Müdrik alim ömrü

 

Elm xadimləri

 

Hər bir xalq cəmiyyətin seçilmiş təbəqəsi, elitası saydığı ziyalılarının parlaq təfəkkürünü, zəkasını, mütərəqqi düşüncə tərzini işıq, nur kimi qəbul edir. Ziyalılıq elə bir zirvədir ki, bu yüksəkliyə qovuşanlar başqalarından fərqli olaraq yaşadıqları dövrdəki maneə və problemləri daha tez duyub, nəticə çıxarmağı bacarır. Ziyalı xalqın elmi-mədəni irsini yaşadan, bütün mənəvi-əxlaqi dəyərləri, müsbət keyfiyyətləri qoruyub saxlayan və gələcəyə doğru aparan şəxsiyyətdir. Belə nurlu şəxsiyyətlərdən biriiqtisad elmi sahəsində özünəməxsus məktəb yaratmış akademik Əhməd Əkbər oğlu Mahmudovdur.

Ə.Mahmudov  1923-cü il  mayın 25-də Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində dünyaya gəlmişdir. O, öz elmi, aydın, iti təfəkkürü, qabiliyyəti, güclü alim məntiqi, irəli sürdüyü fikir və mühakimələrinin tamlığı və inkaredilməzliyi, birböyük    zəhmətsevərliyi ilə akademikliyə qədər yüksəlmişdir. Əhməd Mahmudov Azərbaycanda iqtisad elminin inkişafına verdiyi töhfələrlə, bənzərsiz idarəetmə bacarığı və təşkilatçılığı ilə hamının hörmət və ehtiramını qazanmışdır. Görkəmli alim onu tanıyanların qəlbində  vətənpərvər azərbaycanlı, qayğıkeş müəllim və el ağsaqqalı kimi dərin izlər qoymuşdur.

Tanınmış iqtisadçı Ə.Mahmudov elmi fəaliyyətini bütövlükdə 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmış İqtisadiyyat İnstitutuna bağlamış və iqtisad elminin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, 25 il həmin elmi-tədqiqat müəssisəsinə uğurla rəhbərlik etmişdir. Görkəmli alim 200-ə yaxın elmi əsərin - monoqrafiya, tədris vəsaiti, müxtəlif mövzularda yazılmış məqalələrin müəllifidir. Ə.Mahmudovun iqtisadiyyatonunla bağlı sahələrdəki araşdırmaları nəinki respublikamızda, eləcə də  dünyanın nüfuzlu elm mərkəzlərində də yüksək səviyyədə qiymətləndirilmişdir. Əsl alim üçün elmdə heç zaman son zirvə, hədd anlayışı olmayıb. Əhməd Mahmudov elmi axtarışları ilə daim öyrənməyə, həqiqəti üzə çıxarıb isbatlamağa, əldə etdiyi faydalı nəticələri praktik surətdə gerçəkləşdirməyə çalışıb.

Akademik respublikanın uzunmüddətli perspektivi üçün elmi-texniki tərəqqinin kompleks proqramının tədqiqinin təşkilində və əlaqələndirilməsində Azərbaycan EA-nın, əlaqədar nazirlik və komitələrin elmi-texniki tərəqqi və sosial-iqtisadi proqnozlaşdırma problemi üzrə komissiyasının sədr müavini, eləcə də əksər idarə, elmi-tədqiqat institutu, ali məktəb və müəssisələrin elmi-tədqiqat işlərini əlaqələndirən baş təşkilatın - İqtisadiyyat İnstitutunun rəhbəri kimi böyük xidmətləri olmuşdur.

Alimin elmi axtarışlarında əmək ehtiyatlarından səmərəli istifadə, əmək məhsuldarlığının yüksəldilməsi kimi problemlərin tədqiqi geniş yer tuturdu. Bundan başqa, siyasi-iqtisad, aqrar sənaye komplekslərinin iqtisadiyyatı, ictimai istehsalın intensivləşdirilməsinin iqtisadi problemləri, Azərbaycanda, o cümlədən Naxçıvan MR-də kənd təsərrüfatının intensivləşdirilməsinin mahiyyəti və nəzəri əsasları, intensivləşdirmənin səviyyəsini müəyyən edən metodika və göstəricilər sistemi, onun əsas yolları, mənbə və xüsusiyyətləri sahəsində araşdırmaları nüfuzlu tədqiqatçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Alimin müəllifliyi ilə işıq üzü görmüş kitablar, monoqrafiyalar, dərsliklər uzun illərdir ki, dəyərli elmi vəsait kimi istifadə edilir. Onun bir sıra əsərləri xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki, akademik Ə.Mahmudovun elmi yaradıcılığının məhsuldar dövrü o zaman mövcud olan ictimai-siyasiiqtisadi keçid mühitinə təsadüf etmişdir. Ötən əsrin 70-80-ci illərində respublikanın ictimai-siyasisosial-iqtisadi həyatının bütün sahələrində başlanan yüksəliş dövründə kənd təsərrüfatı ilə bağlı elmi axtarışlar yenimüasir elmi-praktik tədqiqatları ortaya qoymalı idi. Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi, respublikanın ictimai-siyasiiqtisadi həyatında köklü dəyişikliklər aparıldığı, iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının yenidən qurulmasına başlanıldığı həmin dövrdə Əhməd Mahmudovun rəhbərlik etdiyi İqtisadiyyat İnstitutunun da qarşısında geniş imkanlar açılmış, xalq təsərrüfatının dinamik inkişaf istiqamətlərinin tədqiqi sahəsində uğurlu nəticələrə nail olunmuşdur. İnstitutun elmi tövsiyələri respublikanın iqtisadi idarəetmə orqanları tərəfindən iqtisadiyyatın dinamik inkişaf perspektivləri üzrə qərarların qəbulunda mühüm əhəmiyyət kəsb etmişdir.

Xüsusi vurğulanmalıdır ki, akademik Əhməd Mahmudov İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi illərdə bu elm ocağı aparıcı elmi-tədqiqat mərkəzinə çevrilmişdir. Alimin elmlə təşkilatçılıq işini bacarıqla əlaqələndirməsi sayəsində institutun apardığı tədqiqatlarda respublikada elm və istehsalatın bağlılığı daha geniş vüsət almış, elmi nəticələrin praktiki tətbiqi əhəmiyyətli dərəcədə yüksəlmişdir.

İqtisad elmini sırf nəzəri-metodoloji problemlərə istiqamətləndirməyin çətinliyini və mürəkkəbliyini inkar etmək olmaz. Reallıq əslində, milli iqtisadiyyatın inkişafına təkan verəcək aktual problemlərin sistemli tətbiqini tələb edir. Öz dövründə Əhməd müəllim bu məsələnin müvəffəqiyyətlə həll olunmasında var gücünü əsirgəmirdi. Onun Azərbaycan iqtisadiyyatının mühüm problemlərinə həsr olunmuş əsərləri elm və təsərrüfat adamlarının stolüstü kitabı və dəyərli məsləhətçisi idi.

Görkəmli alimböyük vətənpərvər insan institutun elmi istiqamətlərində real iqtisadiyyatla bağlı problemlərə üstünlük verir, yeni şöbələr açır, iqtisad elminin, tədqiqatların Azərbaycan xalqının mənafeyinə uyğunlaşdırılması istiqamətində ardıcıl addımlar atırdı.  Bu da ötən əsrin 70-ci illərində Azərbaycanda iqtisadi tədqiqatların bir neçə istiqamətləri üzrə elmi məktəblərin formalaşmasına səbəb olmuşdur desək, yanılmarıq.

Sovet sisteminin müəyyən məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan xalqı və iqtisadiyyatı bu dövrdə böyük yüksəliş yolu keçdi. Respublikada neft sənayesi daha da inkişaf etdirildi. Neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunun inkişafına, güclü industrial strukturun genişləndirilməsinə xüsusi fikir verildi. Bu dövrdə əsas diqqət həm də aqrar sektora yönəlmişdi. 1970-1980-ci illərdə respublikanın xalq təsərrüfatına ayrılan vəsaitin artımının 30 faizi aqrar bölmənin payına düşürdü. Kənd təsərrüfatına dövlət himayəsi getdikcə güclənir, regionlarda böyük quruculuq işləri aparılır, kənd əhalisinin sosial həyatında böyük dəyişikliklər baş verirdi.

Həmin dövrdə Azərbaycan alimləri ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində baş verən iqtisadi prosesləri təhlil edir, bu istiqamətdə elmi potensialı inkişaf etdirirdilər. Respublikada iqtisad elmi xüsusilə 70-ci illərdə real həyatla daha sıx, əlaqəli aparılırdı ki, bu tədqiqatların mərkəzi və koordinatoru Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu sayılırdı. Burada intensivləşdirmə, əmək məhsuldarlığı, iqtisadi inkişaf dinamikası və nisbətləri, aqrar münasibətlər, məşğulluq, məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi kimi mürəkkəb və aktual problemlər kompleks şəkildə tədqiq edilirdi. Bütün bu işlərdə akademik Əhməd Mahmudovun səriştəli rəhbərliyi xüsusi qeyd olunmalıdır.

Bir sözlə, görkəmli alim Əhməd Mahmudovun Azərbaycan elmi qarşısında ən böyük xidmətlərindən birionun respublikanın aparıcı iqtisadçı alimlərini yaradıcı işə cəlb etməsi, iqtisad elminin nailiyyətlərini real həyata tətbiq etməsi olmuşdur. Bu da akademikin yüksək elmi-təşkilati qabiliyyətinə və bir rəhbər kimi təşəbbüskarlığına əyani sübutdur.

Əhməd Mahmudovonun həmkarları iqtisadiyyatın bir sıra sahələrində, o cümlədən kənd təsərrüfatında ehtiyat mənbələri, onların reallaşması yollarını peşəkarlıqla araşdırır, təkmilləşdirilməsinin zəruriliyini əsaslandırırdılar. Akademik Ə.Mahmudov aqrar iqtisad elminin formalaşmasında həlledici rol oynayan alim idi. İlk dəfə onun əsərlərində kənd təsərrüfatının intensivləşdirilməsinin vacibliyi sübut olunmuş, metodoloji aspektləri öyrənilmişdir. O, zəngin statistik materiallara əsaslanaraq Azərbaycanın kənd təsərrüfatında intensivləşdirmə amillərini təhlil etmiş, intensivləşdirmənin aqrar sektorun dinamik inkişafındakı rolunu elmi cəhətdən açıb göstərmişdir.

Əhməd Mahmudov Azərbaycan torpağının imkanları, təbii-iqlim şəraiti və səmərəli istifadə yolları üzrə geniş informasiyaya malik idi. O, öz tədqiqatlarında real faktlara istinadən təsdiq edirdi ki, respublikanın kənd təsərrüfatının strukturunun təkmilləşdirilməsi, onun maddi-texniki bazasının yenidən qurulması istiqamətində sərf olunan maliyyə resursları yüksək səmərə verir. Ona görə də aqrar sektora dövlət himayədarlığının, yaxud dövlət yardımının artırılması mexanizmləri  Ə.Mahmudovun elmi təklifləri arasında xüsusi yer tuturdu.

Akademik kənd təsərrüfatının intensivləşdirilməsi problemləri, eyni torpaq sahəsinə əlavə vəsait qoyuluşu və əmək sərfi nəticəsində ikinci diferensial rentanın yaranması üzrə geniş tədqiqat işləri aparan görkəmli alimlərdən hesab olunur. Məlumdur ki, istehsalın intensivləşdirilməsi məhsuldarlığı artırmaq məqsədilə eyni torpaq sahəsinə əlavə vəsait qoyuluşu və əmək sərfini nəzərdə tutur. Ə.Mahmudov öz tədqiqatlarında torpaqdan istifadə, onun iqtisadi münbitliyi, kənd təsərrüfatında torpağın başlıca istehsal amili kimi malik olduğu xüsusiyyətləri ətraflı şəkildə araşdırmışdır. O göstərirdi ki, torpaq resursları malik olduğu xüsusiyyətlərlə kənd təsərrüfatının intensivləşdirilməsinin əsasında durur və əlavə vəsait qoyuluşu nəticəsində sahə vahidindən məhsul istehsalının artırılmasına imkan verir.

Müəllifin əsərlərində kənd təsərrüfatı məhsullarının istehsalı və emalının balanslaşdırılması, onlar arasında nisbətlərin tənzimlənməsi məsələləri şərh edilirqeyd olunur ki, bu nisbətlərin pozulması istehsalın səmərəliliyini aşağı salır. Görkəmli alim ilk dəfə kompleks hesablamalar nəticəsində aqrar bölmənin ayrı-ayrı sferaları arasında yarana bilən uyğunsuzluqları müəyyən etmiş, onların aradan qaldırılması yollarını əsaslandırmışdır.

Qeyd etmək lazımdır ki, sonralar müəllif istehsalın intensivləşdirilməsi sahəsində tədqiqatlarını bütünlükdə ictimai istehsala yönəltmişdir. Akademik Əhməd Mahmudovun rəhbərliyi ilə aparılan tədqiqatlarda intensivləşdirmənin iqtisadi qanunların fəaliyyət mexanizminə təsiri aşkar edilmiş, yığım fondundan səmərəli istifadənin milli gəlirdə istehlak fondunun xüsusi çəkisinin artmasına səbəb olduğu konkret  faktlarla əsaslandırılmışdır. Alimin bu sahədəki tədqiqatlarının nəticələri milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə uğurla inteqrasiya etdiyi indiki şəraitdə də aktual olaraq qalır.

Əhməd Mahmudov tanınmış iqtisadçı alim, səriştəli rəhbər olmaqla bərabər, həm də nümunəvi ailə başçısı idi. Onun vətənpərvərlik, zəhmətsevərlik, obyektivlik və gələcəyə inam ruhunda tərbiyə etdiyi övladları bu gün məsul vəzifələrdə çalışmaqla xalqımızın rifahı və təhlükəsizliyi naminə var gücünü əsirgəmirlər.

Akademik Əhməd Mahmudov Azərbaycanın gələcəyini düşünən bir vətəndaş ziyalı idi. Onun elmi rəhbərliyi ilə yetişən alimlər, elmi tədqiqatlarından bəhrələnən təsərrüfat işçiləri bu gün ölkə iqtisadiyyatının inkişafı istiqamətində yorulmadan çalışırlar. Tam əminliklə demək olar ki, Ə.Mahmudov kimi şəxsiyyətlər xalqımızın milli, zaman keçdikcə daha çox bəhrə verən intellektual sərvətidir. İntellektual sferaya sərf edilən vaxt və məsrəflər isə digər sahələrdən daha çox maddi və mənəvi fayda verir. Xalqımız və ölkə iqtisadiyyatımız bu günakademik Əhməd Mahmudov intellektinin nurunu, daim şölə saçan işığını hiss etməkdədir. Milli elitamızın aparıcı nümayəndəsi, özünün gərgin əməyi və möhkəm iradəsi ilə millətimizin sosial-iqtisadi güzəranının yaxşılaşdırılmasına xidmət göstərən akademik Əhməd Mahmudovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

 

Xanhüseyn KAZIMLI,

Milli Məclisin deputatı, professor

Azərbaycan.-2015.- 21 may.- S.11.