Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci Nazirlər Görüşü olub

 

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 19-da ikinci Nazirlər Görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masa formatında təşkil olunan tədbirdə 2015-ci ildən sonrakı dünyanın inkişaf proqramında mədəniyyət və davamlı inkişaf mövzusunda müzakirələr aparılıb.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən tədbirdə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tarixi əhəmiyyətindən söz açılıb.

Tədbirdə 50-yə yaxın ölkənin mədəniyyət nazirinin, nazir müavininin iştirak etdiyini bildirən Ə.Qarayev vurğulayıb ki, Bakı Forumu beynəlxalq mədəniyyətlərarası dialoqa bir proses kimi baxır. O deyib: Biz insanların arasında inam yaratmalıyıq. Bu, birinci Forumda əksini tapmış konsepsiyadır.

Mədəniyyətlərarası dialoqun bir tələb olduğunu vurğulayan nazir Forumun sülhə əsaslanan dünyanın qurulması məqsədini güddüyünü bildirib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser belə mühüm Foruma yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib.

BMT-nin Sivilizasiyalar Alyansının mədəniyyət və yaradıcılıq, eləcə də mədəniyyətlərarası dialoqun, irsin saxlanılmasına yönəlmiş turizmin yaradılmasına çalışdığını vurğulayan ali nümayəndə III Forumda iştirakçıların sayının daha çox olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan cəlbedici bir mərkəzə çevrilib. Bu ölkə mədəniyyətlərarası dialoqa uğurla ev sahibliyi edir.

Tədbirdə çıxış edən digər qonaqlar təmsil etdikləri ölkələr tərəfindən mədəniyyət və turizm sahəsində reallaşdırılan mühüm layihələrdən söz açıblar.

Geniş fikir mübadiləsinin aparıldığı görüşdə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi üçün strategiyanın hazırlanmasının vacibliyi bildirilib.

 

Azərbaycan.-2015.- 20 may.- S. 8.