Əsas təşkilatçının göstərdiyi nümunə hər birimiz üçün örnəkdir

 

Ziyalı sözü - vətəndaş mövqeyi

Zamiq ƏLİYEV,

xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti:

- Son illər dünyanın inkişaf etmiş dövlətləri sırasında özünəlayiq yer tutmuş ölkəmizdə möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsi heç də təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu hər iki dövrdə xalqımızın milli sərvətlərinə qayğı, respublikanın bütün sahələrdə nailiyyətlərə sahib olması dahi rəhbərin siyasətinin əsasını təşkil edib. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə uğurla davam etdirilməsi sayəsində uğurlarımızın sayı günbəgün artmaqdadır.

Azərbaycan dünya xalqlarının diqqətindədir. Zəngin tarixə və mədəniyyətə malik olan xalqımızın son illər əldə etdiyi nailiyyətlərin sırasına daha bir əlamətdar hadisə əlavə olunur. Bu, iyun ayında keçiriləcək ilk Avropa Oyunlarıdır. Oyunların keçirilməsinin dövlətimizə həvalə edilməsi heç də təsadüfi deyil. Avropanın inkişaf etmiş dövlətləri arasında Azərbaycanın seçilməsinin səbəbi məhz son illər qazanılan uğur və nailiyyətlərimizlə bağlıdır.

Mən ömrümün 65 ilinin 40-dan çoxunu musiqi sənətinin təbliğinə və tərəqqisinə həsr etmiş dünyanın 50-dən artıq ölkəsində qastrol səfərində olmuşam. Harada olmuşuqsa, Azərbaycan musiqisi ilə könülləri fəth etdiyimizdən qürur hissi keçirmişik. Həmin hissləri bu günlər burada, öz ölkəmizdə yaşayırıq. Çünki hazırda Avropa özü bizə yaxın gəlir, xalqımızın tarixinə, mədəniyyətinə, məişətinə, bir sözlə, milli-mənəvi sərvətlərimizə maraq göstərir. Bu, ilk növbədə dövlətimizin təbliği, beynəlxalq nüfuzumuzun artması deməkdir. Bu baxımdan Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi nəinki idmançılar, biz musiqiçilər üçün də əsl bayramdır. Biz mədəniyyət və incəsənət işçiləri də bu tədbirə ciddi hazırlaşmışıq. Qonaqlarımızın mədəni istirahətinin təşkili birbaşa xidmət göstərdiyim sahənin üzərinə düşür. Milli musiqilərimizlə yanaşı, əcnəbi xalqların da mahnıları konsert proqramlarına əlavə ediləcək. Bir sözlə, bu günlərdə hər kəsin öz üzərinə düşən vətəndaşlıq borcunu layiqincə yerinə yetirəcəyinə əminəm. Çünki tədbirin əsas təşkilatçısının göstərdiyi nümunə hər birimiz üçün örnəkdir.

 

Azərbaycan.-2015.- 22 may.- S.6.