Bolqarıstanın vitse-prezidenti Marqarita Popova Qəbələyə səfər edib

 

Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popova tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, bolqarıstanlı qonaq Qəbələdə rayonun tarixi, mədəni məkanları, istehsal müəssisələri və turizm obyektləri ilə yaxından tanış olub. Sosial-iqtisadi inkişaf və əldə edilən uğurlarla maraqlanan xanım Marqarita Popovaya məlumat verilib ki, bu gün Azərbaycanda mötəbər tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır, respublikamızı mədəniyyətlərarası dialoqa töhfə verən məkan kimi tanıdır.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmizin bütün bölgələri kimi Qəbələ də qədim və tarixi görkəmini saxlamaqla müasirləşir.

Daha sonra Heydər Əliyev Konqres Mərkəzinə gələn qonağa məlumat verilib ki, 1200 yerlik, nadir memarlıq üslubuna malik mərkəzdə yüksək səviyyəli tədbirlər keçirilir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. Bundan başqa, burada 92 kvadratmetrlik səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Burada sinxron tərcümə üçün xüsusi avadanlıqla təchiz olunan 6 tərcüməçi kabinəsi, habelə müşahidə və zalın avtomatik idarəetmə məntəqəsi vardır. Konfrans zalında mükəmməl səsləndirmə sistemi quraşdırılıb.

Səfər proqramına uyğun olaraq, xanım Marqarita Popova rayon tarix-diyarşünaslıq muzeyində də olub. Muzeydəki eksponatlarla tanış olan vitse-prezident Qafqaz Albaniyasının 900 il paytaxtı olmuş qədim Qəbələ şəhərinin günümüzədək gəlib çatan möhtəşəm qala divarının, bürc və darvazasının maketinə və aparılan arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələrinə maraqla tamaşa edib. Muzeydəki xatirə kitabı və tanınmış simaların muzey barədə qeydləri bolqarıstanlı qonaqda xoş təəssürat yaradıb.

Rayonun istehsal müəssisələrinə maraq göstərən xanım Marqarita Popova Beltmann piano fabrikinə də gəlib. Bildirilib ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada Beltmann markalı pianolar istehsal edən yeganə müəssisədir və burada ildə 1200-1500 pianonun istehsalı mümkündür.

Səfər çərçivəsində xanım Marqarita Popova Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi və rayonda yaradılmış müasir turizm infrastrukturu ilə də tanış olub.

Qəbələ ilə tanışlıq, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri bolqarıstanlı qonaqda zəngin təəssürat yaradıb.

Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu və bu istiqamətdə böyük işlər görüldüyünü qeyd edən vitse-prezident ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan infrastrukturun, sürətlə inkişaf edən turizm sektorunun iqtisadiyyatımıza verəcəyi töhfələri yüksək qiymətləndirib.

 

Azərbaycan.-2015.- 21 may.- S.10.