan vurulub. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistanı Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran dörd qətnamə qəbul edilməsinə baxmayaraq, torpaqlarımız hələ də işğal altındadır. Bu illər ərzində erməni quldurları zəbt etdikləri torpaqlarımızda olan yüzlərlə abidəni, o cümlədən məscidlərimizi dağıdıb və ya təhqir ediblər. Amma Bakının mərkəzində erməni kilsəsi bu gün də dövlət tərəfindən qorunur. Əsl tolerantlıq elə buradan Bakının mərkəzindəki erməni kilsəsindən başlanır. Qonşusuna bu qədər ziyan vurmuş xalqın abidəsinə də hörmətlə yanaşmaq, onu qorumaq dünya təcrübəsində çox nadir rast gəlinən hadisədir. Məhz buna görə də Azərbaycan bütün dünyada tolerantlığın, multikulturalizmin ən yüksək səviyyədə təşəkkül tapdığı ölkələrdən biri və bəlkə də, birincisi hesab olunur.

UNITWIN-nin şəbəkə əlaqələndiricisi, ABŞ-ın Oreqon Universitetində transmədəni araşdırmalar, dinlərarası dialoqsülh kafedrasının UNESCO üzrə həmsədri Stiven Şankman bu cür görüşlərin müsbət cəhətlərindən danışıb. Azərbaycan xalqına və hökumətinə qonaqpərvərliyə görə təşəkkürünü bildirən S.Şankman gələcək əməkdaşlığa böyük ümid bəslədiyini söyləyib. Qeyd edilib ki, bu gün əsas mövzu dinlərarası və mədəniyyətlərarası dialoq olsa da, şəxslərarası dialoq sahəsində də UNESCO-da kifayət qədər müzakirələr aparılır. Mədəniyyətlərarası və dinlərarası yaxınlaşma ətrafımızda, dünyada hər gün baş verir. Buna görə də bunları kataloq halına salmalıyıq. Bu gün dünyanın dialoqa böyük ehtiyacı var. Çünki tarix göstərir ki, dini ideologiya sahəsində mübahisələr və qanlı iğtişaşlara yol açan intriqalar problemin həlli yolu deyildir. Bu gün masa arxasında oturmaq zamanıdır. Əgər həqiqətən, bütün dinlər sülhə, əmin-amanlığa, bəşəri münasibətlərdə yüksək əxlaqa çağırırsa, bu artıq onların ortaq nöqtələridir - deyə S.Şankman vurğulayıb.

KAICIID dialoq mərkəzinin tədqiqat direktoru Patris Brodör Bakıda keçirilən forumun burada aparılan müzakirələrin iştirakçı ölkələri üçün əhəmiyyətindən söz açıb. Forumun işini yüksək qiymətləndirən P.Brodör qeyd edib ki, Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqla bağlı müzakirələrin keçirildiyi məkana çevrilib. Dinlərarası və mədəniyyətlərarası dialoqun tənzimlənməsində müxtəlif dinlərə, mədəniyyətlərə məxsus cəmiyyətlərin bir-birinə hörmət, dözümlülük şəraitində yaşaması mühüm rol oynayır.

Daha sonra akademik forum işini Müasir mədəniyyət kontekstində dünya dinləri: dialoq və qarşılıqlı anlaşmanın yeni perspektivləri və Bizim məcmu cəmiyyətlərimizdə siyasi həllərin formalaşdırılması üçün mədəniyyətlərarası dialoqların çətinlikləri mövzuları ətrafında müzakirələrlə davam etdirib.

 

Azərbaycan.-2015.- 20 may.- S. 8.