Ümumi zəfərimiz

 

Musiqi, incəsənət, ədəbiyyat, elm kimi idman da insanın mənəvi dünyasına xidmət edən mədəniyyət hadisəsidir. Keçmişə nəzər salsaq, tarixin ən qədim çağlarından insanların müxtəlif idman növləri ilə məşğul olduğunu görərik. Deməli, insan övladı yaradılışından bəri buna mənəvi ehtiyac duymuşdur. Bu da səbəbsiz deyil. İnsanı tarazlıqda saxlayan, onu yaşamağa, dünyaya öz töhfələrini verməyə həvəsləndirən sağlam ruhdur. Ruh sağlam olmayanda insanın bu gün və gələcəklə bağlı arzuları da qalmır. Maddi və mənəvi potensialını maksimum reallaşdıra bilməsi üçün ona ilk növbədə fiziki sağlamlıq lazımdır.

Bu ilin iyununda Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına artıq bir aydan da az vaxt qalır. Bütün ölkə vətəndaşları kimi Azərbaycanın görkəmli mədəniyyət xadimləri də bu möhtəşəm idman tədbirini böyük həyəcanla gözləyirlər. Dünya şöhrətli Azərbaycan bəstəkarı, xalq artisti, akademik Arif MƏLİKOVLA söhbətimiz də məhz bu tarixi hadisə ilə bağlı oldu.

Görkəmli bəstəkar I Avropa Oyunlarını misilsiz bir , böyük məsuliyyət, ilk növbədə, ölkə başçısının ardıcıl və qətiyyətli siyasətinin nəticəsi adlandırdı. Qeyd etdi ki, bu cür qlobal əhəmiyyətli idman tədbirləri ümumilikdə bəşəriyyətin mənəvi sağlamlığına xidmət edir. Qədim Yunanıstanda ilk Olimpiya Oyunları da elə bu bəşəri zərurətdən yaranmışdı. Çünki həm fərd olaraq ayrı-ayrı insanlar, həm də ümumilikdə toplumlar malik olduqları fiziki üstünlükləri, imkanları nümayiş etdirmək üçün həmişə əlverişli məqam axtarışındadırlar. Bəyənsək də, bəyənməsək də insanın təbiəti belədir. Bunun qanlı döyüşlərə, insan faciələrinə çevrilməməsi üçün idman ən gözəl vasitədir. İnsanların fiziki qarşılaşmalarını döyüş meydanlarından idman arenalarına daşıyan, faciədən mədəniyyət hadisəsinə, sülhə, mehribanlığa, əmin-amanlığa çevirən bu cür idman oyunları çox əhəmiyyətlidir. Dünyanın idman tarixində ilk dəfə olaraq keçiriləcək I Avropa Oyunları kimi beynəlxalq tədbirin Azərbaycanda, doğma paytaxtımız Bakıda təşkili isə son dərəcə əlamətdar bir hadisədir. Bu bizim müstəqil dövlət kimi dünyada özünütəsdiqimizdir. Bunlar cənab İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafı üçün ortaya qoyduğu əzmkarlığın, Azərbaycan sevgisinin, beynəlxalq aləmdə Azərbaycana qazandırdığı yüksək rəğbətin nəticəsidir. Təbii ki, son illər respublikamızda ümumilikdə mədəniyyətin, o cümlədən idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin də öz rolu var.

Arif Məlikov bu möhtəşəm tədbirlə bağlı bütün informasiyalardan xəbərdar olduğunu söylədi:

- İzləyirik, oxuyuruq - dedi - xüsusilə Prezident İlham Əliyevin hər bir çıxışı, gördüyü misilsiz işlər bizdə qürur hissi doğurur. Bu, beynəlxalq tədbirdir. Hamının gözü bizdədir. Cənab İlham Əliyevin ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimdəki çıxışında bir məqamı vurğulamaq istərdim: iqtidarla xalq arasında birlik! Ölkə Prezidenti deyir ki: ...əgər bu varsa, deməli, hər şey olacaq, əgər yoxdursa, heç nə kömək etməyəcək. Nə enerji resursları, nə valyuta ehtiyatları, nə ordu, heç nə. Bax, indi müxtəlif regionlarda baş verən hadisələrə nəzər salaraq görürük, harada ki, birlik yoxdur, sabitliyi süni şəkildə saxlamaq mümkün deyil. Ancaq xalqla iqtidar arasındakı birliyi əldə etmək, bunu möhkəmləndirmək üçün xalqa xidmət etmək lazımdır. Bax, mən bunu, necə deyərlər, yığcam formada bu cür izah edərdim: Xalqa ulu öndər kimi xidmət etmək lazımdır. Biz də çalışırıq onun yolu ilə gedək.

Akademik Arif Məlikov Azərbaycanda bədən tərbiyəsi və idmanın kütləviləşməsinə, gənclərin fiziki və mənəvi hazırlıqlarının yüksəldilməsinə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıya da öz münasibətini bildirdi. Və ilk sözü bu oldu ki, respublikamız artıq bütün dünyada idman ölkəsi kimi tanınmışdır. Doğma yurdumuzda Olimpiya hərəkatının təbliği və genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. İdman sahəsində hazırda dövlət səviyyəsində aparılan uğurlu siyasətin məntiqi nəticəsi olaraq təmsilçilərimiz bir sıra mötəbər yarışlardan Vətənə medallarla dönürlər. Azərbaycan müxtəlif idman növləri üzrə mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyiedir. Bütün bölgələrimizdə müasir standartlara uyğun Olimpiya idman kompleksləri, idman qurğuları tikilərək xalqın istifadəsinə verilib. Mükəmməl idman infrastrukturu yaradılıb. Bunlar hamısı xalqımızın övladları üçündür. Gənc nəslin fiziki-mənəvi tərbiyəsindən ötrüdür. Bu möhtəşəm idman tədbiri Azərbaycanı bir daha bütün dünyaya sülh və təhlükəsizlik, abadlıq və inkişaf məkanı kimi tanıdacaq. Bütün dünyada ilk dəfə olaraq belə oyunların keçirilməsi tarixi bir irsdir. I Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın da qeyd etdiyi kimi, Azərbaycan Avropa Oyunları üçün əbədi irs yaradacaqbunu növbəti Oyunlara ev sahibliyi edəcək ölkələrə ötürəcək. Bir ölkə, bir dövlət üçün bunun mənəvi dəyəri misilsizdir. Dünya şöhrətli bəstəkar onu da qeyd etdi ki, bu, eyni zamanda, ölkəmizi, milli ənənələrimizi, mədəniyyətimizi, tarixi köklərimizi bütün dünyaya tanıtmaq üçün yaxşı bir imkandır. Sovet dövründə biz səsimizi, sözümüzü dünyaya çıxarmaq üçün min bir çətinliklərdən adlamalı olurduq. Amma bu gün müstəqil Azərbaycan dövləti öz yaradıcı adamlarına, mədəniyyət, incəsənət xadimlərinə belə geniş imkanlar açıb. Bunun qədrini bilməliyik və Azərbaycan Prezidentinin bizim üçün çəkdiyi zəhmətin əvəzini dünya səviyyəsinə çıxarmağa layiq yeni uğurlarımızla, yeni əsərlərimizlə verməliyik.

- İyunun 12-də başlayacaq I Avropa Oyunlarına hazırlıq vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanın bu Oyunlara hazırlıq üçün vaxtı bir o qədər çox deyildi. İki il yarıma bu cür genişmiqyaslı idman tədbirlərinə hazırlaşmaq çox qısa müddətdir. Hansısa mədəniyyət tədbirlərinin - konsertlərin, tamaşaların və s. təşkili bir mədəniyyət adamı kimi mənə yad olmadığından belə məsələlərdə vaxt amilinin nə qədər ciddi rol oynadığını yaxşı bilirəm. Adətən, bu səviyyəli, bu miqyaslı idman tədbirinə hazırlaşmaq üçün xeyli vaxt lazım gəlir. Amma vaxtın azlığına rəğmən Azərbaycan bu qlobal əhəmiyyətli tədbirə hazırlıq işlərini yüksək səviyyədə başa çatdırmışdır və bunun özü tarixi bir hadisədir. Bu, Prezident İlham Əliyevin yüksək qətiyyət və iradəsinin, ölkəmizə göstərilmiş etimada məsuliyyətlə yanaşmanın, Mehriban xanım Əliyevanın Təşkilat Komitəsinin sədri kimi yüksək bacarığının, Azərbaycana sevgisinin, sadiqliyinin daha bir göstəricisidir. Belə bir sevgi hissi ilə, bu qədər yüksək ruhla, xalqın yüksək coşqusu, dəstəyi ilə hazırlanan, təşkil edilən I Avropa Oyunları mədəniyyət tarixində təbii ki, yeni bir səhifə açacaq, bütün dünyada sülhün, əmin-amanlığın qorunmasına öz töhfələrini verəcək.

- I Avropa Oyunlarına hazırlığın gedişində dünyadakı antiazərbaycançı şəbəkə tərəfindən ölkəmizə qarşı məqsədli hücumların təşkili də müşahidə edilir...

- Belə hücumlar həmişə olub, var, bundan sonra da olacaq - deyə akademik Arif Məlikov fikirləşmədən cavab verdi. - Biz oxşar halları 2012-ci ildə Eurovision beynəlxalq mahnı yarışmasının Azərbaycanda təşkili ərəfəsində də yaşamışıq. Respublikanın müstəqil dövlət kimi öz yolundan sapmadan, kiminsə təsiri altına düşmədən, ölkəmizə qarşı yönəlmiş təhdid və təzyiqlərdən çəkinmədən gələcəyə doğru irəliləməsindən, bu yolda qazandığı uğurlardan narahat olan qüvvələr var. Azərbaycan adına olan belə möhtəşəm tədbirlər onlara öz kin-küdurətlərini büruzə vermək üçün bir fürsətdir. Bu fürsətdən istifadə edib ictimai fikri yanıltmağa çalışırlar. Bundan isə narahat olmaq lazım deyil. Çünki onların məqsədlərini hamı çox yaxşı anlayır. Sadəcə olaraq öz daxilimizdən bu qüvvələrin felinə uyanlar öz yanlışlıqlarını başa düşməlidirlər. Azərbaycan hamımızın ümumi vətənidir. Onun qüruru hər birimizin qürurudur, Azərbaycana atılan böhtan və şər vətəndaş olaraq hamımıza toxunur. Ona görə də Vətənə qara yaxan xarici qüvvələr üçün sapı özümüzdən olan baltalar funksiyasını yerinə yetirməyə gərək yoxdur. Bu tədbirlə beynəlxalq nüfuzu daha da yüksələn bizim Vətənimiz olacaq, düşmən bir ölkə olmayacaq. Xarici turistlər Azərbaycana gələcək, onlar bizim vətəndaşlarımıza xeyir verəcəklər, Azərbaycan mədəniyyəti, tarixi, ənənələri təbliğ olunacaq. Bunun nəyi pisdir ki?!

Yeri gəlmişkən qeyd edək ki, ötən il oktyabrın 23-də Moskvada, Böyük Teatrda Arif Məlikovun məşhur Məhəbbət əfsanəsi baletinin premyerası keçirildi. Bu, təmirdən sonra Böyük Teatrda keçirilən ilk premyera idi. Balet 24, 25, 26 oktyabrda, həmçinin 6, 7 və 9 noyabrda Böyük Teatrın səhnəsində nümayiş olundu. Oktyabrın 26-dan isə balet ilk dəfə olaraq Böyük Teatrın yeni layihəsində - kino variantında canlı yayımda nümayiş edildi.

Akademik Arif Məlikov xüsusi vurğuladı ki, əsərin oynandığı həmin premyeraların hər birində özü şəxsən iştirak edib:

- Premyeradakı çıxışımda dedim ki, bu, Azərbaycan mədəniyyətinin zəfəridir. Bakıda keçirilən I Avropa Oyunları da Azərbaycan xalqının, müstəqil dövlətimizin ümumi zəfəridir və bununla hər birimiz qürur duymalıyıq!

İradə ƏLİYEVA,

Azərbaycan.-2015.- 21 may.- S. 5.